Halal xoşunuz olsun
- “Müəllim, çatdırmırıq axı, biraz yavaş-…
Müqəddəs cəmiyyətimizin qeydinə qalmağı öz üzərinə götürdüyü məsələlərdən biri də hamının bildiyi kimi homoseksuallıqdır. Birinci növbədə homoseksualliq və bunun səbəbləri, belə demək mümkündürsə, günahın kimdə olduğu barədə danışmaq istərdim.
Bildiyimiz (ya da bilmədiyimiz) kimi homoseksuallığın yaranmasının səbəbi fərdin psixoloji olaraq yetişmə müddətində ətrafının təsiri ilə identifikasiyasının, yəni təqlid etmənin pozulmasıdır. Araşdırmalar göstərir ki, fərd sonradan cinsi seçim edərkən şəxsin homoseksuallığı seçib seçməməsi onun o seçim anına qədər təsiri altında qalmış olduğu ətrafından, həyatında baş vermiş və şüur altına təsir etmiş olan hadisələrdən asılıdır. Məsələn, oğlan uşaqlarının bacıların yanında böyüdülməsi, ona oğlan deyil, qız uşağı kimi davranılması, cinsi yetişmənin sürətləndiyi periodda əks cinsə mənsub hormanların normadan artıq olması səbəbi ilə fərdin fiziki olaraq əks cinsə bənzəməsi və bu bənzəməyə görə ətrafının onu “qız” “arvad” deyə araya qoyması, nə vaxtsa digər həmcinsləri tərəfindən seksual münasibətə (istəmədən və ya ağılları kəsmədən) sövq edilmək, ata – ananın ailədəki rollarında pozuqluq (qadının ya kişinin hədsiz hegemonluğu) və s. kimi bir sıra önəmsiz hesab etdiyimiz hadisələr uşağın psixologiyasinda identifikasiyanın pozulmasına səbəb olur. Uşaq yenicə özünü dərk etməyə başlayanda kişi ya qadın olduğu haqda təsəvvürü olmur. Sonradan öyrənir ki, o kişidir ya qadın. Daha sonra da ətrafını müşahidə və ona olunan təlqinlərlə kişinin ya qadının necə davranmalı olduğunu öz özlüyündə müəyyənləşdirir. Kişi yaxud qadın olması və mənsub olduğu cinsin necə davranması lazım olduğu haqdakı düşüncələrində yanılması isə fərdin gələcəkdə homoseksual olmasına səbəb ola bilər.
Mənim bir həkim tanışım var idi. O, bununla bağlı bir misal çəkmişdi. Deyirdi ki, adicə oğlunla uşaq oyuncaqları satılan mağazaya gedirsən, oğlanın rəngli, parıltılı olduğuna görə qız uşaqları üçün nəzərdə tutulmuş oyuncaqdan xoşu gəlir tutaq ki. Əgər o anda sən uşağa “ Əə, sən qızsan ki, bununla oynayasan?!” desən uşaq düşünə bilər ki, “deməli belə gözəl oyuncağa sahib olmaq üçün qız olmaq lazımdır”. Və o həkim dostum iddia edir ki, beləliklə əhəmiyyətsiz kimi görünən bu tip bir cümlənin belə uşağın şüur altına işləyərək gələcəkdə onun homoseksual olmasına gətirib çıxarma ehtimalı var.
Homoseksuallığın yaranma səbəbləri barədə çox danışmaq olar. Ancaq uzunçuluq edib baş ağratmaq istəməzdim. Sadəcə bunu demək istəyirəm ki, heç kimin homoseksual olmasında, cinsi baxımdan yanlış seçim eləməsinin günahı özündə deyil. Onun ətarfındadır. Homoseksualların homoseksual olmasına səbəb olan da biz, onları buna görə daş-qalaq edən də. Bu axı nə dərəcədə ədalətlidir?! Bir şey başa düşülməlidir ki, heç kim kefdən və ya özü məntiqli şəkildə homoseksuallığı seçməz. Heç kimin məntiqli şəkildə bu cür ağır bir yük altına girməyə, bilə-bilə belə böyük bir iddia ilə cəmiyyətlə qarşı-qarşıya durmağa cürəti çatmaz (ən tolerant cəmiyyətlərdə belə homoseksuallara lağ edilir, bunun özüm şahidi olmuşam). Onları körpəliyində düzgün yetişdirməmiş ətrafı - bizlər bu yolu seçmələrinə səbəb oluruq. Odur ki, qınamağa haqqımız yoxdur. Xüsusilə də bu məsələ ilə bağlı birinci növbədə və bir başa təqsirkar olan ataların, anaların öz övladlarını homoseksual olduqlarına görə gözüm çıxdıya salmaları həddən artıq gülünc və kədərlidir. Acınacaqlı vəziyyətdir.
