post-title

Alber Kamyunun söz azadlığı haqda manifesti

Fransız dilindən tərcümə etdiyim Alber Kamyunun söz azadlığı haqqında aşağıdakı bu manifesti 1939-cu ilin 25 noyabrında yazıçının Əlcazairdə baş redaktor olduğu "Respublika Axşamı" qəzetində çap olunmalıydı, amma o vaxt bu yazı senzuradan keçməmişdi. Bu manifest Fransada arxivlərdən çıxarılaraq, ilk dəfə 18 mart 2012-ci ildə "Le Monde" qəzetində işıq üzü görüb.

 
Alber Kamyu bu yazısıyla müharibə şəraitində jurnalistin əsas vəzifələrini və onun necə müstəqil və azad qala bilməsinin yollarını axtarmağa çalışır. Bu yazıda Kamyu 1939-cu ildə Fransa mətbuatının yoluxduğu dezinformasiya və senzuraya qarşı kəskin şəkildə etirazını bildirir:
 
Hazırki dövrümüzdə mətbuat azadlığı haqda müzakirələr aparmaq olduqca çətin işdir. Sənin ya mənasız, axmaq olduğunu boynuna qoyurlar, ya Mata-Harilik (Məhşur rəqqasə Marqarita Gertruda Zell, Birinci Dünya Müharibəsi zamanı Almanların xeyrinə cəsusluqda ittiham olunaraq, Fransada güllələnib) etməkdə gunahlandırırlar və yaxud da sənin güya Stalinin qardaşı oğlu olmaqda damğalayırlar.
Bununla belə, bu azadlıq da digərləri kimi gerçək azadlığın özünün simalarından biridir və bizim onun müdafiəsinə belə qətiyyətlə qalxmağımız da o zaman başa düşülən olacaq ki, müharibəni qazanmağımızın həqiqətən də başqa bir yolu olmadığını qəbul edək.
 
Təbii ki, hər bir azadlığın həddi-hüdudu var. Lakin bu azadlıqlar da sərbəst şəkildə qəbul edilməlidir. Əslində, bugün fikir azadlığına qarşı yönəlmiş maneələr haqda indiyə kimi bacardığımız qədər nə varsa demişik və yenə də deyəcəyik, əlimizə fürsət düşdükcə, doyunca danışacağıq bu haqda. Ayrıca olaraq, senzura prinsipi tətbiq edildiyi andan, Fransada senzorun nəzarətindən keçərək, burada çap edilmiş mətnlərin, misal üçün, "Respublika Axşamı" (Alber Kamyunun Əlcəzairdə baş redaktor olduğu qəzet-tər) qəzetində yenidən çapına icazə verilməzsə, biz buna da qətiyyən təəcüblənmərik.
 
Bir qəzet ki, bir adamın kefindən və səriştəsindən asılı olsun, deməli, bu fakt başqa heç bir şey yox, bizim hansı şüur dərəcəsinə gəlib çatdığımızın ən yaxşı göstəricisidir. 
 
Bu ada layiq fəlsəfi fikirlərdən ən doğrusu elə, gerçəkləşməsi mümkün olmayan bir vəziyyətin qarşısında lazımsız göz yaşlarını tökməməkdir. Hazırda Fransada əsas məsələ ölkədə mətbuat azadlıqlarını necə qorumağımız sualı deyil. Qarşımızda duran əsas hədəf bu azadlıqların boğulduğu bir vaxtda jurnalistin necə azad və müstəqil qala bilməsidir. Bu problem artıq cəmiyyəti maraqlandırmır, bu daha çox fərdi məsələdir.
 
