Çarlız Dikkens - Uşaqların xilaskarı
Bəzən ədəbiyyat qanunlardan daha güclü olurÇarlz Dikkens uşaqların ən böyük müd…
Başqa bir despot- V.Lenin də ən çox qərbçi, aristokrat İ.Turgenevi sevirdi. Amma bu, ona Yer kürəsinin az qala yarısında despotik Asiya rejimi bərqərar etməyə mane olmadı
Nə sirdirsə, istisnasız olaraq bütün ideologiyaları totalitar təfəkkürün qalığı hesab edənlər belə sonda özləri hansısa ümumi ideyalardan danışmaq məcburiyyətində qalırlar.
Bununla adətən hər millətin öz intellektualları məşğul olur. Elə original ideyaların sayı da bəlkə də xalqların sayı qədərdir.
Bu yaxınlarda maraqlı bir fikrə rast gəldik. Söhbət milli ideologiya kimi nə az, nə çox, milli ədəbiyyatın götürülməsindən gedirdi. Belə şey ola bilərmi? Görən ədəbiyyat milli ideologiya statusunda çıxış edə bilərmi?
Suallar öz yerində, amma Rusiyanın bəzi düşüncə adamları tamamilə ciddi şəkildə deyirlər ki, bizim milli ideologiyamız ədəbiyyatımızdır.
Etiraf etmək lazımdır ki, çox cəsarətli fikirdir. Başqa xalqların yazarlarının dilindən hələ belə fikir eşitməmişik.
Uzaq xaricin yazarları ədəbiyyatın cəmiyyətdəki rolunu bir o qədər də şişirtməyi sevmirlər. Rus ədəbiyyatı sözsüz ki, fenomendir. Buna söz yoxdur. Amma bu ədəbiyyatı daha çox psixoloji sarsıntılar, axtarışlar ədəbiyyatı adlandırmaq daha düzgün olardı.
ƏDƏBİYYATIN SOSİAL MİSSİYASI
Ədəbiyyatın sosial missiyası həmişə mübahisə doğurub. Bununla bağlı fikirləri xatırlayanda iki qütblə rastlaşırsan.
Birinci qütb sosialist realizmi idi. O vaxt deyilirdi ki, ədəbiyyat həyatın aynasıdır. Amma nə qədər qəribə olsa da, bu ədəbiyyat gerçəkliyə əsl ayna tutmağa çalışanda hakimiyyət bundan isterikaya düşürdü. Ona görə də sosialist realizmi əslində ədəbiyyatın missiyasını hakimiyyətin təbliğat ruporu olmaqda görürdü.
İkinci qütbü ədəbiyyata tamam başqa sosial məzmun verirdi. Bu qütbün təmsilçiləri deyirdi ki, sənət sənət üçündür, o cümlədən də əsl ədəbiyyat da elə ədəbiyyat üçündür- o, heç kimi tərbiyə etməyə, «Nə etməli?» sualına cavab verməyə borclu deyil. Onlar ədəbiyyata heç bir missiya vermir, onu sırf sənət nümunəsi hesab edir və bununla da kifayətlənirdilər.
Bəlkə başqa yanaşmalar da vardı. Onlardan yalnız ikisini sadalaya bildik. Həm də bu yazının məqsədi müxtəlif ədəbi cərəyanları çözmək deyildi. Məqsəd ədəbiyyatın Milli ideologiya statusuna iddiasına bir işıq salmaq idi.
ƏDƏBİYYAT VƏ SİYASƏT
İdeologiyadan danışanda siyasəti və siyasətçiləri xatırlamamaq mümkün deyil.
Bir yazıda deyilirdi ki, ayətulla Xameneyinin ən çox sevdiyi yazar V.Hüqodur. Desək ki, bundan böyük təəccüb hissi keçirdik, bu qeyri-səmimilik olar.
Başqa bir despot- V.Lenin də ən çox qərbçi, aristokrat İ.Turgenevi sevirdi. Amma bu, ona Yer kürəsinin az qala yarısında despotik Asiya rejimi bərqərar etməyə mane olmadı.
Hətta V.Hüqoda Xamneyiyə nələrin maraqlı göründüyünü də təsəvvür etmək də elə də çətin deyil. Qərb ədəbiyyatında kapitalizmin güclü tənqidi ilə rastlaşırıq. Bu tənqid «Nə kapitalizm, nə də sosializm!» deyərək «üçüncü yol» axtaranların ruhunu oxşamaq iqtidarındadır.
