post-title

Əli Novruzov, “7 hekayə”si və məhdud Post-modernizm

“Səni görüm lənətə gələsən, Darvin! Min lənətə! Gör başımıza nə oyun açdın! Apardın bizi o murdar, şərəfsiz insana caladın! Bədnam elədin! İndi biz heyvan içinə necə çıxacayıq?!” (alleqorik “Fəlakət” hekayəsindən)

 
Ümumiləşdirsək…
 
Əli Novruzovun “7 hekayə” kitabı fərqli ideologiya və üslublarda yazılmış (alleqorik, millətçi, solçu, romantik, absurd, post-modern və plagiat) yeddi qısa hekayə və özünün bonus adlandırdığı bir yazıdan ibarətdir. Hər hekayə adlandırıldığı ideologiya və ya üslubu təmsil etdiyinə görə, kitabda fikir və üslub plüralizmi yaradılıb. Bu mənada kitabı maraqlı bir post-modern hekayə kitabı adlandırmaq olar.
Ən yeni ədəbiyyat və ədəbi texnika problemi
 
Bəllidir ki, ən yeni Azərbaycan ədəbiyyatı ilə sovet dövrü ədəbiyyatı arasındakı ən böyük fərqlərdən biri ideoloji məsələlərdir. Yəni, insana və onun haqlarına, dövlətə və onun funksiyalarına fərqli baxışlardır. Əgər müasir ədəbiyyat (sadəcə tənqidi ədəbiyyatı nəzərdə tuturam, saray ədəbiyyatı və ideoloji ənənəçilikdən qurtula bilməyənlər əsla buraya daxil deyil) azadlıq və humanizm kimi dəyərləri təbliğ edir və insanı kölələşdirən bir çox ənənələri təndiq atəşinə tutursa, sovet ədəbiyyatı bir çox mənada “dövlətin ədəbiyyatı” və ya propoqandası olmaqdan çölə çıxa bilmirdi. Bu mənada müasir tənqidi ədəbiyyatımız təqdirəlayiqdir.
 
Bununla yanaşı, müasir ədəbiyyatın da bir əmması var ki, Azərbaycan dilininin istifadəsi və ədəbi texnika məsələsi əməlli-başlı problem içindədir. Əski ədəbiyyatı oxuduqda yazarların hər bir söz və ifadə üzərində diqqətlə işlədiyi, ifadələri araşdırıb axtardığı açıq aydın bəlli olur. Təsvirlərin və dialoqların orijinallığı və təbiiliyi isə başqa bir məsələ. Bir sözlə, o əsərləri oxuduqda Azərbaycan dilindən ədəbi mənada həzz almaq olur. Təəssüflər ki, müasir ədəbiyyatımız bundan məhrumdur, söz və ifadələr necə gəldi istifadə edilir, onlara ədəbi gözəllik qatılmır, araşdırmadan bir çox hallarda söz belə gedə bilməz, bir çox yazılar isə, xüsusilə dialoqlar süniliklərlə doludur.
 
Əli Novruzovun hekayələri müasir ədəbiyyatın bir çox problemlərini özündə daşısa da, bəzi məsələləri aşmağı bacarıb. Uzun zamandan bəri ilk dəfədir ki, ən yeni ədəbiyyatda söz və ifadələrin araşdırılaraq və diqqətlə seçilərək istifadə olunduğunu oxuyarkən hiss etmək olur. Bundan başqa, dialektlərin istifadəsi, dialoqların təbiiliyi və dilin orijinallığı baxımından da bir neçə hekayə təqdirə layiqdir. Xüsusilə, yazarın “Qırx Mühafiz”, “Boyunbağı” və “Pir” əsərləri bu mənada uğurludur.
 
Ən sevdiyim hekayə: “Qara” və ya kaptalizmin tənqidi
 
Yazarın solçu hekayə adlandırdığı “Qara” Virgilin Troya atına işarə edərək dediyi ifadə ilə başlayır: “Yunanlardan qorxuram, xüsusilə hədiyyə gətirdikləri zaman” (Timeo Danaos et dona ferentes ). Və bütün hekayə qaralar içərisindəki bir satıcı oğlan ilə (bəlkə də kapitalizm simvolunda) və evdar bir qadının (xalqdan bir nümayəndə) dialoqu üzərində qurulub. Satıcı oğlan: “yubiley münasibəti ilə bizim firma şəhərin on evdar xanımına böyük hədiyyə dəsti təqdim edir və xoşbəxtlikdən siz o on xanımdan birisiniz!” sözləri ilə evdar xanımı söhbətə çəkir və hekayəni sonuna yaxınlaşdıqca bunun doğru olmadığı həm oxucu, həm də evdar xanım tərəfindən anlaşılır. Və təbii ki, xəyal qırıqlığı. Bu sadəcə bir satıcının yaratdığı məyusluq deyil, sistemin işləyiş şəkli, kapitalizmin bəzi narahat edici oyunlarıdır buna səbəb. Və elə hekayədə tənqid olunan da budur.
 
