2016-cı il dövlət büdcəsi və yaxud da böhranı şiddətləndirən virus
Əsas məsələ aydın sezə bilməkdir. Keçən yazıda da bunu g&o…
Bu günlərdə Cəfər Cabbarlının “Sevil” pyesini bir daha oxudum və qərara gəldim ki, əsərdəki əksər müzakirələr cəmiyyətimizdə hələ də bitməyib.
“Sevil”dəki ən faciəli surət azərbaycanlı bir kişi – Balaşdır. Balaşın isə faciəsinin əsas səbəbi özünün də arasından çıxdığı cəmiyyətlə bağlı utanc hissləri keçirməsidir.
O, 1920-ci ildə, bolşevk çevrilişindən sonrakı dövrdə iş başına gətirilib. İşləri o qədər də pis getmir. Arvadı – təhsilsiz ev qadını Sevil də onunla fəxr edir, onun “adamlara borc verib, sonra yığması” barədə ürək dolusu danışır.
Balaş isə öz arvadına və atasına görə utanır. Qonaqları gələrkən onların hər ikisini gizlədir və s.
Balaşın Sevilə dediklərinə diqqət edək: Axı, sən özün adam arasına çıxarılmalı deyilsən; sən Allahın boş bir yerişini yeriyə bilmirsən; danışanda dilin dolaşır; bir süfrə düzəltməyi bilmirsən; Allahın bir portağalını soya bilmirsən; bu sayaqla mən səni hara çıxara bilərəm ki, dəvə zərgər dükanına düşən kimi, qab-qacağı qırasan? Doğrudur, sən bizim arvadlar üçün, kətti-küttülər üçün bacarırsan,ancaq, o cəmiyyətdə ki, indi mən dolaşıram, orada sən yaramazsan; orada bir portağal soymağın min cür şəkli vardır; bir dəsmalı min cür bükürlər; axı bu hal ilə mən səni ortaya çıxara bilmərəm; mən də utanıram, deyərlər bu ayını meşədən kim ürküdüb çıxarmışdır? Hələ öz atamı, bu çuxa ilə hara çıxara bilərəm? Deməzlər ki, özünə bax, atasına bax?
Sevilin də cavabı maraqlıdır: Hərgah sən məni özünlə aparsan, adam arasına çıxarmış olsan, bir yol bilmərəm, iki yol bilmərəm, sonra mən də başqalarına baxıb öyrənərəm.
Bu problem Kitabi Dədə Qorqud dastanında da müzakirəyə çıxarılıb. Qazan xan oğlu Uruza igidlik göstərmək əvəzinə gül yığmasını irad tutur. Uruz isə atasına tutarlı cavab verir: „Sən nə zaman öyrətdin ki, indi də tələb edirsən?“
Balaşın bu mübahisə zamanı savadsız Sevildən „sən heç bilirsən fəlsəfə nədir?“ soruşması onun özünün məsələlərə nə qədər səthi baxmasının göstəricisidir. Doğulduğu gündən savadsız mühitdə böyüyən bir insana fəlsəfə bilməməyi irad tutan insan özü kənardan çox gülünc görünür.
Bəs Balaş niyə utanırdı? Əsərin sonlarına yaxın bacısı Gülüş Balaşa dəqiq diaqnoz qoyur: Sən qorxaqsan!
Qorxaqlıq insana xas keyfiyyətdir, çox normal hissdir. Amma qorxaqlığın da səbəbi olur. Bir dəfə bir psixiatr dostum qorxu barədə deyirdi ki, insan özünü, ya da başqalarının onu müdafiə edə bilməyəcəyini anlayanda qorxur. Məsələn, meşəyə istifadəsini yaxşı bacardığı, onu qoruya biləcək silahla girən adam özündən kifayət qədər əmin olur. Balaşın misalında deyə bilərik ki, o, valeh olduğu, qarşısında çaşıb qaldığı yüksək (?) cəmiyyətə mədəni silahı olmadan girmişdi.
