post-title

Proletariatın ilk diktatoru: Robespyer

Onun başı inqilabın gilyotinində kəsilib xalqa göstərildiyi zaman 36 yaşı vardı. Ölümündən 3 ay əvvəl Fransada Robespyer adı terrorun və ölümün sinoniminə çevrilmişdi. Onun adını eşidən hər kəsin bədənindən ölüm üşütməsi keçir və hər kəs amansız və soyuq gilyotin baltasının boynuna enməsini dəhşətlə təsəvvür edirdi

 
 
«Vətəndaşın əsas xeyirxahlığı heç kimə inanmamasıdır»
 
«Mən xalqın müdafiəçisi deyiləm, mən xalqın özüyəm»
 
Maksimilian Robespyer
 
«Əgər Robespyer haqqında yazmaq istəyirsənsə, o zaman səhvlərdən qorxmamalısan. Çünki Robespyer hər zaman özü-özünü inkar edir…»
 
«O hesab edirdi ki, o, özü inqilabdır və inqilab onun özüdür».
 
Hillari Mantel: «Robespyer haqqnıda esse»
 
Onun başı inqilabın gilyotinində kəsilib xalqa göstərildiyi zaman 36 yaşı vardı. Ölümündən 3 ay əvvəl Fransada Robespyer adı terrorun və ölümün sinoniminə çevrilmişdi. Onun adını eşidən hər kəsin bədənindən ölüm üşütməsi keçir və hər kəs amansız və soyuq gilyotin baltasının boynuna enməsini dəhşətlə təsəvvür edirdi.
 
Belə ki, bir ildən az olan hakimiyyəti dövründə Maksimlian Robespyer hər gün yüzlərlə insanı «vətən xaini» elan edərək gilyotinə yollayırdı və o, artıq qısa zaman kəsiyində Fransanın kabusuna dönüşmüşdü.
Robespyer özünün tiranlığı və despotizmi ilə özünə qədər olan bütün tiran və despotlardan daha möhtəşəm və əzəmətli görünürdü. Çünki onun tiranlığı və despotizmi ona qədər olan tiran və despotların ənənəvi sülalə hakimiyyətindən doğmamış, ideoloji fanatizm üzərində təşəkkül tapmışdı.
 
Təsadüfi deyil ki, Robespyer istər Lenininin, istər Trotskinin, istərsə də Stalinin ilham mənbəyi idi. İlk dəfə siyasətə «terror» və «xalq düşməni» terminlərini gətirən Robespyer özünü bir çox şeylərin fövqündə görürdü. Bir dəfə Konventdəki çıxışlarının birində özünü ifadə edərkən, o: «Mən xalqın müdafiəçisi deyiləm, mən xalqın özüyəm», – demişdi. Ona görə də hesab etmək olar ki, Robespyer özündən sonrakı bütün solçu diktatorların atasıdır. Ölüimünə az qalmış özünün dinini elan etmişdi və artıq özünü tanrı elan etməyin bir addımlığında idi.
 
İnqilabdan doğulan
 
Dünya tarixində elə hadisələr və elə şəxsiyyətlər var ki, dünyanın inkişaf istiqamətini dəyişdirib. Belə hadisələrdən biri XVIII əsrdə baş verən Böyük Fransa İnqilabıdır. Bu inqilabın ən parlaq simalarından biri isə şəksiz bu gün bütün diktatorların öyrəndiyi və yamsılamağa cəhd etdiyi Maksimilian Robespyerdir.
 
1789-cu ildə, Fransada 1614-cü ildən sonra ilk parlament – Baş Ştatlar çağırıldı. Millət vəkilləri kralın iradəsinə tabe olmaq istəmədilər. Baş Ştatlar ləğv olundu və onun yerinə Milli Məclis elan olundu. Qara camaat isə səs vermək hüququ qazandı. Kral Parisi mühasirəyə aldı və buna cavab olaraq isəParisəhalisi üsyana qalxdı. Kütlə Bastiliya qalasına hücum elədi. Çünki orda barıt vardı. Qala alındığı zaman isə məlum oldu ki, bütün Avropanı dəyişdirəcək olan cahanşümul bir hadisə baş verib.
 