Kiçik bir hekayədə “praqmatizm”, “pul üzərində qurulmuş sistem”, “hər kəsin öz marağı”, “firma marağı”, “insanı düşünməyən reklam metodları” və s kimi kapitalizmin bir çox səmimi olmayan və sünilik yaradan yanları sol ideologiyası kontekstində yaxşı tənqid olunub. “Qara” bu mənada uğurlu bir hekayədir.
 
Bəyənmədiyim hekayə – “Yayı olmayan il”, post-modernizm?
 
Yazar “Yayı olmayan il” hekayəsini post-modern hekayə adlandırıb. Və əsər bu üslubla əlaqədar maraqlı şəkildə qurulub. Amma mənim gözləntim fərqli idi. Belə demək olarsa, yazarın daha post-modern olmasını gözləyirdim.
 
Belə ki, post-modern ədəbiyyat özündə bir neçə xüsusiyyətləri daşıyır. Bunlardan ilki “texniki post-modernizm” dediyimiz, qurğuda, əsərin strukturasında klassik əsər yazma ənənəsinin dekonstruksiyasıdır. Buna qurğuda xaos da deyə bilərik, yəni eyni qurğu içərisində yazar, oxucu və personajların dekonstruksiyası; zaman, məkan, dövr, reallıqların dekonstruksiyası halları. Məsələn, antik dövr haqqında bir əsərdə personajdan birinin “coca-cola” markalı içki içməsi (fərqli reallıqların eyni qurğuda istifadəsi), və ya yazarın bir anlıq əsərə daxil olması və personajlarla yazarın dioloqu (rol dekonstrukisyası) və.s. Hekayə texniki post-modernizm mənasında uğurlu idi.
 
Post-modern ədəbiyyata xas olan ikinci bir nüans isə ideoloji post-modernizmdir ki, burada modernizmin yaratdığı universalizm, humanizm, insan hüquqları, demokratiya kimi ideyaların tənqidi və yenidən baxılması məsələsi özündə əks olunur. İdeoloji plüralizm və çox mərkəzli həqiqət anlayışı təsvir edilir. Təəssüflər ki, bu hekayə ideoloji post-modernizmdən məhrumdur. Mənə görə post-modern ədəbiyyata iddialı hər bir yazar onun ideoloji hissəsinə xüsusi diqqət yetirməlidir.
 
Bütün bunlarla yanaşı, əsərdə Janr Plüralzmi də (əsər hekayə olaraq yazılsa belə fərqli janrların əsərə daxil edilməsi və onun “hekayə” olma formatının dağıdılması) post-modern ədəbiyyatın fərqli bir xüsusiyyəti kimi qəbul olunur. Amma bu nüansı da hekayədə görə bilmədim. Nəticə olaraq, bu hekayə sadəcə texniki-postmodern xüsusiyyətləri özündə daşıyır və onu məhdud post-modernizm də adlandırmaq olar.
 
Hər hekayə haqqında bir cümlə…
 
“Fəlakət” (alleqorik hekayə) – maraqlı personajlar və maraqlı bənzətmələrinə (xüsusilə, professor Bayquş) görə uğurlu bir hekayədir.
“Qırx mühafiz” (millətçi hekayə) – bu hekayənin sadəcə dilini və yazarın araşdırmasını bəyəndim.
“Dəniz Kənarında” (romantik hekayə) – sujet xətti çox bəsit idi.
“Şəhər” (absurd hekayə) – insanların dünyanı və yaşamağı mənalandırma cəhdlərinə qarşı olan absurdist baxışla yazılmış çox kiçik bir hekayə, bəlkə də “absurd” sözünü izah etmə cəhdi.
“Boyunbağı” (plagiat) – dildən və dialektlərdən uğurla istifadə olunmuş bir hekayə.
“Pir” (hekayə deyil, sadəcə bonus) – son zamanlarda Azərbaycanın siyasi həyatında baş vermiş bəzi məsələlərə işarə edən bir yazı.
Son olaraq…
Əli Novruzovun “7 hekayə” kitabı içərisində bir çox problemləri daşısa da, özlüyündə maraqlı və müasir ədəbiyyat üçün yeni bir kitabdır. İnanıram ki, yeni hekayə kitablarının nəşri yolunda bir çoxları üçün motivasiya qaynağı olacaq; Gündüz Ağayev tərəfindən çəkilmiş kitabın üzqabığı mənalı və diqqət çəkicidir; Kitab həcminin nə qədər olacağı qərarı isə yazarın özünə aiddir.
Qaynaq: Əli Novruzov, “7 hekayə”, ISBN: 978-9952-484-72-1, Etibarlı Yayınları, Ol Çap evi, Bakı 2013 (Tərtibat: Etibar Salmanlı, Üz Qapağı: Gündüz Ağayev, Dizayner: Kamran Nəcəfov, Müəllifin fotosu: Əhməd Muxtar).
 
Xəyyam Namazov
cemiyyet.org
Yuxarı