post-title

Cümhuriyyətçi Azadlıq və ya “aktiv olmamağın təhlükəsi” haqda

Yəqin ki, ətrafınızda sosial, siyasi, iqtisadi və mədəniyyət sahələrində müəyyən dəyişikliklər əldə etmək üçün xüsusi aktivlik göstərən insanlarla tanışsınız.

 

Bu kimi fəaliyyətlər əgər demokratiyanın bərqərar olduğu ölkələrdə vətəndaşların həyat fəaliyyətinin bir hissəsini təşkil edirsə, bizim kimi azadlıqlardan (sosial, siyasi, mental) məhrum olan cəmiyyətlər üçün fərdlərin yaşamlarına (siyasi hakimiyyət və çoxluqdan gələ biləcək) təhlükə kimi görünə bilər. Belə bir sual ortaya çıxır: cəmiyyətin azadlıqlara münasibəti bəlli olduğu halda bir insan niyə sosial-siyasi problemləri dəyişdirmək üçün öz azadlığını (yaşamaq azadlığı, hərəkət azadlığı və.s) təhlükə altında salsın? Və bu insanlar nəyə inanırar ki, bu tipli fəaliyyətlərlə məşğul olurlar? Yazıda cümhuriyyətçi baxışa əsaslanaraq bu suallara cavab verməyə çalışacam.

Neqativ, Pozitiv və Cümhuriyyətçi azadlıq

Siyasi nəzəriyyələrdə azadlıq əsasən iki ana konsepsiya çərçivəsində analiz edilir. Birincisi neqativ azadlıqdır ki, fərdin ətrafdan heç bir psixoloji və fiziki müdaxiləyə məruz qalmadan öz fəaliyyətində sərbəst olmasını ehtiva edir. Neqativ mənada mən azadam dedikdə, yəni mənə “ətrafdan heç bir müdaxilə yoxdur” mənasına gəlir. Bundan fərqli olaraq, pozitiv azadlıq fərdin hər hansı bir xarici qüvvə tərəfindən özünü-idarə (self-mastery) etməsi üçün edilən köməklər, təkliflər və müdaxilələri izah etmək üçün istifadə edilir. Siyasi nəzəriyyəçi Isaiah Berlinə görə neqativ azadlıq fərdin iradəsinə bağlı olduğu üçün modern dövrün konsepsiyasıdır və maarifçilik dəyərlərinə əsaslanır. Bunun əksinə olaraq, pozitiv azadlıq ictimai fikir, hər hansı bir sosial qrupa aidlik və kollektivlik anlayışları ilə bağlı olduğuna görə modernizm öncəsi azadlıq növüdür.

Bu iki azadlıq konsepsiyası çərçivəsində cümhuriyyətçilərin təklif etdiyi və üçüncü yol olaraq qəbul edilə biləcək yeni bir azadlıq növü də var ki, özlüyündə pozitiv və neqativ azadlığı tənqid etməklə yanaşı, onlardan müəyyən işarələri də daşıyır. İlk olaraq cümhuriyyətçi azadlıq neqativ azadlıq deyil və sərbəstliyi “heçkimin müdaxilə etməməsi” anlayışı ilə eyniləşdirmir. Yəni cümhuriyyətçi azadlıqda ətrafdan “müdaxilə” anlayışı var, amma bu “müdaxilə” pozitiv azadlıqdan fərqlənir.

Belə ki, cümhuriyyətçilər azadlığı izah edərkən özlərinə məxsus bir baxış ortaya qoyurlar və azadlığın tarixinə “ağa-kölə münasibətinin” tarixi kimi baxırlar. Başqa sözlə, onlar üçün azadlıq ağa-kölə münasibətlərinin çərçivəsində analiz edilir. Yəni, əgər bir yerdə azadlıq yoxdursa deməli orada hökumranlıq (domination) var, yox əgər azadlıq varsa deməli hökmranlıq yoxdur. Bir sözlə cümhuriyyətçi azadlıq hökumranlığın, dominantlığın olmadığı yerə deyilir (liberty as non-domination).

Bəs cümhuriyyətçi üçün hökmranlıq nə deməkdir? Bunu anlamaq üçün “hökmranlıq” (domination) və “müdaxilə” (interference) anlayışlarını bir-birindən ayırmaq lazımdır. Belə ki, müdaxilənin içərisində “başqasının iradəsinə tabelilik” yoxdur, dominantlıq isə keyfi müdaxilə deməkdir. Nəticə olaraq, cümhuriyyətçi azadlıq neqativ azadlıq deyil, çünki o müdaxiləni qəbul edir, amma eyni zamanda pozitiv azadlıq da deyil, çünki onun azadlığı hökmranlığa qarşı olan azadlıqdır (non-domination) və fərd öz iradəsindən istifadə edə bilər. Belə bir sual çıxır otraya, o zaman cümhuriyyətçilərin dedikləri o hökmranlıq olmayan və fərdin öz iradəsinə toxunmayan müdaxilə nədir? Təbii ki də, insan hüquq və azadlıqlarına tabe olan Qanunlar!