Hər nə qədər Böyük Fransa İnqilabı bir cahanşümul hadisə idisə, bir o qədər də çox qısa bir zaman çərçivəsində hakimiyyətə sahib olan arraslı vəkil Maksimlian Robespyer bu inqilabın dünyanın sonrakı inkişafında oynadığı rolun əsas siması oldu. Hətta Böyük Fransa İnqilabının son nəticəsi olan Napoleon Bonapart belə Robespyerin hədəfləri və hirsi qarşısında çox kiçik görünür.
Böyük Fransa İnqilabının xüsusi özəlliyi əsasən ondan ibarət idi ki, bu inqilabın hər hansı bir lideri yoxdu. Əslində bu inqilabın liderləri inqilabdan yarım əsr əvvəl ölmüş Volter, Russo, Möntyeskö və digər fransız maarifçiləri idi. Çünki inqilabı yönəldən əsas ideya; «Qardaşlıq, bərabərlik, azadlıq», şüarı onlardan doğmuşdu.
 
Bir çox siyasi cərəyanlar bu inqilabın ayrı-ayrı fazalarında aparıcı rol ala bilmişdilər. Amma sonuna qədər bu inqilabda ayrıca bir siyasi cərəyan, ayrıca bir lider rol ala bilmədi. İnqilab ayrı-ayrı siyasi cərəyanların toplantı keçirdyi zallardan küçələrə sirayət edir və sonucda xalq kütlələrinin iradəsi ilə özünü ifadə edirdi. Radikal sol cərəyanın təmsilçiləri olan Yakobinçilər və onların lideri Robespyer digərlərindən fərqli olaraq kütləni idarə etməyə yox, kütlə üzərində mütləq hakimiyyətə sahib olmağa cəhd edirdi. Bunun üçünsə tək bir yol vardı: TERROR
 
Yeni hakimiyyətin memarı
 
Onun haqqında deyirdilər: “ 1789-cu ildə inqilabın başlanğıcında kürsüyə çıxarkən o, uşaq kimi titrəyirdi”.
Beş illik siyasi həyatında Robespyer 900-dən artıq nitq söyləmişdi. Bu nitqlərin ancaq qısa bir hissəsi o zamankı qəzet xəbərlərindən zamanımıza gəlib çatıb.
 
Onu başqalarından fərqləndirən əsas fərq çox balaca və çəlimsiz olmasıydı. Onu görən hər kəs məhz arıq və çəlimsiz olduğuna görə bu balaca əyalət adamını fərq edirdilər. Robespyer heç də başqa inqilab liderləri kimi gözəl natiq belə deyildi. Amma arraslı vəkil danışırkən özünün qətiyyəti ilə hər kəsi dinləməyə məcbur edirdi. Balaca adamın qətiyyəti hələ ki, heç kimi qorxutmurdu, sadəcə jirondistləri və digərlərini əyləndirirdi. Amma digər inqilab liderlərindən fərqli olaraq xalq onu sezirdi və təbii ki, çəlimsiz xəstə görünüşlü adam xalqın gözündə böyüyürdü.
 
İnqilabın ilk ilində xalq ona «Satınalınmaz» adını verdi və bu adı Robespyer son günə qədər daşıdı. Onu doğurdan satın almaq imkansızdı. O, inqilabın digər liderlərindən və aparıcı nümayəndəlrindən fərqli olaraq milyonluq gəlirlərə, saraylara sahib olmadı. O, saraylardan qaçır və saraylarda yaşayan inqilab liderlərini xain hesab edirdi. Robespyer xalqı və inqilabı ideallaşdırırdı. O, sonsuz və mütləq hakimiyyət istəyir, həmçinin hakimiyyəti yox etmək ideyasını irəli sürürdü. O, müharibə aparır və inqilabı qorumaq üçün terroru təbliğ edirdi. O, heç kimə inanmır və xalqdan tələb edirdi ki, o da heç kimə inanmasın və çuğulçuluq etsin.
 
