post-title

Fəal gənclərin kitabı

Gənc fəalların təşəbbüsü və təşkilatçılığı ilə böyük rus yazıçısı, dissident ədib Aleksandr Soljenitsının “İvan Denisoviçin bir günü” əsəri ana dilimizə tərcümə olunub və dünən kitab halında nəşr edilib. Bu, povest (indiki meyarlarla götürsək, roman) Nobel mükafatı laureatı Aleksandr Soljenitsının ən şedevr olmaqla, həm də dünya nəsrinin şah əsərlərindən biridir. Soljenitsının yaradıcılığına bələd olanlar bu fikrə etiraz etməzlər, yəqin.

 

Ədibin üç kitablıq “Qulaq arxipelaqı” əsərində ötən əsrin 34-53-cü illəri arasında sovet həbs düşərgələrində milyonlarla insanın məşəqqətlərə məruz qoyulması, amansız repressiya maşınının tırtılları altında məhv edilməsi daha təfərrüatlı, daha gerçəkçi şəkildə təsvir edilsə də, “İvan Denisoviçin bir günü”ndə statistika yoxdur, əvəzində günahsız dustaqların yaşantıları, kədərləri, ümidləri, yaşayış uğrunda mübarizələri var.

Müəllif uzun illər məhbəs, sürgün həyatı yaşadığından bu mənzərələri yaratmaq onun üçün o qədər də çətin olmayıb. O, gözü ilə gördüklərini, özünün də ürəyindən keçənləri yazıb. Romanda onun özü də var, fəqət görünmür, ədib özünü kütləvi epizodların içində əridib.

Əsərin qəhrəmanı İvan Denisoviç adı, şərlənib tutulmuş milyonlarla sovet adamından biridir. Həyat, əzablı türmə həyatı onu sıxıb-sıxıb bir heçə, bir qarın çörək üçün çox şeyə hazır olan bir adama döndərib. Bununla belə, o, hələ dibdə deyil, səkkiz illik türmə həyatı onu, müəllifin də qeyd etdiyi kimi, hələ çaqqala döndərməyib, Şuxov insanlığını az da olsa qoruyub saxlayıb.

Amma çaqqala dönmüş biri var - o vaxtilə hansısa müəssisədə direktor işləmiş Fetyukovdur. Azadlıqda ona-buna əmrlər verən şəxs indi məhbəsdə qabyalayandır. Qabyuyan da yox ha, məhz qabyalayan! Bu sətirlər ona aiddir: “Fetyukov burnunu çəkə-çəkə baraka girdi. Belini əymişdi. Ağzının qıraqlarında qan izi vardı, deməli, yenə qab yalamaq üstündə döyülmüşdü”.

Hələ başqaları da var, onlar qabların təhvil verildiyi pəncərənin ağzında dayanır, qabların dibini yalamaq üçün bir-birilə dalaşırlar. Onları buna düşərgədə çəkdikləri aclıq vadar edir.

Amansız repressiya illərinin kütləvi tutqusu insanları kütləvi şəkildə şəxsiyyətsizləşdirib. Bu Stalin məhbəslərində başı dolandırmaq elə də asan deyil. Onları qoyun sürüsü kimi qabaqlarına qatıb aparır, işlədib geri gətirirlər. Özünü fərasətli adam sayan, ona-buna qulluq göstərərək qarnını doyuran Şuxov fərasətsiz Fetyukova baxaraq fikirləşir ki, o, azadlığa sağ çıxmayacaq.

Onun özü də artıq azadlıqdan yadırğayıb. Gələcəyə heç bir ümidi yoxdur, bilmir ki, həbs müddəti bitəndən sonra haraya gedəcək. O, qarnını şorba, sıyıq və quru çörəklə doyurmağı, başını çirkli yorğanının altına soxaraq, paltarlı-palazlı yuxuya gedə bilməyi, karserə düşməməyi xoşbəxtlik sayır.
“İvan Denisoviçin bir günü” əsəri hələ də aktualdır. Ona görə ki, hələ də siyasi motivlərlə həbs olunan, cəzaçəkmə müəssisələrinə göndərilənlər var və onlar heç də Şuxov kimi olası insanlar deyillər.

Əsərdə öz şəxsiyyətini, ləyaqətini saxlaya bilmiş bir nəfər var, onun adı çəkilmir, barəsində söz açılmır, sadəcə, iki abzasda obrazı verilir. “Şuxov eşitmişdi ki, bu qoca sovet hökuməti qurulandan həbsdədir, gəzmədiyi həbsxana, düşərgə qalmayıb, heç bir əfv fərmanına düşməyib, hər dəfə on ili qurtaranda belinə növbəti onilliyi qoyublar. Şuxov qocaya yaxından baxdı. Düşərgənin əydiyi bellər içində onun beli ən şuxu idi. Elə dik oturmuşdu ki, sanki altında oturacaqdan da başqa nəsə vardı”.
Aydın məsələdir ki, bu adam əsl siyasi dustaqdır, dissidentdir və əyilməyi, sınmağı bacarmayanlardandır. Belə adamlar həmişə nümunə olublar.

Ölkəmizin mübariz gəncləri bu kitabı min kitabın içindən seçərək, ona görə dərc etdiriblər ki, həmyaşıdları onu oxusunlar.
Gənclər bu kitabı ona görə oxumalıdırlar ki, siyasi mübarizənin cürbəcür üzü olduğunu bilsinlər, yolları həyatın ən pis döngəsi olan məhbəsə düşəndə Şuxova çevrilməsinlər, eyni zamanda ayaqda qalmağı da bacarsınlar, ləyaqətlərini uca tutmağı da.

Beləcə, “İvan Denisoviç” qulluğunuzdadır - eynilə eyni adı daşıyan və qulluq göstərməyi sevən Şuxov kimi.

Xalid Kazımlı

Musavat qəzeti

Yuxarı