post-title

Akutaqavanın vəsiyyəti

VƏSİYYƏT (dostuma məktub)

 
 
İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəlik və ya mənəvi əzab. Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü də bilmir. Bizim hərəkətlərimizi müəyyənləşdirən mürəkkəb səbəblər var. Ancaq mənə gəldikdə, bu səbəb – məni bürüyən anlaşılmaz həyəcandır. Gələcəyimə görə keçirdiyim anlaşılmaz həyəcan. Ola bilər ki, mənim sözlərimə inanmayasan. Həm də, onillik təcrübəm mənə deyir ki, yaxın adamlarım mənim vəziyyətimə düşməyincə, dediklərimə fikir verməyəcəklər.
 
Son iki ili mən, ancaq ölüm barədə düşünürəm. Və belə bir əsəbi gərginlik içərisində, Maynlenderi oxudum. O, ölümə aparan yolu mücərrəd də olsa, gözəl təsvir edib. Buna sözüm yox. Mən də belə etmək istəyirəm, lakin konkret olaraq. Ailəmin halına acımaq kimi anlayışlar, mənim bu arzumun qarşısında heç nədir. Bəlkə də, sən bunu inhuman adlandıracaqsan. Lakin mənim etmək istədiyim qeyri-insanidirsə, deməli, mən sümüklərimə qədər vəhşiyəm.
 
Nə olur-olsun, mən ancaq həqiqəti yazmalıyam. (Mən artıq öz gələcəyimçün gizli olan bu həyəcanı analiz etmişəm. Bu haqda «Əbləhin həyatı»nda yazmaq istəyirdim. Yalnız yaşadığım sosial şərtlər, – arxamca kölgə kimi sürünən feodal anlayışlar ucbatından bunu qəsdən etməməyə məcbur oldum. Niyə qəsdən? Çünki biz, bu günün insanları feodalizm kölgəsində yaşayırıq. Mən səhnədən başqa fonu, işıqlandırmanı, personajların – ilk növbədə özümün davranışımı təsvir etmək istədim. Sosial şərtlərə gəlincə, bunun mənimçün aydın olmağına şübhəm var.) Əvvəlcə, əzabsız ölmək üçün nə etmək haqqında düşündüm. Yəqin ki, bunun üçün ən yaxşı üsul – özünü asmaqdır. Amma özünü asan adamın estetik cəhətdən xoşagəlməzliyi məni fikrimdən daşındırdı. (Yadımdadır, sevdiyim qadının heroqlifləri pis, kobud yazdığını gördükdə, ona olan məhəbbətim də sönmüşdü.) Suda boğulmaqla da istədiyim nəticəni ala bilməzdim, çünki mən üzə bilirəm. Hətta buna müvəffəq olsaydım belə, bu vaxt özümü asmaqdan da çox əzab çəkərdim. Özümü qatarın altına atıb intihar etməksə, daha xoşagəlməz olardı. Bıçaqla ya da güllə özümü vurmağı bacarmaram, çünki əllərim əsir.
 
Çoxmərtəbəli evin damından atılsaydım, bu, lap biabırçılıq olardı. Bütün bunları nəzərə alaraq, yuxugətirici dərmanın köməyilə ölməyi qərara aldım. Bu yolla ölmək özünü asmaqdan da əzablıdır. Lakin, bu, asılmaq qədər ikrah doğurmur. Həm də, bu üsulun bir üstünlüyü də var ki, məni həyata qaytarmaq təhlükəsi olmur. Düzdür, yuxugətiricini tapmaq o qədər də asan deyil. Lakin, intihar etməyi qəti qərara aldığımdan, onu tapmaq üçün bütün imkanlarımdan istifadə etməyə çalışacağam. Və eyni zamanda toksikologiya haqqında daha çox məlumat əldə etmək istəyirəm.
 
Sonra, harda intihar edəcəyim haqqında fikirləşdim. Ölümümdən sonra ailəm mənim mirasıma sahib durmalıdır. Mənim əmlakım: yüz subo torpaqdan, evdən, müəlliflik hüququmdan və iki min ienlik kapitaldan ibarətdir. Özümü öldürdükdən sonra evimin pis ad qazanacağından narahat oldum. Və bağ evləri olan burjuylara paxıllığım tutdu. Sözlərim, yəqin ki, səni təəccübləndirəcək. Başıma belə fikirlərin gəlməsi, elə özümü də heyrətləndirdi. Bu fikirlər yaxşı deyil, başqa cür də ola bilməz. Mən elə intihar etmək istəyirəm ki, cəsədimi ailəmdən başqa görən olmasın.
 
Ancaq, intihar etməyin üsulunu seçsəm də, mən az da olsa, hələ həyata bağlıydım. Ona görə də tramplin lazımdı. (Sarısaçlılar kimi, mən, intihar etməyi günah saymıram.
 
