Fariz Bayramov
Rasim Qaracanın "ON BİR GECƏ" kitabı haqqında
“Savaş günlərində eşq hekayələri—QARABAĞ Dekameronu”…. Kitabın üz qabığında yazılan bu sözlər ilk diqqətimi cəlb edən məqam oldu . Çünki bu "Dekameron" hələ məktəbdə oxuyarkən atamın mənə “böyüyənədək oxumaq olmaz “ deyərək, tənbehləyib qadağan etdiyi, mənimsə təbii olaraq atamdan gizlin götürüb oxuduğum bir kitabin adıdı. "DEKAMERON" — İtaliyali yazar Covanni Bokacconun kitabıdı. Qısa olaraq məzmunu budur ki, vəba günlərində bir evə qapanan 10 nəfər gənc, hər gecə hərəsi 10 hekayət danışmaqla 100 hekayət danışırlar. Amma bu hekayətlərin əsas movzusu, qadın-kişi münasibətlərinə aiddir… Bilirəm, indi hamının ürəyindən bu sual keçdi ki, bəs bu "Dekameron"la Qarabağ mövzusunun nə əlaqəsi var? Baxın, bunu bildikdən sonra,yazarın bu mövzudan necə ustalıqla istifadə etdiyinin özünüz şahidi olacaqsız.
Kitab qısa hekayələrdən ibarətdi. Demək olar ki, bir nəfəsə oxumuşam, bitirmədən əlimdən yerə qoymadım, qoymaq istəmədim… Qarabağ müharibəsi illəri, taqım komandiri də daxil olmaqla 10 nəfər Azərbaycan əsgəri, Tərtər rayonunun G. kəndində düşmən mühasirəsində qalırlar. Ümidsiz şəkildə, gecənin qaranlığında qalmış əsgərlərin ruh yüksəkliyini qorumaq, səhər açılanadək başlarını söhbətlə qarışdırmaq üçün taqım komandiri Çingiz maraqli bir təklif irəli sürür: Hər kəs özünün ilk eşq macərasından, sevgisindən və ya qadınla ilk əlaqəsindən danışmalı idi. İlk başlayan da elə Çingizin özü olur və beləliklə ortaya 10 qısa hekayə çıxır. "DEKAMERON"-dakı kimi çox açıq-saçıq olmayan, amma maraqlı, insanı təhkiyyəsinə tez salmağı bacaran 10 hekayə.
Əsgərlərin hər birinin ayrı-ayrı həyat hekayəsi var. Kimi keçmiş SSRİ ölkələrində ilk intim əlaqəsini yaşayıb, kimi öz rayonlarında və ya yaşadıqları kənddə, kimisi Bakıda… Yazar müharibə fonunda səhər açıldıqda ölümləri sağ qalmaqları ehtimalından qat-qat çox olan, mühasirədə qalmış əsgərlərin dilindən, etiraflarindan ustalıqla istifadə edib. Bu hekayələrdə çox şey var: İnsanlarin həyat faciələri, kasıbçılıqlari, çətinlikləri, qazanc ardınca SSRİ-nin digər ölkələrinə yola düşməkləri, çarəsizlikdən pis yola düşən qadınlar, özünü ehtirasına qurban verən qadınlar, fırıldaqçı “Mamaroza”lar, müharibənin necə lazımsız, gərəksiz və dəhşətli bir şey olması, ülvi hisslər, puç olan sevgilər, uşaqcasına keçirilmiş hisslər, ehtiras, erotika… Bir sözlə, o, əsgərlərin yaşadığı dövrü (təxminən 80-ci illərin ortalarından 90-ın əvvəllərinədək) belə qısa, amma gözəl və aydın şəkildə çatdıran bir hekayələr toplusudu “ON BİR GECƏ” kitabı . Mənə ən çox təsir edən Samirin “Gecəyarısı rəqqasəsi”, QARAŞ-ın “Sevginin nifrətə çevrilməsi” və Şahinin “Çətini ölənəcəndi” hekayəsi oldu… Qaraşın hekayəsində demək olar ki, azəri qadının kişi üzərindəki təsirinə mane olan cəhətləri çox aydın və qabarıq şəkildə verilib. Həmən hekayəni, “Sevginin nifrətə çevrilməsi” hekayəsini oxuyan hər kəs sözümü təsdiqləmiş olacaq əminəm.
