post-title

Seymur Baycan: Azadlıq nədir? (Hekayə)


- Şair, mən ha istəyirəm o əhvalatı yaddan çıxaram, sən də hər dəfə gələndə təzədən danışmağa məcbur edirsən. Nə danışım? Axı bir şeyə neçə dəfə qulaq asmaq olar? Təəccüb edirəm, hər dəfə eyni əhvalata qulaq asmaqdan necə yorulmursan?

Doktorun belə nazlanmağına fikir verməyin. Mən qulaq asmağa nə qədər həvəs göstərirəmsə, o, özü də bir o qədər sevimli hekayəsini təkrar-təkrar danışmaq arzusundadır. Mən onun əhvalatına qulaq asmağa tələsdiyim kimi, o da öz əhvalatını danışmağa tələsir. Hər dəfə belə olur. Bir az naz edir, sonra guya yumşalıb əhvalatı danışmağa başlayır. Doktor başına gələn bütün hadisələr haqqında elə inam və ardıcıllıqla danışır ki, sanki, bütün bu hadisələrin hər birinin iştirakçısı olmaq onun taleyinə yazılıbmış. Dünənki günü elə xatırlayır, elə bil, bu əhvalat dünən yox, on il əvvəl baş verib. Belə anlarda o, həqiqət axtaran adama oxşayır. Bəzən o, öz başına gəlmiş əhvalatı elə danışır, elə bil, özünün yox, başqasının başına gəlmiş əhvalatı danışır. Ona qulaq asmaq maraqlı və xoşdur. Adamın beyni dincəlir. Mən sual verməyi xoşlayıram, o da ki, danışmağı sevən adamdır. Əslində, mən ona doktor yox, təbib deyərək müraciət etməliyəm. Təbib sözü onun şəxsinə, xasiyyətinə, həyatına daha çox uyğun gəlir. O, adamları hər şeylə müalicə edir. Sözlə, dərmanlarla, otlarla... Özünün dediyi kimi, müalicə etmək mümkün olmadıqda ölməkdə olan adamı sözlərlə o dünyaya rahat getməyə hazırlayır. Belə hallarda doktor həm də müqəddəs ata funksiyasını yerinə yetirir. Adamlar onu çətin gündə ağıllı məsləhətlər verə bilən ağıllı adam kimi tanıyırlar. Doktorun mövhumatçı, əsəbi, xəstəhal, çox deyingən, ayaqları əyri arvadı var. Əgər arvad deyingəndirsə, bu, əsl fəlakətdir. Özünüz bilirsiniz də, arvadların dili necə iti və uzun olur. Bu deyingən arvad, deyəsən, öz ayaqlarından çox razı olduğu üçün daima qısa yubka geyinir. Xırda gözləri bir-birinə gülməli şəkildə yaxın olan bu balacaboy, kəkilli, qarmaqburun, arıq, tutuquşuna oxşayan, deyingən arvad doktoru filosofa çevirib. Evliliklərindən illər keçməsinə baxmayaraq, ilk günlərdəki kimi ərini əlindən buraxmamağa çalışır, gözlərini ondan çəkmir. Doktor qanını qaraltmamaq xatirinə arvadının hər arzusu, tələbi ilə razılaşmağa məcbur olur. Təki onun zəhləsini tökməsin, əsəbiləşdirməsin, işinə mane olmasın. Ağıllı, maraqlı bir kişinin belə bir yaraşıqsız, deyingən arvada necə tuş gəlməsi maraqlı haldır. İxtiyarımda iki dünya olsaydı, birini təkcə bu sirri öyrənməyə qurban verərdim. Tərbiyəsizlik edərək özümü saxlaya bilməyib doktordan bir dəfə üstüörtülü şəkildə bu barədə soruşdum. Doktor əhvalatın necə baş verdiyini danışmayıb yalnız bu sözləri dedi:

