Ç.Hüseynovun \"Fətəli fəthi\" kitabı nəşr olunub
"Fətəli Fəthi" Bakıda sovet vaxtı nəşr olunm…
Bizim paltarımız və yeməyimiz, bizim həyat tərzimiz, fikirlərimiz, hislərimiz artıq bütün dünyanındır, buna görə elə düşünürəm ki, indiki dövr bütün xalqların inkişaf dövrüdü. Bunu ancaq qorxaqlar inkar edə bilər. (R.Taqor)
Hörmətli bəylər və xanımlar, yaxınlarda böyük rus tənqidçisi Nikolay Dobrolyubovun "Oblomov" romanı haqqında geniş və dərin məzmunlu məqaləsini oxudum. Cəmi 25 il yaşamış, qısa bir ömrə çox hadisələri, çox hissləri sığışdıra bilmiş böyük rus tənqidçisi Dobrolyubovun "Oblomov" əsəri haqqında məqaləsinin əsas qayəsi bundan ibarətdi - bu gün bizə hər şeydən əvvəl doğma dilimizdə İRƏLİ deməyi bacaran adamlar lazımdı. Bu fikrin özü rus ədəbiyyatının, ümumiyyətlə, rus xalqının yaradıcılarından biri Qoqoldan gəlirdi. Əlbəttə, "Oblomov" əsərini oxuyan kəslər Dobrolyubovun nə demək istədiyini asanca anlayacaqdır. Başqa bir dahinin, Spinozanın təbirincə desək, insanlara köləlikdən deyil, azadlıqdan danışmağın zamanıdır.
Məqalədən təsirlənərək və həvəslənərək bu vaxta qədər bütün yazdıqlarımı bir kənara qoyaraq, açıq ürəklə və tam səmimiyyətlə sizlərə xitab etmək qərarına gəldim. Kim necə istəyir elə də qəbul etsin, mən öz xoş niyyətimə arxayınam.
Hörmətli bəylər və xanımlar, əsrlərdi tarix özü bizim başımızı həqiqət daşına vurmaqdadı, lakin biz nəticə çıxarmaq əvəzinə səhvlərimizi təkrar etməkdəyik. Vaxtı ilə babalarımızın elmə, mədəniyyətə, kitaba, məktəbə qarşı göstərdikləri laqeydliyin acı nəticələri göz qarşısındadı.
Osmanlılar "kafir əməlidir",- deyib dünyanın ən böyük tərəqqilərindən biri olan çap maşınını iki əsr yaxına buraxmadılar. Bu gün Türkiyədə minlərlə, yüzminlərlə insan savadsızlıqdan əziyyət çəkməkdədi. Nə vaxt ki elmə, mədəniyyətə, kitaba, elm adamına böyük diqqət və qayğı vardı, o zaman biz də güclü idik. Nə vaxt ki baş pula, eyş-işrətə qarışdı, o zaman biz də gülməli və acınacaqlı vəziyyətə düşməyə başladıq. Nə vaxt ki, Osmanlı imperiyası güclü idi, o zaman padşahlar çox sadə paltar geyinməkdə idilər. Osmanlı tənəzzül etdikcə padşahların əynindəki paltarların üstündə qiymətli daş-qaşların sayı da artmağa başladı. Burda sadə bir həqiqət var. Həsən bəy Zərdabi deyirdi: "Hər bir millətin nə dərəcədə xoşbəxt olması həmin millətin övladlarının təhsilindən asılıdı".
Bəli, elmin və təhsilin nə dərəcədə önəmli bir məsələ olması haqqında müxtəlif yönümlü böyük şəxsiyyətlər xeyli fikirlər söyləyiblər. Bu fikirlərin hamısından belə bir nəticə çıxarmaq olar: hansı xalq kitaba, elmə, mədəniyyətə diqqət göstərəcəksə, inkişaf edəcəkdir. Hansı xalq elmə, kitaba, məktəbə laqeyd münasibət göstərəcəksə, zəlil günə qalacaqdır.
Bu gün bizlər sındırılmış, əzilmiş, təhqir olunmuş bir vəziyyətdəyik. Müxtəlif bəhanələrlə, müxtəlif adlarla və müxtəlif rituallarla həqiqətdən qaçmaq istəsək də, əlbəttə, hər birimiz öz içimizdə nə gündə olduğumuzu başa düşməkdəyik. Bəlkə də elə buna görə bir-birimizə qarşı bu qədər sərtik. Adicə bir səhvi bağışlamaq istəmirik. Bir-birimizə qarşı günü-gündən daha da qəddar münasibət göstərməkdəyik. Gözümüzün qarşısında sərvətlərimiz talan olunmaqdadı. Bizi təhqir edirlər, dolayırlar. Bizi bir-birimizə düşmən ediblər. Bir-birimizin gözünün içinə dik baxa bilmirik. Hamımızı bir-birimiz qarşısında gözükölgəli ediblər. Bir tikə çörəyi min minnətlə əldə etməkdəyik. Bu gün bizləri idarə edənlər bizim kölə vəziyyətinə düşməyimizlə razı olmayıb, övladlarımızın da onlar üçün kölə böyüdülməsini tələb etməkdədirlər. Eyni problemlərin məngənəsində sıxılan, eyni arzularla yaşayan insanlar bir-birilərinin qatı düşməninə çevriliblər. Bu düşmənçilik davam etdikcə, onlar bizi daha asanlıqla istismar edəcəklər. Əlbəttə ki, bu istismara zaman-zaman din, millət, dövlət, vətən kimi müxtəlif həssas adlar qoyulacaqdır.
