post-title

Onun sevgi məktubları

Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı kitabını oxudum. Kitaba niyə 10 manat verdim, niyə oxudum, bu, kiçik sirr qalsın özümdə. Hələlik isə yalnız onu deyə bilərəm ki, o kitabı bu yazını yazmaq üçün alıb oxumamışam. Əgər əziyyət çəkib oxumuşamsa, kitab haqqında yazmaq pis olmaz, bununla günah etmiş olmaram.

 

Belinski deyirdi: "İstedadsız adamlar özləri haqqında yaza bilmirlər".

Bəli, bizim ölkədə bir çox məmurlar, deputatlar var ki, həm də yazmaqla məşğuldurlar, amma onlar nələrsə uydururlar. Ötən əsrlərə qayıdırlar, göylərə uçurlar, qurub-quraşdırırlar. Özündən yazmaq istedad tələb etməklə bərabər, həm də cəsarət tələb edir. Bu məmur-yazıçılar da quraşdırdıqları nağılların əvəzinə özlərinin həyatlarını yazsalar, təbii ki, ortaya çox maraqlı əsərlər çıxar.

Bir qız gəlir Dostoyevskinin yanına, deyir ki, yazıçı olmaq istəyirəm, mənə məsləhət ver. Dostoyevski də deyir ki, gəl sənə yazmağın sadə qaydasını öyrədim, get öz həyatını yaz, sən öz həyatından maraqlı heç nə uydura bilməzsən.

Bizim məmur-yazıçılar özləri haqqında həm də ona görə yaza bilmirlər ki, bu, onlara heç sərf etmir. Halbuki şəxsən mən özüm deputat-yazarın bir gündə başına nə gəldiyini məmnuniyyətlə oxuyardım. Kimlə görüşür, nə danışır, parlamentdə nələr baş verir. Baş nazirin humanitar məsələlər üzrə müavini Elçin Əfəndiyev nağıllar uydurur. Halbuki o, özünün həyatını yazsa, camaatımız bunu çox maraqla oxuyar. Yazmaz, çünki sərf etmir.

Ölkəmizdə yazıçılıqla məşğul olan xeyli məmurlarımız var. Onlar da necə rüşvət aldıqlarını, necə rüşvət verdiklərini, özlərindən vəzifəcə yüksəyin qarşısında necə yaltaqlandıqlarını, özlərindən vəzifəcə aşağıları necə alçaltdıqları haqda yazsalar, əlbəttə ki, ortaya xeyli maraqlı əsərlər çıxar. Lakin bu çətin məsələdi, çünki bu haqda yazsalar, gərək kreslolarını itirsinlər. Lermontovun təbirincə desək, məmur kürsüsündə əyləşən yaradıcı adamı iki aqibət gözləyir - ölmək və ölmək.

Tomas Vulf deyirdi: "Yaddaş yazıçının ən böyük sərvətidi". Bizim yazıçılar hətta yada salanda da yaddaşlarından özlərinə sərf edənləri seçib götürürlər. Onların yaddaşı çox çevikdir və zamana, hakimiyyətdə kimin olmasına görə asanlıqla dəyişir. Onlar elə şeyləri xatırlayırlar ki, bu, yalnız onlara sərf edir. Etiraf mədəniyyəti yoxdu. Ona görə də boz və mənasızdırlar. Xatırladıqları maraqsızdı. Çünki onlar öz xatirələrində də yaltaqlanmağa üstünlük verirlər. Xatırladıqlarını mövcud vəziyyətə uyğunlaşdırırlar. Əgər bu günlər hansı şəxs hakimiyyət tərəfdən arzuolunmaz şəxs sayılırsa, bizim məmur-yazarlar o adamı yaddaşdan silib atırlar. Yox, əgər bu gün kimsə hakimiyyətin sevimli adamına çevrilibsə, məmur-yazıçılar onunla bağlı mütləq nəsə xoş bir xatirə yazırlar.

"Onun sevgi məktubları" adlı əsərdə Qənirə xanım məktubları Könül adlı bir rəfiqəsinin adından yazıb. Yəni, müəllif guya Könül adlı rəfiqəsinin həyatını qeydə alıb. Əlbəttə ki, bu Könül elə Qənirə xanımın özüdür.
Süjet haqqında qısaca bunu yaza bilərik. Guya bu Könül gedir məscidə, dua edir ki, onun həyatı çox boz, monoton keçir. Mümkündürsə, Allah ona bir sevgi göndərsin. Bu əhvalatın üstündən az keçməmiş doğrudan da Qurbanolduğum Könülə bir sevgi göndərir. Amma bu sevgi qarşılıqsız olur.

Könülün iki rəfiqəsi var. Onlar da həyatda qarşılıqsız sevgiylə rastlaşıblar. Biri hətta həqiqətən sevdiyi adamı unutmaq üçün başqasına ərə getməyə məcbur olur ki, bəlkə uşaq-filan doğular və bir az rahatlaşar.

