post-title

Din və xoşbəxtlik

Həyatımın ən rahat, ən əsrarəngiz günü yadımdadır. Səhər tezdən yuxudan durub dəstəmaz aldım, özümü gümrah, sağlam hiss edirdim. İçimdə qəribə bir nəşə varıydı. Namaz qılınan otağa girdim, təkiydim. Günəşin erkən, təravətli şüaları otağa çilənmişdi, otaq par-par işıldayırdı. Namaz qıldıqca ilıq, parlaq şüalar bədənimə, gözlərimə nüfuz edib məni vəcdə gətirirdi. O an özümü heç vaxt olmadığım qədər rahat, hüzurlu hiss edirdim. Namazı bitirəndən sonra, pəncərədən doğan günəşə uzun-uzun baxdım, hiss edirdim ki, bu an nadir andı, keçib gedəcək...

 

Elə keçib getdi də...

Çünki şübhələrim varıydı, mənə şübhə etmə deyiləndə, daha çox şübhə etməyə başlayırdım. Sonradan özüm üçün bu qənaətə gəldim ki, din insanı həqiqətən xoşbəxt edə bilər, rahat, gələcəyə ümidli edə bilər. Amma mənə elə gəlir həyatın mənası xoşbəxtlik deyil, bu, bəsit arzudu, asan yoldu, sadə insanların peşəsidir. Dinlər də insana rahatlığı, xoşbəxtliyi, ümidi vəd edir, amma düşünməyi, şübhə etməyi qadağan edir, sadəcə səcdə et və xoşbəxt ol deyir.

Bəşəriyyəti çiyinləri üzərində daşıyanlar isə səcdə etməkdən, həm də xoşbəxtlikdən imtina edənlərdi. Mən çoxdandır ki, onların tərəfindəyəm və indi başqa cür rahatam, bilincli şəkildə rahatam...

P.S. Oruc tutduqlarından bütün günü özləri kimi düşünməyənləri söyənlərə həsr olunur...
Rahat olun, komplekslərdən uzaq olun. İman başqalarını lənətləmək üzərində qurulmur. Sizə dözüm, iradə və xoşbəxtlik arzu edirəm, ramazan ayınız mübarək...

Cavid Ramazanov

Kultura.az


 

Yuxarı