post-title

«ART FOR DEMOCRACY » kampaniyası 2-ci «DEMOKRATİYA HAMİNƏ MUSİQİ» müsabiqəsini elan edir

«DEMOKRATİYA NAMİNƏ MUSİQİ» müsabiqəsi

Məqsəd: 

“Demokratiya naminə musiqi” adlı mahnı yarışmasının əsas məqsədi demokratiya, ictimai həyat, insan haqları, ədalət, qanunun aliliyi və digər oxşar mövzularda mahnıların yazılmasını və ifa edilməsini təşviq etmək, bu mahnılar vasitəsilə mövcud problemlərə diqqət çəkmək, onların həllini stimullaşdırmaq və demokratiyanın əhəmiyyətini nümayiş etdirmək, eyni zamanda istedadlı gənc bəstəkar və ifaçıları həvəsləndirməkdir.

Müsabiqə və “Art for democracy” Kampaniyası:

Bu müsabiqə “Art for democracy” kampaniyası tərəfindən hazırlanmış və kampaniya çərçivəsində çoxsaylı fəaliyyət istiqamətlərindən biridir. Sayca ikinci dəfə keçirilən müsabiqənin davamlı olması planlaşdırılır. “Art for democracy” kampaniyasına 2012-ci ilin 10 dekabr tarixində - Ümumdünya İnsan Hüquqları Günündə start verilib. Kampaniya insan hüquqlarını təşviq və müdafiə etmək, vətəndaş cəmiyyətini gücləndirmək və incəsənət vasitəsilə Azərbaycanda insan haqları sahəsindəki vəziyyətlə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyır. İnsan Hüquqları Klubu (İHK), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) kampaniyanın təşəbbüskarlarıdır, hazırda kampaniyada 20-dən artıq QHT, onlarla incəsənət nümayəndəsi və jurnalistlər birləşib. Kampaniya İHK tərəfindən koordinasiya edilir. Əlavə məlumat üçün facebook səhifəmizi www.facebook.com/art4democracy izləyin və ya [email protected] elektron poçtumuza müraciətinizi göndərin.    

İştirakçılar üçün tələblər:

Müsabiqə 40 yaşadək olan istənilən bəstəkar və ifaçı üçün açıqdır, iştirakçıların musiqi təhsili olması tələb edilmir. İşitrakçılar həm Azərbaycanda, həm də Azərbaycandan kənarda yaşayan musiqiçilər üçün açıqdır və təqdim edilən mahnılar yalnız Azərbaycan dilində olmalıdır.           

İştirak qaydaları:

Müsabiqəyə istənilən janrda olan yalnız yeni yazılmış mahnılar qəbul edilir, fərdi və ya qrup olaraq müraciət etmək mümkündür, bir iştirakçı cəmi 1 mahnı təqdim edə bilər. Mahnılarla yanaşı işitrakçı haqqında qısa məlumat (maksimum 1 səhifə) və bir şəkil (jpg formatda, maksimum 3MB ölçüdə) təqdim edilməlidir. Mahnılar CD, mp3 və ya DVD formatda təqdim edilməlidir, işlər disk, USB-kart və istənilən digər növ elektron daşıyıcıda qəbul olunur. Təqdim edilən işlər geri qaytarılmır, iştirakçılar mahnılar üzərindəki bütün hüquqlarını saxlayırlar. Mahnılar aşağıdakı mövzulardan birini əhatə etməlidir:

  1. Azad və ədalətli seçkilərin əhəmiyyəti, seçkilərdə vətəndaş fəallığı, seçkilərin ölkənin gələcək inkişafında əhəmiyyəti;
  2. Demokratik idarəçilik, demokratiyanın rolu, insan hüquqlarına hörmət demokratiyanın əsas tərkib hissəsi kimi;
  3. Söz və ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, mülkiyyət hüquqları, bu hüquqların əhəmiyyəti və mövcud vəziyyəti (ayrı-ayrılıqda yaxud ümumiliəşdirilmiş);
  4. Gənclik və demokratiya, gənclərin demokratikləşmə prosesində iştirakının təşviqi, onların rolunun mövcudluğu və əhəmiyyəti;
  5. Ədalət və bərabərlik bəşəri dəyərlər kimi, şəffaf məhkəmə sistemi, ədalətli qanunvericiliyin əhəmiyyəti.

