Düzünü desəm, o elə də gözəl görünmürdü, başqalarından heç nə ilə fərqlənmirdi və geyimində xüsusi heç nə yox idi. Yuxudan oyandıqdan sonra özünü qaydaya salmadığı üçün saçının arxa tərəfi qəribə formada bükülmüşdü. Cavan deyildi, yaşı otuza yaxın olardı. Hətta, ona “qız” demək də düzgün deyildi. Amma yenə də o, mənim üçün 100% mükəmməl qız idi.
Bir kişi qadında hansı xüsusiyyətlərin olmağını üstün tutar? İncə ayaqlar, iri gözlər, zərif əllər... Təbii ki, mən başqa şeylərə üstünlük verirəm. Mənim üçün əsas olan burun formasıdır. Onun burnunu xatırlaya bilmirəm, amma tamamilə xatırlaya bildiyim yeganə şey çox gözəl olmadığı idi.
- Bayaq küçədə 100% mükəmməl bir qız gördüm - küçədə qarşıma çıxan tanımadığım bir insana dedim.
-Hə? Gözəl idi?
-Elə də yox.
-Bəyəndiyin tip qızlardan idi? Sonra?
-Deyə bilmərəm. Onun haqqında çox şey xatırlaya bilmirəm - nə gözlərinin rəngini, nə də döşlərinin ölçüsünü.
-Qəribədi.
-Hə, qəribədi.
-Heç olmasa, - artıq o sıxılırdı - onunla danışmadın? Arxasınca düşmədin?
-Yoox. Yalnız küçədə yanından ötüb keçdim.
O, şərqdən qərbə gedirdi, mən isə qərbdən şərqə. Doğrudan da gözəl aprel səhər idi. Mən onunla danışmaq istərdim. Hətta yarım saat belə ondan özü haqda soruşub, ona özüm haqda danışmağıma, - mən həqiqətən belə edə bilərəm – izahı mümkün olmayan, mürəkkəb taleyin bizi 1981-ci ilin gözəl aprel səhəri Harujuku küçələrinin birində qarşılaşdırmağından bəhs etməyimə kifayət edərdi. Danışdıqdan sonra haradasa yemək yeyərdik, bəlkə Vudi Allenin filmlərindən birinə baxardıq, bir oteldə kokteyl içərdik. Bəxtim gətirsə, sonda yata da bilərdik.
Qəlbimin qapısı döyülməyə başlayır, bunu hiss edirəm. İndi aramızdakı məsafə təxminən 15 yarda yaxın olardı. Ona necə yaxınlaşa bilərəm? Nə deyəcəm ona?
“Sabahınız xeyir, xanım. Mənimlə bir az söhbət etmək üçün yarım saatınızı əsirgəməyəcəyinizi düşünürəm.”
Gülüncdür. Səsim siğorta məmurununku kimi olmalıdır.
“Üzr istəyirəm, bu ərazinin yaxınlığında gecə təmizləyicisinin olub-olmadığını bilirsinizmi?”
Xeyr, bu daha da gülüncdür.
Sadəcə həqiqəti demək yaxşıdır. “Sabahınız xeyir. Mənim fikrimcə siz 100% mükəmməl qızsınız.
Yox, o, buna inanmazdı. Bəlkə də mənimlə danışmaq istəyə bilərdi. “Bağışlayın” o deyə bilərdi “mən sizin üçün mükəmməl ola bilərəm, amma siz mənim üçün mükəmməl deyilsiniz.” Bu ola bilərdi və mən bu cavabdan sonra çox güman ki, paramparça olacaqdım. Heç vaxt bu şokdan çıxa bilməyəcəkdim. Otuz iki yaşındayam və yetkinləşmək budur.
Biz gül dükanının önündə qarşılaşdıq. İlıq hava kütləsi üzümə vurdu. Asfalt nəm idi. Qızıl gülün iyi ətrafı bürümüşdü. Özümü onunla danışmağa məcbur edə bilmədim, söz deməyə dilim gəlmədi. Ağ sviter geyinmişdi. Sağ əlində möhürü vurulmamış, ağappaq məktub zərfi tuturdu. Gözündəki yorğunluqdan bütün gecə məktub yazmaqla məşğul olduğu bilinirdi. Onun haqqındakı bütün sirlər bu zərfin içində ola bilərdi.
Bir neçə addım atıb geriyə döndüm, o artıq insan sıxlığında yox olmuşdu.
Mən ona nə deməli olduğumu dəqiq bilirdim. Deyəcəyim çox uzun olsa da, məqsədimə çatacaqdım.
Hə, belə... Bu nağıl kimi olacaqdı. “Bir vaxtlar...” ilə başlayıb, “Kədərli hekayədir, elədirmi?” ilə bitəcəkdi.
