post-title

Azərbaycan Res-publika kimi yox, Res-privata kimi

Azərbaycan dilində “ictimaiyyət” termininə ingilislər public sphere, fransızlar sphère publique, almanlar Öffentlichkeit, türkiyəlilər kamu, ruslar isə ya публичное пространство, ya da публичная сфера deyirlər. Terminoloji tərcümədə publik sfera, ya da publik fəza deməkdir. Latın dilində “publicus”dan törəyən “publik” (ictimai) sözünün iki antonimi var: şəxsilik (xüsusilik) və gizlinlik (qapalılıq). Deməli, onda, publik olmaq – nə şəxsi (xüsusi), nə də gizli (qapalı) olmaq deməkdir, əksinə, ümumi və açıq (şəffaf, aşkar) olmaqdır.

 

Ərəbcədən dilimizə keçən, insanların bir yerə yığılması, toplanması demək olan “cəmiyyət” sözü ilə eyniköklü “ictimaiyyət” terminində ümumilik, xüsusilə də açıqlıq anlamı yoxdur. Ancaq təəssüf ki, “bir dəli quyuya bir daş atdı...” adəti üzrə, kimsə, haçaqsa, dilimizə bir səhv tərcümə termin gətirib, indiyəcən də belə işlədilir.

Bəzən “ictimaiyyət” əvəzinə hətta “ictimai sektor” yazanlar da olur. Halbuki, ictimai sektor, daha doğrusu, publik sektor iqtisadi termindir, bazardakı tıxanmanın aradan qaldırılması və bütün cəmiyyət üçün əhəmiyyət daşıyan malların təmin edilməsi fəaliyyəti deməkdir.

PUBLİK SFERA HARADIR?

İndi isə bizim “ictimaiyyət”, qərblilərin “publik sfera” ya da “publik fəza” dedikləri, mənim isə yazımın bundan sonrakı hissəsində “ictimaiyyət” yox, məhz “publik sfera” kimi yazacağım anlayışı yavaş-yavaş anlamağa çalışaq.

Tarixdən bildiyimiz ilk fiziki publik sfera qədim Yunanıstanda – Afinada aqora şəhər meydanıdır. Sonralar Romada bu, forum adlandırıldı. Aqoraya ancaq azad adamlar toplaşar, kiçik qruplar halında və ən müxtəlif mövzularda söhbət edərdilər. Azad olmaq – öz yaşayışını təmin etmək üçün zəruri işlərdən və ev işlərindən azad olmaq demək idi (H. Arendt). Hərçənd, yoxsul Sokratesi də tez-tez aqorada söhbət etdiyi yerdə görmək olardı, amma o, istisna idi, onu dostları saxlayırdı. Azərbaycanda belə açıq və ümumi söhbət yerləri qabaqlar yəqin ki, karvansaraylar, yas yerləri, şəhərlərdə ümumi hamamlar, meyxanalar, ən son vaxtlaracan da çayxanalar, klublar, qəzet redaksiyaları və s. olmuşdur. (İndi hara(lar)dır görəsən? Partiya qərargahları? Facebook?).

Yəhudi ənənəsinə görə, allahı inkar edənlərin cəsədlərinin basdırılmadan atıldığı, coğrafi baxımdan Yerusəlimdə yerləşən,  ivrit dilində “Qe-Hinnom” adlı dəhşətli bir vadinin adının ərəblər tərəfindən sonralar məcaziləşdirilərək, Quranda xəyali-abstrakt “cəhənnəm”ə çevrilməsi kimi, publik sfera anlayışı da meydan kimi, küçə kimi, çayxana kimi və s. insanların üz-üzə görüşdüyü, sözün gerçək anlamında ümumi və açıq fiziki məkan anlayışından törəmişdir.

İnsan fərdi əslində dostlarının arasında, iş yoldaşları ilə münasibətdə, qonum-qonşu ilə gediş-gəlişdə, ailədə, daxil olduğu müxtəlif qruplarda və s. yaşayır, cəmiyyət yox. Çünki cəmiyyət insan zehninin bir qurğusudur, mental konstruksiyasıdır və sosial fəlsəfənin, sosial elmlərin abstraksiyasıdır. Eynilə cəmiyyət kimi, publik sfera da belə bir abstraksiyadır. Publik sfera – fəzadır. Bu fəza – küçə, meydan kimi fiziki məkan da ola bilər; sosial şəbəkə, internet səhifəsi kimi virtual məkan da.