Məlumdur ki, Sakya-Muni nəsihətlərinin birində şagirdinin özünü öldürməsini təqdir etmişdi. Onun yaltaq ardıcılları bu təqdiri «zəruri» halda sözüylə bəzədilər. Lakin, «zəruri» haqqında danışan kənar müşahidəçilər, heç vaxt fövqəladə, inanılmaz vəziyyətə düşməyiblər ki, faciəvi surətdə ölmək qərarına gəlsinlər. Hər bir intihar edən şəxs bu «zəruri» halı öz bildiyi kimi başa düşüb ölməyə qərar verir. Əvvəllər, özünə qəsd edən insanlar mütləq cəsarətli olmalıydılar.) bir qayda olaraq, belə tramplin rolunu qadın oynayır. Kleyst intihar etməmişdən qabaq bir neçə dəfə öz dostunu ona yoldaş olmağa dəvət etmişdi. Rasin də Senada Molyer və Bualo ilə birlikdə boğulmaq istəmişdi.
 
Təəssüf ki, mənim belə dostlarım yoxdur. Doğrudur, bir qadın tanışım mənimlə birlikdə ölmək istəmişdi. Əksinə, illər keçdikcə sentimental olduğumdan, mən ilk növbədə elə etmək istəyirdim ki, arvadım artıq əzab-əziyyətə düşməsin. Bundan başqa, tək özümü öldürməyim iki nəfərin birlikdə intihar etməsindən qat-qat asandır. Bu həm də rahatdır: intihar etməyin vaxtını sərbəst seçə bilərsən.
 
Və axırıncısı. Mən çalışırdım ki, intihar edəcəyimdən ailəm duyuq düşməsin. Çoxaylıq hazırlıqdan sonra, nəhayət, məndə qəti fikir yarandı. (Bunu yalnız dostlarımçun yazmadığımdan, hər bir xırdalığı göstərirəm. Mən, kiminsə «intihara kömək etmək» maddəsiylə məsuliyyətə cəlb edilməsində günahkar olmaq istəmirəm. Qeyd etməliyəm ki, dünyada cinayətin adı qədər gülməli şey yoxdur. Əgər bu maddəni hərfbəhərf tətbiq etsən, cinayətkarların sayı çoxalar. Əczaçılar, silah alveri edənlər, bıçaq satanlar onlara «heç nə məlum deyil» desələr də, bu sözlər hökmən şübhə yaradacaq, çünki onlara müraciət edən insanların xarici görkəmi məqsədlərini büruzə verir. Bundan başqa, cəmiyyətin özü və onun qanunları da intihar edənə kömək olur. Nəhayət, belə cinayətkarlar həmişə xoşniyyətli olurlar.) Mən soyuqqanlılıqla hazırlığımı qaytardım və indi ölümlə təkbətək qalmışam. Mənim daxili vəziyyətim Maynlenderin təsvir etdiyi kimidir.
 
Biz, gələcəkdə vəhşiləşəcək insanlar ölümdən heyvan kimi qorxuruq. Əslində, həyat eşqi – heyvani qüvvənin başqa adıdır. Mən də belə heyvanlardan biriyəm. Lakin, iştahasını itirən insan, tədricən heyvani qüvvəsini də itirir. İndi mən, buz kimi şəffaf dünyada, əsəbləri xəstə olanların dünyasında yaşayıram.
 
Dünən axşam, mən bir fahişədən onun nə qədər qazandığını (!) soruşdum və hiss etdim ki, biz, "yaşamaq üçün yaşayan" insanlar nə qədər də miskinik, zavallıyıq. Əgər biz əbədi yuxuya qərq olsaq, xoşbəxt olmasaq da, heç olmasa sakitlik taparıq. Amma, intihar etməyim hələ sual altındadır. Mənimçün təkcə təbiət daha da gözəlləşib. Sən təbiətin gözəlliklərinə tamaşa edirsən və yəqin ki, özünü öldürmək istəyən adamın ziddiyyətli fikirlərinə gülürsən. Lakin iş onda deyil ki, təbiətin gözəllikləri ölüm saatında gözümün qabağına gəlir. Mən gördüm və başqa insanlara nisbətən daha çox anladım, daha çox sevdim. Təkcə elə bu, mənimçün əzab olsa da, kifayətdir. Səndən çox xahiş edirəm ki, ölümümdən bir neçə il sonra bu məktubu dərc etdirmə. Qoy, mənim xəstəlikdən öldüyümü zənn etsinlər.
 
Q E Y D . Mən Empedoklun tərcümeyi-halını oxudum və hiss etdim ki, insanların allah olmaq yanğısı ta qədimdən gəlir. Bu məktubumda mən özümü allahlaşdırmıram. Əksinə, mən zavallı bir insanam. Müqəddəs əncir ağacının altında oturub özünü Etnanın kraterinə atan Empedokl haqqında söhbət etməyimiz yadındadrmı? O vaxt mən allah olmaq istəyənlərdən biriydim.
 
Samir BULUTun tərcüməsində
Yuxarı