- Heç bilmirəm, necə oldu. Elə vaxtlar olur, insan geriyə boylanır. Bilmək istəyir orda nələr olub. Sən demə, çox şey istədiyin kimi olmayıb. Adamın elə səhvləri və axmaqlıqları olur ki, hətta bu barədə düşünməyə utanır. Şair, şeytanın bir işə gücü çatmayanda ora arvad göndərir. Qadın məkrindən, qadın hiyləsindən heç bir kişi özünü qoruya bilməz. Əgər tale sənin qarşına məkrli qadın çıxarıbsa, nə qədər ağıllı olursansa ol, fərqi yoxdur, ondan canını qurtara bilməyəcəksən. İnsana həyat həvəsi bəxş edən qadına nadir halda rast gəlmək olur. Kim deyirsə mən qadınları tanıyıram, qələt eləyir. Yaxşı qadına rast gəlmək bəxt məsələsidir, şair. Axtarmaqla tapılan şey deyil. Allah heç kimi səviyyəsiz qadınla imtahana çəkməsin. Bunu heç düşmənimə də arzulamıram. Mənim nələr çəkdiyimi söyləmək mümkün deyil, həm də bunu danışmaq ayıbdır. Adamın ürəyi bulanır. Hər insanın həyatında elə şeylər var ki, gərək o insanı bu barədə sorğu-suala tutmayasan. Sual verməyin xeyri yoxdur. Əgər istəsə, özü danışacaq, yox, əgər istəməsə, onda ürəyindəkilərin hamısını özüylə o dünyaya aparacaq. Axı mən sənə nə deyim, sənə nə cür məsləhət verim?! Axı belə işlərdə hazır resept yoxdur. Reseptlə yaşamaq, həyat qurmaq mümkün deyil. Reseptlə ancaq tort, piroq bişirmək olar. 
Belədir vəziyyət.

Doktor bu sözləri deyərkən gözlərində puç olmuş bir insan həyatının miskin əksi göründü.

Doktor xeyli kitab oxuyub. Danışanda oxuduğu kitablardan sitatlar gətirməyi xoşlayır. Bəzən rus sözləri işlədir. Doktor şərq müdrikliyi ilə qərb praqmatizmini özündə birləşdirməyi bacarmış adamlardandır. Adamlar doktora böyük hörmət bəsləyirlər. O, öz davranışları sayəsində bir həkimə lazım olan ən böyük silahı əldə edib. Ona inanırlar. Özü də, qeyri-şərtsiz inanırlar. Hamı onu vicdanlı, təmiz bir insan kimi tanıyır. Doktor bəzən xəstələrlə mülayim davranır. Bəzən isə hirslənir, qoca-cavan, qadın-kişi demədən onların üstünə qışqırır, lakin əyalət insanları bunu savadlı bir həkimin ərkyanalığı kimi qəbul edirlər. Ona hörmətlə qulaq asırlar, ancaq danışdıqlarından çox vaxt heç nə başa düşmürlər. Bu cür ziddiyyətli davranışlar doktorun şöhrətini adamlar arasında daha da artırır. Heç kim doktordan incimir. Onun üzündə nəsə bir sehr var ki, adam ona dərhal inanmaq, etibar etmək istəyir. Doktor kasıb xəstələrdən pul almır. Bəzən isə öz cibinin puluyla kasıb adamları müalicə edir. Möcüzədir, xəstə uşaqlar onu görəndə ağlamırlar. Doktor bu kəraməti ilə fəxr edir və deyir:

- Uşaqlar əsl həkimi görəndə ağlamırlar.

O, öz mühitində azadlığını, orijinallığını qorumağa müvəffəq olsa da, əyalət həyatının bataqlığında qərq olmaqdadır. Özü də bunu başa düşür və rayona gəlişimə çox sevinir. Bizim çox səmimi münasibətimiz var. Aramızdakı münasibət elədir ki, bir-birimizə nəsə sübut etməyə ehtiyac yoxdur. Doktor ən sadiq oxucularımdan biridir. O, mənə şair deyərək müraciət edir. İldə iki-üç dəfə görüşüb bir çox məsələlər haqqında saatlarla söhbət edirik. Müzakirələr aparırıq. Həqiqətən də, o, çox maraqlı insandır.