PRİVAT SFERA, İNTİM SFERA, RƏSMİ SFERA

İnsanın yaşayış arealı, şərti olaraq, iki böyük fəzaya – pubik sferaya və privat sferaya bölünür. Publik sfera ümumi və açıq olduğu halda, privat sfera, əksinə, şəxsi və başqalarına qapalı sferadır. Privat sfera publik sferadan təcrid edilmiş, ayrılmış, toxunulmazlığı dövlət tərəfindən qorunan, ailə və yaxud dostlarla birlikdə keçirilən “dörd divar arası” həyat və boş vaxtın keçirildiyi dincəlmə məkanıdır. Bu anlamda balkonunda dincələn qonşusuna baxmaq da başqasının privat sferasına soxulmaqdır. Lakin privat sferanı intim sfera ilə qarışdırmaq olmaz. İntim sfera bədən, çılpaqlıq və seksuallıqla əlaqədar olub, ən şəxsi duyğu və düşüncələrin sahəsini ifadə edir. Beləliklə, publik sfera nə privat, nə intim, nə də rəsmi sferadır (Rəsmi sfera – hakimiyyət nümayəndələrinin kabinetləri, iclas salonları və s.-dir).

Azərbaycanda siyasi hakimiyyət publik sferanı gündən-günə daraltmaqla qalmır, insanları evində, yataq otağında, tualetində güdməklə privat sferanı demək olar ki, işğal edir. Bu, bütövlükdə dövlətin vətəndaşa özgələşməsi, insanın öz yaşayış arealını tərk etməyə məcbur edilməsidir.

Publik sfera cürbəcür mövzularda müzakirələrin aparıldığı hamıya açıq, girişi sərbəst məkanlardır. Amma belə müzakirələr privat sferada da aparıla bilər. Onda privat sfera ilə, publik sferanı bir-birindən necə ayırd edəcəyik? Belə: Əgər bir məkanda səslənən məlumatlar ancaq oradakı iştirakçılarda qalır, qırağa çıxmırsa, o məkan privat sferadır; əksinə, səslənən məlumatlar həmin məkandan başqalarına da ötürəcəklərsə, bu artıq publik sferadır (J. Habermas). Yəni açıqlıqla qapalılığın sərhəddi budur: məlumatların yayılıb-yayılmaması. Bu anlamda yeraltı (underground) qruplaşmalar, oğruların dünyası, başqalarına sirr verməyən masonlar kimi mistik-esoterik təriqətlər publik sferaya aid deyillər.

Açıqlıq küçəni, gizlilik evi yada saldığı üçündür ki, bütün Şərq kulturasında, o sıradan da Azərbaycanda, publik sfera (çöl-bayır) kişi işi, privat sfera (ev-məişət) qadın işi sayılır. Görünür, buna görədir ki, Azərbaycanda xanımlar, ən azından açıq və ümumi məkanlarda, siyasi qəzet oxumurlar, bunu kobud kişi işi sayırlar; kişilər də, məsələn, balkonda zivədən paltar sərmirlər. Mentalitetçilərimiz Sovetin “çadrasını atan”, “ictimailəşən qadın” obrazlarına hələ də istehza edirlər. Çünki məsələni başa düşmürlər.
Publik sferanın üç əsas anlamı var.

1. PUBLİK SFERA ANLAYIŞININ BİRİNCİ ANLAMI. Publik sfera – ən müxtəlif mövzularda aparılan müzakirələrin, informasiya alıb-vermənin, fikirlərini bölüşməyin və publik rəy formalaşdırmanın yeri və bu prosesin özüdür; qısaca desək, publik sfera dedikdə həm məkan, həm də proses başa düşülür.

Bu anlamda publik sfera publik müzakirələrin aparıldığı yerdir, bizdə deyildiyi adla desək, fiziki olaraq, “ictimai yer”dir. İndiki dövrdə Azərbaycanda ən işlək publik sfera (“ictimai yer”) qlobal sosial şəbəkə olan facebook-dur. Azərbaycanda küçələrin, meydanların, parkların və s. “ictimai yerlərin” polis nəzarətində saxlanması ona görədir ki, insanlar oralarda yığışıb, siyasi mövzularda söhbətlər aça və apara, ümumi rəy formalaşdıra, vahid iradə qura bilməsinlər. Mənim də vaxtilə bir neçə dəfə dərs dediyim Azad Fikir Universitetinin bağlanması siyasi hakimiyyət tərəfindən publik sferanın daraldılmasına tipik misaldır.

Publik sfera publik fikir alış-verişi aparma və publik mövqe formalaşdırma yeridir. Publik sferada vətəndaşlar onları maraqlandıran mövzularda müzakirələrdə sərbəst iştirak edə (məsələn, kitab, məqalə yaza, film çəkə, çıxış edə və s.), publik rəyin formalaşmasına beləcə təsir edə bilərlər. Publik rəy publik sferanın rəyidir, daha doğrusu, əhali qruplarının publik sferada formalaşdırdığı rəydir. “Publik rəy”ə Azərbaycan mediasında “ictimai rəy” deyirlər. “İctimai rəy” termini də “ictimaiyyət” kimi tamamilə yanlışdır. (Növbəti yazımda publik rəy termini və anlayışı haqqında danışacağam).

