Xalq...
Bu hadisələr həqiqətən də olub və bizim bu insanlara böy…
4 il Bakı Dövlət Universitetində oxumuşam, düz 4 il. Amma universitet məni həyata əliboş göndərdi, heç nə vermədi, əksinə vaxtımı və enerjimi aldı. Qısası, peşmanam. Elə də çox deyil, cəmi bir neçə ildir məzun olmuşam, indi ha illah eləyib yadıma universitetlə bağlı parlaq xatirə salmağa çalışsam da, yaddaşım acizdir. Qaramat təhsilsizlik mühiti, boz dərslər, müəllimlər, tələbələr və itirilən 4 il.
Universitetdə bizə dərs deyən maraqlı bir gənc müəllim varıydı. Fikirlərinin ideoloji yönünü sevməsəm də, maraqlı danışmaq, insanın düşüncələrini cəlb etmək qabiliyyəti varıydı. Bu müəllimi yeganə istisna saymaq olardı. Amma bir gün bir hadisə baş verdi və mən universitetdən tamamilə əlimi üzdüm. Mirzə Fətəli Axundovla bağlı mühazirəydi, gənc müəllimimiz onun yaradıcılığından danışırdı, qəfildən universitet otağına azan səsinin sədaları gəldi və o, dərsi azan qutarana qədər təxirə saldı. Hamı susdu: müəllim də, tələbələr də. Axundovu da susmağa məcbur elədilər. Bununla da mən xəyalımda ölkənin bir nömrəli ali təhsil ocağının dalından bir təpik ilişdirib, həyatımın xarabalığına göndərdim...
Hər il on minlərlə gənc əziyyət çəkib universitetlərə daxil olur, sevinə-sevinə dərsə gedirlər. Vaxt keçdikcə isə onların bütün ümidləri puça çıxır. Azərbaycanda universitetlər gəncləri cəmiyyətə qusmaqla məşğuldurlar. İşsiz-gücsüz, avara-sərgərdan, psixoloji sarsıntı keçirmiş travmalı gənclik ordusu cırmaqlayaraq həyatdan yapışmağa çalışır. Acınacaqlı vəziyyətdi...
Amma tək-tük də olsa, bu təhqiramiz münasibətə etiraz edən tələbələr var. Bu günlərdə bir tələbənin qeyri-adi etiraz aksiyası xeyli müzakirə edildi. Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsinin 3-cü kurs tələbəsi Saleh Mehdizadə imtahan zamanı vərəqəsinə bu sözləri yazıb:
"Ey bu yazdıqlarımı oxuyan insan, bil ki, bizə bu fənndən heç nə öyrətməyiblər, semestr boyu yola verib gediblər. Dünyada ancaq bizdə bir semestr pedoqogika keçəndən sonra təhsilin Fəlsəfi problemləri adlı uydurma bir fənn keçirilə bilər. Elə bil kimsə boş-bekar adam oturub təsadüfi sözləri yan-yana qoyub özündən fənn düzəldib. Onsuz da bu fənn dünyada ilk dəfə bizim universitetdə keçirilir. Dərs saatları boş qalmasın deyə, uydurma fənnlər keçib bizi yormayın. İmkan verin yaşayaq".
Daha sonra o, yazısını özünün "Facebook” səhifəsində paylaşıb və etirazını bu cür bildirdiyini yazıb: "Bu mənim bu gün imtahan vərəqinə yazdığım cavab idi. Bu mənim çökmüş, günü gündən çökən təhsil sisteminə etirazım idi. Əgər sən də mənim etirazımı dəstəkləyirsənsə, bu cürümüş sistemi bəyənmirsənsə, onda məni kəsmə. Onsuz da heç kəs bizi vecinə almır".
İndi Salehin ciddi problemi var, universitetdə ona təzyiq göstərirlər. Müəllimi Əsədulla Qurbanov ondan yazdığı yazılara görə üzr istəməsini tələb edir, əks halda onu məhkəməyə verəcəyi ilə hədələyir. Bu baş versə, müəllim tələbəni məhkəməyə versə, bir ilk yaşanacaq. Necə də gözəl mənzərədir...
Mən bilmirəm Saleh Mehdizadənin məsələsi necə olacaq, əgər universitetdən zəng edib onun ailə üzvlərini narahat edirlərsə, problemlər yaradırlarsa, bu artıq biabırçılıqdır. Əgər dövlətin vətəndaşlarına təhsil vermək qabiliyyəti yoxdursa, nəyə lazımdır bu qədər məktəblər, universitetlər, təhsil müəssisələri? Nəyə lazımdır bu qədər xərc? Bu qədər gəncin mənəvi cəhətdən sındırılması kimin üçün lazımdır, bu necə sistemdir, necə təhsil siyasətidir? Ondansa məktəblər idman olimpiya komplekslərinə, universitetlər şadlıq evlərinə çevrilsin. Hamı idman eləsin, güləşsin, bir-birinin əngini əzsin, mahnı oxusun, dombalaq aşsın, kəndirbazlıq eləsin. Bilək ki, ölkədə vəziyyət belədir, vəziyyətə uyğun da davranaq. Necə deyərlər, hər kəsin özünü biabır etmək hüququ olduğu kimi, hər bir ölkənin də özünü biabır eləmək hüququ var...
Cavid Ramazanov
ANN.Az