İnsanlara izah etmək lazımdır ki, onlar kimin və nəyin tərəfindədirlər, həmçinin tərəf saxlayandırlarmı. Bir növ maraqlar bəyannaməsi... Beləliklə, mən sizə insan həyatında ən vacib şeylərdən biri olan bədii ədəbiyyat oxumaq, həzz üçün oxumaq haqqında danışmaq istərdim.
Və mən, belə görünür, çox tərəf tuturam, axı yazıçıyam, bədii mətnlərin müəllifiyəm. Mən həm uşaqlarçün, həm də böyüklərçün yazıram. Artıq 30 il olar ki, sözlərin köməyi ilə dolanıram. Şübhəsiz, mən insanların bədii ədəbiyyat oxumasında, kitabxanaların və kitabxanaçıların olmasında, onların oxucularda kitaba sevgi aşılamasında və kitab oxumaqçün məkanların olmasında maraqlıyam. Ona görə də bir yazıçı kimi tərəfgirəm. Amma, bundan daha çox oxucu kimi tərəfgirəm.
Bir dəfə Nyu-Yorkda idim və şəxsi "türmə”lərin tikilməsi haqqında xəbər eşitdim – bu sahə Amerikada çox sürətlə inkişaf edir. "Türmə” sənayesi öz gələcək inkişafını planlaşdırmalıdır – onlara nə qədər kamera lazım olacaq? 15 ildən sonra məhbusların sayı nə qədər artacaq? Onlar aşkarladılar ki, bütün bunları əvvəlcədən, sorğulara əsaslanan çox sadə bir alqoritmdən istifadə etməklə, 10-11 yaşlılardan neçə faizinin oxumağı bacardığını öyrənməklə əvvəlcədən demək olar. Və əlbəttə neçə faizinin öz həzzi üçün oxuya bilməməsini də demək mümkündür.
Bunda mütənasiblik yoxdur, təhsilli cəmiyyətdə cinayətlərin olmamasını demək olmaz. Amma amillər arasında qarşılıqlı əlaqə görünməkdədir.
Mən düşünürəm ki, bu əlaqələrdən ən sadələri aşkardan əmələ gəlir.
Savadlı insanlar bədii ədəbiyyat oxuyurlar.
Bədii ədəbiyyatın iki təyinatı var.
1. Birincisi, o, sizə oxumaqdan asılılıq yaradır. Bundan sonrakı səhifədə hadisələrin necə cərəyan edəcəyini öyrənmək həvəsi, hətta qəhrəmanın hansısa bədbəxt bir hadisəyə düçar olmasını bilmək ehtimalı olsa belə, yenə də bunu öyrənmək ehtirası... bax, əsl əyləncə budur. Bu, yeni sözləri tanımağa imkan yaradır, başqa cür düşündürür insanı və irəli doğru aparır. Oxumağın özü-özlüyündə bir həzz olduğunu dərk etmək, daimi oxumağa gedən yolun başlanğıcıdır.
Savadlı uşaqların böyüməsinə zəmanət verməyin ən sadə üsulu – onları oxumağa və göstərməyə öyrətməkdir – bu, çox xoşagəlimli əyləncədir. Ən sadəsi – uşaqların xoşuna gələcək kitablar tapın, bu kitablara giriş imkanı yaradın və bu kitabları oxumasına imkan verin.
Uşaqlarçün pis müəlliflər yoxdur, əgər uşaqlar onları oxumaq istəyirlərsə və onların kitablarını axtarırlarsa... Çünki bütün uşaqlar müxtəlifdirlər. Onlar özlərinə lazım hekayələr tapırlar və bu hekayələrin mahiyyətinə varırlar. Əzişdirilmiş-sürünmüş ideya onlarçün nə əzişdirilib, nə də süründürülüb. Axı uşaq onu ilk dəfə özü üçün açır. Uşaqları yanlış şeylər oxuduğunu güman etdiyinizə görə onları oxumaqdan döndərməyin.
2. Bədii ədəbiyyatın etdiyi ikinci iş odur ki, o, empatiya doğurur. Siz müəyyən televiziya filminə və ya filmə baxarkən, o zaman başqa adamların başına gələnlərə baxırsınız. Bədii nəsr – bu, o deməkdir ki, siz 33 hərfdən və durğu işarələrindən istifadə etməklə öz təxəyyülünüzdə hər nə varsa onlardan bir dünya yaradırsınız, o dünyanı məskunlaşdırırsınız və ətrafa başqalarının gözləriylə boylanırsınız. Siz əşyaları hiss edirsiniz, heç haqqında bilmədiyiniz yerlərə və dünyalara baş çəkirsiniz. Siz öyrənirsiniz ki, xarici dünya da sizsiniz. Siz nəsə başqa bir varlıq olursunuz və öz dünyanıza qayıtdıqda, sizdə nələrsə dəyişir.
Empatiya - bu, insanları bir yerə yığan və özlərinə vurğun təklər kimi göstərməyən alətdir.
