Keçən gecə çox qəribə bir yuxu gördüm. Kiminsə səsi mənə deyirdi:
-- Yuxunuza soxulduğuma görə məni bağışlayın, ancaq sizə vacib işim düşüb. Mənə bircə siz kömək edə bilərsiz, başqa heçkəs.
Yuxuda mənə elə gəldi, ona belə cavab verdim:
-- Üzr istəmək lazım deyil, onsuz da yuxu da elə-belə... Sizə köməyim dəyə bilərsə...
Səs söylədi:
-- Siz və yalnız siz. Əks halda mən və xalqım məhv olacaq.
-- Ay aman,-- dedim.
Adı Froka, özü isə çox qədim bir nəslə mənsub idi. Çox uzaq zamanlardan bəri həmtayfaları nəhəng təpələrlə əhatələnmiş geniş vadidə yaşayırmışlar. Onlar həmişə barış içində yaşayır, nümunəvi qanunlar çərçivəsində ömür sürür, uşaqlarını isə sevgi və ürəyiyumşaqlıq ruhunda böyüdürdülər. Bu tayfanın hətta öz görkəmli rəssamları da var imiş. Və hərçənd bəziləri spirtli içkilərə biganə qalmır, hərdən isə (düzdür, nadir hallarda) kimsə qətlə də yetirilirdi, ancaq özlərini xeyirxax və hörmətə layiq, düşüncəli məxluqlar hesab edirdilər...
-- Bağışlayın, -- deyib onun sözünü kəsdim, -- bəlkə birbaşa mətləbə keçəsiniz?
Froka uzunçuluğuna görə üzr istədi, lakin başa saldı ki, onların qaydalarına görə, hansısa bir xahişdən öncə geniş şərhlər verilməlidir .
-- Yaxşı, -- deyib onu sakitləşdirdim . -- Gəlin mətləbə keçək.
Froka nəfəsini dərib başladı. Təxminən yüz il bundan öncə (onların zaman təsəvvürlərinə görə) göylərdən çox nəhəng bir sütun düşmüşdü. O, böyüklüyünə görə ölkənin üçüncü şəhərinə, bələdiyyənin yanında ucaldılmış Naməlum Tanrı heykəlinin yaxınlığında yerə enmişdi.
Sütun qeyri-düzgün silindr formasında, diametri isə iki mil imiş. Təbiətin bütün qanunlarına zidd olaraq o, qəflətən yuxarı qalxıb onların cihazları üçün əlçatmaz olub, sonra yenidən əvvəlki yerinə enibmiş. Belə olanda onlar soyuqla, isti ilə, bakteriyalarla, proton bombalarla və başqa uyğun üsullarla sütuna təsir etməyə çalışsalar da, nəticəsi olmamışdı. O, dəhşət saçan əzəməti ilə düz beş ay on doqquz saat və altı dəqiqə tərpənmədən durubmuş.
Bundan sonra sütun səbəbsiz-filansız şimal-qərb istiqamətində hərəkətə başlamışdı. Hərəkətin orta sürəti saatda 78,881 mil imiş (sürət haqqındakı təsəvvürlərinə görə). O, uzunu 183,223 mil, eni 2,011 mil olan bir sahəni şumlayandan sonra yoxa çıxmışdı.
Bu ağlasığmaz hadisəni araşdırmaq üçün bütün elm xadimlərinin dəvət olunduğu bir simpozium çağrılmışdı. Yekun sənəddə alimlər elan etmişdilər ki, bu, izaholunmaz, nadir və, çox guman ki, gələcəkdə təkrarlanmayacaq bir hadisədir.
Ancaq düz bir ay sonra o təkrarlanmışdı, bu dəfə silindr paxtaxt yaxınlığında yerə enmişdi. O, tez-tez nizamsız hərəkətlər edərək, endiyi yerdən 820,331 mil aralıda dayanmışdı. Dəyən zərər elə böyük imiş ki, saymaqla qurtaran deyilmiş. Bir neçə min insanın həyatı məhv olmuşdu.
İki ay və bir gün keçəndən sonra sütun yenə peyda olmuş, bu dəfə də əsas şəhərlərin üçü də zərər çəkmişdi.
İndi hamı bilir ki, bu naməlum və, ola bilsin, dərkedilməz hadisə nəinki tək-tək insanlar üçün, hətta bütöv sivilizasiya üçün də xətadır, bütün xalqın varlığını qorxu altına alır.
