post-title

Rəsulzadə - Elçibəy dalanı

İki il bundan qabaq öz yazılarında Rəsulzadə və Elçibəyin adını çəkməklə böyük bir insan kütləsinin simpatiyasını qazanmaq olurdu, ancaq bu gün bu təsir azalıb, çünki artıq bu iki adam publika üçün maraqlı deyil və bir çoxları bu adları əvvəlki kimi istismar edə bilmirlər. Bu çox yaxşı haldır, demək ki, azad olmağa başlayırıq. Zəkada nə qədər ideallaşdırılmış obraz varsa, biz bir o qədər azadlıqdan uzaqdayıq.

 

Rəsulzadə, Elçibəy lazımından artıq şişirdirilmiş tarixi şəxsiyyətlərdir. Bu gün bir çox müxalif düşüncəli insan öz siyasi fəaliyyətini Rəsulzadə-Elçibəy yolunun davamı kimi qiymətləndirir və belə hesab edir ki, bu siyasi yol, bu iki tarixi şəxsiyyətin adını daşıyırsa, avtomatik olaraq ən haqlı, ən doğru yoldur. Bu yola qarşı çıxmaq isə, nəsə vicdansız, amansız bir iş tutmaq deməkdir. Elə birinci bu mənada, düşüncəni, seçim azadlığını istismar etmək baxımından bu yol zərərlidir və imtina olunmalıdır.

Rəsulzadə-Elçibəy yolu ifadəsinin, Lenin yolu, Heydər yolu ifadələri ilə oxşarlığı təsadüfüdürmü görəsən? Məncə yox. Öz vahidliyini və yeganə doğru yol olduğunu iddia etmək baxımından bu üç yolun üçü də mahiyyət etibarı ilə totalitardır.

İkincisi, bu yol siyasi hərəkatın nəzəri əsası olmaq iddiasındadır, yəni Rəsulzadə-Elçibəy yolu Azərbaycan xalqını diktaturadan xilas edib, azadlığa çıxaracaq. Yaxşı əgər belədirsə, bunun nəzəri əsası hardadır? Bu yol (bu məqamda metod) hansı fəlsəfi müddəalara söykənir? Kimdir bu yolun fikir adamları? Mən özünü bu yolun davamçısı adlandıran heç bir siyasi fiqurun bu yolla bağlı bir kitabını görməmişəm. Demək, bu yol pafosdan başqa bir şey deyil, əslində belə bir yol ümumiyyətlə yoxdur. ADR-in fikir atası olaraq Əli bəy Hüseynzadə qəbul olunur. Onun "Türkləşmək, Muasirləşmək, İslamlaşmaq" üçlüyü bu yolun ana ideyasıdır. Guya bu "dərin" fəlsəfə həm də Rəsulzadə-Elçibəy yolunun nəzəri əsasıdır. Fərz edək ki, bu belədir və əgər bu yoldan imtina edəcəyiksə, onda bu yolun nəzəri əsasını tənqid etmək lazımdır.

Türkləşmək, Müasirləşmək, İslamlaşmaq bir-birindən tamamilə fərqli, tamamilə əlaqəsiz üç istiqamətdir. Soruşuram, əgər müasirləşmək ümumbəşəri dəyərlərin qəbulu və icrasıdırsa, onda biz eyni zamanda necə islamlaşacağıq? Axı islam ümumbəşəri deyil! Və ya necə türkləşəcəyik? Axı bunun sonu faşizm kimi bir fəlakətə də gətirib çıxara bilər. Və ən əsası, əgər müasirləşmək qloballaşmaqdırsa, islamlaşmaq və türkləşməkdən lokalizasiya qoxusu gəlir axı. Deyək ki, bu üç istiqamət arasında heç bir ziddiyyət yoxdur, əksinə uyğunluq var. Bəs hanı bu uyğunluğun nədən ibarət olduğunu oxuya biləcəyimiz kitab?

Bu iki şəxsiyyət vaxtı ilə öz missiyalarını yarımçıq atıb getmiş adamlardı. Əsas da Elçibəy. Onların lider olduğu hərəkatlar uğursuzluğa düçar olub. Bizim bu yola sahib çıxmağımız həm də o insanların məsuliyyətini götürməyimiz deməkdir, onları müdafiə etməli, xalqı inandırmalıyıq ki, yox əslində Elçibəy qaçmamışdı, Kələkidə inqilab planları qururdu.

Bu köhnəlmiş vaxtı keçmiş yol bizi bir yerə aparıb çıxarmır, heç öz çevrəmizdə də döndərmir. Bu yol deyil, dalandı. İlişib qalmışıq. Gənclərin zəkalarının Rəsulzadə-Elçibəy pafosu ilə zəhərlənməsi, gələcək nəslin bu adamlardan xilas ola bilməməsi, bizə yenə də irəli getməyə imkan verməyəcək.

Saleh Mehdizadə

Kultura.az

Yuxarı