post-title

Ramiz Rövşən - 67

Bu günlərdə sevilən şair Ramiz Rövşənin 67 yaşı tamam oldu. Ramiz Rövşən poeziyasının mahiyyəti və sevilmə miqyası dünyaya baxışımızda narahatlıq yaradan məqamlardan xəbər verir, çünkü şeir əksər hallarda sözlə açıq ifadə edə bilmədiyimiz, ancaq şüuraltında var olan hisslərin tərcümanıdır. Bəyəndiyimiz bir şeir, əslində həmişə hiss etdiyimiz, ancaq fərqinə varıb münasib sözlərlə ifadə edə bilmədiyimiz bir duyğunun, ovqatın ifadəsidir.

 
 
Bu poeziyanın populyarlığını əsas alaraq, ruhumuza hakim olan əhvalın bizi yaradıcı və kollektiv işdən, ortaq maraqlar naminə sivil əməkdaşlıqdan məhrum etdiyini asanlıqla demək olar. Üstəlik, bir çox oxşarları kimi bu poeziya da Şərq insanının, dünyanı insanın istəyinə görə inşa ediləcək bir yer deyil (bunun üçün iki ən vacib metod - elm və dövlət Qərb icadıdır), ontolojik olaraq verilmiş, anti-humanist bir məkan olması qəbulunun göstəricisidir- apriori olaraq insan fəaliyyətinə  maneələr yaratmaq bu poeziyanın əsas məqsədidir. Şərq şeirində insan passiv şikayətçi, ya da nəsihətçidir.
 
Şeir, mövzusu və forması dəyişsə də, tarixin bütün dövrlərində və bütün xalqlarında populyar bir ədəbiyyat janrı olub, indi də belədir. Şeirin bu populyarlığının səbəbi  insanın hisslərinə və şüuraltına xitab etməsi və analitik deyil, assosiativ düşüncə ilə  əlaqədar olmasıdır. Bunu edərkən şeir insandan minimum hazırlıq tələb edir. Bu özəlliyinə görə şeirdən fərqli hiss edən insan (ki sonradan yeni düşüncəyə yol açmalı idi, düşüncə hisslərin uzantısıdır) yaratmaq məqsədiylə həm təbliğat, həm də satira kimi də geniş istifadə olunub. Dinlər, ideologiyalar və mühafizəkarlar ən böyük düşmənləri olaraq azad şairləri qəbul ediblər.
 
Azərbaycanın düşüncə həyatında poeziya müəyyənedici yerə sahib olub. Yenilik ilə köhnəliyin savaşı ilk olaraq ya şeirdə ya da şairlər arasında baş verib, yenilik şeirdə ifadə olunub. Ancaq bizim poeziyanın böyük qismi formasını dəyişsə də mahiyyətcə klassik Şərq poeziyası olaraq qalıb. Burada bir neçə ənənəvi leytmotiv var:  nakam məhəbbət, hökmdardan və “yar”-dan (qadının azad olmadığı Şərqdə onun “yar” kimi qəbulu da başqa bir illüziyadır) rəhm diləmə, nəsihət, ədəb qaydaları, dünyanın dəyərsiz görülməsi, susmanın, təslimçiliyin tərənnümü, dini fiqurların mədhi.
 
Dünya ədəbiyyatında Nazim Hikmət, Bayron, Şekspir, Pol Valeri kimi görkəmli şairlər olub. Nazim ölənə qədər daha gözəl bir ölkə üçün mübarizə aparb, Bayron müharibədə həlak olub, Valeri təkcə şair kimi deyil, ciddi bir düşüncə adamı olaraq  da təsirə malikdir. Bu gün Şekspir hələ də araşdırmaçılarını təəccübləndirir. Kimi onda şüuraltının poetik ifadəsini (“Hamlet” dramında Hamletin atasının ruhunun  onunla danışması) görür, kimi emprisizmini (zəhərlənmə mövzulu tamaşa quraraq kralın və anasının davranışını izləməsi) təqdir edir, kimi də İkinci Riçardın nitqində mili dövlət haqqında ilk ifadələri tapır. Məşhur İtalyan eşq hekayəsini yenidən yazan Şekspir, Cülyetta ilə Romeonu ənənəni heçə sayaraq görüşdürür. Avropada Renesansın yaranmasında şairlərin müstəsna rolu olmuşdur- Renesans  dünyaya və insana dəyər verən, onları mərkəzə oturdan bir hərəkət idi. Şekspirin müasiri Füzuli isə salamının alınmamasından, qapısını küləkdən başqa heç kimin açmamasından şikayətlənirdi. Əslində şeiri qadağan edən bir dinin hegemonluğu altında şeir məhz bu cür deformasiya etməli idi. 
 
