Bir dəstə uşaq
Belə baxanda düz deyir, özüm də son zamanlar yazıl…
Musiqi məni olduqca tez yorur, və musiqini nə qədər dərindən duyuramsa, bu yorulma da o qədər tez baş verir. Çünki musiqi, indicə içimdə yaratdığı düşüncələrimə, öngörülərimə, obrazlara, daxili təkanlarıma mane olmağa başlayır.
Da Vinçi sisteminə giriş
***
Elə müəlliflər var ki, özü də tanınmış müəlliflər, onların əsərləri duyğu ifrazından başqa bir şey deyil. Bu əsərlər təsirləndirə bilsə də, öz müəllifini zənginləşdirməyə qadir deyillər.
***
Şübhəsiz ki, bütün əqli alverlərin əsası və məqsədi, metaforalar, abstraksiyalar və dil vasitəsilə arasıkəsilməzliyin (bütöv olanın) geniş şərhidir.
***
Çox yüksək ruhlu insan heçvaxt orijinal olmur. Onun şəxsiyyəti gərək olduğu qədər görkəmlidir, uyğunsuzluqları azdır, intellektual mövhumatlardan azaddır, boş qorxuları yoxdur. O, düşüncə incələmələrindən (analizlərdən) çəkinmir, lazım gəldiyində onları son həddə çatdırır; asanlıqla reallığa qayıdır. O yamsılayır, ixtira edir, köhnəni köhnə olduğuna görə, yenini də yeni olduğuna görə rədd etmir; yüksək ruhlu insan, özündən əvvəl əbədi aktual olan bir şeyləri üzə çıxarmağı bacarır.
Bədii yaradıcılıq
***
Bütün incəsənətlər, özəlliklə də yazarlıq sənəti, müəllifin istənilən obrazını tamaşaçıya təlqinetmə arzusunda uduzur. Dövlət qanunu müəllifləri anonimliyə məcbur etsəydi və heç bir əsərin müəllif adı ilə nəşr olunmasına icazə verilməsəydi, ədəbiyyat tamam sönməsə də, büsbütün yenidən yaranardı.
***
Poeziya nitq incəsənətidir və, deməli, mənfəətçiliyə və onun müasir artmasına qarşı çıxması labüddür. Şeirin nəsrdən fərqini artıran hər şey onun xeyrinədir.
***
Şairin işi, sözün keyfiyyət mürəkkəbliyi üzərindəki əməliyyatlarla, yeni səs və sözün eyni zamanda təşkili ilə aparılır. Bu, cəbrdəki kompleks rəqəmlərlə əməliyyata bənzəyir.
***
Musiqi məni olduqca tez yorur, və musiqini nə qədər dərindən duyuramsa, bu yorulma da o qədər tez baş verir. Çünki musiqi, indicə içimdə yaratdığı düşüncələrimə, öngörülərimə, obrazlara, daxili təkanlarıma mane olmağa başlayır.
***
Sonadək özünə bərabər qalan musiqi, yəni məndə yaratdığını zəhərləməyən, öldürməyən, yaratdığını qidalandıran musiqi çox azdır.
***
Yeniliyə olan xüsusi maraq, tənqidi fikrin yenilməsinin əlamətidir. Çünki əsərin yeniliyi haqda mülahizə ən asan işdir.
***
Hər bir kitab, müəllifin daxili monoloqunun bir parçasıdır yalnız.
***
Allaha bərabər olmaq istəməyən adam hələ tamam adam deyil.
***
Heykəl və şöhrətin mahiyyəti, əcdadlara sitayış formalarıdır. Bu isə cahilliyin formasıdır.
***
Şeirdə mənasızlıq hərdən əla səs gücü yarada bilir.
***
Ən alçaq janr, bizdən ən az səy, güc tələb edən janrdır.
***
Yeniliyin ən yaxşı cəhəti köhnə niyyətlərə, məqsədlərə uyğunluğudur.
