post-title

"Bu yola necə düşdün?"

İllərlə özümü boğdum. Hisslərimi, istəklərimi, arzularımı. "On"lar, "digər"ləri kimi davranmağa başladım. Bu gedişlə özüm olmağı unudurdum. Bu da məni qorxudurdu. Axı insan hisslərindən necə qaçsın? Necə onlardan üz döndərsin? Necə onlara hörmətsizlik etsin?

 

“- Bu yola necə düşdün?
 
- Yolla gedirdim, birdən gördüm ki, orda solda bir yol var. Daşlı -qalalı, amma rəngarəng.
 
Dedim: “Ala, nə zor yoldu bu” və oraya getdim. Və beləliklə mən homoseksual oldum.”
 
Çox heyf ki, bu sualı tez-tez eşidirəm. Hər eşitdiyimdə infarkt olmak dərəcəsinə gəlirəm. Axı niyə insanlar düşünmədən danışır. Yəni, doğrudan da onlar elə fikirləşirlər ki, biz bunu istədiyimiz üçün seçmişik?
 
Necə ki, milliyətimizi, ailəmizi özümüz seçmirik, homoseksuallığı da həmçinin, seçməmişik. Orda bu haqda bizdən soruşmadılar, biz də cavablamadıq və belə də doğulduq.
 
Xatirəmdədir ki, hələ məktəbə getmirdim. Hər dəfə TV-yə baxanda, gözümə oğlan dəyəndə qəribə olurdum. İçimdə qəribə hisslər baş qaldırırdı. Bu hisslərimin normal olduğunu düşünürdüm, fikirləşirdim ki, elə belə də olmalıdır. Sonra bir az daha böyüdükçə gördüm ki, ətrafımdakı insanlar əks cinslərindən xoşlanır. Məndə belə deyildi. Mən onlardan fərqli idim və bu məni zamanla qorxutmağa başladı.
 
İllərlə özümü boğdum. Hisslərimi, istəklərimi, arzularımı. "On"lar, "digər"ləri kimi davranmağa başladım. Bu gedişlə özüm olmağı unudurdum. Bu da məni qorxudurdu. Axı insan hisslərindən necə qaçsın? Necə onlardan üz döndərsin? Necə onlara hörmətsizlik etsin?
 
Və nə qədərdə boğmağa çalışsam da anam məndə olan gərginliyi hiss edirdi. Hətta məndən soruşsaz deyərdim ki, o lap yaxşı bilirdi məni. Məndən də yaxşı. Sadəcə qəbul edə bilmir, etmirdi. Buna görə də hər dəfə mənə bir şeylər eşitdirməyə çalışırdı. TV-yə baxanda, gördüyü gay-ları təhqir edir, alçaldırdı. Hətta bir gün "belə bir oğlum olsa, onu öz əllərimlə öldürərəm" dedi. Bu söz o otaqdan uzaqlaşmağıma səbəb oldu və beləliklə onların yanından uzaqlaşmağa başladı. Zamanla "mən" və "onlar" arasında bir pərdə yaratdım. Pərdəmiz get-gedə böyüyür, qalınlaşırdı.
 
Uzun müddət özümlə boğuşdum, başa düşdüm ki, belə yaşamaq mənə çox çətindir. Özümdən utanırdım. Özümü ailəmə layiq bilmirdim.
 
Qərara aldım ki, özümü öldürəm. Bugün-sabah deyə-deyə özümü ləngidirdim. Bu aralarda internetdə araşdırmalar aparırdım özümlə bağlı. Amma ora nə yazıb axtaracağımı da bilmirdim. Tək bildiyim sözlər "petux", "mavi" idi. Onları da yazanda o qədər iyrənc şeylər gəlirdi ki, özümü öldürmək hissim daha da artırdı. Tək hiss edirdim özümü.
 
Təsadüfən Twitter sosial şəbəkəsindən bir insanla tanış oldum və dərdlərimi ona anlatdım. O da mənim kimi idi. Başa düşdüm ki, mən tək deyiləm. O insanla o qədər danışdım ki, intihar hissim keçdi getdi. Sonra başqa bir insanla tanış oldum və həyatım dəyişdi. Mən başa düşdüm ki, mən homoseksualam və bu normal bir haldır.
 
Məni bilirəm, amma insanların təzyiqi də az deyildi. Özümü tapandan sonra bir də insanlar peyda oldu və indi özümü onlardan qorumalı idim. Hər bir yandan parazit kimi üstümə gəlirdilər, məni tanımadan təhqir edib lənətləyirdilər, insanlardan qorxurdum, onlarla ünsiyyətdə olmaqdan qaçırdım.
 
Zamanla bu qorxumu da aşdım. Zamanla artıq insanlara "mən" olduğumu göstərdim. "Mən buyam" dedim. İnsanlardan heç nə gizlətmədim, açıq olaraq həyatıma davam etməyə başladım. Rahat nəfəs aldım, özümü ikiüzlülükdən xilas etdim.
 
Sonra təsadüfən internet üzərindən tanışdığım insanla sevgi yaşadım. Sevdim. Sevginin nə demək olduğunu anladım. Və başa düşdüm ki, sevginin cinsi yoxdur. İnsanlar sevəndə cinsi orqanı yox, insanlığı, ruhu sevirlər. Mən insanam və bir insanı sevdim.
 
...
 
Uzun zaman keçdi. Başa düşdüm ki, mən Azərbaycanda yaşaya bilmirəm. Bura məni, arzularımı, xəyallarımı, gələcəyimi sıxır. Universitet oxumaq üçün xaricə üz tutdum. Çox çalışdım və nəhayət niyyətimə çatdım. Sərhədi keçdim və dərindən nəfəs aldım.
 
Bu yazını isə yazmaq fikrim yox idi, bunu İsa üçün yazdım, onun əvəzinə yazdım.
 
P.S Homoseksuallıq seçim deyil və heç kəs homoseksual olmağı seçmir. Homoseksuallıq eyni zamanda heyvanlarda da var, bu o deməkdir ki, heyvanlar homoseksual olmağı seçir? Bu nə xəstəlik, nə də psixoloji pozğunluqdur. 1973-cü ildən APA-dan (American Psychiatric Association) xəstəlik siyahısından çıxarılmışdır.
 
Bu sadəcə mövcudluqdur. Bəzi insanlar belə doğulur, belə yaşayır. Təbii əgər siz onlara yaşamağa imkan versəniz.
 
Əli T.
Kultura.az
Yuxarı