Bir vaxtlar bir oğlan və bir qız yaşayırdı. Oğlanın on səkkiz yaşı vardı, qızın isə on altı. Oğlan çox yaraşıqlı deyildi, qız isə ümumiyyətlə gözəl deyildi. Onlar da hamı kimi adi, tənha oğlan və adi, tənha qız idi. Lakin ürəkdən inanırdılar ki, dünyanın harasındasa onlar üçün 100% mükəmməl qız və 100% mükəmməl oğlan var. Bəli, onlar möcüzəyə inanırdılar və bu möcüzə gerçəkləşdi.
Bir gün onlar bir küçənin tinində qarşılaşdı.
“Bu inanılmazdır.”-o dedi-“Mən səni bütün həyatım boyu axtarmışam. Sən buna inanmaya bilərsən, amma sən mənim üçün 100% mükəmməl qızsan.”
“Sən də”-qız oğlana dedi-“mənim üçün 100% mükəmməl oğlansan. Bütün detallarına qədər səni xəyallarımda canlandırmışam. Bu yuxuya bənzəyir.”
Onlar skamyada oturub əl-ələ tutaraq saatlarla bir-birlərinə hekayələrini danışdılar. Artıq tənha deyildilər, bir-birlərini, yəni axtardıqları 100% mükəmməl cütlərini tapmışdılar. Bu möcüzə idi, səmavi möcüzə.
Onlar oturub söhbət edirdilər, ancaq oğlanla qızda yavaş-yavaş şübhə yaranmağa başladı: Yəni bütün arzular bu qədər asan həyata keçə bilər?
Bu şübhəyə görə onlar bir qədər susdu. Sonra oğlan qıza dedi:
-Gəl sınaq keçirək. Əgər biz həqiqətən 100% mükəmməl sevgililəriksə, onda heç nəyə baxmadan nə vaxtsa, hardasa bir-birimizə qovuşacağıq. 100% mükəmməl sevgili olduğumuzdan əmin olacağıq. Və evlənib xoşbəxt yaşayacağıq. Nə deyirsən?
-Hə - qız dedi - biz bunu etməliyik.
Və ayrıldılar. Qız şərqə tərəf, oğlan isə qərbə tərəf yollandı. Onlar bu sınağı qəbul etdilər, amma bu tamamilə lazımsız idi. Onlar həqiqətən 100% mükəmməl sevgili idilər. Oğlanla qızın görüşü möcüzə sayəsində reallaşmışdı. Amma səhv qərar verdilər. Taleyin soyuq və amansız dalğaları sevgililəri ayırdı. Bir qış həm oğlan, həm də qız qorxunc mövsüm qripinə yoluxdular. Həftələrlə ölüm və həyat arasında mübarizə apardılar. Xəstəliyin fəsadı böyük oldu, hər ikisi yaddaşlarını tamamilə itirdilər. Artıq xəstəlikdən ayılanda beyinləri boş qəpik kassası kimi idi.
Onlar parlaq, artıq özünü təsdiq etmiş iki ayrı gənc idi. Lakin bu özünütəsdiq daimi səylər nəticəsində, bilik və hissiyat qabiliyyətinin artırılması ilə əldə edilmişdi. Bu bacarıqları da onları ixtisaslaşdırmış və cəmiyyətə tamhüquqlu üzv kimi yenidən qazandırmışdı. Göylərə şükr olsun ki, artıq onlar metro ilə necə davranmağın lazım olduğunu bilən, poçtda xüsusi zərfləri göndərməyə qadir olan vətəndaşlar idi. Əslində, hətta yenidən sevməyə belə cəhd etdilər və demək olar ki, bu onlarda alındı. Nəticə isə 75%-ə qədər və hətta bəzən 85%-ə qədər sevgi.
Zaman işıq surəti ilə keçdi. Tezliklə oğlanın otuz iki, qızın isə otuz yaşı oldu.
Gözəl bir aprel səhərində bir fincan kofe içmək üçün qərbdən şərqə gedən oğlanla, əlindəki vacib məktubu poçtla göndərmək üçün şərqdən qərbə gedən qız ensiz Harajuku küçəsindən keçirdilər. Onlar küçənin ortasında qarşılaşdı. Bütün xatirələrini itirsələr də ani olaraq qəlbləri titrədi, sinələri gumbuldadı və varlıqları ilə hiss etdilər:
O, mənim üçün 100% mükəmməl qızdır.
O, mənim üçün 100% mükəmməl oğlandır.
Lakin, onların yaddaşındakı alov çox zəif idi. Onlar on dörd il əvvəlki hadisələri dəqiq xatırlamırdılar. Hər ikisi heç nə demədən keçib getdilər və insan sıxlığında yox oldular. Həmişəlik
.
Kədərli hekayədir, elədirmi?
Hə, bax bunu ona deməliydim...
Tərcümə etdi: Sahil Abbasbəyli
Kultura.az