Məhz belə bir vaxtda, biz elə bir şərtlər və vasitələr müəyyən etməliyik ki, hətta müharibə və ondan irəli gələn məhdudiyyətlər dönəmində, azadlığımızı yalnız qorumaq deyil, həmçinin onu açıq şəkildə tələb etməyi bacaraq. Burada əsas dörd şərt var: aydın düşüncə, inkaretmə, ironiya və inadkarlıq. Aydın düşüncə ilk növbədə nifrət dolu şüarlara aludəçilik etməyə və taleyin kultlaşdırılmasına qarşı müqaviməti nəzərdə tutur. Biz, təcrübə aləmindən çıxış edərsək, hər şeydən boyun qaçıra bilməmizin mümkün olduğunu qətiyyətlə deyə bilərik. Müharibə özü özlüyündə bir insan fenomenidir və elə insani yollarla da ondan hər an ya boyun qaçırmaq olar, ya da onu tam dayandırmaq. Müharibənin hansı formasında olursa olsun, aşkar səbəblərinin olduğuna əmin olmamız üçün sadəcə Avropa siyasətinin son illərdəki tarixinə nəzər yetirsək kifayət edər. Hadisələrə belə aydın düşüncəli baxış kor-təbii nifrəti və ümidsizliyi qəbul etmir. 1939-cu ilin jurnalisti ümidini itirməməli və düzgün bildiyinin uğrunda elə mübarizə aparmalıdır ki, sanki onun bu hərəkətləri hadisələrin gedişatına təsir edə bilər. O, ümidsizlük yarada, nifrət oyada biləcək heç bir şey yazmalı deyil. Hər şey onun öz əlindədir.
 
Eyni zamanda, getdikcə artan böyük bir cəfəngiyyat dalğasıyla üz-üzə qaldığımız bir vaxtda, ona qarşı bəzi inkaretmə bacarığımızı da nümayiş etdirməliyik. Dünyanın bütün məhdudiyyətləri, məcburiyyətləri bir yerə yığılıb gəlsələr də, azca aydın düşüncəsi olan bir şəxsin vicdansızlığı, riyakarlığı qəbul etməsinə heç cür nail ola bilməzlər. Bununla belə, məlumat mexanizmlərinə azca da olsa bələd olsaq, o zaman xəbərin kökünə gerçəkliyinə də əmin olmamız bir o qədər asan olar. Müstəqil jurnalist bütün diqqətini məhz bu kimi keyfiyyətlərə yönəltməlidir. Çunki lap deyək o bütün düşündüklərini deyə bilmir, amma onun axı düşünmədiklərini və yaxud səhv düşündüklərini də deməməyə imkanı çatır. Müstəqil jurnalist bunu edə bilər. Müstəqil qəzet də cəmiyyətin gözündə məhz elə nələri deyə biləcəyi və nələri deyə bilməyəcəyi dərəcəsiylə ölçülür. Paradoksal olan odur ki, bugünki günümüzdə bu mənfi obrazlı azadlıq bütün digər azadlıqlardan vacibdi, təbii ki, onu qoruyub, əlimizdə saxlaya bilsək. Çünki bu bir növ, gerçək azadlığın gəlişini hazırlayır. Buna uyğun olaraq, müstəqil bir qəzet öz məlumatlarının kökünü təqdim etməli, oxuculara onları dəyərləndirməkdə yardımçı olmalı, beyinlərin yuyulmasından imtina etməli, söyüş və təhqirlərə yer verməməli, məlumatların bir yerə toplanılmasını şərhlər vasitəsiylə yumuşaltmalı, bir sözlə, var gücü ilə, humanist bir tərzdə həqiqətə xidmət etməlidir. Humanist tərz dedikdə, özü-özlüyündə nisbi olan bu yanaşma ona elə bir şeyi rədd etməyə imkan verəcək ki, dünyada heç bir qüvvə bunu ona qəbul etdirə bilməz: yalana xidmət etməyi.
 
İndi də gələk ironiya məsələsinə. Prinsipcə, iddia etmək olar ki, üzərimizə məhdudiyyətlər qoymaq üçün hər bir zövqə və üsullara malik olan bir zehn ironiya üçün əlçatmazdır. Uzağa heç getməyək, misal üçün elə Hitleri götürək, onun sokratik ironiyadan istifadə etdiyini heç görmürük. Bununla da deyə bilərik ki, ironiya güclülərə qarşı misli görünməmiş bir silah olaraq qalmaqdadır. Digər tərəfdən, məzhəkəli tərz həmçinin inkaretmə prinsipini də tamamlayır. O mənada yox ki, o da düzgün olmayanı qəbul etmir, əksinə, çox vaxt bizə həqiqəti deməyə imkan verir. 1939-cu ilin azad jurnalisti ona zülm edənlərin intellekt səviyyəsiylə bağlı özü üçün çox ilyüziyalar yaratmamalı, belə insanlara qarşı o, daha çox pessimist yanaşmalıdır. Doqmatik tərzdə söylənmiş həqiqətin onundan doqquzu senzuraya məruz qaldığı halda, həmən həqiqət zarafatla söyləndikdə, onun yalnız beşi senzor nəzarətindən keçə bilmir. Bu düstur insan intellektinin mümkünlüklərini kifayyət qədər dəqiqliyi ilə açır. Məhz bu düsturun sayəsində bugün Fransanın "Le Merle" və yaxud "Le Canard enchaîné" (Fransada satirik qəzetlər) kimi qəzetləri mütəmadi olaraq öz səhifələrində gördüyümüz o cəsarətli yazılarıyla çıxış edə bilirlər. Deməli, 1939-cu ilin azad jurnalisti mütləq məzələnməyi bacarmalıdır, hətta özünü buna məcbur etsə belə. Lakin həqiqət və azadlığın sevgililəri az olduğundan, onlar çox tələbkar məşuqələrdir.
 