Sonradan onun bu xarakterləri 20 əsr diktatorlarının əsas hakimiyyət prinsipinə çevriləcəkdi. Eyni xarakteri dünyanın ən böyük diktatorları, tiranları nümayiş etdirəcəkdilər. Sonralar Lenin, Stalin, Hitler kimi despotlar Robespyerin hakimiyyət tipini tətbiq edəcəkdilər. Özlərinin yaratdıqları hakimiyyət qurumlarına inanmayacaq, çuğulçuluğu öz hakimiyyətlərinin qorunmasının əsas yolu hesab edəcəkdilər. Stalin onu ideallaşdıracaq, Hitler Robespyerin iradəsinə pərəstiş edəcəkdi. Marks və Lenin Robespyerin dövlət terroru ideyasını kazarma kommunizminin əsas ideyası olaraq qəbul edəcək və bu ideya Lenin və Stalinin hakimiyyəti illərində tam olaraq reallaşacaq və terror dövlət siyasətinin tərkib hissəsi olaraq qəbul olunacaqdı.
 
Robespyerin «xalq düşməni» termini Stalin və Maonun hakimiyyətlərinin əsasını təşkil edəcəkdi. Stalinin məşhur «oğullar atalarına görə cavabdeh deyillər» kəlamının müəllifi də Robespyerdi. Robespyerin içindən doğan hakimiyyət yalançı, ikiüzlü və zalımdı. Robespyerin hakimiyyət ideyasının son nöqtəsində şüurların konveyirləşdirilməsi və xalqın zombiləşdirməsi ideyası dururdu və bu ideya Stalin, Hitler və Mao tərəfindən reallaşdırılmağa cəhd edildi. Təcrübə ucursuzluqla nəticələnsə də, Robespyerin yaratdığı «Ali Şəxsiyyət» kultu və bu kultun mütləq hakimiyyət ideyası hələ də yaşamaqdadır.
 
20 əsr solçularının böyük və qanlı hakimiyətlərinin memarı məhz Robespyerdi. 10 aylıq hakimiyyəti olan Robespyer dünyanı qanla çalxalayan və milyonlarla insanı sistemli şəkildə öldürən böyük hakimiyyətlərin rüşeymi idi. 20 əsrin bütün diktatorları hakimiyyətlərinin mənşəyini Robespyerin hakimiyyət tipindən almışdı və bu gün devrilən solçu ərəb diktatorları, həmçinin MDB məkanındakı siyasi rejimlər Robespyer hakimiyyət tipinin cizgilərini hələ də qoruyub saxlamaqdadırlar.
 
Dövlət terrorunun tərənnümçüsü
 
Eynəklə belə çətinliklə görən Robespyer uzaqgörən siyasətçi idi. Utancaq və heç kimə açılmayan Satınalınmaz öz şəxsiyyətini bütünləşmiş xalqın şəxsiyyəti olaraq görürdü. O hesab edirdi ki, inqilabın obrazı elə onun öz obrazıdır və inqilabı qorumaq xalqın əsas işidir. Xalqın bütünləşmiş obrazının öz şəxsiyyətində birləşdiyinə inanan çəlimsiz diktator inqilabı xalq adına qorumağı da özünün missiyası olaraq anlayırdı.
 
O, Fransa İnqilabını Fransadan kənarlara daşımaq üçün xalqı müharibəyə səsləyir, inqilabı qorumağın tək yolu olaraq müharibəni və terroru görürdü. Gilyotin onun siyasətinin əsas hissəsini təşkil edirdi. «Satınalınmaz» həm də idarə olunmazdı və həqiqətən də ziddiyətlərin toplusu idi. Buna görə də o, ətrafında olan hər kəsi qorxudurdu. Və buna görə də o qorxunc Yakobinçilər klubunun lideri olmasına baxmayaraq tənhaydı.
 
Robespyerin dövlət terroru ideyası inqilabın qorunub saxlanmasınıda xüsusi rol oynadı. Bütün xarici basqılara və aparılan ağır müharibəyə baxmayaraq məhz Robespyerin terror maşını inqilabı qoryub saxlayan və bu inqilabın düynyaya təsirini gücləndirən əsas amil idi. Bütün siyasi naturası ilə Robespyer kasıbların vəkili idi və son nəfəsinə qədər də bu rolunu ifa etdi. O, prinsipləri hər şeydən üstün tuturdu və hesab edirdi ki, mənfəətlər prinsiplərin dəyişməsinə yol aça bilməz, hətta sonuc dəhşətli olsa belə.
 