Təbiidir ki, belə faciənin haçansa baş verəcəyi fikri iinsanları ruhdan salıb sarsıtmışdı. Gərgin əsəb dalğası ümumi süstlük dalğası ilə əvəz olmuşdu.
Dördüncü zərbə paytaxtın şərqinə, çöllük tərəfdən səssizcə dəymişdi. İtki az olsa da, bərk çaxnaşma düşmüşdü, bunun ardınca adamlar arasında kütləvi özünüöldürmə halları başlamışdı. Vəziyyət son dərəcədə ağırlaşmışdı. Yardıma əsil elmlərlə birgə saxta elmləri də yardıma çağırmışdılar. Hər hansısa bir nəzəriyyə və fərziyyə -- biokimyaçı, falçı, münəccim və ya kim tərəfindən irəli sürülürdüsə -- sürülsün, uctantutma hamısına diqqət yetirirdilər. Hətta ən sərsəm ideyalardan da açıqca yapışırdılar, özəlliklə də qorxunc yay gecəsində gözəl, iki şəhər ətrafları ilə birgə qədim Ras tamamən məhv ediləndən sonra daha başqa çıxış yolu qalmamışdı.
-- Üzr istəyirəm, -- Frokanı dayandırdım. -- Bunlar hamısı, sözsüz, çox kədərlidir, amma məndən nə istədiyinizi anlaya bilmirəm.
Səs cavab verdi:
-- Elə indi ona keçmək istəyirdim.
-- Onda davam edin, -- icazə verdim. -- Məsləhətim budur ki, sözü rezin kimi uzatmayın, çünki, mənə elə gəlir, birazdan oyanacağam.
-- Bu hadisədə mənim rolumu təyin etmək bir qədər çətindir, -- deyə Froka davam etdi. -- Peşəm mühasiblikdir. Lakin belə bir hobbim var -- boş vaxtlarımda, yarızarafat-yarıciddi, beynimizin imkanlarını genişləndirən üsulları işləyib hazırlayıram. Bu yaxınlarda bir kimyəvi elementlə, biz ona "kola" deyirik, elmi təcrübə apardım. Onun insan anlağını aydınlaşdırma qabiliyyəti var...
-- Elə kimyəvi məmulatlar bizdə də var, -- deyərək danışığa müdaxilə etdim.
-- Deməli, məni başa düşürsünüz! Beləliklə, səyahət zamanı, sizə bu termin tanış olmalıdır, belə demək mümkünsə, mən bu preparatın təsiri altında olarkən, birdən görüb duydum ki, ... kəşf etdim ki... Lakin bunu sözlə izah etmək çox çətindir.
-- Eybi yoxdur, eybi yoxdur, çəkinmədən sözünüzü deyin, -- onu tələsdirdim, -- sözünüzün canını deyin.
Səs dilləndi:
-- Beləliklə, anladım ki, mənim sivilizasiyam bir neçə səviyyədə -- atom, atomaltı, vibrasiya dairələrində mövcuddur, onun saysız-hesabsız gerçəklik səviyyələri var, onların hamısı da mövcudluq səviyyələrinin tərkib hissəsidir.
Acıqla dedim:
-- Mənə məlumdur bu. Bir qədər bundan qabaq müəyyənləşdirdim ki, dedikləriniz mənim dünyama da aiddir.
-- Beləliklə, -- Froka fikrini davam etdi, -- mənə aydın oldu ki, bizim
dünyanın səviyyələrindən biri hansısa xarici təsir altındadır.
-- Daha dəqiq danışa bilərsinizmi? -- xahiş etdim.
-- Mənə elə gəlir ki, bu müdaxilə molekulyat səviyyədə baş verir.
-- Son dərəcə maraqlıdır! -- qışqırdım. -- Nə oldu, siz bu müdaxilənin xüsusiyyətini aydınlaşdıra bildinizmi?
Səs cavab verdi:
-- Məncə, hə. Ancaq bunun doğruluğunu göstərməyə heç bir sübutum yoxdur. Dediklərimin hamısı ürəyədammalardan başqa bir şey deyil.
-- Mənim özüm də duyğuya inanıram, -- deyərək, onu ruhlandırdım. -- Ona görə də mülahizənizi ortaya çıxardın.
-- Bu saat, -- səs tərəddüdlə söylədi. -- Bir sözlə, belə bir nəticəyə gəldim ki, mənim dünyam sizin bədəninizdə özünə yer eləmiş bir mikroskopik tufeylidir (parazitdir).
