Sonra ayağa qalxıb qabqaşığı yığışdırmağa kömək elədi, ancaq çox keçmədən bu işi boşlayıb pianinonun arxasına keçərək, “Qıpçaq rəqslərini” çalmağa başladı.
Millisent qonağı danışdıra bildiklərinə görə sevinməyə başlamışdı, ancaq sözün düzü, qonağın nə üçün Dorrinin ovçuluğu ilə belə bərk maraqlandığı onun üçün qaranlıq qalmışdı. Qonaqlıq, demək olar, çox yaxşı keçdi, nə bir qanqaraçılıq, nə artıq-əskik söz oldu: yeməklərin dadında pis heç nə duyulmurdu, fincanların tutacağı da yapışqanlı deyildi.
–Mənsə elə düşünürdüm, xəzli heyvanları ancaq Quzeylərdə tələ ilə tuturlar,–mister Spirs dilləndi.–Elə bilirdim, belə işlər Quzey qütbünə yaxın yerlərdə, bir də Kanadanın Quzey bölgələrində olur.
–Keçmişlərdə mən də oralara getmək istəyirdim,–Dorri dilləndi. Gecə boyunca ilk dəfə onun səsi xırıldamağa başlamışdı, bu ya utancaqlıqdan, ya da həyəcandan idi.–Düşünürdüm: orada özümə bir koma düzəldib bütün qışı tələ quraram. Ancaq burada qardaşım vardı. Onu atıb gedə bilməzdim. Sonrası da, mən oralarda hansı yerlərdə ov eləmək olduğunu bilmirəm, buraların ovlaqlarını isə beş barmağım kimi tanıyıram.
Qış qurtarana yaxın Dorri böyük bir atlaz parçasını da götürüb, Millisentin yanına gəldi. Bu gəlinlik paltarı tikmək üçündür, deyə o, Millisenti başa saldı. Biz evlənmək istəyirik, toy may ayında olacaq, Dorri dedi,–elə onda Millisent ilk dəfə mister Spirsin adını da onun dilindən eşitdi. Uilkinson. Uilki.
Artırmadakı şam yeməyindən sonra Dorri ilə o harada görüşmüşdülər?
Belə bir görüş olmamışdı. O Avstraliyaya çıxıb getmişdi, orada onun böyük təsərrüfatı vardı. Onlar yazışmağa başlayıbmışlar.
Millisent soruşub yenə bir-iki yenilik öyrənə bildi. Uilki İngiltərədə doğulub, ancaq indi Avstraliyanın vətəndaşıdır. O bütün dünyanı başdan-başa gəzibmiş, uca dağlara dırmanmış, cəngəlliklərdə çayyuxarı üzmüşdü. Ancaq onun bunları harada, Afrikadamı, yoxsa Güney Amerikadamı elədiyini Dorri unutmuşdu.
–Onun düşüncəsinə görə, məndə də macəraçılığa sevgi var,–Dorri Millisentin ürəyindən keçən: “görəsən o bunun nəyinə vurulub?” sorusunu duyubmuş kimi dedi.
–O səni sevirmi?–Millisent soruşdu. Bu sözləri deyəndə Dorrinin yerinə özü qızardı. Dorri isə bu sorğudan nə qızarmış, nə özünü itirmişdi, o ağ işıqdan tökülmüş bir dirək kimi dayanıb qalmışdı. Birdən, Millisent Dorrini çılpaq olaraq gözü önünə gətirdi, sonra bu görünüşün qorxuncluğundan elə sarsıldı, heç Dorrinin onun sorğusuna nə cavab verdiyini də eşidib anlaya bilmədi. O sorğunun qoyuluşunu biraz dəyişdirdi,–Dorri necə düşünür, Uilki onunla yaxşı yola gedəcəkmi?
–Mənə elə gəlir, hə,–Dorri qayğısızcasına dedi.
Yemək otağındakı böyük stolu küncə sürüşdürüb, döşəməyə mələfə sərdilər. Atlaz parçanı mələfənin üstünə sərdilər. Onun genişliyindən, ağappaq duruluğundan evə ürəktoxdadan bir susqunluq çökdü. Uşaqlar qaçıb, böyüklərin nə iş gördüyünə baxmaq üçün gəldilər, ancaq Millisent onları otaqdan qovdu. Millisent parçanı biçib kəsməyi başlamağa ürək eləmirdi. Heyvan dərilərini kəsib soymaqda əli titrəməyən Dorri də qayçını əlinə götürmək istəmirdi.
–Əllərim əsir,–o boynuna aldı.
Mürielə zəng vurdular, məktəbdə dərsini qurtaran kimi bura gəlməyə çağırdılar.
Müriel yeniliyi eşidən kimi, əli ilə ürəyini tutub, Dorrini çoxbilmiş, Kleopatra, milyoner ovçusu adlandırmağa başladı.
–Mərc gələ bilərəm, o milyonçudur,–Müriel dedi.–Avstarilayada mülkü olmaq sizə zarafat gəlməsin! Bu indi hansısa donuz ferması olmayacaq ha! Mənə isə, indi ancaq onun heç olmasa subay qardaşının olacağına güvənmək qalır. Ah, Dorri, gör necə yaramazam, heç səni təbrik də eləmirəm!
Bunu deyərək, bərkdən, marçıltı ilə Dorrini öpdü; o isə beşyaşlı uşaqsayağı yerində quruyub qalmışdı.
Dorri mister Spirslə, “bütün qaydalara uyğun olaraq” evlənmək istədiklərini dedi. Bu nə deməkdir, yəni toy törəni keçirmək istəyirsiniz, eləmi?–deyə Millisent soruşdu. Hə, elədir,–Dorri dedi.
