Deyir, bir dəfə bir jurnalist baş həkimlə söhbət eləmək üçün xəstəxanaya gəlmişdi. Onda da dəlilərimiz arasında qazan qapağı sürmək mod idi. Hərəsinə bir qazan qapağı vermişdik, hamısı qapağı maşın sükanı kimi tutub “sürürdülər”. Kimisində iri, kimisində xırda, rəngarəng qapaqlar...
Tormoz verən kim, birdən-birə yerindən sürətlə götürdən kim, dönəndə əcaib səslər çıxaran kim, bir sözlə, “avtoşlar”ın səsi xəstəxananı başına götürmüşdü.
Jurnalisti “maşınlar”ın arasıyla keçirib sağ-salamat baş həkimin yanına gətirdim. Qocaman həkim onu çox mehribanlıqla qarşıladı. Bir az ordan-burdan danışandan sonra jurnalist bildirdi ki, onunla müsahibə hazırlamaq istəyir. Baş həkim dərhal razılaşdı, sonra əlavə elədi ki, burda çox səs-küydü, ağız deyəni qulaq eşitmir, çıxaq təbiətin qoynuna, nə qədər istəyirsən söhbətləşək. Təklif jurnalistin də ürəyindən oldu, “çox yaxşı olar” - dedi. Qocaman baş həkim yanındakı seyfi açdı, ordan iri bir qazan qapağı çıxarıb sevinmiş qışqırdı: “Getdiy eee!!!”
Həkim dostumla dünən təsadüfən şəhərdə görüşdük. Söhbət gəlib yenə sevimli mövzumuza dirəndi. Dərindən ah çəkib danışmağa başladı. Dedi, xeyli vaxtdı birini gətiriblər, eynəkli, hündür, beliəyri qoca kişidi, mən “Xalq Yazıçısı Anaram”, deyir. Bizə düşən gününün sabahısı evdən bir qəlyan da gətirtdi. Səhərdən axşama kimi qəlyandan qullablayaraq duyğulu-duyğulu koridorda hərlənir. Axşam da olan kimi otağına çəkilib yazmağa başlayır. Bir dəfə maraqlanıb yazdıqlarını oxudum, ancaq heç nə anlaya bilmədim. Məntiqsiz, rabitəsiz cümlələrlə qalın dəftəri doldurmuşdu. Otaqda divardan kitab rəfi asıb, yazdıqlarını da səliqə ilə çinləyərək ora düzür. Deyirəm, şair, bunlar nədi? Deyir, dəymə, seçilmiş əsərlərimdi. Özü də hər birisi bir-neçə qalın dəftərin birləşməsindən düzəlib. Beş cilddədi. Deyirəm, şair, bunu mən başa düşmürəmsə, bəs kimin üçün yazırsan? Deyir, dəymə, dissident ədəbiyyatı yaradıram, məni yalnız gələcək nəsillər başa düşəcək.
Maraq üçün həkimdən soruşdum ki, bəs, biri də vardı, “Hitler”, o necə oldu? Dostum dedi, “Hitler” bir az yaxşılaşmışdı, oğlu gəlib apardı. Maraqlandım, bəs “Anar” nə vaxt çıxıb gedər? Dedi, onu hələ bilmək olmaz, həm də özü oraya həvəslidi, qəti getmək istəmir.
Həkim dostum təzədən söylədi ki, bu yaxınlarda səhər-səhər işə gəlmişdim, gördüm, “Anar”ı oturdublar başda, şeir gecəsi keçirdirlər. Səhər-səhər şeir gecəsi! Dəlilər bir-bir durub şeir oxuyur. Bə nəəə? Yaradıcılıq gecəsi keçirdirlər, nə bilim, yubileylər keçirdirlər. “Anar”ın özünün kabineti, katibləri...
Hələ dəlilərdən birini də gənclər üzrə katib götürüb, görsən, gülməkdən keçinərsən. Yumrusifət dolu bir oğlandı, həmişə şux kostyum geyir. Hərdən o da coşur, koridorda gəzişdiyi yerdə qəfildən barmağını yuxarı qaldırıb qışqırır: “Ayə, mənim hekayəm dünyanın bütün dillərinə tərcümə olunub!”
Gənc, sütül dəlilərimiz də çoxdu. Bir də gördün, həmin o gənclər üzrə katib cavanlarını həyətə çıxarıb şeir oxutdurur. Onların oxuduqları şeir bilirsən dəə, necədi? Kimin ağlına nə gəldi avazla oxuyur, qalanları da həvəsnən əl çalır.
Bax, elə bir həftə bundan qabaq, gördüm, gözünə döndüyüm “Anar” yenə dəliləri yığıb başına, “Dədə Qorqud” kinosu oynayırlar. Deyir, kinonun ssenarisini mən yazmışam. Nəyimizə lazımdı, biz də mane olmuruq. Nə ziyanı var ki? Yazıqlar başları qatırlar dəə.
Hə, dəlilərdən bir zırpısını tutub kravata bağlayıblar ki, sən Qaraca Çobansan. O da nərə çəkib kravatı belində hərləyir. Bir cavanına da Beyrək adı qoyublar. O gün bir ərizə yazıb mənə verdilər ki, qadın şöbəsindən bizə bir Burla xatun ayırın. Dedim, allah evinizi tiksin, sizin aranıza qadınmı buraxmaq olar?!
Ancaq, nola, gəlib öz gözlərinlə görəsən, çox məzəlidi. “Anar” özü Dədə Qorquddu, gitarada boy boylayır, soy soylayır, toy toylayır. Odeyallardan çadır qurublar - ağ çadır, qara çadır. O gün qlavvraç içəri, yanlarına girmişdi. “Anar” da, kakras, Dədə Qorqud geyimindəydi. Gitaranı dınqıldadıb qlavvraçı bir təriflədi, bir boyladı, bir soyladı, bir toyladı, gəl görəsən!.. Qlavvraça ləzzət eləmişdi.
Onların yanından çıxandan sonra qlavvraç məni çağırıb dedi, bu qopuz ustasını buraxmayın, hələ bizə lazım olacaq...
Murad Köhnəqala