Və ya bunu da deyək: sualın mövcud olması gözəldir. Və bəzən insana elə gəlir ki, sual varsa deməli cavab da var. Amma bəzən cavab yoxdur. Və ya çox vaxt cavab yoxdur. Ehtimallar var. Bir suala bir neçə cavab var – bir auditoriyanın qoyulmuş tək suala müxtəlif cavab verməsi kimi.
Sanki sualın olması daha vacibdir həyatda. Bir professorum bir dəfə dedi ki, ola bilər ki ömrün boyu sadəcə bir sual verə bilərsən ki, o sənin həyatının sualı ola bilər, bütün araşdırmaların, yazıların, oxuduqlarının nəticəsi o sual ola bilər. Yalnız bir sual.
Bakıda konfransların birində fasilə zamanı hardasa 55-60 yaşlarında mədəni və savadlı bir kişi mənə İslam haqqında danışırdı. Dedim ki, o gün orta əsrlərdən qalma bir əsərdə oxudum ki, ərəblərdə sülh anlayışı olmadığı üçün, bu İslamda da öz əksini tapmayıb. Kişi mənə dedi ki, ümumiyyətlə İslam ancaq işğal etdiyi torpaqlarla məhduddur. İslamda missionerlik yoxdur. Bu da “qılınc müsəlman” ifadəsində yaxşı görünür. Yəni müsəlman coğrafiyası güc yolu ilə işğal olunmuş ərazilərdən ibarətdir. Təbii ki bu tamamen həqiqət deyil, məsəl üçün mən biləni ərəblər İndonesiyaya getməyiblər, amma orda İslam var. Lakin ümumən demək istədiyi o idi ki, İslam daha az missionerdi.
İndi isə biraz daha ziddiyyətli məsələlər haqqında.
“Hollandiyanın yarısı protestant yarısı katolikdir”, dedi professor van der Zveerde. “Mən uşaq olanda velosiped sürməyi sevərdim və olurdu ki, azıb digər qəsəbə və kəndlərə gedib çıxardım. Və bir dəfə başıma qəribə bir şey gəldi. Uşaq olduğum üçün bunu anlamadım, zaman keçdikcə yavaş yavaş anlamağa başladım. Azaraq girdiyim bir kəndin mərkəzində əyləşmiş bir neçə kişi məni velosipedlə görüb çox qəzəbləndilər, ayağa qalxdılar, bəziləri qəzəbini ifadə etdi, söyüş söydülər. Bəziləri isə arxamca qaçıb məni tutmaq istədi. Canımı zorla qurtardım”. Sonradan atam mənə izah etdi ki onlar “Kalvinistlər” idi. Ptotestantlar. Onlar modernliyi qəbul etmirdi. Velosipedə pis baxırdılar. Necə ki bizdə qadın və ərkəklər bir ara şortikə pis baxırdı.
Protestantları Katoliklərdən fərqləndirən birinci ideoloji fərq onların əski katolik adət-ənənələrinə artıq hörmət etməməsi idi. Protestantların arasında ən yayılmış təriqətlərdən biri Kalvinizmdir. Kalvinizm Jan Kalvin adlı bir rahibin adı ilə başlayır. Kalvin İsveçrəli olub və ortaya qoyduğu dini-ideoloji hərəkat ondan sonra bu onun adını götürüb.
Əslində bildiyimizin əksi olaraq, Kalvinizm vəya Protestantizm dinin insan həyatında rolunun azalmasını yox, tam tərsi, dinin həyatımızı daha çox, amma daha düzgün və daha faydalı tənzim etməsini irəli sürürdü. Əslində “təmiz dinə” qayıdış və bununla bağlı olan radikal, fundamental və asketik həyat tərzinə görə İslam təriqətləri ilə bunu müqayisə etsək Vəhabiliyə bənzədə bilərik.
Paradoksaldır amma belədir. Yəni hər iki təriqətdə (vəhabilik və kalvinizm) saf və pak dinə qayıdış anlayışı var.
Məsəl üçün Kalvinistlər deyirdi ki, Katolik kilsəsi israfçıdır, hər yerə qızıldan bəzək vurur, cah-cəlal içində yaşayır. Və ən əsası heç kim işləmək istəmir.
Fəqət radikal bir dini cərəyan olmasıyla yanaşı Kalvinizm həm də çox maraqlı bir peşə etikasına, yeni mədəni açılımlara gətirdi insanları.
Bu açılımlardan biri – iş, qənaət və uğur anlayışıdır. “Allah çalışqan və qənaətçil adamı daha çox sevir” – bu Kalvinistlərin peşə və həyat etikasını təsvir edən gözəl ifadədir.