O, inqilabın və respublikanın yaşaya bilməsi üçün kralın öldürülməsini tələb edirdi. Konventdə kral 16-cı Lüdovikin taleyini də elə Robespyerin «Lüdovik ölməlidir ki, respublika yaşasın» sözləri həll etdi. Lüdovik günahkar olmaya bilərdi, amma o, kraldı və kral olduğuna görə də ölməliydi. Tarixin və taleyin ziddiyyəti ondan ibarət idi ki, 16-cv Lüdovik Fransanın ən xeyirxah və humanist kralı idi. O, doğurdan xalqını sevir, xalqına yardımçı olmaq istəyirdi. Elə buna görə də vətəndaş Lüdovik Kapetin başını respublika gilyotində kəsdi.
 
Amma bu da özünü xalqın və respublikanın müdafiəçisi olaraq görən cırtdan adamı sakitləşdirmədi. Robespyer Fransanın əsas bəlası olaraq gördüyü kraliça Mariya-Antuanettanınınedamolunmasını istəyirdi. Sonucda kraliçanı da eşafota qaldırdılar və məğrur kraliçaının başı xalqın ayaqları altına düşdü.
 
Və bundan sonra «vətən xainlərinin məhv edilməsi başladı. Lionda, Nantda yüzlərlə insanı bir yerə toplayıb top atəşləri ilə öldürürdülər. Kralın tərəfdarı olmasına azacıq şübhə doğuran hər kəs gilyotinə yollayır, həmçinin rejimi bu və ya digər şəkildə tənqid edənləri dəedamedirdilər. Qadağan olunmuş partiyanının üzvününedamolunması qanunauyğuluqdu. Məhkəmələrin işi demək olar ki, tamamilə sadələşdirilmişdi. Məhkəmələr sadəcə ölüm hökmünü elan etməliydilər. Hər bir vətəndaşın müqəddəs borcu «vətən düşmənləri» haqqında çuğulluq etməkdi. Çuğulçuluq etməyən vətəndaş əksinqilabçı olaraq bilinirdi və cəzası ölümdü.
 
1794-cü ilin iyununda Robespyer Konventə qanun layihəsi irəli sürdü. Qanuna görə hər bir vətəndaş vətən xainini çuğullamalı və gərəkirsə onu həbs etməliydi. Maraqlı burası idi ki, «Vətən xaini»ni vətəndaş özü təyin edirdi.
 
Qiymətlər minimum şəkildə aşağı endirilir, bu isə nəticədə qıtlıq yaranmasına səbəb olurdu. Robespyer varlı olmağı cinayət hesab edirdi. Bir dəfə o açıq şəkildə yakobinçilərinin iclasında «mən kasıb olmaq istəyirəm», söyləmişdi. Satınalınmaz Parisdə kiçik bir otaqda yaşayırdı və digər inqilab liderlərindən fərqli olaraq təmtəraqlı yaşayışdan qaçırdı.
 
İnqilab öz övladlarını yeyir
 
Kral ailəsini bitirdikdən və aristokratların mübarizəsini sındırdıqdan sonra Robespyer orta sinifi və «satqın»ziyalıları məhv etməkdən söz etməyə başlamışdı. Arraslı vəkil həmçinin katolik ruhanilərinə bütün varlığı ilə nifrət edirdi. O, ruhaniləri «başlanğıcdan əks inqilabçı» adlandırır, onları məhv etmək üçün əlindən gələn hər şeyi edirdi.
 