Azərbaycan tarixində də görkəmli şairlər - həm fəaliyyətləri həm də təbliğ  etdikləri ideyalar baxımından- olmuşdur. Ancaq təəssüf ki Nəsimi kimi humanist şair ərəb işğalçıları tərəfindən, Müşviq kimi həyatsevər şair bolşeviklər tərəfindən öldürülmüşdür. Sovet dövründə icazə verilən mövzuların azlığı və bəsitliyi- əsasən sosialist realizmi- istedadsız şairlərin istedadlı və azad olanları qaralamalarına imkan yaratmışdır. Şeirin tariximizdə ən önəmli rol oynadığı hallardan biri Sabir satirasıdır. İlk dəfə olaraq “normal”ın əslində anormal olduğunu, onun karikatürizə edilərək kənardan necə gülünc görünməsini göstərən şair Sabir olmuşdur. Bu mənada onun Azərbaycan maariflənməsində müstəsna rolu olmuşdur. Deməli, şeir hermenevtik olaraq ciddi potensiala sahibdir, şeir əgər ənənəçidirsə dövrünü,  yenilikçidirsə mütərəqqi ideyaları açığa vurur.
 
Bu gün Azərbaycanın ən populyar şairlərindən olan Ramiz Rövşən poeziyasının bu qədər sevilməsi və onun şeirlərinin mövzusunu eyni anda düşünəndə ortaya depressiv bir tablo çıxır. Çünkü Ramiz Rövşən dünyanı lənətləyən, ona inanmayan bir şairdir. Bu ənənəvi Şərq tərki dünyalığıdır ki, maddi-bioloji olaraq dünyanı sevsə də, epistemolojik və “siyasi” olaraq onu puç saymışdır. Ramiz Rövşənin poeziyasında diqqət çəkən qalın qara xətt - bunda bizim bu coğrafiyada keçirdiyimiz ağır əsrlərin izi olsa  da - öz növbəsində bu qənaəti gücləndirir. Renesans şairləri antik yunan və Romanın  dünya və insan sevgisini canlandırmaqla, bu gün dünyanın həsəd apardığı  Avropanı yaradacaq bir hərəkatda mühüm rol oynadılar. Əgər Ramiz Rövşən rəssam olsaydı, çəkdiyi şəkillərdə qara rəng dominantlıq təşkil edərdi. 
 
Onun poeziyasının yaratdığı melanxolik ruh halı, bir iki şeiri ilə məhdudlaşmır, yaradıcılığının böyük hissəsi bu ruhdadır və misallar tapmaqda heç bir çətinlik çəkmək lazım gəlmir. 
 
İndi düşünək ki, Ramiz Rövşən gənclərlə görüşür və bu daim gülümsəyən, nuranı şair onlara öz şeirlərini oxuyur:
“Düşmən nədir, dost evini dost yıxar” – bu necə bir dostluq anlayışıdır? Bu şeiri bəyənən necə dostluqdan danışa bilər?
“Bilsək dünyaya gəlməzdik”- gənclər üçün ən uğurlu stimul deyil hər halda.
“Dünya qəfil işıqlansa görərik kim kimin evindən çıxır” –bu qaramatın ən ifrat forması deyilmi? Belə bir halın olacağına necə əmin olmaq olar?
“Bu yaz gecəsində ölməyə nə var”-bütün dünya mifologiyasında yaz yenidən doğuşun mövsümüdür, şair belə bir zamanda da ölümü arzulayır. (Novruz Bayramında Kosa ilə Keçəl kimi xoşagəlməz tipləri yaşadır, onları köhnə ildən yenisinə aparırıq- bayramın səhnələnməsində dəyişiklik etmək, Kosa və Keçəli köhnə ildə tərk etmək lazımdır-simvolik də olsa, uzun müddətəd müsbət təsiri  olar).
“Qara paltarlı qadın qəbrim damır ağlama”-bir qəbri dolduracaq qədər göz yaşı arzusu-insanın cəmi 70%-i sudur ki o da bir qəbri doldurmağa bəs etməz. Qaldı ki bir qəbir dolusu gözyaşı heç milyonların ölümündən yazan ədəbiyyatçıların belə ağlına gəlməyib.
 “Ümidim yox bir adama”
“Çıx qapıya ölüm küsüb getməsin” 
“Bir ölüm havası dəysin üzümüzə”
vs.
Nyuton, yerə düşən almada ümumdünya cazibə qanununu gördü, biz isə düşünürük ki göydən başımıza daş yağar, çünkü  “göy üzü daş saxlamaz”. 
 