Kalvinistlər tez yatırdı ki şam yandırmasınlar. Asketik yaşam tərzi seçirdilər. Bu həmin insanlardır ki, üstündən 100 il keçəndən sonra dünyanın ən zəngin toplumlarındən birinə çevrildilər. İsveçrə, Hollandiya, Almaniya, İngiltərədə yayıldı bu təriqət. Məsəl üçün, Hollandiyanın əhalisi 16 milyondur və orada 100.000 milyoner var.
Katolik kilsəsinin cah-cəlallı həyata baxışından asket Protestant əxlaqına keçid baş verdi bu ölkələrdə. Ümümiyyətlə Xrsitian fəlsəfəsində həm sakralizasiya həm də de-sakralizasiya daha güclü getdi. Bir tərəfdən əl çatmaz müqəddəslər o biri tərəfdən Allahın oğlu olan insanoğlu. Maraqlıdır ki, İsaya İnglislər həm də Allah deyir (Lord). İslamda Allahla insanın arasında vasitəçi yoxdur. Xrsitianlarda isə Allah elə insan imiş.
Bu baxımdan bəlkə də Xristian dünyası insan anlayışını daha çox qabarda bilib. Renessansdan başlayaraq insanmərkəzli bir dünya qurulur orada. Təbii ki mən demirəm ki bu bir izahdır, sadəcə bir fərziyyədir.
Mənim üçün Protestantizm və ya Kalvinizmin əsas mesajı isə budur: dəyişmək və inkişaf etmək üçün yalnız modernləşməyi hədəf qoymaq yetərli deyil və bəlkə də lazım deyil. Kalvinizmin tarixi göstərir ki, müəyyən köhnə dəyərləri gücləndirmək, onlara əməl etmək, dürüst olmaq, yazılana fikir vermək bəzən daha önəmlidir nəinki müasirləşirəm deyərək bu prosesi anlamadan, kor-koranə təqlid etmək. Məncə müasirləşmə məqsəd olmalı deyil, nəticə olmalıdır.
Təəssüf ki, bir çox üçüncü dünya ölkələri müasirləşməni, modernizasiyanı dövlət siyasətinə çevirir, nəticəsi və təsiri şübhəli olan proqramlar həyata keçirir və s.
Tarix və təcrübə həm də onu göstərir ki, bu cür “məcburi” müasirləşdir(il)mə layihələri ancaq ciddi ictimai mədəniyyəti, ənənələri, çalışma (və ya döyüşmə) ruhu olan ölkələrdə uğurlu olur. Yaponlar, Koreyalılar və müəyyən mənada Türklər, Çinlilər (Sinqapurlular da Çinlidi yeri gəlmişkən) bu yolda müəyyən nailiyyətlər əldə etdilər. Gürcüstan da təxminən bu yolu getməyə çalışdı. Bəzi ölkələrdə isə (Ərəb ölkələri, bəzi Post-Sovet, Asya, Afrika ölkələri) isə modernləşməni sanki demokratikləşmənin qarşısını almaq üçün edirdi. “Ən yeni texnologiyaları”, “analoqu olmayan inşaat layihələrini” və bu qəbildən olan digər gözə kül üfürmələri bu ölkələr müasirləşmə adı ilə edirdi və edirlər. Burda “iqtisadi populism” məsələsi də var – mərmərlə xalqın gözünü qamaşdırmaq siyasəti kimi bir şeydi. Məsəl üçün, rayonlardaki Olimpiya Kompleksləri və ya Diaqnostika Mərkəzləri iqtisadi populizmin ən gözəl nümunələridir.
Uzun yazı yazıb hamını yormaq istəmirəm. Qısa yazıda da hər şeyi anlatmaq olmur. Bəzi anlaşılmayan məqamlar qaldı. Qalsın. Düşünək. Və ən əsası sualları düzgün qoyaq. Sualı düzgün qoymaq işin yarısıdı. Qələbənin yarısı kmi.
Hə unutmadan bu uğur məsələsinə də toxunum. Protestant əxlaqında bu çox vacib yer tutur. Uğur anlayışı ictimai, siyasi və iqtisadi inkişafın çox vacib elementidir. Əgər toplum və dövlət uğurlu olmaq stimulları yaratmırsa və yalanız öz nəzarətində olan insanların uğurlu olmasına imkan yaradırsa cəmiyyət ciddi mənəvi və psixoloji böhran yaşayır. Hələlik bu qədər.
Rəşad Şirin
Kultura.az