Keçən həftə işimlə əlaqədar olaraq bir orta məktəbdə ibtidai siniflərin birində 20 Yanvar mövzusuna həsr olunmuş açıq dərsdə iştirak etdim. Məktəbin adının, müəllimin adının qeyd olunmasını mənasız hesab edirəm. Çünki bu dünyada demək olar ki, hər şeydən çox əminəm ki, ölkədə bütün məktəblərdə eyni vəziyyət hakimdir. Vəziyyət deyərkən nəzərdə tutduğum şagirdlərə aşılanan vəhşilik, aqressivlik, uşaq hüquqlarının pozulmasıdır.
Dərs müəllimin elə youtube-dan tapdığı “Azeri wolves” “Войны Карабаха” yazıları, qurd ulamaları və avtomat səsləri ilə başlayan bir video ilə açıldı. Videonun təxminən 30-40 saniyəsi uşaqlara nümayiş olundu. Bu 30-40 saniyədə Qarabağ döyüşlərində atışan əsgərlər göstərilirdi. Həmin an sinifi müşahidə etdim. Uşaqların bəzisi qorxudan, bəzisi həyəcandan, bir qismi içində alışan aqressiyadan dil-dodaqlarını gəmirirdi, üz-gözləri, başları, çiyinləri onlardan asılı olmadan qeyri-təbii hərəkətlər edirdi. Bu videonun arxasınca uşaqlar adları “Xətai”, “Koroğlu” və “Mübariz” (?) olan komandalara bölündü və komandalar arasında viktorina keçirildi. Suallardan yadımda qalanlar: “Müharibə nədir?”, “Sülh nədir?”, “Dəbilqə nədir” və s. Daha sonra əlbəttə ki, uşaqlar yanıqlı şeirlər dedilər, qızlar “Silahları yandırın” şeirinə bəstələnmiş mahnı oxudular. Onlar bu mahnını oxuyanda məktəb vaxtı bu şeiri əzbərləməyim yadıma düşdü. Silah sözündən nə qədər qorxduğumu xatırladım. Dayım müharibədə şəhid olandan sonra elə bilirdim ki, hər an bir erməni gəlib yenə də bizlərdən birini öldürəcək. O şeiri əzbərləməsəm bu qorxum gerçəkləşəcəkmiş kimi qorxurdum. Elə bir anlıq dalmışdım ki, sülh quşu göyərçinə həsr olunmuş səhnəciyə başladılar uşaqlar. Daha sonra isə mətləbə qətiyyən dəxli olmayan bir rəqs etdi milli geyimdə olan qızlar (əvvəldə deməyi unutmuşdum ki, sinifdəki qızlar formada yox, milli geyimlərdə idilər).
Bütün dərs bəlkə də bir ay əvvəlcədə məşq olunurdu. Uşaqlara hər şey əzbərlətilmişdi bu açıq dərs üçün. Uşaqlar bu dərsdə nəinki 20 Yanvar hadisəsinin mahiyyətini başa düşmədilər, nəinki vətənpərvər olmadılar, nəinki lüzumsuz aqressiya və düşmənçilik hissləri ilə bəsləndilər, həm də üstəlik bir az daha əzbərçi, küt, bisavad oldular. Keçmişimizi qoruyaq, yaşadaq deyərkən gələcəyimiz olan uşaqları məhv etmiş olduq. Onsuz da düz-əməlli bir keçmişimiz olmayıb və onun keşikçiləri sayəsində heç vaxt yaxşı gələcəyimiz də olmayacaq. Mütəmadiən aztvvari təbliğatla məşğul olan təhsil müəssisələri hansı gələcəyi yetişdirə bilər axı? Mən axırıncı dəfə hər hansısa bir məktəbdə olanda təhsil naziri hələ Misir Mərdanov idi. Düzdür, yeni nazirin sayəsində təhsildə inqilab olacağına inanan sadəlöhvlərdən olmasam da lap bu qədər də daş dövrünə qayıdış olacağına inanmaq istəmirdim. Getdim gördüm ki, köhnə hamamdır, köhnə tas. Sonra da bu müəllimlər, valideynlər indiki uşaqların pis, aqressiv, dəcəl olmasından, bir-birləri ilə yola getməməsindən, bir-birilərini döyməsindən şikayət edir.
Həmin günü ətrafımdakı insanları incitmədən fikirlərimi bir qədər izah etmək istədim. Alınmadı. Dedilər bu da lazımdı. Bilməlidilər tariximizi. Baxdım gördüm ki, mən girən kol deyil. Çoxdan lal olmaq qərarına gəlmişəm azərbaycanlılarla ünsiyyətdə. Ona görə də daha heç nə danışmadım. Getdik tortla çay içdik, meyvə yedik. Yeni nazirin dövründə daha bir köhnə adət qalır hələ də: açıq dərs verən müəllim dərsində iştirak edən digər müəllimlər və “zavuç” üçün şirniyyat stolu açır.
Əfsanə Şahmurad
Kultura.az