- Şair, mənim tələbəlik illərim mitinqlər keçirilən vaxta təsadüf etdi. Aləm qarışmışdı. Tətillər, piketlər, mitinqlər... Ölkə dağılırdı. Dərslər pozulmuşdu. Biz tələbələr bütün mitinqlərdə iştirak edirdik. Etməmək də mümkün deyildi. Belə hadisələr axı hər gün baş vermir. Müəllimlər sinfə girəndə onları siyasətdən, baş verən hadisələrdən, gələcəkdən danışmağa məcbur edirdik. Tələbəyə nə lazımdır? Nə yolla olursa, olsun, dərsin pozulması. Nəsə, söhbəti çox uzatmayım, özün o dövrün abı-havasını yaxşı bilirsən. Təxminən eyni taleyi yaşamış adamlarıq.

Nə yaxşı yadıma düşdü. Gərək əvvəldə yazaydım. Doktor xalq hərəkatı liderinin siyasət meydanından öz kəndinə qaçmasından sonra pərt olmuş, müəyyən mənada həyatdan küsmüş yüz minlərlə adamdan biridir. Bunu qeyd etməsəydim, hekayəmiz natamam alınacaqdı.

- Şair, bizim qrupda bir oğlan vardı. Heç vaxt mitinqlərdə iştirak etməzdi. Xoşagələn bir tip deyildi. Onun varlığı adamı əsəbiləşdirirdi. Nə baş verirdisə, versin, ona bir qram da təsir etmirdi. Boran olsun, çovğun olsun, mitinq olsun vecinə deyildi. Dərsdən qalmırdı. Sifəti-zadı qaydasında idi. Hətta deyərdim yaraşıqlı oğlan idi, amma onun yaraşığı da adamı qıcıqlandırırdı. Adamın içini bu qədər çılpaqlığıyla açıb göstərən ikinci bir sifət görməmişəm. Onda baş var idi, ürək deyilən şey yox idi. Səliqəli geyinirdi. Geyimi-keçimi qaydasında olurdu. Heç bir şəxsi fikri olmayan bir adam idi. Heç vaxt zarafatı başa düşməzdi, buna görə də həmişə elə düşünürdü ki, onu lağa qoyurlar. Zarafata zarafatla cavab verməyi bacarmadığından, özünü müdafiə etmək üçün bir vasitə bilirdi: onunla zarafat edən adamla bir kəlmə kəsmirdi. Onun heç kimə zərəri dəyməzdi, amma özündən başqa kiməsə də xeyir verməzdi. Heç kimdən borc götürməzdi, heç kimə borc verməzdi. Hər şey haqqında o qədər laqeyd danışırdı ki, onun danışıq manerası adamı ruhdan salırdı. Belələri gərək ölənə qədər koramal kimi həyatda sürünsün. Bir sarı çantası vardı. O çanta hələ də gözümün qarşısındadır. Onun çantası da məni bərk əsəbiləşdirirdi. Həyatımda heç bir çanta onun sarı çantası qədər məni əsəbiləşdirməyib. Elə hey istəyirdim çantanı əlindən alıb parça-parça edəm. Yadımdan çıxmır o çanta. Nədənsə hərdən mənə elə gəlir ki, bizim bu dərəcədə ağır vəziyyətə düşməyimizin baiskarı onun sarı çantasıdır. Bəlkə də mən zamanında o zəhləmgetmiş sarı çantanı onun əlindən alıb parça-parça etsəydim, hər şey başqa cür olardı… Biz necə də böyük arzularla yaşayırdıq. Sən elə bilmə ki, biz elə ancaq dərsdən qaçmaq üçün mitinqlərə gedirdik. Yox. Biz doğurdan da azadlıq istəyirdik. Biz inanırdıq ki, gözəl, azad, firavan bir ölkədə yaşayacağıq. Bizim övladlarımız yaxşı təhsil alacaq. Heç kim heç kimi incitməyəcək. Məhkəmələr azad və ədalətli olacaq. Biz özümüzü hər şeyə qadir hesab edirdik. Bir dəfə hamımız dərsdən qaçıb mitinqə getmişdik. Qızlı-oğlanlı. Sabahısı gün bizi korpusun qarşısına yığdılar. Rektor gəldi. Dedi ki, bu gündən etibarən kim mitinqdə iştirak etsə, universitetdən qovulacaq. Nazir belə tapşırıb. Biz rektorun sözünə əhəmiyyət vermədik. Hər şeyə hazır idik. Universitetdən qovulmağa, həbs olunmağa, hətta ölməyə də. Arzular bizi o qədər coşdurmuşdu ki, reallıq hissini tamam itirmişdik. Heç nə gözümüzə görünmürdü. Biz də rektora dedik ki, əgər mitinqdə iştirak etdiyinə görə universitetdən kimisə qovsalar, bütün universitet tələbələri dərsləri boykot edəcək. Biz əmin idik ki, bizə heç nə, heç kim mane ola bilməz. Bütün həyat irəlidə idi. İnsan yalnız gəncliyində belə inana bilər. İndi hər şey gülməli görünür. Rektor soruşdu:

- Dərsləri hamı boykot edəcək?

Dedik:

- Hə, hamı.

Onda rektor o zəhləmgetmişi çıxartdı qabağa, dedi ki, bu adam boykot etməyəcək. Baxın ona, nümunə götürün. Görün, nə ağıllı oğlandır. Başını salıb aşağı, dərsini oxuyur. Valideynləriniz sizi oxumağa göndərib, siyasətlə məşğul olmağa yox. Bu hadisədən sonra ondan lap zəhləmiz getdi. Qərara gəldik ki, nə yolla olursa, olsun, onu bir dəfə mitinqə aparaq. Bu, artıq zarafat deyildi, prinsip məsələsi idi. Mitinqlərin lap gur vaxtları idi. Zavodlar, fabriklər işləmirdi. Fəhlələr tətil elan etmişdilər. Bizim universitetdəki cəbhəçi müəllimlər aclıq aksiyasına qoşulmuşdular. Belə bir vaxtda hamımız, bütün qrup bu adamın üstünə düşüb onu yarı zorla, bir az tovlaya-tovlaya, bir az bişirə-bişirə, birtəhər ölüm-zülmlə mitinqə apara bildik. Adam cəmisi bircə dəfə mitinqdə iştirak etdi. O vaxt mitinqdə hamı yumruğunu göyə qaldırıb “azadlıq, azadlıq, azadlıq” qışqırırdı. Bu adam “azadlıq, azadlıq, azadlıq” qışqıran bir milyon adamın arasında yumruğunu yuxarı qaldırmağa da qorxurdu. Qrup yoldaşlarımızdan biri onu başa saldı ki, yumruğunu yuxarı qaldırmalıdır. Qorxa-qorxa yumruğunu yuxarı qaldırdı, amma bir dəfə də azadlıq qışqırmadı. Azadlıq sözünü ona dedizdirə bilmədik. Qısacası, günlərin bir günü işdən evə gəldim. Əsəbi idim. Arvad da evə girən kimi məni bir yandan əsəbiləşdirdi. Çörəyimi yedim. Bir stəkan çay içdim. Uşaq da kinoya baxırdı. Nəsə axmaq bir türk filmi idi. Uşaqdan soruşdum:

- Dərsini hazırlamısan?

Dedi:

- Hə.