Yuxarıda bu düşüncə vəziyyətini qısa da olsa aça bildik. Amma aydın olan odur ki, minimal inadkarlıq olmadan, bu düşüncə tərzi özünü səmərəli şəkildə qoruyub saxlaya bilməz. İfadə azadlığı qarşısında bir çox maneələr dayanıb. Amma bu maneələrin ən ağırları belə o gücdə deyil ki, bu düşüncəni ruhdan sala bilsin. Çünki bütün bu təhdidlər, təqiblər, qəzetlərin dayandırılması gözləntilərin əksinə olaraq, adətən Fransada əks effekt yaradır. Amma qəbul etməliyik ki, bəzi ciddi maneələr yenə də ruhdan salır : davam edən axmaqlıq və mənasızlıq, total şəkildə baş alıb gedən qorxaqlıq, təcəvüzkar xarakter alan cahillik... və biz də bütün bunlardan yan keçirik. Bunlar o maneələrdir ki, biz bunları mütləq dəf etməliyik. Burada da inad göstərməyin özü elə bir ləyaqət məsələsidir. Maraqlı paradoks olmağına baxmayaraq, inadkarlığın eyni zamanda obyektivliyə və tollerantlığa da xidmət etmiş olduğunu aydın şəkildə deyə bilərik. Hətta əsarətin daxilində olsa belə, azadlığımızı qorumamız üçün bizə lazım olan qaydalar toplusu məhz budur. Bəs sonra?, soruşa bilərsiz. Bəs sonra nə olacaq? Gəlin çox tələsməyək. Əgər sadəcə hər bir fransız öz aləmində bütün doğru və ədalətli hesab etdiyini əlində saxlaya bilərsə, öz kiçicik də olsa töhfəsiylə azadlığın qorunmasında yardımçı olarsa, yolundan imtina etməyə qarşı müqavimət göstərərsə və öz iradəsini nümayiş etdirərsə, bax yalnız və yalnız o zaman, müharibəyə, sözün əsl mənasında, qalib gələ biləcəyik. 
 
Bəli, yaşadığımız əsrdəki azad düşüncə sahibi çox vaxt istəməsə belə öz istehzasını hiss etdirməyi bacarandır. Alovlanıb coşan bu dünyada əyləncəli başqa bir şey nə var ki? Lakin insanın böyüklüyü qəbul etmədiyi bütün hər şeyin qarşısında tab gətirməsidir. Heçkim 25 ildən sonra yenidən 1914 və 1939-cu illərin təcürbəsini yaşamaq istəməz. Buna görə də biz tam yeni bir metodu nəzərdən keçirməliyik. Bunlar ədalət və nəciblikdir. Amma bu keyfiyyətlər yalnız azad olmuş qəlblərdə və hələ də aydın düşüncəli şüurlarda ifadə oluna bilirlər. Belə qəlbləri və şüurları formalaşdırmaq, daha doğrusu onları oyatmaq, müstəqil və azad insanın yerinə yetirəcəyi yüngül və eyni zamanda iddialı bir vəzifəsidir. İrəlidə nəyin necə olacağına baxmadan buna tab gətirməliyik. Tarixin bu səylərimizi nəzərə alıb almayacağı məlum deyil. Amma əsas olan bu səylərin edilmiş olacağıdır.
 
Tərcümə: Fuad Qulubəyli
 
Kultura.az
Yuxarı