Müriel atlaz parçanı kəsməyə birinci başlayıb, kimsə bunu eləməli idi deyərək, ancaq yenidən kəsməli olsaydım başqa cür kəsərdim deməyi də unutmadı.
Tezliklə onlar buraxdıqları yanlışları görməyə başladılar. Yanlışları düzəldə bildilər. Hər gün axşamüstü Mürielin gəlişi ilə bu işin görülməsində yeni dönəm başlayırdı; biçmə, büzmə, əyər-əskiyi gözdən keçirmə, tikmə, hər gün də dişlərini birbirinə sıxaraq işə başlamazdan öncə anlaşılmaz zarafatlarla birbirinin könlünü açmağa çalışardılar. İşin gedişində, qarşıya gözləmədikləri durumlar çıxdığı üçün, paltarın fasonunu dəyişməli oldular, bu gözlənilməzliklər isə ən çox gəlinin bədən quruluşu ilə bağlı idi: paltarın qolları dar gəlirdi, ağır atlaz parça onun belinə yaxşı oturmurdu. İş görüləndə Dorri ancaq əlayağa dolaşdığından, ona kəsilən parçaları yığışdarmağı, bir də tikiş maşınının tağalaqlarını yerbəyer eləməyi tapşırmışdılar. Hər dəfə tikiş maşınının arxasında oturanda o, işə elə ürəklə qapılırdı, özünü unutduğundan dilinin ucunu bayıra çıxarırdı. Birdən onun üçün bir iş tapılmasa Dorri Millisentin evindəki otaqlara girib çıxır, pəncərədən qışın son ayının qarlı-çamurlu görünüşlərinə baxırdı. Ya da, əynindəki yalınqat, bədəninin tərli qoxusu duyulan yun paltarda üzüyola heyvansayağı bir yerdə tərpənməz dayanır, onlar isə atlaz donu onun əyninə geyindirib, soyundururdular.
Mürilel Dorrinin bütün gəlinlik geyimlərini düzəltmək qayğısını öz üzərinə götürmüşdü. O gəlinin geyim-kecimi üçün daha nələrin gərəkəcəyini bilirdi. Gəlinlik donu ilə iş qurtarmırdı. Yola çıxanda geymək üçün kostyum, zifaf gecəsi üçün ayrıca köynək-xalat, yetərincə alt paltarlar olmalı idi. Sonra ipək corablar, lifçiklər alınmalı idi–Dorri bunları ömründə ilk dəfə geyinəcəkdi.
Bütün bunlarla bağlı Dorri, demək olar, heç nə bilmirdi.
–Mən elə bilirdim, gəlinlik donu düzəldisə iş bitəcək,–o deyirdi.–Başqa da nələrinsə ola biləcəyini ağlıma da gətirmirdim.
Qar əridi, irmaqların suyu artdı, bahalı yumşaq xəz geyinmiş, diribaş ondatralar artıq, bellərini suyun üstündə parıldadaraq, soyuq sularda üzməyə, oynaqlaşmağa başlamışdılar. Dorrinin, ola bilsin, ürəyindən ov tələləri qurmaq keçsə də, bununla bağlı düşündüklərini dilinə gətirməyə ürək eləmirdi. O günlərdə o, ancaq bir yol tanıyırdı–hər gün də bu yolla çöllükdən keçib Millisentin evinə gəlirdi.
Artıq tikiş işindən yaxşı baş açmağa başlayan Müriel ürəklənib, gəlin üçün, darçını rəngli yun parçadan astarlı qadın kostyumu biçib tikmişdi. O artıq haçağdan idi, öz xorunu çalışdırmağı bir qırağa tullamışdı.
Millisent toyun yemək-içməyinin necə olacağını götür qoy eləməyə başlamışdı. Yemək masası “Bransuik” qonaq evində açılacaqdı. Ancaq bu toya keşişdən başqa kimi çağırsınlar? Dorrinin tanışları çox idi, ancaq bu tanışları onu yoxsul qonşularının kandarında soyulmuş dovşan cəmdəyi qoyub gedən bir qadın kimi tanıyırdılar, onu ən çox çöllərdə, meşələrdə yanında it, çiynində tüfəng gəzərkən görürdülər, onun ən çox göründüyü yerlərdən biri də qurşağacan uzanan çəkmələrdə dolaşdığı su basmış bataqlıqlar idi. Onun ata-anasını tanıyanlar indi təkəmseyrək olardı, ancaq Albertin tanışları çox idi, onlar hamısı Alberti indiyədək də sevməkdə idilər. Dorriyə gülənlər, onu ələ salanlar tapılmazdı, bu ya Albertin qazandığı sayğıya görə idi, ya da Dorrinin özünün sözü birbaşa və qaba deməsindən, özünü ağır aparmasından yana idi. Hər halda bu toyla bağlı xəbər adamlar arasında maraqla qarşılanmışdı, ancaq onların içində buna sevinənlər demək olar yox idi. Onun bu evliliyinə nə isə bir qəribəlik, az qala qalmaqal kimi yanaşır, əyləncəli bir oyun sanırdılar. Porterin deməyinə görə, bölgədə artıq adamlar öz aralarında mərc çəkişməyə başlayıblar: Dorrinin adaxlısı gəlib çıxacaq, ya yox?
Çox axtarışdan sonra Millisent Albertin dəfninə gəlmiş, Dorrinin uzaq qandaşlarını xatırladı. Onları çağırmağa dəyərdi. Dorri axtarıb onların adreslərini tapdı, onlara toy dəvətnaməsi göndərdilər. Sonra Albertin işlədiyi ərzaq satışı firmasındakı Nann qardaşlarını xanımları ilə birgə toya çağırdılar. Daha sonra Albertlə bilyard oynamağı sevən iki tanışını arvadları ilə birgə çağırmağı kəsdirdilər. Düşünürdülər, Dorrinin göstəbək dərisi satdığı samur fermasının yiyəsini, bir də toy tortunu bəzəyəcək qənnadıçını da çağırmaq olar.
