post-title

Stalin haqda xatirələr

Boris Bajanov 1923-28-ci illərdə Stalinin şəxsi katibi olub, Kommunist Partiyasının Mərkəzi Komitəsinin ən gizli sənədlərinə çıxışı olub. Bajanov Sovet İttifaqından Fransaya qaçandan sonra Stalin haqda öz xatirələrini yazıb. Bu xatirələr Stalinin şəxsiyyəti, hakimiyyəti əlində saxlama və Kremldəki siyasi intriqalarını əks etdirən ən əhatəli qaynaqlardan biri sayılır. Həmin xatirələrdən maraqlı bir hissəni kultura.az-ın oxucularına təqdim edirik.

 

İndi mən Stalinin Katibliyindəyəm. İşlədiyim ilk vaxtlar mən gündə dəfələrlə Stalinin yanına girib Siyasi Büroya gələn materiallar barədə məruzə edirdim. Tezliklə hiss etdim ki, həmin materialların nə məzmunu, nə də taleyi onu qətiyyən maraqladırmır. Mən ondan ”bu və ya digər məsələ barəsində nə etmək lazımdır?”, deyə soruşanda, o cavab verir ki, “bəs sizcə, nə etmək lazımdır?”. Mən cavab verirəm:  "Məncə, bunu Siyasi Büronun müzakirəsinə vermək, yaxud MK-nın hansısa kommissyasına ötürmək, yaxud məsələ kifayət qədər  işlənmədiyindən və razılaşdırılmadığından baş idarəyə təklif edilsin ki, əvvəlcə məsələni digər idarələrlə razılaşdırsınlar" və s. Stalin o dəqiqə razılaşır: “Oldu, elə də edin”. Mən tezliklə belə qənaətə gəlirəm ki, onun yanına boş yerə girirəm və özüm daha çox təşəbbüs göstərməliyəm. Beləcə də edirəm. Stalinin katibliyində məni başa salırlar ki, Stalin heç bir kağız (sənəd) oxumur və heç bir sənədlə maraqlanmır. Məni belə bir məsələ düşündürməyə başlayır, bəs o, nə ilə maraqlanır?

Yaxın günlərdə mən bu məsələyə gözlənilməz bir cavab alıram. Mən Stalinin yanına həmişəki kimi hansısa təcili işlə bağlı icazəsiz girirəm. Stalinin telefonla danışığının üstünə çıxıram. Daha doğrusu, danışarkən yox, qulaq asarkən - o, telefon dəstəyi əlində qulaq asır. Sözünü kəsmək istəmirəm, işim təcili olduğu üçün gözləyirəm ki, söhbətini qurtarsın. Söhbət bir qədər davam edir. Stalin qulaq asır və heç nə demir. Mən isə durub gözləyirəm. Nəhayət, təəccüb içərisində görürəm ki, Stalinin stolunun üstündəki dörd telefon aparatının hamısının dəstəkləri öz yerindədir və onun qulağına tutduğu dəstək nəsə bilinməyən və mənə məlum olmayan telefondur. Bu telefonun naqili nədənsə Stalinin masasının yeşiyinə gedib çıxır. Mən bir də dörd telefonun hamısına nəzər salıram: Bu, MK daxilindəki söhbətlər üçün daxili çekist telefonudur, burada sizi MK-nın telefonçu qızı birləşdirir: budur, “Yuxarı Kreml” aparatı. Bu telefon “Yuxarı Kreml”in kommutatoru vasitəsilə söhbətlər  üçündür, həmin hər iki telefonla siz çox məsul işçilərlə və onların ailələri ilə danışa bilərsiniz. “Yuxarı” daha çox xidmət kabinetlərini, “Aşağı” mənzilləri birləşdirir. Nəhayət, dördüncü telefon – “vertuşka”. Bu avtomatik telefonun çox məhdud sayda abonenti var (60, sonra 80, sonra daha çox). Onu Leninin tələbi ilə quraşdırıblar. Lenin hesab edirdi ki, məxfi və  çox mühüm danışıqlara telefon calaşdıran xanımın həmişə qulaq asması təhlükəlidir. Yalnız hökumət üzvləri arasında danışıq üçün heç bir telefonçuların xidmət göstərmədiyi xüsusi avtomatstansiya qurulmuşdu. Beləliklə, mühüm söhbətlərin məxfiliyi təmin edilmişdi. Öz  aramızdır, həmin “vertuşka” sizin ali hakimiyyətə mənsubluğunuzun ən mühüm əlamətidir. Həmin telefonu yalnız MK üzvləri, xalq komissarları, onların müavinləri, aydındır ki, Siyasi Büronun bütün üzvləri və üzvlüyə namizədlər üçün onların kabinetlərində qururlar. Siyasi Büro üzvlərinin kabinetlərində də qururdular.

