"Dünənin dünyası" Stefan Sveyqdən oxuduğum sayca 3-cü kitabdır. Əsərin bir oxucu kimi məndə yaratdığı təəssüratı ifadə etmək çox çətindir. Bu, o əsərlərdəndir ki, oxuyub bitirəndən sonra necə qiymətli bir şey oxuduğunu hamıya car çəkmək istəyirsən, özünü oxumayanları agah etmək ehtiyacından xilas edə bilmirsən. Sveyq həqiqətən ədəbiyyat nəhəngidir, intellektualıdır. Müəllifin əsərlərindəki dərinlik və bədiilik, yazıçının hadisələri son dərəcə maraqlı təqdim etmək bacarığı adamı heyrət içində buraxır.
"Bir avropalının xatirəsi" kimi də adlandırılan əsər avtobioqrafikdir. Ancaq eyni zamanda, o, bir xatirə kitabı olmaqdan çıxıb bir çox mətləblərin qısa və əsaslı şərhini verən, olduqca informativ və düşündürücü kitaba çevrilir. Kitab demək olar, Birinci və İkinci Dünya müharibəsi dövründə hər on illiyin ədəbi, siyasi və mədəni mühitini təhlil edir. Əsər yalnız yazıçının həyatından bəhs etmir, burada hər şey var: ədəbiyyat, elm, teatr, heykəltaraşlıq, musiqi, müharibələr və s. Ümumiləşdirməklə əsəri şərti olaraq üç yerə bölmək olar.
İlk olaraq əsər Birinci Dünya müharibəsindən əvvəlki dövrdə yazıçının məktəbli həyatından bəhs edir. Avropanın gözəl çağları hesab olunan dövrdə müəllif ailə vəziyyəti, özünün məktəb illəri haqqında təfsilatı ilə danışır. Məktəbdəki dərslərin mənasız, müəllimlərin az bilikli, sinif otaqlarının boğucu, partaların isə insan fizionomiyasına zərərli olmasından bəhs edən yazıçının güclü yaddaşına heyrət etməyə bilmirsən. Sveyq o zamanların zəngin mədəniyyəti ilə Avropada ad çıxarmış Vyana yeniyetmələrinin, gənclərinin ədəbiyyata və teatra olan hədsiz marağından eyni gözəlliklə söz açır. Əllərinə düşən pulu son qəpiyinə qədər kitaba xərcləyən məktəb şagirdlərinin artıq 18, 19 yaşlarında dövrün ciddi ədəbi jurnallarında elmi məqalələrlə çıxış etmələri adamda həsəd hissi yaradır. Hələ 100 il bundan əvvəlki Vyana mühitindəki gənclərin hansı səviyyədə olması, öz ölkənin isə 2013-cü ildə hansı səviyyədə olması insanda acı duyğular yaradır.
Yazıçı əsərində həm də dövrünün kültürünü analiz edir. Zamanın əxlaq qaydaları, qadınlara qarşı olan qadağalarını o, tamamilə boş və mənasız hesab edir. Saxta hesab elədiyi bu əxlaq qadağalarını heç vaxt rasional saymadığını və zamanla onların məhv olmasının zərurliyindən bəhs edir.
Əsərdə Sveyq Avropada gözəl olan hər şeyi - insanları, şəhərləri, mədəniyyətləri dağıdan Birinci Dünya müharibəsindən söz açır. Ömrü boyu pasifist olan, xarakter etibarilə ilə hər cür zorakılığa qarşı olan yazıçıya hər zaman qurur duyduğu Avropa Birliyi ideyasının məhv olması, qardaş kimi yaşayan xalqların qəfildən bir-birinə düşmən kəsilməsi, Avropa insanının barbarlaşması çox ağır gəlir. İnsanların müharibənin dəhşətini duymadan ona can atması fəlakətləri qabaqcadan hiss edən yazıçı üçün faciə idi. Ən ciddi təhlükələrə baxmayaraq, yazıçı özü kimi düşünən fikir adamları ilə birgə daim müharibə əleyhinə yazılar yazır və onu bitirmək uğrunda çalışmanı özünün əsas vəzifəsi hesab edir.
