post-title

Buyurun, qəzet oxuyun

Hər sabah qəzet oxumaq ibadət etmək kimi bir şeydir

 
Bir neçə müddətdir ki, Azadlıq radiosunun “Fərqli düşüncə” qəzetini paylayıram. Qəzet həftədə bir dəfə olmaqla (indi müvvəqəti olaraq 15 gündən birdir) şəhərin müxtəlif yerlərində pulsuz paylanılır. Qəzetdə əsasən radioda gedən materiallar və maraqlı yazılar toplanır. Əsas məqsəd qəzet almağa imkanı olmayan insanları marifləndirmək və ölkədə gedən prosesləri onlara çatdırmaqdır. 
 
Bunu yazdım ki, söhbət haqqında məlumatınız olsun. İlk dəfə işə gedəndə çox rahatıydım. Fikirləşirdim ki, bir neçə saata çox asanlıqla qəzetləri paylayacam...
 
Amma hər ehtimala görə, redaksiyada bu işə baxan müdirimiz məni məlumatlandırdı.  İnsanların qəzetləri götürmüyəcəklərini, bəzilərinin heç sənə əhəmiyyət vermiyəcəklərini, hətta bəzilərinin qəzeti əlimdən alıb elə bir-neçə metr aralaşmamış yerə atacağını da dedi...
 
Düzü, elədə inanmadım. Axı niyə də inanmalıydım? Həmişə bu insanlar maddi çətinliklərinə görə, qəzet almadıqlarını demirlərmi? Həmçinin qəzet də ölkədəki problemlərə toxunan yazılarla dolu ola.
 
Nəysə, qəzeti birinci gün hamısını paylayıb qutardım. Müdirimizin dediyi kimi qəzeti almayanlar, mənə fikir vermiyənlər oldu, amma sən demə görəcəyim günlər qabaqdaymış...
 
Getdikcə qəzeti bir günə deyil, bir neçə günə paylayıb qutarırdım. Müdirimizin dediyi sözlər getdikcə adiləşirdi. 
 
Mənə tərəx baxmıyanlar, qəzeti əlimdən alıb sonra özümə qaytaran gənc oğlan və qızlar, əşi sənin işin yoxdu deyən qocalar, qəzeti cırıb yerə atanlar, nömrəni yaz qızlara ver deyənləri  və daha nələr.
 
Bir dəfə yenə metronun qabağında axşamüstü qəzet paylayırdım. İki cavan oğlan yaxınlaşıb bu nədir deyə soruşdular. Dedim qəzetdir. Sual verdi ki, nədən yazılar. Dedim ictimai-siyasi qəzetdir, ölkədə baş verən hadisələrdən yazılar. İlişə-ilişə gülməyə başladı və qəzetdə krasvord olub-olmadığını soruşdu. Dedim yoxdur. Başlarını bulayıb getdilər.
 
Bir dəfə isə bir orta yaşlı xanım yaxınlaşıb dedi ki, o qəzetdən 20-30-nu verim ona. Soruşdum nəyinə lazımdır bu qəzet. Qayıdıb qısaca dedi ki, yumurta bükməyə lazım olur...
 
Bu hadisə isə keçən qış başıma gəlmişdi. İşdən çıxıb, qəze paylamağa getdim. Tərslikdən də əynimi nazik idi. Hava qaralmağa başlamışdı və yağış təzə başlayırdı, birdə məlum Bakı küləyi. Nizami metrosunun qabağında təxminən əlimdə 300-ə yaxın qəzet durmuşdum. Gəlib-gedənə “buyurun pulsuz qəzetdir götürün” deyirdim. Gəlib keçən adamdan 20-dən biri çönüb mənə baxmırdı. Təxminən yarım saatdan artıqıydı heç 10 qəzet paylamamışdım. Yağış və külək getdikcə güclənirdi. Bilmirdim nə edəm, qəzetləri paylamaq lazım idi.  Bir xeyli gözlədim, amma kimsə mənə fikir vermirdi. Beləcə bir saatdan artıq idi ki, qəzetlər əlimdə qalmışdım. Əsəbdən gözlərim dolmağa başladı. Axı niyə belə edir bu millət fikirləşdim. Yaxşı qəzet oxumurlar, bəs görmürlər soyuqdur, mən bunları paylamalıyam. Yaxınlıqdakı mağazaya keçib əllərimi isidib, qəzetləri götürüb 20 yanvara getdim. Təxminən gecə 11-ə qalmışa kimi qəzeti paylayıb qutardım...
 
İndi sual verə bilərsiniz ki, nə oldu elə ancaq pis şeylərdən yazırsan. Yox, yaxşı münasibət görsədən insanlar da olur. Məsələn, bir yaşlı insan var, nömrəmi belə götürüb, Əhmədli metrosu tərəfdə qalır, hər həftənin birinci-ikinci günü əlaqə saxlayıb gəlib qəzetlərini götürür. Rus dili köhnə Bakılı bir xanım var, xəstəxanada işləyir, hər dəfə ona yaxın qəzet götürüb oradakı iş yoldaşlarına paylayır. Elə insanlar var ki, bir az görünməyəndə niyə gecikdiyimi ərkiyana soruşurlar.
 
Yəni var, amma azdılar, yox kimidilər. Əllərimə qəzet almamağı özlərinə sığışdırmayan gənclər var. Həmdə çoxdular. Adamın üzünə baxırlar, “buyur qəzet götür deyirəm” əşi nəyimə lazımdır, boş-boş şeylərdir, guya oxusam nə dəyişəcək deyilər. Hələ hərf tanımamaqlarını deyib fəxrlə gülən gənclər var. Ver oxumasaq belə, evdə bir şey bükməyə istifadə edərik deyən insanlar var.
Məsələ budur. Oxumaq istəməyən cəmiyyətdə isə dəyişiklikdən söhbət belə gedə bilməz. Hər həftənin birinci-üçüncü günlər mən depresiyay düşürəm, ümidlərim məhv olur. Pulsuz belə qəzet oxumursa bir ölkənin tələbəsi, fəhləsi hanı dəyişiklikdən danışa bilərik. Bu reallıqdır, acıdır bilirəm, həmdə çox, adamın nəfəsi tutulur bunları yazmağa amma ola budur. Üzünə belə baxmadan, guya səni eşitmədən sakitcə yanından keçir, qəzeti alıb beş metr getməmiş cırıb atır, nifrətləadamın üzünə baxırlar. Sanki adam az qalır günah bir iş gördüyünü fikirləşsin. 
 
Ümidsizləşdirmək istəmirəm sizləri, amma çıxış yolu görmürəm, yoxsa sevə-sevə yazardım. Bəlkə nə zamansa bu ölkədə pulla belə isanlar toplum halında qəzet alacaqlar, bəlkə kitablar 500 tirajla deyil 10 min tirajla çıxacaq, insanlar köşkülərin qabağında növbəyə duracaqlar. Amma o zamanın yaxın olduğunu yaza bilməyəcəm. 
 
P.S Ola bilər kimsə yazdıqlarıma inanmasın, problem deyil. Həftənin birinci-üçüncü günü əlaqə saxlayıb, qıraqdan mənim qəzet paylamağıma baxa bilərsiniz. Və o zaman görəcəksiniz ki, yazdıqlarım, gördüklərinizin bir faizi belə deyil.
 
Elkin Xəlilov
Yuxarı