Təhsilin tərs-məzhəbliyindəndirmi, qulağımızın dibində dır-dır danışılanlardandırmı, yoxsa, məlum mərdimazarların hiyləgər siyasətindəndirmi, hər nədənsə, Sovet dövrünün bəzi Azərbaycan yazıçılarına, xüsusilə də “sosrealizm” “zəhmətkeşləri”nə qarşı ciddi bir önyarğım olub həmişə. Əksəriyyətinin “savadsız bolşevik”, “yaltaq”, “şəxsiyyətpərəst”, “istedadsız və havayıyeyən” olduğunu düşünmüşəm. Bu üzdən, bəzilərini ilk gənclik illərində “elə-belə”, bəzilərini sonradan “mən də oxumuşam” deyə bilmək üçün oxumuşam. Bəzilərini isə heç oxumamışam. Dünya ədəbiyyatının möhtəşəm nümunələri ilə qarşılaşandan sonra isə bu məsələni tamam kənara qoymuşdum. Hazırda mütaliəmdə “30-60-cı illər Azərbaycan Sovet ədəbiyyatı” adlı iri bir boşluq var.
Yaxınlarda dəyərli bir dostun məsləhəti ilə bir az səbir göstərib, Mirzə İbrahimovun “Gələcək gün” romanını oxudum. Əməlli-başlı bir roman. Önyarğıma babat bir şillə çəkildi. Təbii ki, klassik təhkiyə üsulu və yenə də təbii ki, bir neçə səhifədən bir ideoloji təriflər, sovetlərin tərənnümü. Amma əsərin bütün ideoloji-siyasi yükünü qoyuram bir kənara.
Mirzə İbrahimovun 40-cı illərdə yazmağa başladığı, ancaq yarımçıq qalmış “Nakam məhəbbət” əsərinin davamı, mükəmməlləşdirilmiş, təkrar-təkrar işlənmiş variantı olan “Gələcək gün” rоmаnında mükəmməl təsvirlər, bir-biri ilə sıx bağlı hadisələr zənciri var. Güney Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi yazıçıya bu həyatı və şahlıq rejiminin siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etməyə imkan verir.
Romanda ikinci dünya müharibəsindən əvvəl və müharibə illərində İranda, Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edilir. Baş qəhrəman Firudinin prototipi 40-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan Firudin İbrahimidir. Təbriz yaxınlığında, Azərşəhrdə anadan olan Firudin hakim rejimin məmuru Hikmət İsfahani ilə mübahisəsindən sonra həbs olunur. Sonra isə həbsdən qaçaraq Tehrana gəlir və “istibdad rejimi” əleyhinə mübarizə aparmaq üçün təşkilatlanmaqda olan bir qrupa qoşulur. Və hadisələrin mübarizə və faciə dolu axarı bundan sonra başlayır.
Miskin, səfalət içərisində yaşayan, istibdad altında məhv olub gedən insanların dolğun təsvirləri. Ailə faciələri. Və bunların fonunda siyasi proseslər. Yaxud, ticarətlə məşğul olan siyasi xadimlər, harınlamış məmurlar, qudurmuş əmniyyət mühafizləri, intriqa həvəskarı vəzirlər (nazirlər), beş-altı min tümənə hər şeyini satan insanlar, tula kimi onun-bunun dalınca qaçan qəzet redaktorları, xarici ölkələrin tez-tez “narahat olan” səfirləri... Hamısı da o qədər tanış simalar, o qədər tanış mənzərələrdir ki, sanki bu gün yazılıb. Həm də çox uzaqda deyil, bir az şimalda.
Oxuduqca diqqətimi cəlb edən digər bir məsələ romanın dili oldu. 30-cu illərə qədər ədəbiyyatımızın dili ərəb, fars, osmanlı tükcəsinin sözləri və şivəsi ilə bol idi. 60-cılar nəsli isə guya intellektual bir dil yaratmağa cəhd etdilər. Nəhayətdə, süni, quru, xalqdan qopuq, “kvazi-urbanistik” bir ədəbiyyat yarandı. Lakin “Gələcək gün”də çox səlis, çox “azərbaycanca” bir dil çıxır qarşımıza. Nə qədər “ölü”, lakin bu gün gərəkli ola biləcək sözlər kəşf etdim özümçün. Dilin axıcılığı, dialoqlarda obrazların dilindən istifadə edilən sözlərin “həqiqiliyi” roman boyunca səmimi bir hava yaradır.
Bununla belə, harada ki, xalqdan, insanların faciəsindən söz açılır, ideologiyadan arınmış fikirlər söylənilir, çox səmimi, axıcı alınıb, amma harada ki, “şurəvi hökuməti” təbliğ olunur, “şanlı al bayraqlar”, “sovetin qələbəsi” filandan danışılır, orada pafos var, süni emosiya, quru nitqlər, sanki iki obraz arasındakı adi bir söhbət deyil, kommunist manifestidir. Bu parçalar yamaq kimi görünür. Onları çıxarsaq, məzmunda və hadisələrin gedişində ciddi bir dəyişiklik olmayacaq.
***
Ədəbiyyat özündə əsl duyğuları ehtiva edirsə, əksər insanlarda öz əks-sədasını tapa bilir. Bəzən ən uydurma obraz, ən fantastik bir hadisə təsvir edilərkən yazıçı elə əsl duyğuları köməyə çağıra bilər ki, o fantastik hadisə sanki elə sənin gözlərin qarşısında baş verib, sanki o uydurma obraz sənin də tanıdığın biridir, ya da elə sən özünsən, deyə düşünərsən. Bu mənada, Mirzə İbrahimovun təsvirləri, dialoqları xeyli səmimi, xeyli tanışdır. Yüksək idealları uğrunda vuruşan qəhrəmanları heç vaxt xəyanət etmirlər, heç vaxt vicdanlarına ləkə salmırlar, ruhdan düşmürlər, pula satılmırlar. Amma yaxın keçmişimiz sübut etdi ki, əslində bu obrazlar o qədər də “həyati” deyilmiş, indiki həyatımız da bunu göstərir: belə qəhrəmanlar çox vaxt elə roman, nağıl qəhrəmanı olaraq qalırlar, reallıqda rastımıza nadir hallarda çıxırlar. Mirzə İbrahimov isə əsl, bütün insanlara xas duyğulardan istifadə edərək bu qəhrəmanları və hadisələri elə təsvir edir ki, elə bil sən də onlardan birisən, oturub Firudinlə söhbət edirsən, Qəmbərbanunun əlindən qurtulub kütləyə qarışırsan, inqilabi kitabların gizlində surətini çıxaranlardan birisən.
***
“Gələcək gün” romanındakı yazıçı “peyğəmbərliyi” gec də olsa, reallaşdı. Mirzə İbrahimovun özünün arzusunda olduğu o gün – Güney və Quzey Azərbaycanın birləşməsi gerçəkləşməsə də, Firudinin, Kürd Əhmədin, Fəridənin gözlədiyi gün nəhayət gəldi. “İstibdad rejimi” devrildi. Amma həmin “gün”ün sabahında nələr baş verdi, artıq hamınıza məlumdur. Çünki o “gün” çox gecikmişdi. Daha doğrusu, çox gecikdirmişdilər. Həmin gün Qorkinin “Ana”sını deyil, başqa “Kitab”ı oxuyanlar idi meydanlarda. Artıq çox gec idi...
Rəşad Səfər
Kultura.az