post-title

Əzab çəkməyən sevgililər

Mövzu ümumilikdə hər kəsə aid olsa da, mən bu yazını həmyaşıdlarıma, yəni gənclərə həsr edirəm.

 

Hər keçən gün ölkəmizin, şəhərimizin kollektiv şüuru çökməyə doğu gedir. Başımızın üstünü beyinlərimizdən çıxan dərdlərimizin və problemlərimizin neqativ buludu bürüyüb. Kiçiyindən böyüyünə hamının nevroz olma ehtimalı var. Məsələ nə qədər ciddi olsa da, istər yazılı, istər görüntülü (video), istərsə də birbaşa olaraq, yəni gündəlik söhbətlərlə bir çox insan bu məsələnin həlli yolunda addım atmır, atmaq istəmir.

Özümüzü boş hiss etməmək üçün kitablar oxuyur, "youtube"un dərinliklərindən heç kimin eşitmədiyi mahnıları çıxardıb "facebook" profilimizdə paylaşsaq da, iş ən yaxın dostumuzun gözəl bir cəhətini tərifləməyə gələndə hamımız susuruq. Ümumilikdə müşahidə etmişəm ki, istər ailəmizlə, istərsə də dostlarımızla olarkən, fərqi yoxdur, bizim bir-birimizə xoş söz demək qabiliyyətimiz yoxdur. Nəzərə almaq lazımdır ki, bizim dostlarımız bu ölkənin sivil kütləsinin çəyirdəyini təşkil edir. Onlar hər gün küçədə, dərsdə, iş ortamında, adicə xəbərləri belə oxuyarkən əsəbləşir, kin və bu camaatın halına yanmağın kədəriylə boğaza qədər dolurlar. Bu insanların bütün bu problemlərdən yaranmış enerjini boşaltmağa ehtiyacı var. İcazə verin onlar bütün dərdlərini sizə danışsın, həmçinin sizdə bu cür edin. Qarşılıqlı olaraq bir-birinizə qarışın, xoş söz deyin..  

Anamdan soruşanda ki, “mama qadınlar nə istəyir??” həmişə deyir ki, xoş söz. Beləcə rahatlıqla bu nəticəyə gəlmək olar ki, bizim ünsiyyət problemimiz var. Oturub fəlsəfi söhbətlər etmək, insanların axmaqlığını söymək və ya şikayətlənməklə ünsiyyət sözünün üstünə düşən məsuliyyət götürülmür. Problemlər var və qəribəsi də budur ki, həmişə eynidir. Camaat standart şeylərdən əziyyət çəkir. Adicə bu ölkədəki qız oğlan münasibəti belə ən qəliz ünsiyyət formalarından biridir. Hər iki tərəf hər şeyi içinə atır, heç nəyi açıqca qarşı tərəfə bildirmək istəmir, susmaq, içində saxlayıb çürütmək və bu yolla həm özünə həm də qarşı tərəfə əzab vermək ölkəmizdəki qadın və kişi münasibətinin ən təməl qanunudur. Oysa sadəcə olaraq hər kəs öz beyninin dərinliklərində olan şeyi rahatca ifadə etsə, heç bir problem qalmayacaq. Bizim gənclər bir-birinə dərdini danışmaq istəmir. Yəqin, kütləvi şəkildə telefon opretaorlarına zəng edib cavab verən qızla saatlarla məzələnən bizim ölkənin gəncləridir. Səbəb isə çox sadədir, boşluq. Bu adamların oturub danışmağa nə adamı var, nə də söhbətləri. Biz ağzını yumub oturan insanlarda danışmaq adətini formalaşdırmalıyıq. Axı ağıl ağıldan üstündür, yəni, ola bilər ki, bizi uzun illərdir narahat edən bir məsələni qarşı tərəf  1 dəqiqə içində cavablandırsın.

Öz qorxularınızı, şübhələrinizi, dərdlərinizi, sevinclərinizi qarşı tərəflə bölüşməkdən çəkinməyin. Xüsusilə də sevincinizi. Bir düşünün görün axırıncı dəfə nə vaxt dostlarınıza onları necə sevdiyinizi, necə gözəl yanaqları, saçları, danışıq qabiliyyəti, ayaqqabıları olduğunu demisiniz. Yəqin, onlarla etdiyiniz polemikanın vaxt faizi bütün bu sadaladığım şeylərdən qat-qat üstündür. Yekun olaraq məsələ belədir ki, əziz dostlar, ölkəmizdəki ünsiyyət problemi demək, xoş söz söyləmə problemi deməkdir.

Turqut Qaraca

Kultura.az

 

Yuxarı