post-title

Müxalifətin hakimiyyətə gəlmək istəksizliyi

Mən “hakimiyyət”in pafosuna inanıram. Məsələn, onu ələ keçirənlər millətə xidmət edə bilər. Makiavelli deyirdi: “hakimiyyətə əşyalara sahib olmaq üçün gəlirlər”, Leninsə “yalnız axmaqların hakimiyyətə gələrkən əşyaları düşünmədiyini” deyirdi.

 

Bu gün ya sabah fərq etməz, məqsəd hakimiyyətdirsə sənin gözaltın var. Nüfuz və pul. Gözə alacaqlarınsa daha çox olmalıdır. Şərdən Dar ağacına kimi. Qədim Yunanıstanda hakimiyyəti o kəslərə verirdilər ki, onların torpağı əsas qazanc yeri olsun. Sabah, dar ayaqda vətəni atıb qaçmasın. Qaçanlar ən yeni tariximizdə o qədər çox olub ki, əsrlər öncə yunan xalqının nə dərəcədə siyasəti bildiyinə heyran olursan. Qaça bilməmək “şanssızlığı” isə daha iradəli və ləyaqətli birini gətirə bilər hakimiyyətə (“Olum ya ölüm!” pafos deyil, siyasi hökmdür).

Hakim partiya vəzifədə qalmaq istəyində nə qədər israrlıdırsa müxalifət də ən azı o qədər hakimiyyətə gəlmək istəyində olmalıdır Çünki, onlar (müxalifət) həmişə belə düşünür və deyir ki, xalqa daha yaxşı rəhbərliyi yalnız özləri edə bilər. Bu qara yalandır. İstənilən hökumət o halda düzgün idarə edər ki, xalqın əlində şəhərdə gəzdirərkən sahibin itin boğazına bağladığı ipdən olsun. İpin o biri ucusa hökumətin boğazında. Hansısa burcutma olanda ipi çəkmək üçün.
Mənim üçün hansı partiyanın hakimiyyətdə olmağının heç bir fərqi yoxdur. Kimin üçünsə belə fərqə alüdəçiliyi varsa demək o da partiyadaşdır. Mən azad sözün və bu sözə qulaq asacaq partiyanın tərəfdarıyam. Mən sosial təminatın, qocalara ölməzdən öncə verilən təqaüdün tərəfdarıyam. Vicdan azadlığının tərəfdarıyam. Baxdığım bir filmdə qəhraman ona təklif olunan böyük miqdarda pulun cavabında deyir: “mənim vicdanım satılmır”. Vicdanın alınmadığı (satılmadığı yox) ölkədə yaşamaq istəyirəm.

Hakimiyytəin bir qəzeti var. Onun adı YAP-dır. Müxalifətin isə onlarla. Bu gün bir müxalif partiyanın üzvü digər müxalif partiyanın qəzetini oxumağı özünə aşağılanmaq kimi görürsə... Qələbə haqda ancaq nəğmə oxumaq olar, ona çatmaqsa mümkünsüzdür.

Sən (müxalif düşərgə kimi oxu) hakimiyyətdə olan qüvvələri xalqın haqqını yeməkdə suçlaya bilərsən. Məhz, bu suçuna görə mən də səni xalqın haqqını, səsini, ümidini yeməkdə suçlayıram. Axı, iyirmi il müxalifətdə olub da heç bir iş görməmək hansı məntiqə sığır?! Bu ədalətsizliyin iyirmi il hakimiyyətdə olan YAP-ın ədalətsizliyi ilə hansı fərqi var? Varmı? Yoxdur deyirəm!

Ola bilər sən (müxalif siyasi lider kimi oxu) övladını sevirsən. Mənim atam da məni sevir. Onun oğlu da İngiltərədə oxumaq istəyir. Ola bilsin sən (müxalif siyasi lider kimi oxu) oğlunu sevirsən. Mənim qonşum da oğlunu sevir və bu sevilən oğlan da sərhəddə yox, Bakıda yerləşən hərbi hissələrdə qulluqda olmaq istəyir. Həm də iyirmi gün. Bax belə. Bizim hamımız istəyirik. Kimi haqqı çatanı, kimi başqasının haqqını.

Dünyada cəzası ən çox olan suçlardan biri də xalqın səsini oğurlamaqdır. İstənilən düşərgədə ola bilərsən. İstənilən yola (necə istəsən elə də oxu) düşə bilərsən. Xalqın səsini oğurladınsa bunun cəzası olacaq. Ya sən, ya övladlarınla.

Hakimiyyət xalqa verdiyi sözə əməl etmək borcu var. Əgər, müxalifət düşünürsə ki, hakim partiya borcunu yerinə yetirmir, onda o ya hakimiyyətə gəlməli, ya da rədd olub kitab oxumaqla, köhnə xatirələrlə məşğul olmalıdır. Yoxsa, hakim partiya ilə əməkdaşlıq edib maddi durmunu düşünməməlidir. Ən azından hakimiyyətə gələnə kimi xalqın yanında olun, əziz müxalifət!

Mənə maraqlıdır, görəsən bugünkü müxalifət niyə hakimiyyət istəyində belə inadkar deyil? Ola bilsin düşünür ki, onlar daha yaxşı idarə edə bilməzlər. Və ya müxalifətçilik onlara sərf edir. Yeri gəlmişkən, müxalifətdə olmaq da hakimiyyətdə olmaq qədər qorxulu və şirindir. Nə qədər şirin olsa da, mən müxalifətin “hakimiyyətə gəlmək istəksizliyi”nə heyranam...

Elvin Bayramlı

Kultura.az

Yuxarı