Mahnılarda hansısa siyasətçinin hədəf seçilməsinə və ya adının hallanmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan, zorakı və alçaldıcı, zor tətbiq etmə ilə bağlı çağırışlara və təhqirlərə yol verilməməlidir, bu cür mahnılar müsabiqədən kənarlaşdırılacaq və qiymətləndirilməyəcək. Problemlərin qabardılmasına və tənqidlərə yol verilir.     

İşlərin qəbul edilmə qaydası:

Müsabiqə üçün nəzərdə tutulan işlərin təqdim edilməsi üçün [email protected] elektron poçtuna yaxud  Kampaniyanın www.facebook.com/art4democracy Facebook səhifəsinə müraciət edin və ya +994 55 754 35 16 nömrəsinə zəng vurun.

İşlərin təqdim edilməsi üçün son tarix:

Müsabiqə üçün nəzərdə tutulan mahnıların qəbul edilməsinin son tarixi 07 oktyabr 2013-cü ildir. Son tarixin uzadılması mümkündür, belə olacağı təqdirdə bu haqda ilkin olaraq nəzərdə tutulmuş tarixə 1 həftə qalmış məlumat veriləcək.

Qaliblərin seçilməsi qaydaları və mükafatlandırma:

Təqdim edilmiş işlər arasından qaliblərin seçilməsi peşəkar musiqiçilərdən, yazarlardan və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət 5 nəfərlik Münsiflər Heyəti tərəfindən və Facebook sosial şəbəkəsində onlayn səsvermə şəklində aparılacaq.

Hər biri Jüri üzvü hər bir mahnıya 1 bal verə bilər, eyni zamanda onlayn səsvermə nəticəsində ilk üç yeri tutmuş mahnının hər birinə 1 bal əlavə ediləcək, nəticədə ən çox bal toplamış 3 mahnıya uyğun olaraq  müsabiqənin 3 qalibi seçiləcək (1-ci, 2-ci və 3-cü yerlər).

Jüri tərəfindən qiymətləndirmə və onlayn səsvermə müsabiqəyə işlərin təqdim edilməsinin son tarixi bitdikdən sonra 2 həftə ərzində həyata keçiriləcək. Müsabiqəyə təqdim edilən mahnıların sayı gözləniləndən çox olarsa qiymətləndirmə müddəti 1 aya qədər uzadıla bilər. Onlayn səsvermə başlamazdan əvvəl musabiqəyə iş təqdim etmiş bütün iştirakçılar məlumatlandırılacaqlar və hamının məlumatlı olduğu təsdiq edildikdən sonra onlayn səsvermə başlayacaq.

Şəffaflığın təmin edilməsi məqəsdilə Münsiflər Heyəti üzvlərinin kimliyi yalnız Müsabiqə başa çatdıqdan sonra elan ediləcək. Münsiflər Heyətinin qərarları qətidir və dəyişdirilmir. Qaliblər aşağıdakı kriteriyalar üzrə seçiləcək:

Əsas kriteriyalar:

1. Yaradıcı münasibət (kreativlik, bədiilik); 2. Nəzərdə tutulan mövzuların əhatə olunması

Köməkçi kriteriyalar:

1. Mahnılarda konkretlik və davametmə müddəti (arzu olunan uzunluq - 3-5 dq); 2. İfa peşəkarlığı; 3. Səsyazma keyfiyyətləri.

Mükfatlandırma qaliblər müəyyən edildikdən sonra ən geci 1 ay ərzində baş tutacaq, mükafatlar aşağıdakı kimidir:

1-ci yer  - 500 AZN məbləğində pul mükafatı və qalibgəlmə haqqında diplom;

2-ci yer – 450 AZN məbləğində pul mükafatı və 2-ci yeri tutma haqqında diplom;

3-cü yer – 400 AZN məbləğində pul mükafatı və 3-cü yeri tutma haqqında diplom.

“Art for democracy” kampaniyasının xarici ölkələrdə keçirilən müsabiqələrdə və ya konsertlərdə iştiraka dəvət edilməsi gözlənilir, bu halda qaliblərin, o cümlədən qalib gəlməyən iştirakçıların müsabiqədən sonrakı dövrdə bu ölkələrə səfərlər etmələri və tədbirlərdə iştirakı nəzərdə tutulur.  

 

Müsabiqə üzrə əlaqələndirici şəxs:

Rəsul Cəfərov, Art for Democracy kampaniyasının koordinatoru

Telefon: +994 50 586 35 37; +994 55 754 35 16

E-mail: [email protected]; [email protected]

Facebook  səhifəsi: https://www.facebook.com/rasul.jafarov

Skype: rasul.jafarov

Yuxarı