Tortu evdə bişirəcəkdilər, sonra qənnadı sexinə aparacaqdılar, orada isə hansısa Çikaqo firmasından tort bəzəmək üzrə diplom almış sex yiyəsi olan qadın tortun üstünü bəzəyəcəkdi. Tortun üstündə ağ qızılgüllər, krujeva şəkilli qıvrım bəzəklər, ürək şəkilləri, çələnglər, gümüşü rəngli yarpaqlar olmalıydı, bununla yanaşı tortun üstündə adamın dişlərini qıran gümüş rəngli sorma konfetlər də olacaqdı. Ancaq bütün bunlaracan hələ tortun xamırını yoğurmaq və onu bişirmək gərəkirdi, bu işləri görməkdə Dorrinin güclü əlləri işə çox yaramışdı; onlar köməkləşib getdikcə qatılaşan xamırı yoğurduqca yoğururdular, çox keçmədən bütün qatqılar: şəkərə batırılmış meyvələr, qarağat, kişmiş, xamırla qaynayıb qarışdılar; zəfərandan düzəldilmiş yapışqanlı maye xamırı dağılmağa qoymayıb, bir biçimdə saxlayırdı. Sonra Dorri bu iri tabağı qarnına sıxıb, xamırı yaymaq üçün toxmağı əlinə alanda, onun az qala unudulmaqda olan, iş görməkdən öncə baş verən sevinclə köksünü ötürməsi eşidildi.
Müriel gəlinin bacılığı kimi toya qatılacaq bir qızın da tapılmalı olduğunu dedi. Bu da olmasa gəlinin bacılığı olan hansısa qadın tapılmalı idi. Müriel bu işi boynuna götürə bilməzdi, o kilsədəki orqanda “Ey, kamil sevgi” havasını, üstəlik Mendelsonun toy himnini də çalmalı idi.
Demək qalırdı ancaq Millisent. Onun boyun qaçırması isə Mürielin beyninə heç cür batmırdı. Müriel paltarla bağlı problemi yoluna qoymaq üçün özünün gecələr geyindiyi açıq göy rəngli donunu gətirib Millisentin əyninə biçib düzəltməyə başladı–o artıq dərzilik peşəsini yetərincə mənimsəyə bilmişdi!–sonra bu donun ətəyi ilə qollarına tünd çalarlı krujevalar düzməyə başladı. Görərsiniz, bu don həm əyninə yaxşı oturacaq, həm də lap təzə görünəcək.
Don hazır olanda onu geyinən Millisent gülüb dedi:
–Lap bostan uyuğuna oxşayıram!–Ancaq düzünə qalsa, bu paltar onun ürəyinə yatmışdı. Onların Porterlə toyları çox sadə keçmişdi: keşişin evinə gedib kəbin kəsdirmişdirlər, toya xərclənəcək pulları isə ev avadanlığı üçün işlətmişdilər. Birdən Millisent əlini alnına aparıb dedi:–İndi yadıma düşür, bəs gəlinin duvağı nə olsun, bu heç bizim ağlımıza gəlməyib!
–Ah, düz deyirsən, duvaq işi necə olsun?–Müriel qışqırdı.–Dorri üçün duvaq da düzəltməli idik! Başımız bu gəlinlik donuna elə qarışıb, duvaq büsbütün yadımızdan çıxıb!
Söz gəlib bu yerə çatanda Dorri ayağını yerə dirəyib, heç bir halda duvaq örtməyəcəyini bildirdi. O duvağa bürünməyi ağlına belə gətirmir, onu hörümçək toruna oxşadırdı. “Hörümçək toru” sözünü eşidəndə Millisentlə Müriel diksindilər, çoxdandır ortalıqda axmaq bir zarafat gəzirdi, qarımış qızların bədəninin bir yerində “hörümçəyin tor qurduğunu” deyirdilər.
–O düz deyir,–Müriel dilləndi.–Duvaq artıq şeydir.
Onda bəs gəlin başına nə örtsün?–onlar bunun üstündə baş sındırmağa başladılar. Yoxsa gül çələngi? Yox, bu bayağı görünərdi. Yoxsa, bəzəkli, böyük bir şlyapa? Hə, bax bu yaxşı olar, köhnə yay şlyapasını götürüb onun üzünü ağ atlasla bəzəmək olar. Sonra ikinci şlyapanı götürüb onun da üstünü göy krujeva ilə bəzəyib daha bir şlyapa da düzəltmək olardı.
–Bu da menyu,–Millisent ürkək bir səslə dedi.–Kiçik səbətlərdə qoyulacaq, üstünə köpüyə oxşar maye şəkər səpilən ovulmuş toyuq əti, muncuqlanmış ciyər, fiqurlu marmelad, alma ilə qozdan düzəldilmiş salat, tortla birgə yeyiləcək çəhrayı və ağ rəngli dondurma...
Tortdan söz düşəndəMüriel soruşdu:
–Görəsən adaxlının qılnıcı varmı?
–Kimi deyirsən?–Dorri onun nə soruşduğunu anlamamışdı.
–Uilkini deyirəm. Sənin o Uilkinin qılıncı varmı?
–Qılınc onun nəyinə gərəkdir?–Millisent təəcübləndi.
–Birdən ağlıma gəldi–olsaydı tortu onunla kəsərdi,–Müriel dedi.