Bunlardan başqa, biri satirik olmaq etibarilə 3 ayrı hekayə də var kitabda. Onları da özünüz oxuyarsız və qərar verəsiz, əmin olun ki, onlar da hər 3-ü təsirli və gözəl hekayələrdi.
Mən oxudum, bəyəndim, sizə də tövsiyyə edirəm. Oxuyarkən bu yazdıqlarımı unutmadan oxuyun, onda daha aydın anlayacaqsız nə demək istədiyimi. Ola bilər ki mənim anlamadığım bəzi şəyləri də siz anlayaraq deyəcəksiz, mən buna çox sevinərəm. Fikirlərinizi bölüşmək ümidi ilə…
Səbuhi Şahmursoy
RASİM QARACA-ON BİR GECƏ
"Savaş günlərində eşq hekayələri-Qarabağ Dekameronu".
Əslində, bu ad orta statistik oxucuya bir çox informasiya verir və ya verə bilməkdə haqlıdır. Məsələ o qədər də qəliz deyil. Bizə çox da uzaq olmayan Qarabağ döyüşünün heç harada söylənilməyən real əhvalatı; bir az sakit, bir az utancaq və bir az ehtiraslı. Həmişə müharibə anlarının qorxulu, həyəcanlı və azacıq kobud görünən təəssüratları fonunda, qəhrəman və cəsur kimi təqdim edilməyə öyrəşdiyimiz əsgərlər bu dəfə daha romantik olacaqlar. Onlar qurtulmaq ümidi az olan mühasirədə qalarkən bu soyuq və qorxulu gecələrdə bir-birlərinə həyatlarında qadınla ilk yaxınlıqlarından danışacaqlar. Eşitdiyimə görə, insanlar müharibə şəraitində daha səmimi və kövrək olurlar. Bəlkə elə ona görə də bizim qəhrəmanlar bu ümidsiz gecələrdə ən həssas nöqtələrindən bəhs etməklə, bizə daha inandırıcı görünəcəklər. Hər nə olur-olsun, onlar əslində bizdən danışacaqlar. Bizim normal həyatımızdakı bütün çatışan və çatışmayan yanaşmalarımızı üzümüzə vuracaqlar. Onların eşq hekayətlərində şəxsən mən özümü, dostlarımı, mənə uzaqdan və yaxından dəxli olanları, ümumi olaraq yaşadığım cəmiyyəti gördüm. Oxuduqca bəzən utananda, bəzən qürrələndim, həm sevinib, həm qüssədən titrədim. Ən əsası, əlimdə tutduğum kitabın əslində güzgü olduğuna inandım. Bax, mən bu cür ədəbiyyatı sevirəm, başqalarının sintezik əhvalatları ilə mənə şillələr vurmağı bacaran ədəbiyyatı.
Sadə və səlis, gözün çala-çuxura düşmədən rahat oxuyacağı cümlələrdən sona qədər bezmədim. Bədii əsərlərdə təfərrüat və uzun təsvir oxumağı səvənlərə məsləhət görərdim ki, bu kitabda sizə yüngül həzmlə ötürülən bol informasiya axınını sadə və bəzəksiz cümlələrdə tapsanız həyrətlənməyin. Çünki qısa təsvir olunan həmin yerlər ve məqamlar sizə o qədər tanışdır ki, sanki hər şey gözünüzün qabağında baş verir.
Dekameron mövzusuna heç toxunmadım, ona düzgün yolla və ehtiyatla toxunmağı sizə buraxıram. Nə qədər kobud olsa da qeyd edim ki, hər kəsin Dekamerona özünəməxsus bir münasibəti var və bu, onun sevgi və cinsi əlaqə mövzusuna həssaslığını müəyyən edir. Eynən bu hekayətlərdə də özünəməxsusluq əsas hədəfdir.
Hekayətlərin süjeti barədə də məlumat verməyəcəyəm. Bu yazdıqlarım sadəcə oxucu təəssüratı idi.
Sonda bu kitabı oxumağı hər bir kitabsevərə şiddətlə tövsiyyə edərdim. Müasir Azərbaycan ədəbiyyatına dırnaqarası baxanların "ON BİR GECƏ" kitabının sətirlərini dırnaqları ilə izləməkləri arzusu ilə xoş mütaliələr!
Kultura.az