post-title

Elkin Xəlilov- Qeyrətsiz Ukraynalılar

Neçə gündür bütün Avropanın gözü bir ölkəyə yönəlib - Ukraynaya. Yanukoviçin Avropa Birliyi ilə əməkdaşlıqdan imtina edərək Gömrük İtiffaqına üz tutması ölkəni əməlli-başlı qarışdırıb.

 
Bu qərara etiraz edib küçələrə axışan insanların tələbləri Yanukoviç hökümətini əsəblərini tarıma çəkdi. Bir sözlə, Ukrayna hökuməti nəinki qərarından dönmədi, əksinə qaydaları bir az da sərtləşdirdi. Hökumət əvvəl fikirləşdi ki, bir günlük aksiyadan sonra hər şey yoluna düşəcək, beləliklə, rahatlıqla Avropadan imtina edəcək. Kifayət qədər savadlı və təcrübəli olan Yanukoviçin belə bir addım atması, yaxın keçmişi olan 2005-ci ili unutması çox təəccüblü göründü. Axı 2005-ci ildə bütün dünyanın diqqətini çəkən bir xalqı unutmaq olardı?
 
Nəysə, görünür, Yanukoviçin keçmişi unutmaq kimi bir xəstəliyi var.
 
Məqsədim Yanukoviç hökümətinin səhvlərini göstərmək deyil, heç buna ehtiyac da duymuram. Mənə bu yazını yazdıran tək bir səbəb var: Ukrayna xalqı. Sözün əsl mənasında XALQ.
 
Bu xalq 10 ildə özünün ayaqda olduğunu, yaşamaq istədiyini, millət olduğunu, demokratik dəyərlərə hörmət etdiyini göstərir. Bir xalqın 10 ildə iki dəfə ayağa qalxması, hökümətə dövlətin mənbəyinin xalq olduğunu göstərməsi zarafat deyil. Belə baxanda bir azərbaycanlı üçün bunu təəssəvür etmək bir az çətindir, hətta inanılmazdır.
 
Niyə inanılmazdır? Çünki Ukrayna və dünya boksunun lideri olan Vitali Kliçko bu gün Kiyevin mərkəzi meydanında xalqın qarşısında gedir, milləti meydana səsləyir, "Eurovision" musiqi yarışmasının qalibi və yenə dünyaca məşhur müğənni Ruslana meydanda, ən öndədir. Hələ bu bizim tanıdığımız ən məhşur simalardır, bəlkə də, yüzlərlə tanımadığımız belə adamlar var.
 
Yaxşı, belə bir situasiyanı Azərbaycanda təsəvvür etmək olarmı? Məsələn, bizim bokusçumuz Əli İsmayılovun meydanda xalqın qabağında dayanması, ya da "Eurovison"un qalibləri Eldar və Nigarın meydana çıxması təsəvvürə gəlirmi? Yox, mən inanmıram.
 
Və yaxud müxalifət liderlərinin xalqın qarşısında olması, polislə üzbəüz dayansınması ağıla gəlirmi? Əlbəttə, yox. Bizdə belə bir yanaşma var: "Mən qardaş qırğını istəmirəm, tarixdə adımın belə qalmasının əleyhinəyəm". Ya da filosofsayağı başqa bir cümlə...
 
Elə Vilnus sammiti də bunu göstərdi.  Ukrayna müxalifətinin liderləri Arseni Yaçenyuk, Vitali Kliçko bu sammitə qatılıb Avropaya inteqrasiyadan danışanda, bizim müxalifət liderlərinin başları hardasa qarışmışdı.
 
Bax bütün bunlara günümüzün reallıqlarıdır.
 
Hə, yeri gəlmişkən, bunu da deyim: Ukraynaya gedən, yolu oradan düşən hansı azərbaycanlını danışdırsan ordakı sevgi, eşq məcaralarından danışacaq. Hətta daha da dərinə gedib, orda kişi olmadığını, qızların isə əxlaqsızlıqla məşğul olduğunu deyəcək. Amma bu gün əxlaqsız kimi baxdıqları Ukrayna qızları meydanda döyüşürlər, barrikada qurublar, insan kimi azad yaşamaq istədiklərini ifadə edirlər. Budur söz və fikir azadlığı... 
 
Bizim əxlaq sindiromuna tutulmuş, hər kəlməsində ana-bacı söhbəti edənlərimiz  isə başını "kol"a soxub “mən siyasətə qarışmıram” deyə gün keçirirlər. İndi özünüz müəyyənləşdirin; kimdir dəyərlərə, keçmişə, gələcəyə hörmət edən?!
 
...Biz, yoxsa əxlaqsız adlandırdığımız Ukrayna xalqı?
 
Elkin Xəlilov
 
Kultura.az
Yuxarı