–Sözün düzü, bilmədiyim sözü danışa bilmərəm,–Dorri dilləndi.
Bu sözdən sonra onlar üçü də birdən susdular, elə üçü də birdən nədənsə adaxlı ilə bağlı düşüncələrə dalmışdılar. Toy başlamazdan onu otağa gətirib bütün bu qarmaqarışıqlığın içində oturtmaq gərəcəkdi: bir yanda bəzəkli şlyapa, o biri yanda kiçik səbətlərdə qoyulmuş toyuq əti, gümüşü yarpaqlar, habelə bunun kimi nəsnələr... Birdən onların ürəyinə şübhə doldu. Hər halda Müriellə Millisentin ürəklərində, az da olsa, adaxlının gəlib çıxmayacağı ilə bağlı bir şübhə var idi. Onlar gizlincə birbirinin gözlərinin içinə baxıb baxışlarını qaçırdılar.
–Mən elə belə düşündüm, o ingilisdirsə, yoxsa hansı millətdir... ola bilsin...–Müriel tutuldu.
–Hansı millətdən olsa da, o çox gözəl insandır,–Millisent dedi.
Toy günü üçün may ayının ikinci şənbə gününü seçdilər. Mister Spirs çərşənbə günü gəlib dostu keşiş gildə qalacaqdı. Toydan qabaqkı bazar günü Millisentlə Porter Dorrini şam yeməyinə qonaq çağırmışdılar. Mürielə də demişdilər. Ancaq nə qədər gözləsələr də Dorri gəlib çıxmadı, onlar gözləməkdən bezib onsuz şam eləməyə başladılar.
Şam yeməyinin ortasında Millisent stoldan qalxıb dedi:
–Mən gedim, bir ona baş çəkim. Birdən kəbin kəsdirməyə də belə geciksə onda daha heç nə.
–Mən də sənə yoldaşlıq eləyə bilərəm,–Müriel dedi.
Sağ ol, gərək deyil, Millisent onu saxladı. Sonra nədənsə, ikilikdə getmək yaxşı düşməz dedi.
İkilikdə getməyin nəyi pis idi?
Millisent niyə belə dediyini heç özü də bilmirdi.
O çöllük ilə tək addımlayıb gedirdi. İsti bir axşam çökməkdə idi, Dorrinin evinin arxa qapısı açıq idi. Ev ilə indi sökülmüş ambarın olduğu yerin arasında qoz ağacları var idi; onun budaqları hələ yarpaqlamamışdı, qoz ağacı qışdan sonra başqa ağaclardan gec yarpaq açır. Batmaqda olan qızmar günəşin ağacların çılpaq budaqları arasından süzülən işığı gün işığından çox, çıraq işığına oxşayırdı. Keçib getdiyi qalın otluq onun addım səslərini eşidilməz eləyirdi. Evin arxasında Albertin oturmağı sevdiyi köhnə kreslo durmuşdu, görünür qışda onu evə aparmamışdılar.
Bayaqdan Millisentin ürəyində anlaşılmaz bir duyğu dolanır, ona elə gəlirdi, Dorrinin başına nəsə bir iş gəlib. Tüfəng olan yerdə nə desən ola bilər. Tutalım, Dorri tüfəngi təmizləmək istəyəndə, çıxarmağı unutduğu patron açıla bilərdi. Haçansa belə olayların baş verdiyini eşitmişdi. Ya da ola bilsin, indi Dorri haradasa çöldə, yaxud da meşədə ötənilki xəzəlin üstündə, yabanı soğan, qurdayağı(sanqvinari) bitkilərinin cücərtiləri arasında düşüb qalıbdır. Qarşısına çıxan çəpərin üstündən keçmək istəyəndə ayağı ilişib, yıxılaraq huşunu itiribdir. İstəyib bu yerləri sonuncu dəfə gəzib dolaşsın, işin tərsliyindən, gözlənilməz bir iş çıxıb, tüfəng əlində açılıb onu öldürübdür. Qabaqlar Millisent Dorrinin başına belə bir olayın gələcəyindən qorxmazdı, Dorri necə olsa da çox ustuflu, zirək birisi idi. Ancaq bu son çağlar baş verən gözlənilməz olaylardan sonra nə desən ola bilərdi. Dorrinin ərə getməsi oracan ağalagəlməz bir uğur idi–bunu düşünəndə Millisentin, istər istəməz, çox ağlabatmaz şeylərin gerçəkliyinə də inanmağı gəlirdi.
Ancaq düzünə qalsa, onun beynində nəsə bir gözlənilməz bədbəxtçiliyin baş verməsindən daha çox, hansısa başqa düşüncələr dolanmaqda idi. Göz önünə gətirdiyi bu qorxunc, faciəli olaylar onun ürəyində yer eləmiş gerçək bir həyəcandan doğulmaqda idi.
Qapının ağzına çatanda Dorrini səslədi. Ev yiyəsinin başına hansısa faciə gəldiyinə, boş evdən səsinə hay verilməyəcəyinə qabaqcadan özünü inandırdığından( ev ola bilsin büsbütün boş da deyildi, orada, öz başına faciə gətirmiş ev yiyəsinin meyidi ortalıqda düşüb qalmışdı), özünü çox pis şeylər görməyə hazırladığından, Dorrini köhnə iş paltarında, başı-gözü sağ görəndə Millisentin qorxudan dizləri əsməyə başladı.
–Biz bayaqdan səni gözləyirik.–Millisent dedi.–Sən axı şam yeməyinə bizə gəlməliydin.
–Görünür, mən yenə vaxtı qarışdırmışam,–Dorri cavab verdi.