Maraqlıdır ki, Asiya həyat tərzi və Asiya idarəçilik modeli heç vaxt Qərbdəki həyat tərzi qədər tənqid olunmayıb, bu sahədə klassik və müasir Qərb yazarları olduqca irəli gediblər.
Təbii ki, bu, Xameneyi kimi Şərq despotlarının ruhunu oxşamaya bilməz . Bəlkə də onlar bunu özlərinin siyasi-ideoloji doktrinalarında istifadə edirlər, Qərb dəyərlərini tənqid edərkən onu bir ideoloji bazis kimi götürürlər.
Nə qədər qəribə olsa da, Azərbaycanın ədəbi incilərindən birində-«Əli və Nino» əsərində də Qərblə Şərq, Avropa ilə Asiya arasında çox ciddi müqayisələr aparılır və hiss olunur ki, əsərin baş qəhrəmanının da, müəllifinin də bütün mənfi cəhətlərə baxmayaraq simpatiyası Şərqin, Asiyanın tərəfindədir.
Təsadüfi deyil ki, bundan siyasi nəticələr çıxaranlar da var. Onlar «Şərq incə məsələdir» zərb-məsəlini xatırlamaqdan xüsusi həzz alır və Qərb dəyərlərinin Şərqdə oturuşa bilməyəcəyini iddia edirlər.
Ona görə də burada bir sual verməkdən özünü saxlaya bilmirsən: əgər ədəbiyyat milli ideologiya statusuna iddia edirsə bəs onda bazis kimi hansı ədəbiyyatı götürməlidir?
Bəlkə də rusların bununla bağlı problemi yoxdur. Rus ədəbiyyatı bir zənciri xatırladır. Bəs Azərbaycan ədəbiyyatı necə? Onun haqqında da bunu demək mümkündürmü?
ƏDƏBİYYATIN DƏYİŞƏ BİLMƏDİKLƏRİ
Başqa bir misal gündəlik siyasi həyatmızdandır. Söhbət R.İbrahimbəyovdan gedəcək. Onun haqqında həm V.Putinin, həm də İ.Əliyevin fikirlərini eşitmişik. Onların hər ikisi bu adama çox yüksək dəyər verib. Amma onları bu yazıçının ssenariləri, pyesləri və filmləri zərrə qədər olsun dəyişmək gücündə olmayıb. Belə olan halda hanı elitar ədəbiyyatın sosial missiyası və sosial gücü?
Bəlkə burada da zamana ehtiyac var. Axı demək olmaz ki, M.Ə.Sabirin və yaxud M.Cəlilin yaradıcılığı həyatımızdan tamam təsirsiz ötüşüb!
Amma hətta onların yaradıcılığının sosial nəticələrinə baxanda görürsən ki, dəyişiklik bir o qədər də böyük deyil. Bəli, artıq «Oğul mənimsə əgər, oxutmuram əl çəkin!» deyən yoxdur.
Amma oğuluna əsl təhsil vermək istəyənlər də azdır, hamı uşağına diplom almağa çalışır.
İndi daha ölünün dirilməsinə inan azdır. Amma az qala hər sahənin öz şeyx Nəsrullahı var!
Azərbaycanın Nizami kimi monumental bir ədəbi sistemi var. Hər dəfə metronun «Nizami» stansiyasındakı mozaikalara baxarkən adam bir qürur hissi keçirir və düşünürsən ki, hər birimizin evində Nizaminin kitabları olmalıdır.
Amma baxıb görürsən ki, hətta Nizami də şahları, despotları tərbiyə edə bilmədi. Onlar ta o vaxtdan öz bildiklərini edirlər. Nizaminin vaxtında despotlar cəmiyyətə, sadə insanlara necə baxırdısa, elə indi də elə baxırlar, bəlkə də ondan da pis baxırlar.
Ona görə də gec-tez belə bir nəticəyə gəlirsən ki, ədəbiyyatdan da çox şey ummaq lazım deyil. Onun həyatı dəyişmək sahəsindəki acizliyini başa düşmək lazımdır.
Burada M.Fətəlinin bir fikrini necə xatırlamayasan? O yazırdı ki, əgər öyüdlə, nəsihətlə dünyanı dəyişmək mümkün olsaydı onda gərək iranlılar hamıdan irəlidə olaydı! Bu xalqın ədəbiyyatı başdan-ayağa etik sistem, öyüd-nəsihətdir! Amma iranlılar S.Şirazidən, Hafizdən bu tərəfə olduqca az dəyişiblər. O qədər az ki, hətta bu dəyişikliklər İranda normal sosial-siyasi sistem qurmaq üçün belə yetərli olmadı.
Hüseynbala Səlimov
Azadliq.org