-- Xahiş edirəm, bir az aydın danışın!
-- Oldu. Arxalandığım aspektlərə görə, ölkəmin sizin sol əlinizin şəhadət və orta barmaq sümüklərinin arasında olduğunu aşkar eləmişəm. O, artıq neçə milyon illərdir ki, burada yerləşir -- bizim zaman hesabımızla, əlbəttə. Sizin üçün bu cəmi bir neçə dəqiqədir. Mənim heç bir sübutum yoxdur, və, şübhəsiz, sizi heç bir şeydə suçlamıram...
-- Eybi yoxdur, eybi yoxdur, -- deyib onu sakitləşdirdim.
-- Deməli, deyirsiniz ki, ölkəniz mənim sol əlimin şəhadət və orta barmaq sümüklərinin arasında yerləşir? Çox gözəl. Sizə köməyim nədən ibarət ola bilər?
-- Mənə elə gəlir ki, siz son günlərdə əlinizdə mənim ölkəmin yerləşdiyi hissəni qaşımısınız, bütün baş verən fəlakətlər də elə buna görədir.
-- Demək istəyirsiniz, bütün bunlar mənim əlimi qaşımağıma görə baş verib?
-- Sanıram ki, belədir.
-- Hesab da edirsiniz ki, dağılma və ölüm gətirən nəhəng qırmızımtıl sütun mənim barmaqlarımdan biridir?
-- Elədir ki var.
-- Demək istəyirsiniz mən əlimin bu hissəsini heç vaxt qaşımamalıyam?
-- Bircə bu tərəfdə, -- səs tələsik söylədi. -- Belə xahişlə müraciət etdiyimə görə yaman sıxılıram, lakin bunu yalnız mədəniyyətimizi tamam məhv olmaqdan qorumaq naminə edirəm. Məni bağışlayın.
-- Üzr istəmək lazım deyil. Düşünən məxluqlar bir-birindən utanmamalıdır.
-- Xoş sözləriniz üçün minnətdaram, -- səs təşəkkürünü bildirdi. -- Axı bizim, insana bənzəməyən tufeylilərin, sizdən heçnə tələb etməyə haqqımız yoxdur.
Dedim:
-- Düşünməyi bacaran bütün məxluqlar bir-birlərindən yapışmalı, bir-birlərinə kömək etməlidir. Kişi sözümdür -- ömrümün sonunadək böyük və şəhadət barmaqlarımın sümüklərinin arasını qaşımayacağam.
-- Şəhadət və orta barmaq, -- səhvimi düzəltdi.
-- Mən sol əlimin barmaq sümüklərinin arasını ümumiyyətlə qaşımayacağam! Təntənəli surətdə sizə söz verirəm ki, nə qədər sağam, sözümə əməl edəcəyəm.
-- Cənab, -- səs həyacanla dinləndi, -- siz mənim ölkəmi xilas etdiniz. Minnətdarlığımı bildirməyə söz tapmıram. Çox sağolun.
-- Dəyməz, canım, -- dedim. Bu vaxt səs tamamilə yoxa çıxdı. Yuxudan oyandım.
Gördüyüm yuxu yadıma düşən kimi dərman qutusunu açıb sol əlimin barmaq sümüklərini bintlə sarıdım. Bir həftədir ki, sarıqlı gəzirəm. Sol əlimi qaşımıram, onunla nəyəsə toxunmaqdan özümü çəkindirirəm, hətta əlimi yumuram.
Gələn həftənin sonunda binti açacağam. Hesabımla, onların tarixi ilə artıq 20-30 milyard il sakitlik təmin edilir ki, bu da hər hansı mədəniyyət üçün az vaxt deyil.
Ancaq məni indi başqa bir şey düşündürüb narahat edir. Axır zamanlar məndə bir qorxu duyğusu yaranıb. Səbəbi də San Andreas Folt sahəsindəki zəlzələ və Meksikanın mərkəzi hissələrindəki vulkanın fəaliyyətinin yenilənməsidir. Bir sözlə, bu hadisələri tutuşduranda, ürəyimi dəhşət hissi bürüyür.
Elə bu səbəbdəndir ki, bağışlayın, yuxunuza soxuluram, lakin sizə vacib işim düşüb. Mənə də bircə siz kömək edə bilərsiniz, başqa heçkəs...
Robert Şekli
Çevirdi: İlahə Ucaruh