Siz həmçinin kitabçalarda bu dünyada mövcud olmağın əhəmiyyətini anladan vacib nələrsə tapırsınız. Və budur o: dünyaya məhz belə olmaq vacib deyil. Hər şey dəyişə bilər.
2007-ci ildə mən Çində idim, partiya tərəfindən ilk dəfə bəyənilmiş elmi fantastika və fentezi üzrə məclisdə. Hansısa bir anda mən hakimiyyətin rəsmi nümayəndəsindən soruşdum: niyə indi? Axı elmi fantastika uzun müddət bəyənilmirdi. Nə dəyişdi ki bəyəndiniz?
Hər şey çox sadədir, o, mənə dedi. Çinlilər əgər onlara sxemlər gətirilirdisə, çox gözəl şeylər yaradırdılar. Amma heç nəyi yaxşılaşdırmır və özləri ixtira etmirdilər. Və buna görə də onlar ABŞ-a, Apple, Microsoft, Google şirkətlərinə nümayəndə heyəti göndərdilər və gələcəyi müəyyənləşdirmiş insanlardan soruşdular. Və aşkar etdilər ki, onlar uşaq olarkən elmi fantastika oxuyurdular.
Ədəbiyyat sizə bir başqa dünyanı göstərə bilər, sizi olmadığınız yerlərə apara bilər. Başqa dünyaları bircə dəfə ziyarət edərkən, sehrli meyvələrdən dadmışlar kimi, siz də böyüdüyünüz dünyadan tamamilə razı ola bilməzsiniz. Narazılıq – bu, yaxşı şeydir. Narazı adamlar öz dünyaları dəyişə və yaxşılaşdıra bilərlər.
Kitaba qarşı uşaq sevgisini məhv etmək üçün, əlbəttə, onun yanında kitabların və kitab oxumaq üçün bir məkanın olmamasına əmin olmaq yetərlidir. Mənim bəxtim gətirdi. Mən böyüyərkən, çox gözəl rayon kitabxanamız vardı.
Kitabxanalar – azadlıqdır. Oxumaq azadlığı, ünsiyyət qurmaq azadlığı.
Bu təhsil biz məktəbi və ya universiteti tərk edərkən bitmir, bu, asudə vaxt üçün bir məlumat sığınacağıdır. Mən düşünürəm ki, burada əsas məsələ informasiyanın təbiətindədir. İnformasiya qiymətə malikdir, düzgün informasiya isə qiymətsizdir. Bəşəriyyətin bütün tarixi boyunca biz informasiya çatışmazlığı şəraitində yaşamışıq.
Son illərdə isə biz informasiya çatışmazlığından çəkildik və həddən artıq informasiya qəbul etməyə başladıq. Google-dən olan Erik Şmidtin fikrincə, indi hər iki gün ərzində insan irqinin yaratdığı informasiyanın həcmi, sivilizasiyanın başlanğıcından 2003-cü ilə qədər istehsal etdiyimiz informasiyanın həcminə bərabərdir. Əgər rəqəmlərdən xoşunuz gəlirsə, bu, gün ərzində təxminən beş eksabayt informasiya deməkdir. İndi əsas məsələ o deyil ki, səhrada nadir bir gül tapasan, əsas məsələ, cəngəllikdə konkret bitki axtarmaqdır. Bizə naviqasiyanın köməyi ona görə lazımdır ki, bizim üçün həqiqətən də lazımlı informasiyanı tapaq.
Kitabxanalar – insanların informasiya arxasınca gəldikləri məkandır. Kitablar – informasiya aysberqinin yalnız yuxarısıdır, onlar orda qalırlar və kitabxanaçılar tam azad və qanuni olaraq sizi kitablarla təmin edirlər. Kitabxanalardan çox uşaqlar kitab götürürlər və bu kitablar müxtəlifdir – kağız, elektron, audiokitablar. Amma kitabxanalar – bu, həmçinin, insanların kompüterə giriş imkanının və ya kompüterin olmadığı yerlərdir. Bu, bizim iş axtardığımız, xülasə göndərdiyimiz, internetdə pensiya rəsmiləşdirdiyimiz vaxtda çox vacib məsələdir. Kitabxanaçılar bu insanlara dünyada yönlənməyə kömək edə bilərlər.
Kitabxanalar – gələcəyə açılan qapılardır. Ona görə də çox təəssüflər olsun ki, yerli hakimiyyətlər kitabxanaların bağlanılmasına pulun qorunmasının asan vasitəsi kimi yanaşırlar, amma anlamırlar ki, onlar bu gün xərclərini ödəmək üçün, gələcəyi oğurlayırlar. Onlar açıq olmalı olan qapıları bağlayırlar.
Kitablar – ölülərlə ünsiyyət saxlamaq üsuludur. Bu, artıq bizimlə olmayanlardan öyrənmək üsuludur. Bəşəriyyət özünü yaratdı, inkişaf etdirdi, biliklər doğurdu, bu bilikləri isə həmişə yadda saxlamaq mümkün olmasa da, inkişaf etdirmək mümkündür. Elə nağıllar var ki, həmin nağılların yaranma tarixi bir çox ölkələrin yaranışından da qədimdir.