–Sənin evində heç düz işləyən saatın yoxdur?–artıq özünə gəlməyə başlayan Millisent soruşub, Dorrinin arxasınca tör-töküntü ilə dolu dəhlizdən keçərək mətbəxə sarı yönəldi. İçəridən qızardılmış yemək qoxusu gəlirdi.
Qollu budaqlı yasəmən kolu pəncərənin qarşısını tutduğundan, mətbəx alaqaranlıq idi. Dorri mətbəxdə, bu evlə yaşıd olan odun plitəsində yemək bişirirdi, küncdəki keçmişlərdən qalma mətbəx stolunun çəngəl bıçaq qoymaq üçün olan siyirməsi açıq idi. Divardakı təqvimin builki olması evi bugünə bağlayan sonuncu ilişki sayıla bilərdi.
Hə, Dorri özünə şam hazırlayırdı. Stolun üstündə xırda doğranmış qırmızı soğan var idi, tavada isə kartofla birgə donuz əti tikələri qızarmaqda idi. Ona görə də, onun vaxtı qarışdırmaqla bağlı deikləri inandırıcı deyildi!..
–Yaxşı, sən işindən qalma,–Millisent dedi.–Yeməyini bişir qurtar. Mən bura, səni axtarmağa gəlməmişdən qabaq biraz yemişəm.
–Çay dəmləmişəm,–Dorri dedi. Çaynik plitənin qırağında qaralırdı, ondan fincana çay tökəndə Millisent çayın qapqara olduğunu gördü.
–Mən getmək istəmirəm,–tavadakı cızıldayan donuz ətini çevirən Dorri dilləndi.–Buralardan ayrıla bilmirəm.
Millisent onun bu sözlərinə, məktəbə getmək istəmədiyini deyən bir uşağın şıltaqlığı kimi yanaşdı.
–Sən deyəsən mister Spirs üçün çox gözəl bir yenilik hazırlamısan,–Millisent dedi.–Belə bir uzaqlardan gəlib bunu bilsə çox sevinəcək.
Tavadakı piy qaynamağa başladığından dördbir yana sıçramağa başlamışdı, Dorri plitədən biraz aralanmalı oldu.
–Sən yaxşısı tavanı odun üstündən qırağa sürüşdür,–Millisent dedi.
–Mən buradan çıxıb getməyi bacarmaram.
–Bunu artıq demisən.
Dorri yeməyi bişirib qurtardı, kartofla donuz ətini boşqabına boşaltdı. Yeməyin üstünə biraz ketçup tökdü, iki iri və qalın kəsilmiş çörək tikəsi götürüb, tavanın dibində qalan yağı siyirdi. Sonra oturub dinməzcə yeməyə başladı.
Dorrinin yeyib doymasını gözləyən Millisent də dinməzcə oturmuşdu. Biraz sonra soruşdu:
–Deyə bilərsənmi niyə?
Dorri çiyinlərini şəkib yeməyə davam elədi.
–Bəlkə elə bir söz var mən onu bilmirəm,–Millisent onun ağzını aramağa başladı.–Yoxsa nəsə eşitmisən ? Sənə, onun yoxsul olduğunumu deyiblər?
Dorri başını silkələdi.
–Yox, o varlıdır,–dedi.
Demək Müriel düz deyirmiş.
–Belə bir adaxlıdan ötrü istənilən qadın hər şeyindən keçərdi!
–Ancaq mən bütün bunlara tüpürmək istəyirəm,–Dorri dilləndi. O ağzındakı tikəni çeynəyib udandan sonra bir də dedi:–tüpürmək istəyirəm.
Millisent biraz çaşqınlığa düşsə də, ancaq özünü ələ aldı.
–Sən deyəsən qadın olmaqdan qorxursan, mənə elə gəlir sən elə buna görə, ana olmağın qorxusundan belə danışmağa başlamısan, ancaq bunlar hamısı boş şeylərdir. Kişilər yaşa dolduqca bundan bezirlər, onların bu işə heç vaxtları da qalmır.
–Yox, mən bunu demirəm! Bununla bağlı mən özüm də hər şeyi bilirəm.
Millisent onun bu şeyləri haradan biləcəyini düşündü. Dorri, ola bilsin, heyvanlarla bağlı bildiklərini insanların üzərinə köçürüb, nəsə bildiyini sanır. İstənilən qadın, ərə gedəndən sonra bununla bağlı çəkəcəyi ağrıları bilsəydi, çox ola billsin, ərə getmək düşüncəsindən daşınardı.
Ancaq buna baxmayaraq yenə dilləndi:
–Ərə getmək səni üzgünlükdən qurtarar, qaramatlıqdan çıxarsan, gerçək bir yaşamla ömür sürməyə başlayarsan.
–Mənim indiki yaşamım da pis deyil,–Dorri dedi.–Görünür, məndə macəraçılığa sevgi yox imiş.
–Yaxşı görək,–Millisent söz çəkişmələrinə son qoymaq üçün dilləndi. Sonra bir ara çox xoşagəlməz dadı olan çayı qurtumlayaraq susdu.
Birdən onun ağlına yeni bir düşüncə gəldi. Biraz susandan sonra dedi: –Sözsüz, ərə gedib-getməmək sənin özünün kəsdirməli olduğun bir işdir. Ancaq bir de görüm, sən bundan sonra harada yaşayacaqsan? Sənin ərə getməyini biləndən sonra, biz Porterlə danışıb, evi satışa qoymuşduq, ev artıq satılıb, onun boşalmağını gözləyirik.
–Yalan deyirsən,–Dorri onun sözünü kəsib səsləndi.
–Biz istəmədik ev boş qalsın, bir də gördün avara adamlar gəlib orada yuva saldılar. Ona görə də satdıq.