Siyasiləşməmiş bir toplum olduğumuza görə biz sərvətlərimizin talan olunduğunu hələ də sona qədər dərk etmirik. Çünki biz ümumilikdə götürdükdə özümüzü bu ölkənin vətəndaşı kimi yox, bir kirayəşin kimi hiss etməkdəyik. Əlbəttə, bizim ölkəmizdə kirayədə yaşayan adamın heç bir hüququ yoxdu. Sən musiqi dinləyə bilməzsən. Ev sahibi istənilən zamanə "kimi evə gətirmisən",- deyib, yataq otağına girə bilər. Uşaqlar oynaya bilməzlər. Divar kağızı yazılsa, bu, lap faciə ilə bitər. Bütün baş verənləri bir az dərindən götür-qoy etdikdə, bir çox əsaslı problemlərin kökündə savadsızlığın dayandığını açıq-aydın görəcəyik. Savadsız qövm daima qapaz altında yaşamağa məhkumdu. Çünki kitabı zibil qutusuna atan bir xalqı tarix gec-tez özü şəxsən zibil qutusuna atacaq. İldə altı səhifə kitab oxuyan ərəblər əlbəttə ki, xeyli dünya səviyyəli aktyor, rejissor, filosof, yazıçı, elm adamı yetişdirmiş yəhudilərin əlində aciz qalacaqdır. Başqa xalqın adını burda hallandırmaq istəməzdim, lakin bizlər öz geridəqalmışlığımızı daima başqalarının üstünə atmaqda həvəsli olduğumuza görə yəhudiləri misal çəkməyə məcbur oldum.
Biz öz tənbəlliyimizə müxtəlif adlar qoymaqdayıq. Bəhanələrlə reallıqdan və məsuliyyətdən qaçmaq istəyirik. Bir az dərin düşünsək, buna "azadlıqdan qaçış" adı da qoya bilərik. Nədən ki, elmsiz və kitabsız xalq onsuz da özü öz həyatının sahibi deyil.
Bəli, sistem, idarəetmə çox şeyə qadirdi. Söhbəti uzatmayaq və sistemin bir xalqı necə başqa-başqa hallara saldığını Şimali Koreya və Cənubi Koreya nümunəsində görməkdəyik. Fərqli sistem bu eyni xalqı iki tamam vəziyyətə salıbdı. Cənubi Koreya həm kinosuyla, həm də texnikasıyla var qüvvətlə inkişaf etməkdəykən Şimali Koreya bütün dünyanın gülüş obyektinə çevrilib. Şimali Koreyada vəziyyət o həddə çatıb ki, artıq orda baş verənlərə daha gülmək də olmur. İnsanın o vəziyyətə salınması həqiqətən də çox acınacaqlıdır. Ümid edək ki, bəşəriyyət uzun illər bir daha belə bir idarəetmənin şahidi olmayacaq. Lakin biz "sistem günahkardır",- deyib də bütün məsuliyyəti sistemin üstünə atmalı və öz əməllə-rimizə haqq qazandırmalı deyilik.
Hər bir kəs faydalı insan olmağa, fayda verməyə qadirdi. Əgər insan yaxşı nümunə olmaq istəyirsə, buna hər bir şəraitdə, hər bir vəziyyətdə müvəffəq ola bilər. "Sistem pisdir",- deyib məsuliyyətdən yaxa qurtarmaq, hazırkı vəziyyətdə döyüş meydanından qaçmaq, fərarilik etmək deməkdi.
Hər bir insanın fayda verə biləcək bir sahəsi var. "Masonlar bizi inkişaf etməyə qoymur",- kimi gülməli bəhanələri nəhayət, kənara atmalı və hər bir insan bacara biləcəyi, göstərə biləcəyi yaxşı nümunəni artıq göstərməlidi. Əgər masonlar inkişaf etməyə qoymurlarsa, onda qoy yaponları da inkişaf etməyə qoymasınlar. Başlarına iki atom bombası atdılar, lakin üstündən cəmi doqquz il keçəndən sonra "Yeddi samuray" kimi bir şedevr filmin çəkilməsinə nail oldular.
Heç kim bizim kitab oxumağımıza, tərcümələr etməyimizə, elmlə məşğul olmağımıza fərdi mənada mane ola bilməz. Heç olmamaqdansa, gec olmağı daha yaxşıdı.
Qarşıda bizi yeni dərs ilinin açılışı gözləyir. Gəlin, bu yeni dərs ilinin açılışını bir az böyük mənada qəbul edək. Təməldən başlamaq lazımdı. Qoy bu yeni dərs ilinin açılışı yaşından, peşəsindən asılı olmayaraq, hər bir kəs üçün yeni dərs ilinin açılışı kimi qəbul edilsin. Özümüz-özümüzü birinci sinfə göndərək. Səhvlərimizə bir nəzər salaq. Vaxtımızın qədrini bilək. Oxuyaq, öyrənək, sual verək. "Bilmirəm", "oxumamışam", "eşitməmişəm", "baxmamışam",- sözünü dilə gətirməkdən utanmayaq. Qoy, bu yeni dərs ilinin açılışında hər bir imkanlı insan bir şagirdin, bir tələbənin dərs ləvazimatlarının, geyiminin xərcini öz boynuna götürsün. Fildən yox, qarışqadan başlayaq. Ümid edirəm ki, bu xitab anlayışla qarşılanacaq. Bu qədər.
Seymur Baycan
Reytinq qəzeti