Yusif Vəzirin “Studentlər” romanı üzərinə
Söz anlayan vaxtımda anam kitabların cırmaq üçün yox, oxumaq üçün olduğunu mənə başa saldı. Daha cırmdım. Yazıb-oxumaq öyrənəndən sonra oxudum. Indi çoxunu xatırlamadığım kitablar arasında “Kitabi Dədə Qorqud”, İsa Hüseynovun povestləri, Oqtay Salamzadənin “Bizim nəsil” trilogiyası və Yusif Vəzir Çəmənzəminlinin romanları vardı...
Kimdir Yusif Vəzir?
Yusif Vəzir qiymətini almayanlardandır. O, əsil ziyalı, millətə lazımlı adam idi. Bəs bu mətin, mübariz fədainin aqibəti nə oldu? Uzunmüddətli ədəbi, siyasi və ictimai fəaliyyətinə qiymət olaraq sinəsinə məhkum nömrəsi, alnına “satqın” damğası vuruldu. Qazancı isə qələm dostlarının ittiham və ifşa dolu nitqləri və iyirmi ildən sonra verilən əl boyda bəraət kağızı oldu.
Onu unutdurmağa çalışdılar və qismən nail oldular. Indi onu unutudrmağa çalışanları unutmağa çalışaraq onu xatırlamaq üçün hafizəmizi təzələyirik.
“Studentlər” mənim iki dəfə oxuduğum yeganə romandır...
“Studentlər” Yusif Vəzirin ikinci romanıdır. Təqribən on yeddi ilə yazılan bu romanı nə üçün oxumalıyıq? Ən azı utanmaq üçün! Bir əsr bundan qabaq, indiki şəraitin, rahatlığın heç yüzdə biri olmadığı bir vaxtda camaat yolun ağırlığına, uzunluğuna məhəl qoymayıb Kiyevə gedirdi, hər cür məhrumiyyətlərə dözürdü. Təki oxusunlar, təhsil alsınlar, elm sahibi olsunlar.. indi bizə gülməli gələ bilər. Amma telefonun olmadığı, əlaqənin çox zəif olduğu bir dövrdə evdən, vətəndən yüz kilometrlərlə uzaqda yaşamaq həqiqətən çətin idi. Amma indi, hər cür şəraitin olduğu bir vaxtda biz oxumaq yerinə müəllimə pul veririk ki, al bunu, məni savadsız et!
“Studentlər”i hər dəfə oxuyanda utanmışam...
Amma onu untdurmağa çalışanları yaşadan tarix hələ ki, utanmır...
Həmid Piriyev
P.S. Yazı Kultura.az-ın “Studentlər” romanı ilə bağlı müsabiqə üçün göndərilib.