–Siz mənimlə belə zarafat eləməzsiniz.
–Sən ərə gedirsənsə daha burada hansı zarafatdan söz gedə bilər?!
Millisent az qala özü də indicə uydurduğu sözə inanmağa başlamışdı. Görünür, doğrudan da bu evi tezliklə satmalı olacaqdılar. Bu evi necəsə ucuz qiymətə satışa qoysalar alan tapılardı. Evə birazca əl gəzdirib yaşamaq olardı. Ya da söküb taxtaları ilə kərpiclərini satmaq olardı. Porter bu köhnə tikilidən canını qurtarmağa sevinəcəkdi.
Dorri yalvarış duyulan bir səslə dedi:
–Nə olar, məni öz evimdən qovmayın.
Millisent susdu.
–Sən məni aldadırsan, düz demirəm?–Dorri soruşdu.
–İnanmırsansa Bibliyanı gətir, ona and içim,–Milisent dedi.
Dorri yanyörəyə göz gəzdirib dayandı.
–Sözün düzü, heç bilmirəm hara qoymuşam.
–Qulaq as, Dorri. Biz sənin yaxşılığın üçün çalışırıq. Sənə elə gələ bilər, biz səni buradan qovuruq, ancaq belə deyil, mən sənin görməli olduğun gərəkli bir işdən boyun qaçırmağının qarşısını almaq istəyirəm.
–Belə de,–Dorri dedi.–Nə üçün?
Millisent susub düşünməyə başladı: “Necə yəni niyə? Toyun tortu bişirilib, gəlinlik paltarı tikilib, restoranda qonaqlıq sifariş verilib, toy dəvətnamələri paylanıb. Nə qədər işlər görülüb. Qıraqdan baxana bu işlər asan gəldiyi üçün deyə bilər bunlar bəhanə deyil. Bu boyda, ürəkdən görülən işlərin boşa getməsi istər-istəməz adama ağır gəlirdi.
Ancaq burada başqa bir iş də vardı; Dorrini ərə getməyə inandırmaq, onu bundan sonra gerçək bir yaşamla bağlanmağa yönəltmək demək idi. Millisent buna ürəkdən inanırdı. Dorri “buradan getmək” deyəndə nə başa düşürdü? Bununla evdən ötrü darıxacağını demək istəyirdisə, nə olar, qoy darıxsın! Belə darıxmağa görə hələ kimsə ölməyib. Millisent onun bu sözünü büsbütün anlamsız sayırdı. Belə bir yaxşı imkan yaranıbsa, burada qalıb öz ömrünü puç eləməyin heç bir anlamı yox idi. İstər inadkarlıqdan, çəkincəklikdən, istərsə də başıboşluqdan olsun, belə bir imkanı əldən buraxmaq günah idi.
Ona elə gəldi, Dorrini küncə qısnaya bilibdir. Çox ola bilsin, Dorri bu axmaq istəyindən elə indi əl çəksin, ya da biraz düşünüb daşınaraq düz yola qayıtsın. Belə də olacaq. Dorri kötük kimi tərpənməz dayansa da, ancaq bu kötük içəridən çürüməyə başladığından çox da duruş gətirə bilməyəcəkdi.
Birdən, gözlənilmədən, Millisent hönkürüb ağlamağa başladı.
–Oh, Dorri,–onu dilə tutmağa başladı,–sən gəl, axmaqlıq eləmə!
Onlar ikisi də ayağa qalxıb bərk-bərk qucaqlaşdılar, Dorri elə kövrəlmişdi, öz bacılığını balaca uşaq kimi oxşayıb ovundurmağa çalışırdı, Millisent isə hönkürərək, anlaşılmaz sözlər pıçıldayırdı:
–Xoşbəxtlik... Kömək... Axmaqlıq...
Biraz ovunan kimi o, Dorriyə üz tutub söz verdi:
–Sənə söz verirəm, Albertin qəbrini baxımsız qoymayacağam. Baş daşına gül qoymağı da unutmaram. Buradakı danışığımızı da nə Mürielə, nə də Porterə deyərəm. Qoy bunu heç kim bilməsin, öz aramızda qalsın.
Dorri dinməz-söyləməz dayanmışdı. O biraz çaşqın, biraz da dalğın görünürdü, elə bil, nə isə çox ağır, çox gözlənilməz bir duruma düşüb, bu çıxılmazlıqla barışmağa çalışırdı.
–Bu nə iyrənc yaxantıdır belə,–Millisent fincandakı çayı göstərib soruşdu.–Yoxsa sən çay dəmləməyi bacarmırsan?
Bunu deyib, stolun arxasından duraraq, fincandakı çayın qalığını çirkab vedrəsinə tökdü.
Mətbəxin bircə pəncərəsi vardı, ondan düşən solğun işığın altında dayanan Dorri onun qarşısında bir tapmaca kimi dayanmışdı: birdən inadcıl, birdən sözəbaxan, birdən uşaq, birdən qadın kimi görünürdü–o indicə qızışıb özündən çıxmışdı, elə bil, Millisent onu güclə doğma yerlərdən ayırıb uzaqlara göndərirdi. Mən bu işin belə bir yerə gəlib çıxacağını heç gözləməzdim, deyə Millisent özlüyündə düşündü. O, Dorrinin baxışlarını tutub, onun gözünün içinə dik baxmağa çalışdı–doluxsunmuş gözlərini ona dikərək, Dorrini ürəkləndirmək istədi.
–Ox yaydan çıxıb,–deyə dilləndi.
Dorri kilsədə kəbin kəsdirməyə ayaqla getdi. Bunu ondan heç kim gözləmirdi. Porterlə Millisent maşınla onun arxasınca gəlib evin qarşısında dayananda Millisent həyəcanlanmağa başladı.
