post-title

2 Avqust Milli Kino Gününə ithaf

Azərbaycanda dövlət hesabına çəkilən filmlərdə müəlliflərin “öz istəyi ilə, könüllü” senzura tətbiq olunduğu çoxdan məlumdu.

 
Çingiz Rəsulzadənin “Kuklalar” filmində finalın dəyişdirilməsi, Ayaz Salayevin filminin təkrar istehsalata buraxılması və s.
 
Ancaq bu yaxınlarda (müsəlmanın bu yaxını) eşitmişəm ki, kinomuzun taleyi üçün məsuliyyət daşıyan məmurlarımız kreativliyin yüksək səviyyəsinə qalxıblar. Artıq müəlliflərə tövsiyyə olunur ki, ssenarilərdə qeyri-təbii ölümlərə - intiharlara yer verməsinlər (Azərbaycan vətəndaşı ya öz əcəli ilə ölməlidi, ya da Qarabağda qəhrəman kimi), sevənləri ayırmasınlar, ailələri dağıtmasınlar, bir sözlə neqativ mesajları, problemləri mümkün qədər azaltsınlar. Bu halda layihə sahiblərinin onu reallaşdırmaq şansı artacaq. 
 
Amma mənim diqqətimi çəkən eşitdiklərim deyil. Azərbaycanda o qədər absurd, gülünc işlər baş verir ki.. Bu da onlardan biri. Digər tərəfdən dərinə getsən, sinikləşsən, deyə bilərsən ki, “pulu kim verirsə, musiqini də o sifariş eləyir və hazırda Azərbaycan kinosunun yeganə maliyyə mənbəyi dövlətdi”.
 
Məni başqa şey maraqlandırır: rejissorların, ssenari müəlliflərinin, operatorların, qısası, yuxarıda yazdıqlarımı danışan və onunla bərabər sakit oturub nəyinsə öz-özünə dəyişəcəyini  gözləyən, dostlar arasında şikayətlənməklə kifayətlənən və fürsət düşəndə şəraitə boyun əyən kino işçilərinin baş verənlərə reaksiyası. Bircə cümlə: “Mən inqilabçı deyiləm, axı. Sənətkar sənətlə məşğul olmalıdı”.
 
Məyər sizdən əksini tələb eləyən var? Elə biz də sənət arzulayırıq, sənət görmək istəyirik. Həm siz niyə inqilab sözündən qorxursunuz, xəyalınızda dərhal top-tüfəng, qan canlandırırsınız? İnqilab- ən birinci dəyişiklik deməkdi, yenilik deməkdi. Məyər Rosselini, ya da Godard, ya da Fellini əlində tapança götürüb kiməsə güllə atmışdı? Roberto Rosselini sadəcə kamerasını qoltuğuna vurub küçəyə çıxdı, “Roma-açıq şəhər” filmini çəkdi. Nəticə: Neorealizm cərəyanı. Qodar sadəcə kif basmış ənənələri pozdu, kameranın yerini dəyişdi, “Son nəfəsdə”, “Alfavill” filmlərini çəkdi. Nəticə: “Yeni dalğa” cərəyanı.
 
Bunları ona görə sadalayıram ki, bizim kinoçuların şikayətdən sonra ikinci sevimli şakəri dünya kinematoqrafiyası ilə müqayisələr aparmaqdı. Bir-birinin ardınca çoxlu yarıuydurma, yarıhəqiqət faktlar göstərilir - Rodriguez öz qarajında çəkib - montaj eləyirmiş, Aranofski ilk filmi üçün vəsaiti metroda dilənərək toplayıbmış, Semih Kaplanoğlu səhərdən axşama qədər günün altında dayanıb yüz nəfərə layihəsini daşınıbmış, Tarantino nə bilim nə deyibmiş. Adətən, nöqtə qoyulur: “getmişdim nazirliyə, mənə dedilər ki, ssenaridən filan sözü çıxart”,  ya da “filan nazirin qərarını önümə qoyub dedi ki, sənə burda yazılandan artuq pul verə bilmərəm”. 
 
Arkadaşlar, öyrətmək kimi çıxmasın, məndən yaşda da, başda da böyüksünüz, amma sənət kompromisləri sevmir. Nə qədər ki, güzəştə gedirik, belə də davam eləyəcək. İstəyir, bir yox, yüz rejim dəyişsin, yenə filmləri eyni adamlar alacaqlar, yenə “Cavid ömrü”, “Sübhün səfiri” kimi filmlər çəkiləcək, sonra bir dəfə nümayiş olunub rəfə qoyulacaq, tamaşaçıdan da, peşəkardan da gizlədiləcək, yenə sizə “elə çəkmə, belə çək” deyiləcək. Rejimdən əvvəl bizim düşüncəmiz, münasibətimiz dəyişməlidi.
 
Bircə çarə var: Mədəniyyət Nazirliyinin layihələrini boykot eləmək. O layihələrdə iştirak eləməyin, onların pulunu almayın. Əminəm ki, hamımızın evində qeyri-peşəkar da olsa, bir kamera var. Az büdcəli, lap büdcəsiz filmlər çəkin. İmkansız deyil. Örnəkləri də var. Məndən daha yaxşı bilirsiniz. Bir nəfər, iki nəfər bacarırsa, sənət yaratmaq istəyən, istedadına güvənən hər kəs bacarar. Məsələn, “Azərbaycan doqması” yaradaq, sənətlə məşğul olaq. Ya da şair demiş, səsimizi kəsək və əbsəm olaq. 
 
Vallah, o pulu, icazəni ki, sizə mədəniyyət nazirliyi verir, onun adı vermək yox, başqa şeydi. Milli Kino Gününüz mübarək!!!!
 
Aygün Aslanlı
Kultura.Az
Yuxarı