Azərbaycanda indiki hakimiyyət vətəndaşların əlindən paytaxtda təkcə meydanları polis zoru ilə almayıb, həm də meydanları fiziki olaraq ya yox edib, ya da daraldıb, ümumiyyətlə, boşluqları və açıqlıqları (Öffentlichkeit) fontan, skamya kimi süni üsullarla doldurub. Buna görə Azərbaycanda hələ ki, demokratiya “meydana gələ” bilmir. Fikir verirsinizsə, “abadlaşdırılan” Bakıda meydanlar ya salınmır, ya da daraldılır. Məsələn, Nardaran kənd meydanı tipik publik sferadır və o, hakimiyyəti narahat edir. Halbuki, demokratik şəhərlərdə açıq və nəzarətsiz geniş meydanlar, polissiz parklar, azad sahələr vətəndaşların asanlıqla toplaşa biləcəkləri yerlər onların toplaşma hüququnu təmin edir. Əks halda, vətəndaşlar bir yerə toplaşmaq istərkən, ya nəqliyyatın yolunu kəsməyə, ya da ətrafdakı insanların istirahətini pozmağa məhkum olurlar ki, bu da onları məsuliyyətə cəlb etmək üçün rahat-hülqum səbəbdir.

2. PUBLİK SFERA ANLAYIŞININ İKİNCİ ANLAMI. Publik sfera – əhali üçün sosial-siyasi proseslərin və faktların şəffaflığı, yəni baş verənlər haqqında məlumatların əlçatanlığı, yəni açıqlıq və şəffaflıq deməkdir.

Azərbaycan hakimiyyəti dövlət idarəciliyini şəxsi malı kimi gizlədir və qapayır. Bu, cəmiyyətin idarəetmədən qovulmasıdır. Yəni dövlətin qərarları qapalı kabinetlərdə bir ya da bir neçə nəfər tərəfindən deyil, hamıya açıq və şəffaf məkanlarda (küçələrdə, parklarda, meydanlarda, çayxanalarda, iclas salonlarında, internetdə, sosial şəbəkələrdə, konfranslarda, yazılı və vizual mediada, birbaşa teledebatlarda, bir sözlə, hər yerdə) dolaylı olaraq müəyyənləşə bilməlidir.

Publik rəyin qurulması siyasi iradənin qurulması üçündür, bəzək üçün yox. Yəni vətəndaşlar öz maraq və mənfəətləri istiqamətində ona görə publik mövqe formalaşdırırlar ki, bu mövqeni daha sonra parlament vasitəsilə dövlətin iradəsinə və qanunlara çevirsinlər, yəni rəsmiləşdirsinlər. Publik sfera demokratik rejimlərdə siyasi iradə quruculuğuna xidmət edir. Azərbaycanda isə siyasi iradə dedikdə ancaq və ancaq hakimiyyətin, xüsusilə, İlham Əliyevin iradəsi, əlini stola çırpması kimi başa düşülür. Hətta cəmiyyətdə, müxalif mediada da belə başa düşürlər. Halbuki, siyasi iradənin qurulmasında xalqın birbaşa rolu olmalıdır. “Respublika” bu deməkdir. Azərbaycan əhalisinin demokratiya təcrübəsi və ənənəsinin olmaması özünü bunda göstərir ki, onlar idarə edilmək istəyirlər, öz idarə edilmələrində iştirak etməyi isə heç təsəvvür də etmirlər.

Demokratik idarəetmə təkcə bir neçə ildən bir keçirilən seçkilər demək deyil, arasıkəsilməz prosesdir. Demokratik cəmiyyətlərdə bu proses publik sferada daimi gedir. Demokratik idarə etmə və idarə olunmada vətəndaş özünün idarə edilməsində iştirak edir (etməlidir) və siyasi hakimiyyət öz idarəçiliyində cəmiyyətin iştirakını təmin edir (etməlidir). Bu qarşılıqlı təsir “cəmiyyətin dövlətləşməsi, dövlətin cəmiyyətləşməsi”dir (J.Habermas). Demokratik idarə etmənin xüsusi özəlliyi budur ki, publik rəy və publik iradəqurma seçkilərin nəticələrinə birbaşa təsir edir. Bu siyasi hakimiyyətin publik rəyi nəzərə alaraq qərar verdiyini bircə dəfə olsun görmüşükmü? Çünki siyasi hakimiyyət respublika idarəçiliyini privatizasiya edib, özəlləşdirib.

