post-title

Alman şairləri nə ilə dolanır?

“İlhamı satmaq olmur, amma əlyazmanı satmaq olar”, - deyə bir şair yazıb. Kim deyir ki, səhv fikirdir! Bəs əlyazmaya simvolik pul ödənəndə nə etməli? Görəsən Almaniyadakı şairlər nə ilə dolanır?

 
Hər il Almaniyada təqribən yarım milyon şeir toplusu çapdan çıxır. Hələ bu statistika kommersiya məqsədiylə çap edilən nəşrlərinə aiddir. Belə hesab edilir ki, bir bu qədər kitab da müəlliflərin öz hesablarına çap olunur, özü də, Almaniyada bunun üçün çox böyük imkanlar var, “samizdat” isə qəpik-quruşa başa gəlir.
 
Alman kitab mağazalarının rəflərində ortaya çıxan şeir kitablarının çoxu artıq ad qazanmış, bir qayda olaraq dünyasını dəyişmiş, klassik şairlərin kitablarıdır. Amma, hələ həyatda olan tanınmış şairlər nəşriyyatlardan qonorarlar da alırlar. Bu qonorarlarla da yaşamaq qeyri-mümkündür. Şeir topluları yaxşı satılmır, onların qiymətləri də elə yüksək olmur, buna görə də min nüsxə çap olunan kitaba görə müəllif nəşriyyardan 500-1000 avro pul alır. Kitabından 2000 avro qazana bilən şair özünü xeyli bəxtəvər hesab edə bilər. Ya da tanınmış. Amma  bəxtəvər hər 3-4 aydan bir kitab buraxdırsa belə, qazandığı pulla Almaniyada həyat minimumunu belə təmin edə bilməz. Əlbəttə əgər kitab satışı onun yeganə gəlir mənbəyidirsə.
 
 
Mesenatlar, təqaüdlər, müavinətlər
 
Alman şairlərinin çoxu böyük həvəslə oxucu qarşısında çıxış edirlər: çıxışların əksəriyyəti pulsuz olur, amma ən məşhur şairlər çıxışına görə kitab mağazalarından, kitabxanalardan və s. qonorar alırlar. Adətən onlara bir gecədə 100-200 avro ödənilir. Əgər bu çıxış hansısa zəngin ədəbiyyat fondu yaxud muzeyi tərəfindən təşkil olunubsa, qazanc 500 avroya qədər yüksələ bilər. Amma belə çıxışlar elə də tez-tez baş vermir, özü də burda çox güclü rəqabət olur. Bəs görəsən alman şairləri nə ilə dolanır?
Baxır kim necə. Rilke (Rainer Maria Rilke) kimi mesenatların hamilik etdiyi ya da danimarka kralının yaradıcılığına vurğun olduğu və ömürlük maaş verdiyi Klopştok (Friedrich Gottlieb Klopstock) kimi ədiblərin dövrü çoxdan arxada qalıb. Doğrudur, bu gün Almaniyada sənət adamları üçün cürbəcür təqaüdlər mövcuddur, amma onların sayı elə də çox deyil və məhdud zaman kəsiyində, maksimum bir illiyinə verilir. Belə ki, Şimali Reyn-Vestfaliya federal torpağında verilən “incəsənət qəsəbəsi” Scöppingen təqaüdü 600-700 avro təşkil edir və bu elə də kiçik məbləğ deyil. Amma o bir qayda olaraq üç aylığına verilir.
Bəzi şairlər sosial yardımlar hesabına dolanır. Bu ayda 300-400 avrodan ibarətdir üstəgəl buraya ən azı kirayə haqqının bir hissəsi, pulsuz tibbi sığorta da aiddir. Böyük miqdar deyil, əvəzində işə getməyə bilərsən, bütün günü evdə oturub yazmaq, yazmaq və yenə də yazmaqla məşğul ola bilərsən...
 
 
Gəlir yerləri, qəzəllər, rəylər
 
Berlinli şair Byorn Kuliqk (Björn Kuhligk) özünə gəlir yeri tapıb: o işləyir, amma gündə cəmi dörd saatlığına kiçik bir kitab mağazasında işləyir, buna görə də onun şeir yazmağa kifayət qədər vaxtı olur. Bundan əlavə Kuliqkin işdə şeir yazmaq imkanı evə nisbətən daha çoxdur, evdə onun diqqətini tamam üzərinə çəkən iki körpə uşağı var, şeir yatmaq üçün onların yatmağını gözləmək lazımdır. Byorn bir neçə il öncə berlin Senatından ümumi məbləği 12 min avro olan təqaüd alıb. Bu təqaüdün ona çox xeyiri olub, özü deyir ki, ən azı dörd kitabının ikisi bu təqaüd hesabına başa gəlib. İndi isə hər şey yenidən onun öhdəsindədir.
Yan Vaynert (Jan Weinert) şərqi alman şəhəri Yena da doğulub. ADR-də onun uşaqlar üçün kitabları çap olunub. Sonra o poeziya və poetik tərcümələrlə məşğul olub (əsasən azərbaycan klassiklərinin qəzəllərini almancaya çevirib). Almanya birləşdikdən sonra bir neçə şeir toplusunu buraxıb, yaşayış üçün gəlir yeri isə dostu və həmkarı ilə birlikdə psevdonimlə yazdığı detektiv romanlardır. Son on ildə sosial müavinətlər hesabına, Vaysenzee rayonunda, kiçik bir mənzildə yaşayır. 
Yulian Libert (Juliane Liebert) ciddi yaradıcılıq karyerasına yenicə başlayır. Onun 25 yaşı var. Libert valideynlərinə kömək edir. Beş il bundan əvvəl o gənc şairlərə verilən ədəbi mükafatlardan birinə layiq görülüb, bundan əlavə, o aradabir gənclər üçün olan dərgilərdə yazır: yeni musiqi albomlarına rəylər yazır. Ümumiyyətlə, onun ciddi maddi problemləri yoxdur və o zövq üçün şeirlər yaza bilər. Yeri gəlmişkən, Almaniyadakı çoxsaylı ədəbiyyat mükafatları həm yeni başlayanlara həm də qocaman yazarlara böyük kömək olur, onlardan bəziləri bir neçə min avroya qədərdir.
 
Yefim Şuman
 
“Deutsche Welle” xəbər agentliyi
 
Çevirdi: Namiq Hüseynli
 
 
 
Yuxarı