Robespyer terrorun miqyasını yetərli hesab etmir, hətta inqilabın bir çox liderlərini belə düşmən hesab edirdi. Öncə jirondistlərin lideri Jak Eberi və çox saylı tərəfdarlarını gilyotinə göndərdi. Sonra onun əmri ilə bir çox rəqiblərinin və həmçinin yaxın silahdaşlarının başı eşafotdan aşağı yuvarlandı. Yakobin klubunun ən parlaq liderlərindən biri, Robespyerin ən yaxın silahdaşlarından olan, respublikanın yaşaması və qalib gəlməsi üçün doğurdan böyük işlər görən, buna baxmayaraq təmtəraq və var-dövlət içində yaşamağı sevən və ömrünün son günlərində korrupsiyaya bulaşan Jorj Dantonun edamı bütün Parisi lərzəyə gətirdi. Bu, sadəcə izahagəlməz dəhşət idi…
 
Danton Robespyerdən diktaturanının yumşaldılmasını və terrorun qaldırılmasını tələb edirdi və elə buna görə də başını verməli oldu. 1794-cü ilin aprelin 5-də Dantonu eşafota aparan araba Robespyerin evinin qarşısından keçərkən o, qışqırmağa başlamışdı: «Robespyer, mən səni gözləyirəm. Sən mənim arxamca gələcəksən». Dantonun peyğəmbərliyi 3 ay yarımdan sonra həqiqət oldu.
Dantonun ölümündən sonra Robespyer tərəfindənedametdirilən Pol Verno yazmışdı: «İnqilab öz balalarını yeyir»
 
Tək başına hakimiyyət
 
Dantonunun ölümündən sonra Robespyer şəxsi diktaturasını yaratmaq üçün fəaliyyətə keçdi. Dantonunun edamının səhərisi günü «Ali Şəxsiyyət»in şərəfinə bayram tədbirlərinin hazırlığına başlanması elan olundu. Robespyer hər şeydən əvvəl proletariatı öz tərəfinə çəkmək istəyirdi və elə bu üzdən də kasıb xalq üçün öz şəxsiyyətini idallaşdımağı, bir kult və din halınam gətirməyi hesablayırdı. «Ali Şəxsiyyət» kultunun elan olunması avqust ayında nəzərdə tutulurdu. Yeni dinin elan olunmasıyla Fransada bütün digər dinlər və məzhəblər qadağan olunacaqdı.
 
Həyatının son 3 ayında ona iki dəfə sui-qəsd etdilər, amma hər iki sui-qəsd uğursuz oldu. Bu sui-qəsdlər onu xalqın gözündə daha böyütdü və Satınalınmaz öz xilasını «Uca Varlıq»la bağladı. Tanrı Uca Varlıqdı və o «Usa Varlıy»ın seçdiyi «Ali Şəxsiyyət»di.
Hakimiyyəti tam əlinə alan Robespyer demək olar ki, evindən çölə çıxmır, düşmənlərindən qorxur, küçədə isə ancaq silahlı yakobinçilərin müşaiyəti ilə gəzə bilirdi.
 
Qəribədir ki, Fransa inqilabından ciddi təşviş keçirən Avropa monarxları Robespyeri inqilabı söndürən adam olaraq görməyə başlamışdılar və onunla əməkdaşlıq etməyə hazırdılar. Hətta Prussiya sülh bağlamaq təklifini belə irəli sürmüşdü.
 
O, heç vaxt dövlət vəzifəsini tutmadı. Ən adi nazir titulunu belə daşımadı. O, bütün hakimiyyətini Yakobinlər klubundan alırdı. Hətta hər gün yüzlərlə adam onun imzası ilə gilyotinə yollandığı zaman belə Yakobin klubunun lideri və Fransa Milli Konventinin sıravi üzvü olaraq qaldı. Amma buna baxmayraq arraslı kiçik boylu arıq cüssəli vəkil «Ədalət Respublikası»nın simvolu idi.
 
Çevriliş
 
O, bir neçə dəfə pis qurtaracağını və dəhşətli ölümlə öləcəyini bacısına söyləmişdi. Və haqlı çıxdı… İntihara cəhd, gülləninin dağıtdığı çənə, bir gecəlik can çəkişməsi və səhər tezdən məhkəməsizedam.
 
