post-title

"Buker"in qısa siyahısı. Rus yazıçılar nədən yazır?

Rusiyanın ən nüfuzlu ədəbi mükafatlarından olan "Rus buker"inin qısa siyahısı elan edilib.

 

1,5 milyon rublluq (təxminən 50 min dollar) baş mükafata iddialı əsərlər:

Yevgeni Vodolazkin, "Лавр" (Dəfnə) romanı,
Andrey Volos, "Возвращение в Панджруд" (Pəncruda qayıdış)
Denis Qutsko, "Бета-самец" (Beta-erkək)
Andrey İvanov, "Харбинские мотыльки"
Marqarita Xemlin, "Дознаватель",
Vladimir Şapko, "У подножия необъятного мира"

Baş mükafatla yanaşı digər finalçılara da 150 min rublluq mükafatlar təqdim ediləcək.

Bundan başqa bu il bir əsərin ingilis dilinə çevrilməsi və Londonda çapı üçün qrant da veriləcək (750 min rubl). Amma bu. qalibin əsəri olmaya da bilər. Jüri qərar verəcək ki, Britaniya oxucusu üçün qısa siyahıdakılardan kimin əsəri daha maraqlı ola bilər.

"Rus Buker"inin qısa siyahısının elan edilməsi müasir rus ədəbiyyatında gedən prosesləri izləmək, yazıçıların üstünlük verdikləri mövzulara diqqət etmək, ümumilikdə çağdaş rus nəsrinin nəbzini tutmaq baxımından da mühümdür.

Yevgeni Vodolazkin filoloqdur, qədim rus ədəbiyyatını araşdırır. "Лавр" romanında hadisələr orta əsrlərdə baş verir. Əsərin baş qəhrəmanı nə qədər təcrübəli təbib olsa da, sevgilisini xilas edə bilmir. Və bu qərara gəlir ki, heç olmasa onun ruhunun cənnətdə ölümsüzlük qazanmasına çalışsın. Bunun üçün özünü fəda edir, yaralılara, şikəstlərə, hətta taun xəstələrinə qulluq edir. Amma bu sevgi ilə, bu cür özünü qurban verməklə nəyəsə nail olmaq mümkündürmü?..


Andrey Volos Tacikistandandır. «Возвращения в Панджруд» farsdilli ədəbiyyatın banilərindən olan şair Rudəki haqqındadır. Müasir dövrdə irsinə böyük dəyər verilsə də, rayonlar, prospektlər, ədəbi mükafatlar, kitabxanalara adı verilsə də, Rudəkinin həyatı barədə çox az məlumat var. Tənqdiçilərin yazdığına görə, yazıçı «Возвращения в Панджруд» əsərində faktiki olaraq şairə xarakter və bioqrafiya "yaradır". Əsər Rudəkinin xatirələri şəklində yazılıb. Buxara əmirinin qəzəbinə tuş gələn, kor edilən şair Vətəninə - Pəncrud kəndinə sürgün edilir. Özü də sürgün cəzasını özü icra etməlidir - 300 kilometrlik yolu piyada getməlidir. Romanı burda oxu.

Denis Qutskonun «Бета-самец» romanının qəhrəmanı Aleksandr Topilin həyatından çox razıdır. Qırx yaşı var, evlidir və böyük qayğıları yoxdur. Onun nazir oğlu olan Anton Litvinovla müştərək biznesi var. Amma bu uğurularına baxmayaraq Topilin daim "arxa planda"dır. Baş rolu isə "alfa" - nazir oğlu oynayır. Bir dəfə Anton maşınla adam vurur, bu vəziyyətdə Denis baş rolda çıxış etmək fürsəti qazanır. O, həyatında hər şeyi dəyişə bilər. Amma bunu edəcəkmi? Axı o, bütün ömrünü ikinci dərəcəli "rol"lar ifa edib... Romanı burda oxu.

Andrey İvanovun «Харбинские мотыльки» romanının qəhrəmanı Boris Rebrov fotoqrafdır. Mühacirdir. Hadisələr 1920-40-cı illər arası Estoniyada baş verir. Çətinliklə dolanan fotoqraf hər açılan sabahın sonuncu olacağı qorxusu ilə yaşayır. Başına müxtəlif hadisələr gəlsə də, hər şeyə dözür. Amma sığınacaq tapdığı bu azad ölkəni də tərk etməli, bolşeviklərin təqibindən canını qurtarmaq üçün İsveçə qaçmalı olur - 1940-cı ildə SSRİ Estoniyanı işğal edəndən sonra. Romanı burda oxu.

Marqarita Xemlinin "Дознаватель" romanı Stalin dövrü haqdadır. 1952-ci ildə Ukraynada - əyalət şəhərində bir qadın öldürülür. Bu, adi kriminaldır, yoxsa siyasi motivli qətl? Hamıdan şübhələnirlər...

Rövşən Qənbərov

oxuzali.az

Yuxarı