Dedim, gətir kitablarını, dərsini danış. Bir az mısmırığın salladı. Gördü bərk əsəbiyəm, gedib sakitcə kitablarını gətirdi. Birinci tarix fənnindən başladıq. O, dərsini danışanda mən də kitabı vərəqləyirdim. Dedim, baxım görüm bu tarix deyilən şey nədir. Kitabda qarşıma bir foto çıxdı. Azadlıq meydanı. Yüz minlərlə insan yumruğunu göyə qaldırıb. Ön planda da bir adam. Adamın sifəti tanış gəldi. Harada görmüşəm bu adamı? Belə hallar olur, sifət çox tanış gəlir, amma adamı heç cürə xatırlaya bilmirsən. Birdən xatırladım. Kim olsa yaxşıdır? Həmin zəhləmgetmiş, bizim mitinqə zorla apardığımız adam. Dəhşətdir. Ömründə bir dəfə mitinqə gedəsən, özü də səni zorla, tovlaya-tovlaya, bişirə-bişirə mitinqə aparalar, gəlib tarixə, tarix kitabına düşəsən. Şair, özün halımı təsəvvür elə. Elə bil, məni ildırım vurdu. İnan, bir damcı da şişirtmirəm. O qədər pis oldum ki, məni soyuq tər basdı. Dedim, bu dəqiqə ürəyim dayanacaq. Qızım soruşdu:

- Ata, sənə nə oldu?

Dedim, heç nə. O fotonu görəndən sonra hər şey gözümdən düşdü. Həyat, tarix, xatirələrim, hər şey, hətta azadlıq da… Mənə elə gəlir ki, heç kim həyatın mənasızlığını mənim qədər dərindən duymayıb. Bütün həyatım, həm keçib gedən, həm də qarşıdakı həyatım mənə mənasız görünür. O şeylər ki, əvvəllər məndə həyəcan, gülüş doğurardı, danışmaq həvəsi oyadardı, indi mən laqeyd bir sükut içində onları süzürəm. Artıq heç bir şey diqqətimi cəlb etmir. Belədir vəziyyət. 
 “Belədir vəziyyət” – bu doktorun sevimli ifadəsidir. Danışdığı əhvalatları, xüsusən, kədərli və yarımkədərli əhvalatları bu sözlə bitirir.

- Səncə, o, satqın idi?

Doktorun üzündəki təbəssüm, elə bil, kiminsə əmri ilə yox oldu. Elə bil, onun sifətində heç əvvəldən təbəssüm yox imiş.

- Kim?

- Kim olacaq? Guya bilmirsən kimi nəzərdə tuturam? Lideriniz.

- Bilmirəm. Çox çətin sual verirsən. Bir şeyi unudursan ki, bu suala cavab vermək mənim üçün çətindir.

- Yaxanı qırağa çəkmə. Cavabdan qaçma. Sən adi adam deyilsən, hərtərəfli həyat dərsi keçmiş adamsan. Bir də ki, mən səndən bu suala əhatəli cavab istəmirəm. Öz düşüncələrini mənimlə bölüşməyi xahiş edirəm.

- Həyatda elə həqiqətlər var ki, müəyyən yaş həddinə çatmayınca qəbul etmək olmur. Nə qədər ki, insan dayanmadan, düşünmədən həyat yolunda irəliləyir, nə qədər ki, yıxılıb ağzını-burnunu əzməyib, ona elə gəlir ki, hər şey irəlidədir. Öz vəziyyətini qiymətləndirə bilmir. Ömrün əsas hissəsinin ötüb keçdiyini, qalan hissəsinin azlıq təşkil etdiyini hiss etdikdə, həyatı dərk etməyə başlayırsan. Öz dayaz ağlımla mən belə düşünürəm. Budur, bayrama az qalır. Əvvəllər necə fərəhli idi, indi isə hər şey əhəmiyyətsiz görünür. Əvvəllər hər şey irəlidə idi, indi gözləməli heç nə yoxdur. Boşluq. Məlum deyil, niyə yaşayırsan. Amma yaşamağa borclusan. Ailə borcu, ata borcu, ər borcu, vətəndaş borcu, həkim borcu. Məgər borc birdir, ikidir… Saymaqla qurtaran deyil. Sağdan da, soldan da, qabaqdan da, daldan da dolu kimi yağır. Adam bu borcların ziddiyyətindən baş aça bilmir. Bir çox hallarda biz elə hesab edirik ki, ata olmaqla, ər olmaqla, məşhur olmaqla biz həyatda nəyəsə nail olmuşuq. Əslində isə həyatda əldə etdiklərimizin hamısı buxov əldə etməkdən başqa bir şey deyil.