Burda zəruri bir haşiyə çıxmalıyam. Bizim ölkədə birini sevərək başqasına ərə getmək geniş vüsət alıb. Çox axmaq söhbətdi. Onlar özlərini elə göstərirlər ki, guya birini sevib başqasına ərə getməyə məcbur olublar. Elə deyil, onlar sadəcə, ağılla seçim ediblər. Sadəcə, özlərini elə göstərirlər ki, guya həm də seviblər. Əhvalatlar quraşdırırlar. Guya həyatlarına rəng qatırlar, amma əslində səydəşlik edirlər. Bu, heç!
İkincisi, başqasını sevirsənsə, niyə sevmədiyinə ərə gedib adamın həyatını zəhərə döndərməlisən? Yaxşı söhbətdi, vallah! Adam gedib əziyyət çəkib pul qazanacaq. Sən onun puluna geyinəcəksən, gəzəcəksən, kef edəcəksən, həm də başqasının dərdini çəkəcəksən. Xeyir ola? Bu, artistlikdi, özü də adamın ürəyini bulandıran bir artistlik! Bu artistliyi onlar hələ ərə getməmişdən əvvəl öyrənirlər. Bunlarda bir xasiyyət var. Adamı harasa aparıb qəflətən kədərlənirlər. Bil-mirsən niyə kədərləndi, nə baş verdi. Demə, o, bu yerdə əvvəlki sevgilisini xatırlayıb. Bir müddət kədərli dayanırlar, sonra qəflətən dəli kimi gülüb deyirlər: "Fikir vermə, (bəziləri hətta sizlə danışır. Fikir verməyin) məndə hərdən belə hallar olur, emossional stabiliyim pozulub... Qısası, belə düşük-düşük söhbətlər.

Sevgini bir çiçəyə bənzətsək, bu çiçək yol kənarında da, xaraba qalmış binanın damında da, düzdə də, zibillikdə də bitə bilər. Hamı sevə bilər. Dikatator da, aqronom da, yazıçı da, sürücü də. O cümlədən Qənirə xanım da. Lakin sevgi almaqdan çox verməyi tələb edən bir hissdir. Azərbaycanlılar da verməkdən daha çox almağı xoşladıqlarına görə onların sevgiyə münasibəti öz xarakterlərinə uyğundu.

Biz "sevgiylə qarın doymaz" sözünü işlətməyi sevən bir camaatıq. Bu söz azərbaycanlıların sevgiyə səmimi münasibətidir. Lakin ortada həm də iddia var. Deməli, həm heç bir fədakarlıq etməməlisən, həm də guya özünü sevmiş kimi gös-tərməlisən. Nəticədə ortaya sevginin imitasiyası çıxır. Hərə öz rolunu bacardığı qədər məharətlə oynayır. Ona görə də bizim insanların təbiət sevgisi, romantikası səmimi deyil. Onlar özlərini sadəcə romantik kimi göstərirlər.

Qayıdaq kitaba. Təsəvvür edin, Könül xanım öz sevgilisinə Qənirə Paşayevanın sözlərinə yazılmış mahnını göndərir. Yəni müəllif öz əsərində öz sözlərinə yazılmış mahnını əsərdəki adama göndərir. Sonra Könül xanım sevgilisinə yazdığı məktubda Qəbələdə keçirilən musiqi festivalından söz açır və regionların inkişafı proqramı haqqında məlumat verir, ölkəmizi regionun lider dövləti kimi qiymətləndirir.

Onu da deyim ki, Könül xanımın sevdiyi adam Türkiyə vətəndaşıdı, özü də musiqiçidi. Müəllif hətta sevgi mövzusunda yazdığı əsərdə də Azərbaycan həqiqətlərini Türkiyə vətəndaşına çatdırmağı özünə borc bilir. Qənirə xanım hətta sevgi mövzusunda yazdığı əsərdə də öz deputat fəaliyyətini unutmur.

Kitabda bir çox yazıçıların, fikir adamlarının sevgi haqqında sözlərindən geniş istifadə olunub. Bu sözlərin çoxu yerində işlədilməyib. Hiss olunur ki, kitabı yazan kimdirsə, hətta başqalarının fikirlərindən də düz-əməlli istifadə etməyi hələ öyrənməyib.

Kitabın tən yarısı dualardan və qarğışlardan ibarətdir. Hisslər var, hadisə, hərəkət yoxdu. Ölürəm, darıxıram, havam çatmır, boğuluram, lakin biz heç cür müəllifin yaşayışından xəbər tuta bilmirik.

Mən bir ara girib bizim sosial şəbəkələrdə mövzular axtardım. Heç nə tapmadım. Hisslər var, hadisələr yoxdu. Səbəb yazmayıblar. Mövzu vermirlər.

Mən bu kitabı oxudum və müəllifin həqiqətən də sevdiyinə inanmadım. Onu da deyim ki, hətta Qənirə xanımın ətrafındakı adamlar da bu kitabda yazılanlara inanmırlar, nəinki inanmırlar, bu kitabda yazılanlar lətifə mövzusuna çevrilib. Hətta kitabın adını dəyişərək, "Onun sevgi məktubları" əvəzinə "Onun sevgi zırıltıları" qoyublar.

Çox acınacaqlı vəziyyətdi. Bunu düşmənimə də arzu etmirəm. Sevəsən və heç kim sənin sevginə inanmaya... İnanmaqları bir yana, hətta sənin sevgini lağa qoyalar. Qənirə xanım bu haqda düşünməlidi. Niyə onun sevgisinə inanan yoxdu? Bəlkə o, bu vaxta qədər xeyli doğru olmayan sözlər danışıb, ona görə...

Seymur Baycan

Yuxarı