post-title

Kütlədən xalq yaratmaq

Məncə bir kütləni xalq kimi yetişdirmək, onu normal formalaşdırmaq üçün ən birinci onun təhsili və mədəniyyəti üzərində işləmək lazımdır. Savadsız və öküz bir adam heç bir zaman xalq məfhumuna oturuşacaq keyfiyyəti özündə ehtiva edə bilməz.

 
 
İndi milli-mənəvi dəyərlər, əxlaq haqqında həm kütləvi informasiya vasitələri aracılığı ilə, həm də küçə-bazarlarda çox söhbətlər eşidirik. Ancaq illərdir aparılan bu milliləşmə, adət-ənənəyə sadiqlik propaqandasının bizim xalqın mədəniyyətində, əxlaqında, yaxud təfəkküründə nə isə pozitiv bir gəlişmə yaratdığının şahidi ola bilmirik. Çürümüş adət-ənənəsinə sadiq qalmış bir xalq yeniliyi qəbul etmək iqtidarında deyil. Kitab oxumayan bir xalqın təfəkküründə inkar mədəniyyətini formalaşdırmaq çox çətindir, halbuki bütün mədəni, gəlişmiş xalqlar özlərindən öncəki destruktiv anlayışları inkar edərək yeni ixtiraların yaranmasına yol açmış, yeni təkamülün inkişafına şərait yaratmışdılar. “Biz dədə-babadan belə görmüşük”, ”atalar belə deyib”, “palaza bürün ellə sürün”, “ellə gələn bəla toy-bayramdır” kimi deyimləri insanların təfəkkürünə yeritdikcə, onlardan hər-hansısa bir formada yeniliyə hazır olmağı, yenilik üçün, gəlişmək üçün çalışmağı tələb etməyi və yaxud bu fəaliyyətin çox faydalı olduğunu anlatmağı mənasız bir şey hesab edirəm. 
 
Fərdi çevrə yetişdirir. İnsan düşdüyü mühitdə onun yazılmış və yazılmamış qanunlarına uyğun formalaşır. Həmin mühitin çərçivəsindən çıxmaq tabu olduğundan insan inkişaf edə bilmir. Çərçivələr təkcə siyasi durumla, aparılan genişmiqyaslı beyinyuma propaqandası ilə ölçülmür. Çərçivələr hər şeydən öncə insanın özünün içində yaranır. Bax, həmin çərçivələri qırmaq, insanı öz içərisində yaratdığı qəfəsdən azad etmək lazımdır. Əgər sən metroda qatardan çıxmaq istərkən perronda birisi mıx kimi qarşına dikilirsə, bu həmin adamın mədəniyyətinin azlığı və yaxud onda mədəniyyətin ümumiyyətlə olmaması ilə izah olunur.  Bu da onun özünün içərisində yaratdığı, yaxud da tərbiyəsi sonucu içində yaranan bir qəfəsdə yaşadığının bir nümunəsidir. Həmin qəfəsdə onun üçün etdiyi hərəkət tamamilə təbiidir. Ancaq birisi bu adama qatardan düşənin qabağından çəkilib yol vermək mədəniyyətinin gözəl bir şey olduğunu anladarsa, həmin adam həm mədəniləşməklə, həm də sabah özü də qatardan çıxarkən qarşısında ona yol verən birisini görərək mənən, daxilən təmizlənər. Bunun üçün insana gedib hər hansısa bir xurafatın quyruğundan yapışmaq lazım deyil. 
 
Tiflisdə bir məhəllə var – orada bir cavan oğlanın bizim dildə desək bir neçə obyekti var. Obyekt deyən kimi oxucunun gözünün qarşısına  pal-paltar, yaxud qır-qızıl satılan dükanlar, ən çoxu da restoran-kafe gələcək. Yox, belə deyil. Bizdə bu normal bir şeydir - əlinə beş qəpik düşən kimi qaçıb çənəsinə kimi korrupsiyaya bulaşmış məmurların ciblərini dolduraraq sənəd alıb bir sahə götürmək, onun içini pal-paltar, ayaqqabı, mənasız zir-zibillə doldurub od qiymətinə camaata sırımaq – bizim reallığımız budur. Tiflisdəki cavan oğlanın qalereyası, onun yanında çeşitli şərablar satılan bir dükanı, onun da yanında kitab dükanı var. Tiflis kimi balaca bir şəhərin hər küçəsində bir neçə kitab dükanı var. Bəlkə də bu kitab dükanları, bu dükanlarda satılan kitabları alıb oxumaq həvəsi olmasaydı, gürcülər öz dinə olan meylləri ilə çoxdan cəhalətin içində batıb getmişdilər. Halbuki bu gün biz Gürcüstana baxıb onların çox qısa bir zamanda korrupsiyanı ortalıqdan necə yığışdıra bildiklərinə heyran oluruq. Rusiyanın o boyda basqısına baxmayaraq bu balaca xalq yenə də öz qürurunu itirmir. Öz azadlığa inamını, inkişaf edib Avropa ailəsinə qoşulmaq əzmini itirmir. Daxili mədəniyyət, gerçək əxlaq və savad olan yerdə inkişaf da olacaq, milli qürur hissi də, azadlıq əzmi də. 
 
Tanışlarımdan soruşuram ki, niyə kitab oxumursunuz? Deyirlər buna vaxtımız yoxdur. Yadıma Seymur Baycanın sözləri düşür: kitab oxumağa vaxtı olmayan insanlar küçələrdə veyillənməyə, çayxanalarda avaralanmağa, toylarda düşük-düşük mahnıların sədası altında qol götürüb oynamağa necə vaxt tapırlar? Axı gündə bircə saat, hətta yarımca saat kitab oxuyan insan dünyanın, həyatın nə qədər gözəl olduğunu, özünün də bu gözəlliklər içərisində bir gözəllik yarada biləcək qabiliyyət sahibi olduğunu tədricən anlaya bilər. Nəyə görə bizim insan bu gerçəkliyi anlaya bilmir? Və nəyə görə bu xalq öz soyuducusunu, eyni zamanda “maral-maral” kimi bayağı mahnılarını  onların gözünə soxan Nadir Qafarzadə kimi müğənnilərin onları necə təhqir etdiyini anlaya bilmir? Plintusdan aşağı səviyyədə yaşamaq gözəl bir hissdirmi?
 
Mən insanın dəyişə biləcəyinə, onun bir fərd kimi hətta 50 yaşından sonra da formalaşa biləcəyinə inanıram, çünki bunu öz gözümlə görmüşəm. On il bundan öncə maşın sürən zaman kəmər taxmağı özünə təhqir bilən adamlar bu gün yanında oturan sərnişindən də kəmərini taxmağı xahiş edir. Onlara bu mədəniyyət Avropadan gəldi – neft şirkətləri, onların nizam-intizam tələbi və eyni zamanda da treninqlər keçirib kəməri taxmamağın nə qədər təhlükəli olduğunu anlatmaları öyrətdi. İnsanlara televiziya ekranlarından nadir qafarzadaləri, samirləri, nə bilim faiqləri göstərmək əvəzinə onlara kitab oxumağı, vaqondan düşərkən insanlara yol verməyi, piyadalara yol işığında qırmızı işiğın yanmağını gözləyib sonra keçməyi, rüşvət verməməyi və almamağı öyrətmək, təlqin etmək lazımdır. Yoxsa yüz il də qalsa bu kütlədən xalq formalaşmayacaq.
 
Fərhad Yalquzaq
 
Kultura.az
Yuxarı