Bu birinci dəfə deyil homoseksualların sıxışdırılması, ümumiyyətlə cəmiyyətin hər kəsin şəxsi həyatına burnunu soxmasına qarşı çıxıram. Həmişə bu cür mövqedən çıxış etdiyimə görə mənə belə sual ünvanlayırlar tez-tez: Necə ola bilər axı. Homoseksuallar, xüsusilə də kişi olduğu halda kişiylə yatan, öpüşən, mazaqlaşanlar səni necə qıcıqlandırmaya bilər? Bir daha cavab verirəm: Bəli, mən homoseksual deyiləm. Amma əgər həmin şəxsin (yəni gay olan hər hansı bir həmcinsimin) mənim dalımla işi yoxdursa, məni mazaqlamırsa, mənimlə öpüşmürsə bu nəyə görə məni qıcıqlandırmalı, narahat etməlidir?
Ölkədə axır bir neçə gündə ard-arda intiharlar barədə məlumatlar yayımlanır. Aldığım son intihar xəbəri də yaradıcı ruha sahib bir gəncin – İsa Şahmarlının ölümü oldu. Digər intiharların səbəbləri ilə maraqlanmadım. Bunu mənasız bir şey hesab etdim. Axı nə fərqi var?! Nəticə olaraq yaşamalı insanlar indi yaşamırlar. Səbəb isə demək olar eynidir. Aziz Nesinin bir qəhramanının dili ilə desək “hesabladım və belə başa düşdüm ki, yaşamaq baha başa gəlir”. Hər mənada. Bizim kimi bir cəmiyyətdə yaşamaq həqiqətən də bahalıdır. Maddi çətinlikləri hələ bir qırağa qoysaq, sən rahat yaşamaq üçün ya azadlığından əl çəkib bu mentalitet carçılarının, qeyrət ordusunun, vətənpərvərlər klanının boyunduğu altına girib onların dedikləri ilə durub oturmalısan ya da əziyyət çəkməlisən.
Az əvvəl intiharlar və homoseksuallığın səbəblərinə toxunmağım, bunun təqsirkarının cəmiyyətin özü olmasını vurğulamağım boş yerə deyildi. Bunun artıq oxucular tərəfindən başa düşüldüyü kimi İsa ilə əlaqəsi var. Məncə hamıya artıq İsanın homoseksual olması məlumdur. Əminəm ki, onun intiharında homoseksual olmasından daha çox azad düşüncəli və bu mentalitet oyun havalarına rəqs etmək istəməməsinin rolu olub. Günel Mövludun bununla bağlı azadlıqda yayımlanmış yazısında dediyi kimi Azərbaycanda ilk və tək mavi İsa deyildi. Hətta bütün günü insanlar arasında qadın paltarında küçələri veyillənən mavilər kifayət qədərdir. Ancaq əksəriyyəti intihar haqqında düşünmür, ağıllarına belə gəlmir, vazğzalı sədaları altında evlənirlər. Çünki, millidilər. Mavidirlər ancaq milli mavi. Ona görə də həyatlarından bezib yaşamaq istəməyəcək qədər güclü təzyiqlə qarşılaşmırlar. Dolmalar, Sarı gəlinlərlə, Mübarizlə, Ramilin baltası ilə, yüksək çinli məmurların və ya onların qohumlarına zövq bəxş etməklə qorunur, üstəlik özlərinə gözəl şərait qururlar. İsa isə maskalanmadı. Düşünürəm ki, homoseksuallığı dar düşüncəli cəmiyyətin ona rahat təzyiq göstərə bilməsi üçün sadəcə bəhanə, asan vasitə oldu.
Onun intiharını samurayın xarakeri etməsinə bənzədirəm. Samuray təhqir olunduğu halda öz ölümü ilə onu təhqir edənin haqsız və şərəfsiz olduğunu sübut edərdi. Məhz buna görə də İsanı samurayla müqaisə etdim. Onu haqsız yerə təhqir edir, alçaldırdılar. Min bir bığlı rüşvətxordan, saxtakardan, cibgirdən, savadsız dolma keşikçilərindən, müqəddəs bakirələrdən daha üstün ruha, daha parlaq ağıla sahib bir sima öz ölümü ilə bütün cəmiyyətin nə qədər şərəfsiz olduğunu bir daha isbat etdi. Cəmiyyətin sözdə yüksək əxlaqının, “qayğıkeşliyinin” badına getdi İsa. Onun ölümündən sonra utanmaq əvəzinə “qatilləri” tərəfindən İsa üçün deyilmiş “petuğun biri idi, elə yaxşı oldu kimi” həddən artıq iyrənc şərhlərdən danışmağa belə dəyməz. Öz gözündə Bakı Ceyhan neft kəmərini, dalındakı hakimiyyətin yoğunluğunu hiss etməyib (ya da hiss edib bundan ləzzət aldığı halda) başqasının işinə burnunu soxan murdar bir cəmiyyətin ilk olmadığı kimi təəssüf ki, son qurbanı da İsa olmayacaq.
O, tüpürdü hamının üzünə. Əminəm ki, nifrətsiz filansız. Sadəcə yol qırağında qalıb iylənən çürümüş bir cəmdəyə tüpürürcəsinə. “Qatilləri” nifrətinə laiq olmayacaq qədər cılız məxluqlardır çünki. Bir cəmiyyət parlaq, istedadlı üzvlərini məhv edir, ya xaricə ya da torpaq altına qovursa deməli ki, o enə biləcəyi ən aşağı səviyyəyə enib.