Təbiətcə görməmiş olan (o, vəzifəsindən sui-istifadə edərək dəfələrlə şübhəli sənədlərə imza atır, bunun əvəzində rüşvət alır və s.) Balaş özü də Sevil kimi bir ailədən çıxmışdı. Onların ataları Atakişi və Babakişinin dostluğu, oxşar düşüncəyə və həyat tərzinə malik olduqları pyesdə dəqiq göstərilib.
Balaş mədəni hesab etdiyi insanlar kimi olmağa çalışırdı. Amma mədəniyyət barədə düşüncələri dəqiqləşmədiyindən, mədəni hesab etdiyi davranışları sadəcə imitasiya edirdi.
Balaş mədəni görünməməkdən qorxurdu. Bu qorxu onu məcbur edirdi ki, ailə üzvlərini və evinin digər otaqlarını qonaqlardan gizlətsin. O, olduğu kimi görünməkdən qorxurdu, özü də çox qorxurdu.
Bəlkə də o, vəziyyəti və ətrafındakı insanları real qiymətləndirsəydi, onlara görə utanmaq əvəzinə özünün və onların mədəni inkişafına çalışar, beləliklə də əsərin sonunda məğlub olaraq tək qalmaz, başına döyməzdi.
Balaş ətrafındakı insanların mədəni inkişafına çalışsaydı yəqin ki, gözü Edilyada (Dilbər) qalmazdı. Bu arada zəruri bir qeyd də edim ki, Dilbər Balaşı qadınlığından daha çox yüksək cəmiyyətə məxsus davranışlarına görə çəkirdi.
Amma əsərin özündə dəfələrlə göstərildiyi kimi Dilbər „mədəniyyət“, „nəzakət“ və digər anlayışları hər dəfə özünə sərf edən formada istifadəsini təklif edir. Bu cür yüksək anlayışlardan öz merkantil maraqları üçün istifadə edən Edilyanın dilindən çıxan fransız və rus kəlimələr də təbii ki, çox iyrənc və ikrah doğurucu görünür.
Bu gün də ətrafımızda on minlərlə Balaş var və onlar „Balaş kompleksi“ndən əziyyət çəkir. Onlar çox mədəni görünməyə çalışır, eyni ərazidə yaşadığı həmcinslərinə - özləri kimi homo sapienslərə ikrah hissi ilə baxırlar. Onları düşük mahnılara qulaq asmaqda, „mədəni olmamaq“da günahlandırırlar. Onlar cəmiyyətin geridəqalmışlığının səbəblərini aradan qaldırmağa çalışmaq bir tərəfə, heç bu səbəblər barədə düşünmək belə istəmirlər.
Bəs bu Balaşlar harada yetişir? Evlərdə, məktəblərdə, universitetlərdə. Bir-bir evlərə girib Balaş olacaq uşaqları tapıb, onların tərbiyəsi ilə məşğul olmaq daha çətindir, nəinki məktəblərdə, universitetlərdə bunun qarşısını almaq. Bəlkə beləliklə bir neçə nəsil sonra balaşların sayı azalsın.
Balaşlar öz dillərində çox gözəl bilsələr də, danışmağa utanırlar. Onlar öz dillərinin başqa dillər qarşsında zəifliyini hiss edirlər. Onlar haqlıdır; bizim dilimizdəki kitabların sayı ingilis, rus, fransız, türk dillərindən azdır. Yəqin ki, balaşların gözləri başqa dillərdə danışanlarda qalmasın və kompleksə düşməsinlər deyə onları öz dillərində keyfiyyətli yazılmış və tərcümə olunmuş kitablar, həmçinin keyfiyyətli çəkilmiş və dublaj olunmuş filmlərlə təmin etmək lazımdır.
Ümumiyyətlə, bir neçə epizodik detalı çıxsaq (Gülüş və Sevil rollarının mətnindəki az-az rastlanan ictimai-siyasi pafos və s.) “Sevil” pyesini milli dramaturgiyanın ən qiymətli əsərlərindən biri hesab etmək olar. Qadın-kişi münasibətlərinin psixoloji dərinliklərinə bacardığı qədər daxil olan Cəfər Cabbarlının o əsərdəki fikirlərini oxumaq və yaymaq bu günkü cəmiyyətimiz üçün çox faydalı olar.
Firudin Allahverdi
"Gündəlik Teleqraf"