“Studentlər” romanı haqqında resenziya
“Tolstoy demək, çar idarəsinə qarşı ümumi bir e…
Dünən axşam ictimai kanalda prezidentliyə namizədlərin debatına baxandan sonra, o qədər əsəbləşdim ki, hirsimin soyuması üçün şəhərə çıxıb uzun müddət təkbaşına gəzməli oldum. Bilmirəm həmin debatlara nə qədər adam baxır, amma hansısa formada ictimai kanala təzyiq etmək lazımdır ki, veriliş gedən zaman heç olmasa, humanizm xatirinə "ürəyi zəif olanlar baxmasın" xəbərdarlığı edilsin. Bir-iki istisnadan başqa, o debatlardakı adamlar, onların danışığı insan səhhətinə çox ciddi şəkildə ziyanlıdır. Mən şəxsən istəmirəm, ayda-ildə bir dəfə televizora baxım, onda da Hafiz Hacıyev, Araz Əlizadə, Zahid Oruc, Qüdrət Həsənquliyev kimi adamları görüm. Bu adamları məqsədyönlü şəkildə televiziyaya çıxarmaq, insanların sağlamlığına bilərəkdən ziyan vurmaqdır.
Ölkədə xeyli sayda boş-bekar adam var ki, niyə yaşadıqları, bəşəriyyətdən nə istədikləri məlum deyil, amma iddialıdırlar. Asosial solçular, bəzi qlamur liberallar ən azından bu debatları ingilis dilinə tərcümə edə, Dünya Səhiyyə Təşkilatı kimi qurumlara göndərə bilərlər. Madam ki, hakimiyyətdəkilər xarici siyasətçilərin ağzına kürü doldurub susdura bilib, heç olmasa, məsələyə dünya həkimləri, humanistləri, aktivistləri qarışsın. Ölkənin taleyi ilə maraqlanan bir ovuc adam var, onları da televiziyadan canlı yayım təşkil etməklə infarkt həddinə çatdırıblar...
Bu mənada, mən hörmətli professor Cəmil Həsənliyə dözüm və iradə arzu edirəm, Elə adamların qarşısında çıxış etmək heç də asan məsələ deyil. Ümumiyyətlə, mənimçün son dövrlərdə bir obraz kimi, ən böyük tapıntı Cəmil Həsənlidir. Elə insanlar var ki, onlar yaşlananda daha mənalı, daha maraqlı və xarizmatik olurlar. Cəmil bəy də belələrindəndir. Hakimiyyətin debatlardakı ssenarisinə əsasən, təyin edilən məlum namizədlər kəskin ifadələrlə, təhqirlə, ailə-məişət məsələlərinə müdaxilə etməklə, müxalifətin namizədini provakasiyaya çəkməli, ona danışmağa imkan verməməliydilər. Bu zaman isə hakimiyyətin nümayəndəsi gülə-gülə bu prosesi izləməli, havadan-sudan danışaraq vaxtın keçməsinə tamaşa etməliydi. Bütün bu prosesi 180 dərəcə dəyişməklə, o adamları yerinə oturtmaqla, cəmiyyətin müəyyən təbəqələrini canlandırmaqla Cəmil bəy böyük bir iş gördü. Seçkilərin taleyindən asılı olmayaraq, hörmətli professor öz işini layiqincə görə bilib və hal-hazırda 5-0 öndədir. Ona bundan sonra da uğur arzu etmək qalır...
Bu vacib qeydi etdikdən sonra keçək əsas məsələyə. Mən əslində, bu gün hörmətli əhalimizdən yazmaq istəyirdim, əhalimizin biganəliyindən və öz ölkəsində özünü turist kimi aparmasından. Dünən şəhərdə gəzəndə yenə müşahidə elədim ki, camaatın dünya-aləm vecinə deyil: yenə fəvvarələrin qarşısında dayanıb şəkil çəkdirir, qayğısız-qayğısız gəzişir, gözlərini uzaqlara zilləyir, bir sözlə, öz ölkələrində özlərini turist kimi aparırlar. Sanki bu ölkədə prezident seçkiləri kimi, bir millətin taleyini həll edən (xüsusilə indiki dövrdə) mühüm bir proses getmir, sanki bütün bu söhbətlərin onlara heç bir aidiyyatı yoxdur.
Möhtərəm əhalimiz neçə illərdir ki, lidersizlikdən gileylənir. Guya bu ölkənin ən böyük problemi budur. Bu məsələ həll olunsaydı, camaatımız liderin ətrafında sıx birləşər, bütün problemləri də çoxdan həll edərdi. Yalan söhbətdir. Bu, bir insanın özünə, öz tənbəlliyinə, biganəliyinə, cəsarətsizliyinə haqq qazandırmaq istəyindən başqa bir şey deyil. Lider necə olur ki? Cavan-cavan uşaqlar həbsdədir, dünyanın ən gənc siyasi məhbusu Azərbaycandadır. Neçə-neçə insan öz əqidəsinə görə ya həbsə atılıb, ya fiziki təzyiqlərə məruz qalıb, ya da işindən qovulub. Lider necə olur ki? İnsanları övladlarıyla sınağa çəkirlər bu ölkədə, insanları çörəklə sınağa çəkirlər. Televiziyada, radioda müxalifət liderlərinin ailələri, həyat yoldaşları, uşaqları, qohumları, özləri ən alçaldıcı ifadələrlə təhqir edilirlər. Bütün bunlara baxmayaraq, bu insanlar yenə də öz əqidələrindən dönmürlər.