Deməli, Stalin bu telefonların heç biri ilə danışmırdı. Stalinin yazı masasında “vertuşka“ ilə gedən söhbətlərə qoşulmaq və qulaq asmaq imkanı verən stansiyanın olduğunu hiss etmək və başa düşmək üçün bir neçə saniyə kifayət etdi. “Vertuşka” ilə danışan hökumət üzvlərinin hamısı, qəti əmin idilər ki, bu aparatla söhbətə gizlin qulaq asmaq mümkün deyil, çünki bu avtomatik telefondur. Deyilənə görə, bu yolla onların bütün sirrlərini bilmək olurdu.

Stalin başını qaldıraraq düz gözümün içinə baxdı, diqqətlə baxdı. Nə kəşf etdiyimi özüm bilirəmmi? Əlbəttə, bilirəm və Stalin də bunu gördü. Digər tərəfdən də, mən hər gün onun yanına icazəsiz girdiyim üçün gec-tez bu mexanikanın üstünü açmalı idim, açmaya da bilməzdim. Stalinin baxışı sanki məndən soruşurdu: bu kəşfi bildiyin üçün şəxsən aqibətinin necə olacağını başa düşürsənmi? Əlbəttə, başa düşürəm və Stalinin hakimiyyət uğrunda mübarizəsində bu, ən mühüm sirlərindən biri olmuşdu: Trotskilərin, Zinovyevlərin və Kamenevlərin öz aralarındakı söhbətlərə gizlin qulaq asmaq Stalinə hər şeydən, onların niyyətlərindən, fikirlərindən hali olmağa imkan verirdi. Bu isə çox böyük əhəmiyyətli silah idi. Stalin bunların arasında hər şeyi görən idi, onların hamısı isə kor idilər. Və onların hətta illərlə ağlına gəlmirdi ki, Stalin həmişə onların bütün fikirlərindən, planlarından, onun barəsində nə düşündüklərindən, ona qarşı təşkil etdikləri hər şeydən xəbərdardır. Bu, onun üçün hakimiyyət uğrunda mübarizədə ən mühüm şərtlərdən biri idi. Aydındır ki, Stalinin bu sirri barədə zərrə qədər belə ağzımdan ehtiyatsız söz buraxsaydım, məni dərhal məhv edərdilər.

 Mən də Stalinin düz gözünə baxıram. Biz dinmirik, lakin hər şey sözsüz də aydındır. Nəhayət, heç özümü o yerə qoymuram, əlimdəki kağızla onu işdən ayırmamaq üçün otağı tərk edirəm. Yəqin, Stalin hesab edir ki, sirri gizlin saxlayacağam.

 Bütün bunları götür-qoy etdikdən sonra mən belə bir nəticəyə gəlirəm ki, hər halda daha bir adam, Mexlis də bu məsələdən hali olmaya bilməz - o da Stalinin yanına icazəsiz girib-çıxanlardandır. Münasib məqam tapan kimi ona deyirəm ki, mən də sənin kimi bu sirri bilirəm və görünür bunu yalnız biz bilirik. Mexlis, əlbəttə, gözləyirdi ki, gec-tez bunu mən də biləcəyəm. Lakin o, məni aydınladır: bizdən başqa daha kimsə, bütün kombinasiyanı texniki cəhətdən təşkil edən şəxs də bunu bilir. O, Qrişa Kannerdir. İndi artıq üçlükdə bu barədə öz sirrimiz kimi sərbəst danışırıq. Kannerin bunu necə təşkil etməsi məni son dərəcə maraqlandırırdı. O, əvvəlcə boyun qaçırır, zarafata salırdı, amma təkəbbürlülüyü üstün gələndə danışmağa başlayırdı. Tədricən mənzərəni bütün təffərrüatı ilə özümə aydınlaşdırıram.