***
Fransız klassik poeziyasında kamilliyə çatmış adamların hamısı tərcüməçi olmuşlar. Onlar, qədim əsərləri dilimizə çevirməkdə məharət göstərmiş şairlərdir.
***
Əsərin əsil dəyərləndirənləri, onun yaradılmasına gərək olan ehtiras və zaman qədər də əsərin seyr edilməsinə ehtiras, zaman sərf edənlərdir.
***
Yaradıcılığın məqsədi insanları həyacanlandırmaq yox, daha çox onları ələ almaqdır.
***
Əsər, müəllifin hər zəhminə bir kiçik heykəl, hər problemlərinə xırda məbəd, hər sirrinə bir xatirə daşıdır.
***
Ədəbiyyat mahiyyət etibarilə deməyə sözü olmayan, lakin yazmaq ehtiyacları güclü olan adamlarla doludur.
***
O yazarı dərin sayıram ki, onun nitqi məni uzun müddət faydalı düşüncələrə sövq edə bilir. Bu vurğuladığım şərt əsas şərtdir. Fərasətli kələkbaz və hətta dərin düşüncə donuna bürünməyə alışmış adam, əlaqəsiz sözlərin aldadıcı quraşdırmasının yalançı dərinliyini asanlıqla göstərməyi bacaran adamdır. Bizə elə gəlir ki, mənanı anlamağa çalışırıq, əslində isə biz onda yalnız məna axtarırıq. Bu müəlliflər, onların verdiyi məlumatdan daha çox bizi onda nələrisə artırmağa məcbur edirlər. Müəllif məcbur edir ki, oxucunun salındığı çaşqınlıq əsərin dərk edilməsinin çətinliyinə yozulsun.
***
Əsil gerçək dərinlik şəffaf olur.
***
Zövq əhli hər şeyə bir qədər şübhə ilə və etimadsız yanaşandır. Zövqlü olan adam müasir incəsənətlərin hökmran qanununa, heyrətə etimad göstərmir. Çünki heyrət bitmiş bir şeydir.
***
Ən avam arzu, hər 30 ildən bir "təbiəti" kəşf etməyə sövq edən arzudur.
***
Klassikləri digərlərindən fərqləndirən keyfiyyət, nəsilləşmə və əsilliyə canatma naturalizmindən heç də uzaq deyil.
***
Natiq və filosof, torpağın duzudurlar. Qalanları bütpərəstdir: onlar sözləri əşya, ifadələri isə hərəkət sayırlar.
***
Orijinallıqdan daha qiymətli olan universallıqdır.
***
Musiqi və Poeziyanın yolları kəsişir. Şeir -- səs və məna arasında uzanan titrəyişdir.
***
Hisslərin yorğunluğu yaradıcı güclə doludur.
***
"Məkan", "zaman" kimi terminlər siyahısına "müəmmalılıq" terminini də daxil etmək lazımdır. Bunda Tanımanın sıfır səviyyəsi yerləşir.
***
Tarix və romanların mütaliəsi ikinci və üçüncü növ zamanı öldürməyə kömək edir. Birinci növ zamanı öldürməyə lüzum yoxdur. Birinci növ zaman özü kitabları öldürür. Lakin bəzilərinə həyat verir.
***
Optimistlər pis yazır.
***
İnsanın bütün yazdıqları qaçılmaz olaraq birbaşa və ya dolayısıyla gətirib özünütərifə çıxarır. Son nəticədə hər şey, belə demək mümkünsə, masanın küncünü, divarın bir yanını, öz əlini və ya səma parçasını seyretmə imkanına çevrilir.
***
Proses yox, tamaşaçı vacibdir. "Kədəri kağıza etibar etmək." Qəribə ideyadır; bu, çoxsaylı kitabların, həmçinin bütün pis kitabların qaynağıdır.
***
Hər bir emosiya, hər bir duyğu həyata adaptasiyanın, alışmanın hansısa bir başlanğıcından xəbər verir. Şüur və ağıl adlandırdığımız şey, bu arada kök buraxıb artır.