Təəssüf ki, Ramiz Rövşən poeziyasında belə yanaşma hegemondur və bu misalların sayı asanlıqla artırıla bilər.
 
Qısaca, Ramiz Rövşəndə insanın  “yük”ü, hər zaman “insan”dan böyükdür və Ramiz Rövşən bütün şairlər içərisində ən pessimistidir.
Əlbəttə, kədər, depressiv ruh halı insanlıq halıdır.  Ancaq bu ovqatı Ramiz Rövşən kimi ontolojik apriori, varlıq halı kimi təbliğ etmək zərərlidir. İnsan, depressiya, stres kimi hallardan sıyrılırsa daha güclü olur, özünü gözdən keçirmə və yenilənmə şansı qazanır. Çin dilində “krizis” sözü “fürsət” və “təhlükə” heroqliflərinin birgə yazılması ilə ifadə olunur.  Əgər dünyana gəlinməli yer deyilsə, insan heç kimə güvənməməlidirsə, dost evyıxandırsa bu dünyada nəyə istinad edib yaşamaq olar?
 
Ramiz Rövşəni təbliğ edəndə həm də ciddi bir pessimizmin təbliğ ediləcəyini nəzərə almaq lazımdır. Əksər Ramiz Rövşənsevərlərlə danışarkən onlar şairin yaratdığı dünya tablosunun doğru olduğunu, şairin həqiqəti yazdığını bildirirlər. Əvvəla bu poeziyadakı dünyanın bütün neqativ hallarını yaşamaq və onunla razılaşmaq üçün insan necə bir həyat yaşamalıdır? İkincisi, depressiv, inamsız bir ruh halına xitab etmək həm ondan güc almaq, həm də öz növbəsində onu gücləndirmək deməkdir. Burada reallıq yox, reallığın necə dizayn edilməsi yatır. Belə bir poeziyanın təbliği, təsdiqlənməsi isə bu qara tablonun yayılmasına, insanların dünyanı elə qavramasına gətirib çıxarır. Ramiz Rövşən həm də o tablonu gücləndirir, dünyadakı pis və yaxşı arasında pisi qabardır, ontolojik olaraq insanı təslim edir. Halbuki dünyanı və insanları tənqid edən şairlər bunu daha yaxşı dünya və insan modelinin mümkünlüyünü nəzərə alaraq edirlər.
 
Ramiz Rövşən poeziyasına qarşı olmaq dünyanın güllük-gülüstan olduğunu iddia edən bir polliannaçılıq deyil. Ancaq yaxşı bilirik ki dünya bu qədər pis olsaydı, onda nəticə insan passivliyi olardı. Yaşayırıqsa, deməli insan fəaliyyətinə inanırıq. 
 
Əlbəttə, Ramiz Rövşənin bu ruh halının yaranmasından məsul tutmaq olmaz, bu hal əvvəldən var olduğu üçün onun söz ustalığı ilə birləşərək geniş populyarlıq qazanır. Fəqət Ramiz Rövşən yüksək şairlik istedadı ilə bu görüşü həm də gücləndirir, təbliğ edir. Öz estetikası ilə legitimləşdirir. 
 
İnsanlar göydən ümidlərini kəsdikdə, onlara göydən kömək gəlməyəcəyini, gələn zərərlərə təbiətüstü gücün deyil, təbiət hadisələrinin səbəb olduğunu anladıqda bir birinə güvənərək, əməkdaşlıq edərək, iş bölgüsünə gedərək müasir dövləti və elmi yaratdılar. İnsan elastikdir -o həm də sizin onu necə görmək istədiyinizə görə formalaşır. Sosial sifariş necədirsə davranış da elədir...
 
Yalçın İslamzadə
 
Kultura.az 
Yuxarı