Sonrakı mərhələdə müharibənin fəsadları onun bitməsi ilə daha geniş miqyasda nəzərə çarpır. Müəllif müharibədən sonra Avropada hökm sürən mənəvi və maddi süqutun, inflyasiyanın insanlar arasındakı münasibətlərə necə təsir etdiyini təsvir edir. Əsərdə ənənəvi fiziki mənada heç bir şiddət yoxdur, ancaq müharibənin dövrə, insanların gündəlik yaşamına, ictimai həyatına vurduğu ağır zərbə diqqətə çatdırılır. Bundan sonra isə tədricən hər şey öz qaydasına düşür və yazıçının şəxsi həyat və yaradıcılığı baxımından ən düşərli illər hesab olunacaq dövr başlayır. Bir-birinin ardınca onun yeni kitabları nəşr olunur, çox sürətlə satılır və başqa dillərə çevrilir. Bu mərhələni xüsusilə fərqləndirən cəhət isə yazıçının bizim indi hərarətlə oxuyub öyrəndiyimiz, müxtəlif ölkələrdən olan, incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən qüdrətli sənət sahibləri, dahilərlə olan görüşləri, məktublaşmaları və ən əsası onların yazıçının qələmindən çıxmış təsvirləridir. Rilke, Verharen, Qorki, Roland, Bernard Şou, Dali, Freyd, Ştraus və digər sənət adamlarına yazıçının duyduğu sevgi və ehtiramı oxuduqca adam mütəəsir olmaya bilmir. Onların baxışı, yeriş-duruşu, üz mimikalarının mükəmməl təsviri yazıçının həqiqətən çox dərin müşahidə qabiliyyətindən xəbər verir.
Sonuncu mərhələ isə yazıçının xoşbəxt illərinin üstündən xətt çəkən, onu dərin depresiyaya salan, siyasi ambisiyaların qızışdığı və bunun tədricən İkinci Dünya müharibəsinə apararaq, onu ölkəsindən didərgin salan faciəvi mərhələdir. Yazıçı bu bölümdə Avropada radikal ideologiyaların necə yaranması və onların siyasi gücə çevrilərək, bütün qitəni necə dəhşətə sürüklədiyindən bəhs edir. Artıq Hitler siyasi səhnəyə daxil olub və Sveyq bu dəhşətli adamın ideyalarının səbəb olduğu gərginliyi əvvəlcədən duyur. Bu mərhələ yazıçı ağrılarının ən şiddətli yeridir. Xoşbəxt günlər məhv oldu, o, evini, ölkəsini tərk edib Londona köçür. Yəhudi əsilli olmasına görə, yazıçının adı bir çox rəsmi yerlərdən silinir. Kitabları yandırılır. Bu bölümdə həm də bütöv bir xalqa qarşı işlənmiş cinayətin necə vüsət alması öz əksini tapır. Müəllif bu barədə mümkün olduqca hiss etdirməməyə çalışdığı sınmış vüqarla bəhs edir: "Onları hər yerdən qovurdular, ama maraqlısı o idi ki, hara getmələri barədə heç nə demirdilər. Heç harda da onları istəmirdilər".
Xarakter etibarilə narahat, ürkək olan Sveyq müharibə alovunun İngiltərəyə çatdığını gördükdə, qitədən getməyi qərar alır və Braziliyaya köçür. Müəllif bu əsəri otel otağında həyat yoldaşı ilə birgə intihar etməzdən bir gün əvvəl nəşriyyata göndərir. Ona görə də "Dünənin dünyası" həm də Stefan Sveyqin intihar məktubu hesab oluna bilər.
Nurlan Hüseyn
Kultura.az