***
İnsanda başqaldıran insani əlamət, onun buna adət etməsidir, və bundan da emosiya axtarışları, emosiya istehsalı, başitirmə və başgicəlləndirmə, rahatlığı pozma və rahatlığı əldənvermə istəkləri qalxır.
***
Öz sərhədlərini hiss edən, tapan və qəbul edən şəxs, öz sərhədlərini dərk etməyənlərdən daha çox universaldır. Onun bu sonluluğunda sərhədlərin sonsuzluğu daha çox duyulmaqdadır.
***
Bütün poeziya və incəsənətlərin izahı -- özü-özlüyündə şərti olana zərurət verməyə cəhd edir.
***
Şəffaf, anlaşılan, dəqiq ideyaya uyğun gələn, hər halda çoxluq tərəfindən Tanrı vergisi kimi qəbul edilmir. (İncəsənətdə bir çox şeylər bununla izah edilir.)
***
Tez-tez, yəni kursiv şəklində əlyazı bacarığı əvəzinə daş oymaqla onun üstünə əl yazısı həkk etməyə məcbur olsaydıq, ədəbiyyat tanınmazcasına dəyişilərdi.
***
Sənətkar, gördüyünü yox, görüləsini təsvir etməlidir.
***
Şair, millətindən adi söz kimi aldıqlarını öz ölkəsinə qızıl sözlər şəklində qaytarır... Bütün incəsənətlərdən ən əsası və əbədi olaraq xalqa bağlı olan poeziyadır.
***
Ədəbiyyatı bütünlükdə mütaliə işləvləri (funksiyaları) müəyyənləşdirir. Əsas işləvlərdən biri -- düşünmək zərurətindən qurtulmaqdır. "Fikri dağıtmaq" dediyimiz mütaliə, düşünməməyə bərabərdir. Lakin düşündürən mütaliə də mövcuddur. Yaratdığımız əsərlərə yalnız bir tələb qoymaq olar, o da bizə bir şeylər öyrətməsidir.
***
Mənə qələm və kağız verin, mən sizə tarix kitabı və ya Qurana və Vedalara bənzər müqəddəs mətnlər yaradım. Fransa kralı, kosmoqoniya, əxlaq, teologiya uyduraram. Hansı əlamətlərdən uşaq və cahillər onları aldatdığımı biləcəklər, yalanımla onlarda oyatdığım təxəyyüllə əsil mətnlərin yaratdığı təxəyyül arasındakı fərq nədən ibarət olacaqdır?
Ruhun böhranı
***
Alman xalqlarının böyük keyfiyyətləri, tənbəlliyin törətdiyi ziyanlardan daha çox bədbəxtliklər gətirdi. Səmimi əməyin, dərin təhsilin, ciddi nizam-intizamın və çalışmaların dəhşətli niyyətlərə yönəlməsinin şahidi olduq. Bütün bu dəhşətlər bu keyfiyyətlərsiz mümkün deyildi.
***
İxtiraçılar çəkdikləri layihələrdə, keçmiş müharibə salnamələrində tikanlı simləri ötüb keçmə, hərbi gəmiləri sıradan çıxartma və aeroplanların hücumlarını zərərsizləşdirmə yollarını həyacanla arayıb-axtararkən, ürək, bildiyi bütün əməllərə birdən müraciət edir, peyğəmbərlərin qəribə gələcəkdən xəbər vermələrini ciddiyyətlə götür-qoy edir, sığınacaq, uğurlu əlamət, təsəlli axtarır.
***
Mənəvi Avropanın nizamsızlığı nədən ibarət idi? Bu nizamsızlıq, bütün təhsil görmüş beyinlərdə bir-birindən kəskin fərqlənən ideyaların, həyat və dərketmənin ən təzadlı ilkələrinin (prinsiplərinin) azad mövcudluğunda idi. Modernizmin fərqli cəhəti budur.
Çevirən:
İlahə Ucaruh