–Siqnal ver görək,–o ərinə dedi.–O indiyə gərək hazır olaydı.
–Odur, qarşıda ayaqla gedən o deyilmi?–Porter yolu göstərib soruşdu.
Bu, o idi. Gəlinlik donunun üstündən Albertin açıq boz rəngli paltosunu çiyinlərinə salmış, bir əlində şlyapası, o birində yasəmən buketi yolla gedirdi. Arxadan yetişib maşını onun yanında saxlayanda Dorri dedi:
–Siz gedin. Mən istəyirəm biraz ayaqla gəzib hava alam.
Onlar maşını sürüb onu kilsəni qarşısında gözləməli oldular; Dorri küçəni keçib onlara sarı gəlirdi, adamlar dükanlardan çıxıb ona baxırdılar; yol keçən sürücülərdən bir neçəsi onu ələ salmaq üçün siqnal verib keçdilər, küçədə gəzişən bir neçə adam, əllərini yelləyərək, onu salamlayıb səslənirdilər: “Gəlin gəlir!” Dorri kilsənin qarşısında dayanıb Albetin paltosunu çiynindən götürəndə Bibliyada danışılan duz sütunu kimi, baxanları heyran qoyan bir işıq saçmağa başladı.
Müriel artıq kilsənin içərisində orqanda çalmaqda idi, ona görə də, son anda əlində yasəmən buketi tutan Dorrini görəndə diksindi–onlar gəlin üçün əlcək tikməyi unutmuşdular; ancaq bu yanlışı düzəltmək artıq gec idi. Mister Spirs də kilsənin içərisində idi, ancaq o, qayda-qanunu pozub, keşişi yalqız buraxaraq, gəlini qarşılamaq üçün bayıra çıxdı. O yenə də sarımtıl dərisi, arıqlığı, yırtıcılarsayağı baxışları ilə seçilirdi, onun görünüşü Millisentin ilk dəfə görüb yadında saxladığı kimi qalmışdı, Dorri çiynindəki paltonu Porterin maşınının arxa oturacağına qoyub şlyapasını geyinməyə başladı, Millisent tələsik onun yanına qaçıb gəlinin üst-başını qaydaya salmağa başlayanda mister Spirsin üzündə yaraşıqlı bir təbəssüm yarandı. Bu anda Millisent onların–əyinlərinə zirehli cəngavər geyimləri geyinmiş, hündür fillərin belinə minib necə macəra axtarmağa getdiklərini göz önünə gətirdi. Nədənsə onların gələcəyini düşünəndə, birdən onun gözləri önündə belə bir görüntü canlanmışdı. O özünü toplayıb Dorrinin qulağına pıçıldadı:
–O səni bütün dünyada gəzdirəcək! Sən onun kraliçası olacaqsan!
“Mən Tonqanın2 kraliçası kimi gombullaşmışam”–bir neçə il keçəndən sonra Dorri Millisentə göndərdiyi məktubunda yazmışdı. Göndərdiyi şəkildən də onun sözünün doğruluğu bilinirdi.
Onun saçları bozarmış, dərisi qəhvəyi rəng almışdı, elə bil üzündəki çillər özləri yoxa çıxaraq, rənglərini onun bütün bədəninə yayıb getmişdilər. Onun əynində geniş, üstündə tropik çiçəklər çəkilmiş paltar var idi. Müharibə başladığından, onlar dünyanı gəzmək planlarını sonraya saxlamalı olmuşdular, ancaq müharibə bitəndə Uilki ölümcül xəstələnib dünyadan köçdü. Dorri təkbaşına Kvislenddəki ucsuz-bucaqsız mülkündə qalıb, orada şəkər qamışı, ananas, pambıq, yerfısdığı, tütün becərirdi. Çox bərk kökəlməsinə baxmayaraq o, at üstündə gəzir, təyyərə sürə bilirdi. Vaxt tapıb Yer kürəsinin yaşadığı bölgəyə yaxın yerlərini gəzib dolaşırdı. Timsah ovuna çıxırdı. Dorri əllinci illərdə, Yeni Zelandiyada yerləşən hansısa bir vulkana baxmaq üçün dağa dırmaşanda ölmüşdü.
Onun ölümündən sonra, Millisent kimsəyə danışmayacağını boynuna götürdüyü sözləri tanışları arasında yaymağa başladı. O vicdan ağrısı duymadan, onu ərə getməyə məcbur eləmək üçün necə çoxbilmişliklə plan qurduğunu danışırdı.
–Kimsə bu öküzün buynuzundan tutub, onu ram eləməli idi axı,–o gördüyü bu işi belə dəyərləndirirdi.
O özünü bir başqasının yaşamının qurucusu sanmağa başlamışdı; öz uşaqlarını gərəyincə yerbəyer eləyə bilməsə də, ancaq Dorri ilə bağlı onun planları baş tutmuşdu. O başqasını xoşbəxt eləyə bilmiş, onun üçün gözəl bir yaşama aparan yolu aça bilmişdi. Dorri ilə onun evində olan son görüşündə tökdüyü anlaşılmaz göz yaşlarını Millisent artıq çoxdan unutmuşdu.
Dorrinin toyundan sonra, elə bil, Mürieli dəyişmişdilər. O işdən çıxıb Kanadanın Albert vilayətinə getməzdən öncə demişdi:
–Özümə bir il vaxt verirəm.
Bu bir ilin içində o özünə ər tapa bilmişdi–ancaq əri onun keçmişdə yoldaşlıq elədiyi tanışlarından deyildi. O, iki azyaşlı uşağı ilə yaşayan, dul xristian ruhanisi idi. Mürielin ərini “xristian ruhanisi” adlandırması Millisentə qəribə gəlmişdi. Bu sözü eşidəndə: buradakı bütün ruhanilər xristian deyilmi?–deyə Milisent düşünmüşdü.