Onun yıxılmasına səbəb konventdə etdiyi son çıxışı oldu. Bu çıxışı Satınalınmazın buraxdığı nadir səhvlərdən biri idi və onun həyatının davam etməsinə mane oldu. Konventdəki son çıxışında diktator öz rəqiblərini hədələmişdi. Təhdid dolu həmin çıxışda o, heç kimin adını çəkməmişdi. Yerdən bəziləri qışqırıb ad tələb eləsələr də, Robespyer ad çəkməkdən imtina etmişdi. Elə həmin axşam Yakobin klubundakı uzun nitqində də yenə ad çəkmədən təhdidlər yağdırmışdı. Və o gün hər kəs Konventdəki hər kəs özünü gilyotinin bir addımlığında hiss etmişdi. Və hər kəs onu məhv etmək üçün gücünü bir araya gətirdi…
 
Onu Konventdə həbs elədilər. Millət vəkilləri «Rədd olsun, tiran» bağıraraq onun üzərinə yürüdülər, həbs olunmasını tələb elədilər. Konvent böyük səs çoxluğu ilə qərar qəbul elədi və onu silahdaşları ilə birlikdə yaxaladılar. Robespyer yanındakı əsgərlərin birinin belindəki pistoleti qapıb başına atəş açdı. Amma tələsdiyindən güllə gicgahını deyil, çənəsini dağıtdı.
 
Yaralı şəkildə onu küçəyə sürüklədilər və küçədə onun həbs olunmasını görən adamlar əsgərlərə hücum edib onu əsgərlərin əlindən aldılar. Yaralı Robespyeri və tərəfdaşlarını kütləParisşəhər məclisinə götürdülər. Amma Konvent yaxşı anlayırdı ki, ya Robespyer öləcək, ya da onların hamısı gilyotində başlarını qoyacaq. Əsgəri birlik kütləni top atəşi ilə dağıtdı və Robespyer yaxalanıb həbsxanaya atıldı.
Yarasının dəhşətli ağrılarına baxmayaraq o, kağız və qələm tələb elədi. Tələb rədd edildi. Amma rədd olunmasaydı, azadlıq tiranın nə yazacağı bu gün belə maraq doğurur..
 
«Mənim başımı xalqa göstərin..»
 
1794-cü il, 28 iyul. Səhər tezdən onu və tərəfdaşlarını arabaya qoyub eşafota gətirdilər. Artıq xalq onu müdafiə etmirdi. Hər yerdən acımasız replikalar səslənirdi. Xalq sevinir və tiranı lənətləyirdi.
 
O eşafota qalxarkən ayaq üstə zorla dururdu. Amma qürurluydu. Çənəsi güllədən dağıldığı danışmaq cəhənnəm əzabıydı. Buna baxmayaraq zorla da olsa son sözlərini söylədi: «Mənim başımı xalqa göstərin. O, buna layiqdir».
Bir dəqiqə sonra proletairiatın ilk diktatorunun başı xalqın ayaqları altına diyirləndi və bununla da Böyük Fransa İnqilabı özünün son fazasını bitirdi. Bir neçə ildən sonra Fransa general Bonapartın iradəsinə təslim olacaq və Fransa Napoleonla tarixinin ən möhtəşəm dövrünü yaşayacaqdı.
 
Robespyer 36 il yaşadı. Bu ömürün 31 ili heç bir əhəmiyyət daşımadı. Amma kiçik boylu arraslının həyatının son 5 ili bütün tarixi dəyişdi. Çünki o, hakimiyyətin yeni prinsiplərini və formasını yaratmışdı.
 
Robespyerin harda dəfn olunduğu bəlli deyil. Onun, həmin gün gilyotinlənən onlarla adamla birlikdə qardaşlıq qəbirstanlığında yatdığı bildirlir. Bəziləri iddia edir ki, onun basdırıldığı kütləvi qəbirin üzərində, «Yolçu, mənim ölümümə görə heyfislənmə, çünki mən sağ qalsaydım, sən öləcəkdin», sözləri yazılıbmış...
 
İstifadə olunmuş ədəbiyyat:
 
Şarlotta Robespyer «Memuar»
Anatoliy Qladilin «Robespyerdən İncil»
Hillari Mantel: «Robespyer haqqnıda esse»
 
Azər Qaramanlı

 

Yuxarı