post-title

Dünyanın ən böyük yazıçısının qadını

İrlandiyalı yazıçı Ceyms Coys öz sevgisini ədəbiləşdirməyin yolunu tapdı. O, əsrin romanını - 700 səhifəlik "Uliss"i romanını cəmi bir günün təsvirinə həsr elədi. Həmin tarix onun gələcək arvadı Nora Barnaklla tanış olduğu tarix idi — 16 iyun 1904-cü il.

 

Bəs, bu şərəfə nail olan Nora Barnakl kim idi? Kürənsaçlı, ucuz otellərin birində xidmətçi işləyən ağıllı, gözəl, komplekssiz, sərbəst və səmimi bir qız. Bu o qız idi ki, sosial statusları fərqli olsa da, Ceymsin ilk görüşünə gəlməkdən imtina edə bilmişdi. Amma ikinci, daha doğrusu, baş tutan ilk görüşdəycə Nora təşəbbüsü ələ almağı bacarmışdı. Sözün əsl mənasında... Belə ki, yazıçı beş il sonra ona Avropadan yazdığı məktubda açıq-aşkar bu məqama işarə edirdi: "Axı bunu sən elədi, həyasız qız, ilk olaraq sən özün hər şeyə getdin. O vaxt Rinqsenddə birinci sənə toxunan mən olmamışam. Sən özün əlini mənim şalvarıma saldın...". 

Nora ilə Ceyms küçədə tanış olmuşdular. Nora işdən öz kasıb yuvasına qayıdanda... 

Coysun 1909-1912-ci illərdə İrlandiyaya səfəri ərzində arvadına yazdığı hədsiz açıq-saçıq mətnlərin altqatında nə yatırdı? Bioqraflar bunu belə izah edirlər: səfərdə olarkən yazıçı münasibətdə olduğu küçə qadınlarının birindən pis xəstəliyə yoluxur, bundan sonra ər-arvad təhlükələrdən və xəyanətdən qorunmağa qərar verir, bir-birilərinə açıq-saçıq məktublar yazmaqla erotik hisslərini söndürürlər.

Coys yüngül həyat tərzi sürsə də, özü daim sadiq qadınını - Noranı qısqanırdı. "Uliss"in əsas  süjeti - arvadın ərə xəyanəti də bu xəstə təxəyyülün məhsulu idi: Noradan rədd cavabı alan Vinsent Kosqreyev - Ceymsin dostu onun adına şər atmışdı və demişdi ki, guya Coysla ilk görüşün səhərisi günü Nora onun ağuşuna atılıb.

"Uliss" də yazıçının bütün kompleksləri - inamsızlığı, dəlilik həddinə çatan qısqanclığı əskini tapıb. Əsərin qadın qəhrəmanı Molli üçün ətrafında olan kişilər eyni dərəcədə maraqlıdırlar, sanki o, hamı ilə cinsi münasibətə girməyə hazırdır.

Halbuki Nora həmişə əri barədə belə deyirdi: "Bilmirəm, ərim dahidir, ya yox, amma mən bir şeydən əminəm: düynada onun kimisi yoxdur".

Bununla yanaşı, yazıçı ilə ailə həyatı asan deyildi. Nora ona yad olan ölkələrdə yaşamağa məcbur olurdu, yerli dilləri bilmirdi, daim borc verənlərdən qaçmaq lazım gəlirdi; bundan başqa, Coys ailə institutunu qəbul etmədiyindən, onlar uzun müddət rəsmi nikaha daxil olmamışdılar — onların evliliyi yalnız 30-cu illərin əvvəllərində qeydə alındı. Bu zaman artıq onların övladları böyümüşdü.

Nora ədəbiyyatla maraqlanmırdı, ərinin bir əsərini də oxumamışdı, amma o, Coysu insan kimi sevirdi: onun qayğısına qalır, yazıçını zəhlətökən qonaqlardan qoruyur, əziyyətli göz əməliyyatlarından sonra ona qulluq edirdi.

Coys arvadına yazdığı məktubların birində (3 dekabr 1909-cu il) qeyd edir: "Mən sənə elə şeylər yazmışam və demişəm ki, qürurum onları başqa bir qadına söyləməyə heç vaxt imkan verməzdi". Bunlar söz xətrinə yazılmamışdı, ərlə arvadı bir-birinə bağlayan tellər möhkəm idi: onlar bir-birilərini hüceyrələrinədək duyurdular, cütlük təbii utancaqlıq hissini asanlıqla aralarından qaldıra bilmişdi.

Coys dünyasını dəyişəndə Nora onun son xahişini yerinə yetirdi: katolik keşişinin mərasimdə iştirakına əngəl oldu. Qadın qəbiristanlığın zooparkla yanaşı olmasına sevinirdi: "O, şirləri çox sevirdi axı, şirlərin nəriltisini eşitmək ona xoş olacaq".

Nora ərindən sonra on il tək yaşadı, onu nə dünyada, nə də ədəbiyyatda baş verənlər maraqlandırmırdı. O özünə belə bəraət qazandırırdı: "Dünyanın ən böyük yazıçısının qadını olanda məgər belə xırda şeylərə fikir verirsən?".

Hazırladı: Rəbiqə


ANN.Az

Yuxarı