Məlumat azlığı şəraitində mediada hallüsinasiyalar (olmayan şeylərin uydurulması) və illüziyalar (olan şeylərin dəyişdirilməsi) geniş yayılır. Azərbaycanda son illərdə formalaşan “sensasiya mediası”nın səbəblərindən biri budur. Uydurmaçılıq – məlumatsızlıq şəraitində bilmək ehtirasından yaranan dəlilik halıdır. Aşiqlərdə də buna oxşar hallar olur. Azərbaycan mediasında bu halın tipik nümunəsi “Yeni Müsavat” qəzetidir. Bu qəzetin internet səhifəsini hərdən açıb, xəbər başlıqlarına baxan bu sətirlərin müəllifində belə bir təəssürat yaranır ki, bu qəzet dəli olub.

3. PUBLIK SFERA ANLAYIŞININ ÜÇÜNCÜ, SONUNCU ANLAMI. Bu, publik sferanın iştirakçılarıdır, yəni publika (publikum). Publika dedikdə tamaşaçılar, seçicilər, bir sözlə, insanlar başa düşülür.

Publik sferada nə(lər)dən danışıla bilər? Hər şeydən. Meydanda, küçədə, hamamda, karvansarayda, çayxanada və yaxud facebook-da nələrdən danışılmaz ki. Buna görə də, publik sfera iştirakçılarının, yəni publikanın apardığı müzakirələrin mövzusuna görə, publik sferalar bir-birindən fərqləndirilir: Rahat başa düşülsün deyə, bizdə deyildiyi səhv terminlərlə ifadə etsək, məsələn, ədəbi ictimaiyyət, elmi ictimaiyyət, teatr ictimaiyyəti, siyasi ictimaiyyət, demokratik ictimaiyyət və s. Burada “ictimaiyyət” dedikdə nəzərdə tutulan – insanlardır. Göründüyü kimi, publik sfera ancaq siyasi mövzular üçün deyil.

Publika kimdir, cəmiyyətin hansı hissəsidir? Biz “publika” sözünü “respublika”dan tanıyırıq. “Res publica” termini publik şey, xalqın məsələsi, xalq dövləti deməkdir. Deməli, respublikada hər bir vətəndaş publikanın bir fərdidir. Yəni siyasi iradə və qərarvermədə iştirak haqqı respublikada hamınındır, despotik monarxiyada isə bir, ya da bir neçə nəfərin.
“Res publika”nın əksi “res privata” şəxsi məsələdir. İndiki Azərbaycan hakimiyyətinin təsəvvüründə Azərbaycan dövləti respublika yox, resprivatadır, yəni onun şəxsi məsələsidir.

PUBLİK SFERA SİYASİ HAKİMİYYƏTLƏRİN GÜZGÜSÜ KİMİ

Publik sfera siyasi hakimiyyətin leqitim olub-olmadığını göstərən güzgüdür. Avtoritar-despotik hakimiyyətlərin doğruçu publik rəyin və iradənin meydana gəlməsinin qarşısını almaq üçün publik sferanı sıxmasının və yalançı publik rəyi dünyaya sırımasının səbəbi leqitim hakimiyyət olmadıqlarını gizlətmək üçündür. Demokratik publik sfera (bizdəki adı ilə: demokratik ictimaiyyət) odur ki, o, qurama və senzura edilmiş deyildir. Azərbaycanda publik rəy ona görə yoxdur ki, publik sfera yoxdur.

Azərbaycan nəinki kənd yerlərinin, hətta rayon mərkəzlərinin də qəzetlərlə təmin edilməməsi, rayonların və kəndlərin internetləşdirilməməsi, bütün ölkənin kitabsızlaşdırılması və savadsızlaşdırılması, meydanların salınmaması, əksinə, açıqlıqların daraldılması və yox edilməsi, klubsuzlaşdırma, qəzet bazarının boğulması, jurnal ənənəsinin tamamilə yox edilməsi, teatrsızlaşdırma, telekanallarda siyasi diskussiyaların yığışdırılması və siyasi xəbərlərin ciddi senzuraya tabe etdirilməsi, real problemlərdən söz açmayan, əksinə, gizlədən internet səhifələrinin, qəzetlərin və publisistlərin yaxşı maliyyələşdirilməsi və s. heç biri təsadüf deyil, hamısı siyasi hakimiyyyətin vahid proqramının bəndləridir: publik sferanı yox etmək, doğruçu publik rəyin meydana gəlməsinə imkan verməmək!

Ağalar MƏMMƏDOV

Kultura.az

Yuxarı