Azərbaycanlılar elə bilirlər ki, siyasətçi hər şeyə dözməlidir. Niyə, xeyirola? Siyasətçi bəyəm insan deyil? Siz özünüzü turist kimi aparanda, siyasətçi adlandırdığınız şəxslər bütün məhrumiyyətlərə dözməli, mənəvi terrorla üzləşməli, sonra da sizin danlağınızı eşitməlidir? Hansı fövqaladə məziyyətinizə görə bu insanlar bütün bu işgəncələrə dözməlidirlər və üstəlik sizdən danlaq eşitməlidirlər? Lap tutalım ki, nə vaxtsa səhvləri olub, bəyəm təkcə onların səhvləri var? Bəyəm bu ölkədə onlardan başqa hər kəs süddən çıxmış ağ qaşıqdır?
Bir neçə il bundan öncə gənc fəallardan biri həbs ediləndə, bank hesabı açılmışdı ki, başsız qalan ailəsinə biraz yardım edilsin, çünki heç ərzaq almağa da pulları yox idi. O hesaba aylar ərzində cəmi 45 manat pul yığıldı, cəmi 45 manat. 45 manat sıravi azərbaycanlının bir toy məclisinə atdığı puldan azdır. Bəyəm Azərbaycanda pullu adam yoxdur? Niyə yoxdur ki? Hörmətli əhalimiz pul qazanmağı bacaran camaatdır. Amma o, bu pulu ömründə nə kitaba, nə dəftərə, nə uşağının gələcəyinə, nə ölkəsinin gələcəyinə sərf etməz: toya atar, manısa, müğənniyə xərcləyər, kababa, arağa xərcləyər, lazım gəlsə, hətta cırıb atar, amma faydalı nəyəsə xərcləməz. Ömründə hansısa yetimə dəstək olmaz, hansısa gəncə, hansısa mübariz insana, hansısa sənətkara öz həmrəyliyini bildirməz. Ehtiyat fondunda da daim kara gələn aforizmlər saxlayar ki, lazım olanda müdrik poza alıb guppuldatsın: "Bunların hamısı oyundur. Hamısı harasa işləyir. Mən siyasətə qarışmıram!". Adama deyərlər, Azərbaycanda siyasət var ki, sən siyasətə qarışırsan? Siyasət Avropadadır, Amerikadadır, nə bilim haradasa başqa yerdədir. Azərbaycanda bu sözün həqiqi mənasında siyasət və siyasətçi yoxdur. Azərbaycanda olsa-olsa dissidentlər var. Və neçə illərdi bu adamlar həm fiziki, həm də mənəvi terrora məruz qalırlar...
Orası düzdür ki, hazırda müxalifət düşərgəsində xeyli sayda geridəqalmış, savadsız, dünyagörüşsüz, intellekt azlığından əziyyət çəkən adam var. Bu adamlar xeyli sayda adamı özlərindən hürküdüblər. Ancaq bu məsələdə də günah Azərbaycan ziyalılarında, intellektuallarındadır. Müxalifət düşərgəsi hər zaman belə qaramat olmayıb. Vaxt varıydı ölkənin ən say-seçmə ziyalıları müxalifət düşərgəsindəydi və bu adamlar əməlli-başlı mübarizə aparırdılar. Bəs sonra nə oldu? Sonra heç nə, ölkəyə pul gəldi, bu adamlar da pula qaçdılar, getdilər qarınlarına fransız çaxırı doldurmağa.
Belə də bir nağıl var ki, filan-filan illərdə xalq küçəyə çıxmışdı, liderlərin səriştəsizliyindən proses məğlubiyyətlə nəticələndi. Bu da yalan söhbətdir, uydurmadır və xalis cəfəngiyyatdır. Xalq küçəyə çıxanda, xalq ayağa qalxanda mütləq liderini hakimiyyətə gətirir. Ayağa qalxıb hakimiyyətə gəlməyən xalq qeyri-ciddi xalqdır. Ona görə də bu bəhanədən istifadə etmək, heç də məqsədəuyğun deyil. 90-cı, 2000-ci illərdə küçələrə çıxanların əksəriyyəti partiya fəallarıydı, sayları da kifayət qədər deyildi. Cəmiyyətin düşünən, dəyişikliyə can atan bu təbəqəsi sıradan çıxarıldı və hələ də bu proses davam etməkdədir.
Qısası, "Liderlər, müxalifət belə gəldi, o birisi belə getdi" kimi bəhanələrlə yaşamaq, özünü aldatmaqdan başqa bir şey deyil. Qədim bir məsəldə deyildiyi kimi, İnsanın vicdanını özündən başqa heç kim təmsil edə bilməz.
Danışıqları belə səhhətə zərərli adamların canlı efirə çıxıb, prezidentliyə iddia etməsində hörmətli əhalimizin özü məsuliyyət daşıyır. Və bu məsələdə başqa heç kimin heç kimi günahlandırmağa haqqı yoxdur.
P.S. Vəziyyət yenə belə davam eləsə, hakimiyyətə "Mən özüm olajam prezident, hamınızı qırajam, hamınızı sürgün eləəjəm" deyən Hafiz Hacıyev gələcək. Təxmini ssenari belədir: yeyib doymaq bilməyən hakimiyyət müxalifəti tam yeyəndən sonra, qəfildən köpüb öləcək. Camaat yenə də özünü turist kimi aparacaq. Meydanı boş görən Hafiz Hacıyev hakimiyyətə gələjəh, prezident olajax və həqiqətən də hamını qırajax, qıra bilməyənləri də sürgün eləəjəh. Bununla da, bütün məsələlər həll olunmuş olajax...
Bu qədər, vaxtımı saxlayıram.
Cavid Ramazanov
Kultura.az