Kitabxanaları dəstəkləmək lazımdır. Kitabxanalardan istifadə etmək, başqalarını onlardan istifadə etməyə, onların qapadılmasına qarşı etiraz etməyə həvəsləndirmək lazımdır.
Əgər siz kitabxanalara dəyər vermirsinizsə, deməli, siz informasiyaya, mədəniyyətə və ya müdrikliyə dəyər vermirsiniz.
Siz keçmişin səslərini boğursunuz və gələcəyə zərbə vurursunuz.
Biz öz övladlarımıza səslə kitab oxumalıyıq. Onları sevindirən kitabları oxumalıyıq. Bizim yorulduğumuz hekayələri onlara oxumalıyıq. Müxtəlif səslərlə danışmalı, onları maraqlandırmalı və kitab oxumağa fasilə verməməliyik, çünki onlar özləri buna öyrəniblər.
Biz dilimizdən istifadə etməliyik. İnkişaf etməliyik, yeni sözlərin mənasını və onları necə tətbiq etməli olduğumuzu öyrənməliyik, nəyi nəzərdə tutduğumuzu deməliyik. Biz dildən sözləri daşıyan hərəkətdə olan canlı kimi istifadə etməliyik.
Yazıçılar – xüsusən də uşaq yazıçıları oxucular qarşısında məsuliyyət daşıyırlar. Biz həqiqəti yazmalıyıq, bu, xüsusilə, möcvud olmayan yerlər haqqında və mövcud olmayan insanlar haqqında nağılların əsas məğzi nəyin baş verməsi yox, bizim kim olduğumuzu göstərməyidir. Sonuc olaraq, ədəbiyyat – hər şeydən əlavə həqiqi yalandır. Biz öz oxucularımızı yomamalıyıq, elə etməliyik ki, onlar özləri növbəti səhifəyə çevirsinlər vərəqi.
Biz oxucularımıza həqiqəti deməliyik, onları silahlandırmalıyıq, müdafiə ilə təmin etməliyik və bu yaşıl dünyada qazandığımız müdrikliyi onlara verməliyik. Biz moizə deməməliyik, mühazirə oxumamalıyıq, öz balalarını qabaqcadan çeynənmiş qurdlarla yedirdən quşlar kimi, oxucularımızın boğazlarına hazır həqiqətləri dürtməməliyik və özümüzün oxumaq istəmədiklərimizi övladlarımız üçün yazmamalıyıq.
Biz hamımız — böyüklər və uşaqlar, yazıçılar və oxucular — arzu etməliyik. Biz uydurmalıyıq. Özümüzü azca elə göstərməliyik ki, heç kəs heç nəyi dəyişməyəcək, harada cəmiyyətin böyük, şəxsiyyətin isə çox kiçik olduğu dünyada yaşayırıq: divarda atom, düyü sahəsində dən... Amma həqiqət ondan ibarətdir ki, şəxsiyyətlər dünyanı yenidən və yenidən dəyişdirir, şəxsiyyətlər gələcəyi yaradır və hər şeyin başqa bir görkəmdə ola biləcəyini göstərərək bunu edirlər. Ətrafa baxın. Mən ciddiyəm. Bir anlığa dayanın və olduğunuz yerə baxın. Mən sizin artıq unutduğunuz həqiqətləri göstərmək istəyirəm. Budur bu həqiqətlər: divarlar da daxil olmaqla, sizin gördükləriniz hər şey hansısa vaxtda kiminsə ağlına gəlmişdir. Kimsə düşünüb fikirləşdi ki, yerdə oturmaqdansa, stulda oturmaq yaxşıdır və stulu kəşf etdi. Kimsə islanmamaq üçün çətiri kəşf etdi. Sizin olduğunuz otaq, sizin yaşadığınız bina, sizin şəhəriniz yalnız və yalnız ona görə var ki, insanlar daima yeni nələrsə düşünürlər.
Biz bu yaradılışları gözəl etməliyik. Dünyanı görkəmsiz vəziyyətə salmamalıyıq, okeanları viranə etməməli, öz problemlərimizi növbəti nəsillərə ötürməməliyik. Biz öz arxamızca yığışdırmalıyıq, korladığımız, xaraba qoyduğumuz dünyanı uşaqlarımıza qoymamalıyıq.
Bir dəfə Albert Eynşteyndən soruşurlar ki, necə edək, uşaqlarımız ağıllı olsunlar. Onun cavabı sadə və müdrik olur. "Əgər siz istəyirsinizsə ki, uşaqlarınız ağıllı olsunlar, onlara nağıl oxuyun. Əgər siz istəyirsinizsə ki, onlar daha da ağıllı olsunlar, onlara daha çox nağıl oxuyun”. Eynşteyn oxumanın və təxəyyülün dəyərini dərk edirdi. Mən ümid edirəm ki, biz uşaqlarımıza onların oxuyacağı və onlara oxunulacaq, onların düşünəcəkləri və anlyacaqları dünyanı ötürə biləcəyik.
Tərcümə Ramil Rahiboğlunundur
Qaynar.info