Başımızdan zərbə vuranlar, başımızın ağrılarını unudub ayağımıza batan tikanın ağrısını bizə nişan verdilər. Biz kim idik ki, dərdimizi də özümüz qanaq, dərdimizin nə olduğunu belə “onlar” “başa saldı”bizə.
“Xalqların öz müqəddəratını təyin etmə hüququ” deyilən şey var imiş sən demə, bunu bizə də, onlara da “onlar” öyrətdi. Qarabağdan “vətən” düzəldib əlimizə verdilər, oyuncaq kimi. Maraqla baxırdıq yeni oyuncağımıza. Analar qonşu analarla o biri qonşu anaların qızlarının qeybətini edəndə uşaqlar mane olmasın deyə qarşısına tava, qazan, qaşıq atan kimi qarşımıza, nə olduğunu belə qanmadığımız, “oyuncaq” atdılar, amma təsəvvürümüz üçün yeni idi deyə maraqlı gəldi bizə...
Biz haçan xalq olduq ki, müqəddəratımız da olsun ?
Sanki, ayağımızda olan torpaqlarda ermənilər də, biz də insan kimi, xoşbəxt, firavan yaşamışdıq, bir qalmışdı “Dağınıq Qarabağ”...
Torpaq məqsəd deyil sadəcə vasitədi, üzərində xoşbəxt yaşamaq məqsədinə çatmaq üçün vasitə, “onlar” isə hər iki tərəfə vasitəni məqsəd kimi sırıdı...
Sürünmək, namus üstündə baş kəsmək, toyda dava salmaq , qızların qeybətini etmək, arvadın baş-gözünü qana boymaq, məsçid tikmək, “Heydər parkı” salmaq, “Heydər heykəli” qoymaq, yerə hər altı ayda bir dəfə əcaib-qəraib daşlar döşəyib “pul yemək” üçün Qarabağın olması mütləq deyil... Ümumdaxili əclaflıqlarımızın 35 % artdığı, Qafqazın “torpağunnan kişi çıxıb, ə” ordusu olan vətənimizin hər deşiyində bu şeyləri etmək olar, edilir də...
Müharibə etdik torpaq uğrunda, torpaqdan daha müqəddəs, lazımlı şeylərimizi isə “onlar” müharibəsiz filansız əlimizdən aldılar- “qazandılar”, əlimizə isə verdilər, üstündə xoşbəxt yaşamağın təcrübəsini belə qazanmadığımız torpaqlar uğrunda tələf olmaq üçün əntiqə silahları, paradı da oldu silahlarımızın həm də. Müharibədə hər iki tərəf 15-20 min məzlum, yoxsul, qəlbi, heç vaxt çata bilməyəcəyi, arzularla döyünən bəndə itirdi, itirdi deyəndə ki, itirmək üçün həmişə “şəhid” tapılır. Bu səbəbdən “şəhidlər ölmür”, deyirlər.
“Ey türk oğlu türk, dedilər, sənin əbədi və əzəli düşmənin ermənidi, başını sal aşağı oyna, nifrətdən oyuncaq evlər tik özünə, biz də “işimizi” görək (“Bozqurdizm” fəlsəfəsi)”...
“Onlar” deyəndə, hakimiyyətləri, sürünü sürənləri deyirəm...
Bütöv bir xalqın taleyini, gələcəyini, təhsilini, mədəniyyətini oğurlayanlar, xalqın olanı xalqa verməyənlər, xalqa vermədikləri hər şeyin əvəzində ona qəhrəman alıb verdilər, birini Macarıstandan birini də Ermənistandan, birini diri birini ölü. “Oyuncaq” zövqümüzə yaxşı bələddilər deyə...
Bizə, özüm ölüm, demirəm, siz ölün, hər şey yaxşı olacaq, dedilər. Biz həm öldürdük həm də öldük, yaxşı onlar üçün oldu amma, həmişə də belə olub və olacaq...
Biz doğulduq, onlar isə dünyaya göz açdılar, gözüaçıq baxdılar dünyaya, bizi kor qoydular. Arxadan vurdular bizi, dönüb baxanda, hakimlərimizi gördük, onlar dedi, allah haqqı biz indi gəldik, erməni idi sizi vurub qaçan. Eyni şeyi bizim haqqımızda ermənilərə də dedilər, onların da hakimləri var axı. Hakimlərimiz “həkimlərimizi” də öldürdülər, sağalmayaq deyə. Hakimiyyətlərimizə xəstə lazımıq biz. Sağalanda “idarəolunmaz”, sürülməz olarıq çünki. Nifrət etmək istədik, bir atımlıq nifrətimiz var idi, onu da yönəltlilər ermənilərə, onlar yenə neftdən quru çıxdılar. Nə isə, onları özümüz doğduq, özümüz böyütdük. Biz də hamımız insan doğulduq, onlar da bizi “böyütdü” düşmən olduq... Özümüz kimidiksə “onlar”ımız da, olanlarımız da o oldu...
“Onlara” yalvarırıq, oynadın bizi, oynamaq istəyirik, çalın ayə...
Əhməd Əkbər