Lenin avtomatik “vertuşka” şəbəkəsi yaratmaq fikrini irəli sürərkən Stalin bu ideyanın həyata keçirilməsinə girişmişdi. “Vertuşkaları” MK-nın binasında  daha çox qurmaq lazım gəldiyindən, mərkəzi stansiya MK-nın binasında quruldu və şəbəkənin mərkəzini texniki cəhətdən daha çox abonentlərin qruplaşdığı nöqtədə qurmaq məqsədə uyğun olduğundan, stansiya 5-ci mərtəbədə, hardasa Stalinin kabinetinə yaxın yerdə quruldu.

Bütün qurğunu çexoslovakiyalı kommunist, avtomatik telefonlar üzrə mütəxəssis düzəldirdi. Əlbəttə, bütün xəttlərdən və aparatlardan əlavə Kanner ona nəzarət postunun düzəldilməsini əmr etmişdi ki, “xarab olanda və pis işlədiyi zaman xətlərə nəzarət etmək və xarab olan xətti aşkar etmək mümkün olsun”. İstənilən  xəttə qoşulmaq və hər cür söhbətlərə qoşulmağı mümkün edən belə bir nəzarət postunu qurdular. Deyə bilmərəm, onu Stalinin stolunun yeşiyinə kim yerləşdirmişdi – Kannerin özü, yoxsa həmin Çexoslovakiyalı kommunist. Lakin bütün qurğunun düzəldilməsi başa çatan və işləməyə başlayan kimi Kanner Yaqodaya Stalinin adından bildirdi ki, Siyasi Büro Çexoslovakiya kommunist partiyasından dəqiq məlumatlar və sübutlar almışdır ki, Çexoslovakiya kommunisti casusdur, onu dərhal həbs edib güllələmək lazımdır.

 O dövrdə casuslar heç bir vicdan əzabı çəkilmədən güllələnirdi. Yaqodanı bir şey sıxırdı: nə qədər olmaya söhbət kommunistdən gedir, sonradan cəncəli çıxa bilər. O, hər ehtimala qarşı Stalinə zəng vurdu. Stalin təsdiq etdi. Çexoslovakiyalı kommunisti dərhal güllələdilər. Yaqoda heç bir sənəd almadı və bir neçə gündən sonra Kannerə zəng vurdu. Kanner ona dedi ki, iş başa çatmayıb - Çexoslovakiya kommunist partiyasının yuxarı dairələrinə casuslar və düşmənlər soxulmuşlar, bu barədə materiallar hələ də son dərəcə məxfidir və Siyasi Büronun arxivlərindən çıxmayacaq.

Belə izahat Yaqodanı qane etdi. Bunu demək artıqdır ki, həmin ittiham tamamilə uydurma idi.

Qarşımda bu problem durur. Mən nə etməliyəm? Mən partiyanın üzvüyəm. Mən başa düşürdüm ki, Siyasi Büronun bir üzvü başqa bir üzvündən casusluq edə bilər. Siyasi Büronun o biri üzvlərini bundan xəbərdar etməliyəmmi?

Bundan sonra aqibətimin necə olacağı məndə heç bir şübhə doğurmur. Mən ya “bədbəxt hadisənin qurbanı” kimi məhv olacağam, yaxud  DTK Stalin üçün mənim barəmdə bir iş quraşdıracaq: mən guya ingilis imperializminin təxribatçısı və agentiyəm. Stalin hər halda mənim axırıma çıxacaqdır. Böyük məqsəd naminə özünü qurban vermək olar. Belə işdən ötrü dəyərmi? Yəni Siyasi Büronun bir üzvünə  başqalarının söhbətlərinə gizlin qulaq asmasına mane olmaq xatirinə dəyərmi? Qərara gəlirəm ki, bu işdə tələsmək lazım deyil.  Stalinin sirrini bilirəm: əgər çox vacib olarsa, bu sirri həmişə aça bilərəm. Hələ ki, bunun lüzumluluğunu hiss etmirəm - Təşkilat Bürosunda olduğum yarım ildə məni çox xülyalar tərk edib, mən artıq yaxşı görürəm ki, hakimiyyət uğrunda, özü də prinsipsiz mübarizə gedir.

Hakimiyyət uğrunda mübarizə aparanların heç birinə mənim elə bir rəğbətim yoxdur. Və nəhayət, əgər Stalin Zinovyevə gizli qulaq asırsa, ola bilər ki, Zinovyev də öz növbəsində hansı yolla isə Stalinə qulaq asır. Kim bilir? Qərara alıram, Gözləyək, baxarıq.

Tərcümə etdi: Röyalə Məmmədova

Kultura.az

 

Yuxarı