Cümhuriyyət fonunda Azadlıq və Aktivlik

Cümhuriyyətçilər üçün fərdin azadlığa qovuşacağı ən önəmli yer cümhuriyyətdir. Demokratik iştirakla işləyən və azadlığa əsaslanan qanunlar çərçivəsində fəaliyyət göstərən cümhuriyyət isə fərdi azadlıqların təhlükəsizliyi üçün zəmanətdir. Bir sözlə, cümhuriyyətçilik fərdləri vətəndaş olaraq qəbul edir və onların hüquqlarına da bu çərçivədə baxır.

Bu mənada, demokratik iştirakın önəmli olduğu bir siyasi sitemdə vətəndaşlıq və təhlükəsizlik məsələləri bir-biri ilə bağlanır. Belə ki, vətəndaşlıq burada iştirak və ya aktivlik mənasına gəlir və əgər cümhuriyyət insan azadlığının qarantiyasıdırsa, o zaman iştiraka əsaslanan bu sistemdə aktivlik də insanın şəxsi təhlükəsizliyinin əsasını təşkil edir.

Belə ki, siyasi, sosial, mədəniyyət və digər sahələrdə aktivlik göstərməyən, ümumən siyasi iştirakı olmayan hər bir fərd öz həyatını və azadlığını təhlükə altına almaqla yanaşı, həmin dövlətdə yaşayan hər bir kəsin azadlığı üçün potensial təhlükə yaradır. Belə ki, heç bir aktivlik göstərməyən vətəndaş cümhuriyyətin pozulması və fərqli iradələrə tabe edilməsi yoluna bir zərbədir. Bir sözlə cümhuriyyət dəyərləri üçün aktivlik, həm şəxsin özünün, həm ailəsinin, həm də cəmiyyətin azadlığının qorunması mexanizmidir və bütün bunların fonunda bizim kimi cəmiyyətlərin öz azadlığını necə itirdiyi sualı o qədər də çətin görünmür.

Aktivliyi necə başa düşək?

Nə qədər ağ-qara görünsə də aktivizmin qızıl bir qaydası var: “əgər cəmiyyətdə hakim olan sosial və siyasi proseslərin həllinin bir parçası deyiləsənsə, deməli problemin parçasısan...”. Bəli, cümhuriyyət üçün hər bir passiv vətəndaş həmin sistemin pozulması yolunda bir addımdır. Bəs, artıq pozulmuş bir sistemdə, azadlıqların olmadığı bir cəmiyyətdə necə? Bu zaman aktivliyi necə etməli? Və ya hərkəsdən “cəsarətli” (siyasi aktivlik fonundakı cəsarəti) olmağı tələb etmək olarmı?

Ümumiyyətlə aktivlik dedikdə, sadəcə siyasi aktivlik başa düşülməməlidir. Azərbaycanda hər bir sahədə monopoliya olduğu kimi, aktivlik ideyasının özündə də mental monopoliya yaradılıb və siyasi sahədən kənar heç bir aktivizm ciddi qəbul olunmur və dəyərləndirilmir (daha ətraflı, Əli Əkbərin “Siyasiləşdirməyin – 1” yazısını oxuyun, siyasi diskors haqqında kifayət qədər izah edici bir məqalədir). Bu mənada aktivizmə plüralist yanaşmaq lazımdır. Hər bir vətəndaş öz sahəsi, öz hobbisi, arzuları və məqsədləri üzrə aktiv ola bilər. Və bu sahələr o qədər genişdir ki, ədəbiyyatdan təhsilə, teatrdan küçə sənətinə, televiziyadan internetə, oyunlardan əyləncəyə, musiqiyə, kinoya kimi hər yerdə aktivlik etmək olar. Təki, öz sahəni seçib onu doğru yolda cəmiyyətə faydalı şəkildə inkşaf etdirməyi bacarasan və səhvləri düzəltməyə çalışasan.

Son olaraq...  

Aktivizm və plüralist vətəndaş cəmiyyəti və yaxud fərqli dünyaların yaranması məsələsində maarifçilərin, jurnalistlərin, qələm sahiblərinin üzərinə çox iş düşür. Çünki bir çox halda bir sahənin populyarlaşmağı, genişlənməsi və ya məhvi onların qələmindən və dəyərləndirilməsindən asılı olur. Və əgər bir maarifçi hər şeyə ağ-qara baxacaqsa bütün vətəndaş cəmiyyətinin rəngini dəyişəcək deməkdir. Bu mənada diqqətli olunmalıdır! Və bütün bunlarla yanaşı məsuliyyətli hər bir vətəndaş aktiv olmamağın öz azadlıqları və həyatları üçün nə qədər təhlükəli olduğunu dərk etməlidir.

Qaynaqlar:
1. Carter, Ian, "Positive and Negative Liberty", The Stanford Encyclopedia of Philosophy (Spring 2012 Edition), Edward N. Zalta (ed.), URL = <http://plato.stanford.edu/archives/spr2012/entries/liberty-positive-negative/>.
2. Pettit, Philip., 2002. Republicanism, A Theory Of Freedom. New York: Oxford University Press, pp. 17-50.

 

Xəyyam Namazov

Kultura.az
Yuxarı