- Doktor, məncə…

- İmkan ver, sözümü axıra qədər deyim. Sən həmişə beləsən. Bildin-bilmədin, ağzına nə gəldi, danışırsan. Xasiyyətin budur. Üz-gözündən də lümpenlik tökülür…
İnsan nə vaxtsa pul itirdiyinə görə deyil, bircə saatlığa həyatı olduğu kimi dərk etdiyi üçün kədərlənəndə onun kədəri əsl kədər olur. Adam kədərlənir, ancaq xeyri yoxdur. Bu, mütləq öləcəyini bilən, lakin əlindən heç nə gəlməyən adamın kədərlənməsi kimi bir şeydir. Qulaq as, şair, adamın yaşının qırxı ötməsi, ağlı başında bir insan olması, tanış-bilişdən hörmət görməsi hələ heç də o demək deyil ki, onun həyatında ağır gün olmayacaq. Yox, kim olursansa ol, görürsən ki, günlərin birində öz səhvin ucbatından, ya da elə dayandığın yerdə çox pis vəziyyətə düşürsən. Çaşıb qalırsan. Nə baş verdiyini anlamırsan. Nə cür hərəkət etməli olduğunu bilmirsən. Həyat haqqında bir çox fikirlərin alt-üst olur. Fikirlərin düzlüyünə, möhkəmliyinə şübhə etməyə başlayırsan. Bu zaman keçirdiyin ruhi sarsıntıdan özünə qarşı inamsızlıq hissi yaranır. Həyatına daha dərindən nəzər salırsan. Fikirləşirsən ki, mən necə insanam? Doğurdanmı, yaxşı adamam? Həyatda özüm təsəvvür etdiyim kimi düzgünmü yaşayıram? Mənim bu dəhşətli dünyada hamıya yazığım gəlir. Son vaxtlar öz həyatım barədə tez-tez fikirləşirəm. Sən necə?

- Mən də tez-tez fikirləşirəm. Doktor, sən ziyalı adamsan. Həkimsən. Söhbəti bu qədər uzatmaq nəyə lazımdır? Sualıma, mümkünsə, konkret cavab ver. Səncə. o, satqın idi?

- Sən adama həmişə axmaq suallar verirsən. Bunu sənə açıq deməliyəm. Özün bilirsən ki, bu mövzuda danışmağı sevmirəm. Biz bu barədə nə qədər çox danışsaq, bir o qədər ağır olacaq. Bircə, onu bilirəm ki, ağlı başında olan adamları tək-tək aldatmaq çətindir. Onların hamısını bir yerdə aldadıb yoldan çıxarmaq asandır. Bəzi adamları nə qədər müşahidə edirsən et, yenə də onlarda səfehliyin harada bitib, bicliyin harada başladığını müəyyən etmək olmur. Bir də ki, hisslərə qarşı ağlın gətirdiyi dəlilləri qoymaq mənasızdır. Boynuma alıram, mən hələ də o hadisələrə hislərlə yanaşıram, soyuq başla yanaşa bilmirəm. Bu qədər. Xahiş edirəm, söhbəti bitir. Belədir vəziyyət.

O, bu cümləsini təəssüf dolu səslə söylədi və onun başı ölü quşun başı kimi yana düşdü.

Doktor pərtliyə səbəb ola biləcək bütün söhbətlərdən asanlıqla yayınır. Bir az keçmiş o, gülə-gülə bir sevgi macərasını şən və gümrah halda nağıl etməyə başladı. Lakin biz bu əhvalatı yazmırıq, çünki bu bizim üçün maraqlı deyil.

Seymur Baycan

Yuxarı