Ancaq Müriel əri ilə onlara qonaq gələndə–oçağacan artıq Mürielin iki uşağı doğulmuşdu,–Millisent bu “xristian ruhanisi” sözünün nə demək olduğunu anlamışdı. Tütün çəkmək, içki içmək, artıq-əskik danışmaq büsbütün yasaq idi, o sıradan kosmetika ilə yüngül musiqi çalmaq da olmazdı. Müriel indi ancaq keçmişlərdə ələ salıb ağız büzdüyü kilsə himnlərini çala bilərdi. Geyimləri də indi yalnız göy rəngdə yox, başqa-başqa rənglərdə idi, saçları isə çox pis burulmuşdu, qıvrımlanmış tükləri alnının üstündə pırpızlanıb qalmışdı.
–Özümün keçmiş yaşamımı xatırlayanda lap ürəyim sıxılır,–Müriel belə deyəndə, nədənsə Millisentə elə gəldi, o və Porter Mürielin keçmişlərdə belə cansıxıcı yaşamasında suçlu olublar.
Evi krayə vermədilər, satmadılar da. Sökmək də istəmədilər; ev elə möhkəm tikilmişdi, onu sökməyin çox ağır bir iş olacağını düşünüb bundan daşındılar. O hələ uzun illər boyunca yerində dayanıb özünün gözəgəlimli görünüşünü qoruyub saxlaya biləcəkdi. Pəncərələrin çərçivələri əyilsə də, şüşələri hamısı yerində idi. Evin qapıları bağlı olsa da, ancaq uşaqlar necəsə içəri yol tapmış, divarlara ağızlarına gələnləri yazmışdılar, həm də Dorrinin burada saxladığı bütün qabları sındırıb çilikləmişdəlilər. Dorri gedəndən sonra Millisent bir dəfə də olsun evin içərisinə keçib baxmamışdı.
Ötən çağlarda Dorri ilə Albertin hər il gördükləri bir anlaşılmaz işləri də vardı, Albertin ölümündən sonra bu işi Dorri təkbaşına görərdi. Ola bilsin, onlar bu işə uşaqlıq çağlarından başlamışdılar. Hər payız onlar bağlarındakı qoz ağaclarından yerə tökülən qozaları bir yerə toplayardılar. Payızın sonuna kimi bağda gəzib gözə dəyən bütün qozaları yığardılar, hər gün tapdıqları qozaların sayı azalardı, ancaq onlar yorulmaq bilmədən, çalışardılar ən sonuncu qozaya kimi tapıb yığa bilsinlər. Sonra bu qozaların sayını zirzəminin divarına yazardılar. İlin hansı günündə, neçə qoza olub, bunu göstərərdilər. Bu qozaları nə yeyər, nə də satardılar. Aparıb çöldə bir yerə tökərdilər, onlar da yağışın-qarın altında qalıb çürüyərdi.
Ancaq belə bir anlamsız işə baş qoşmağa Millisentin vaxtı yox idi. Onsuz da təsərrüfatla, uşaqları ilə bağlı qayğıları başından aşırdı. Ancaq payız gələndə qozalar hündür otların üstünə tökülüb qaldıqca, Millisent Albertlə, Dori Beklərin bu qəribə öyrəncələrini xatırlamağa başlayırdı; ona elə gəlirdi, Dorri ilə bağlı xatirələri ölənəcən ondan ayrılmayacaqdır. Yaşam–vərdişlərdən, bir də ilin dəyişən fəsillərindən ibarətdir. Qozalar ağacdan tökülür, irmaqlarda ondatralar üzməyə başlayır, bunlara uyğun olaraq da yaşam davam eləyir. Görünür, Dorri ərə getməzdən qabaq, artıq belə bir yaşamla barışmışdı: o burada, özünün ölçü-biçili qəribəlikləri və yalqızlığı ilə qalıb, yaşamaq istəyirdi. Ola bilsin, yenidən it saxlamağa başlayıb, öz yalqızlığından az da olsa qurtulmağa çalışacaqdı.
Ancaq mən onu belə yaşamağa qoymadım, deyə Millisent düşünürdü. Mən buna yol vermədim, özü də düzgün olaraq belə elədim. Millisent indi çox yaşa dolub, Porter isə lap çoxdan ölüb. O indi Dorrinin yaşadığı evə sarı baxmağı da çox vaxt unudur. Evdir də, tərpənməz yerində durub qalıbdır. Ancaq aradabir o, evin çatlamağa başlamış divarlarına, çərçivəsi əyilmiş pəncərələrinə baxır. Evin arxasında qoz ağaclarının çətirə oxşayan budaqları görünür, ağaclar hər il naxışlı yarpaqlarını tökür, yazda yenidən yarpaqlayırlar.
Millisent indi artıq evi söküb, kərpiclərini satmağın gərək olduğunu deyir, bunu gecikdirib indiyədək eləmədiyi üçün özünü darıxdırır.
1.”Oreqona gedən yol” deyəndə, Amerikaya ilk gələn köçgünlərin Güney-Batıya sarı yollnadıqları, ABŞ-ın indiki Aydaho, Vaşinqton, Oreqon ştatlarından keçən yol anlaşılır.
2.Tonqa krallığı Sakit okeanın Güney-Batı yönündə 170 kiçik adalarda yerləşir.
Qaynaq (rus dilində): Журнал "Иностранная Литература" 1996 г. № 1
Rus dilindən Araz Gündüz çeviribdir.
Kultura.az