Teatr Cəfər Cabbarlı üçün ən əhəmiyyətli kütləvi kommunikasiya vasitəsidir. Onun fikrincə cəmiyyəti işıqlanmağa dəvət etmənin ən təsirli üsullarından biridir. Teatrın vəzifəsini əksiksiz edə bilməsi üçün yerli sənətkarlara, xüsusilə yerli qadın sənətkarlara ehtiyac vardır. Dramaturq, Oqtay Eloğlu pyesi ilə cəmiyyəti teatra istiqamətləndirməyə çalışır. Sabahattin Qüdrət Aksalın da dediyi kimi “Teatr, sənətlərin hamısı kimi bir məktəbdir. İnsanı öyrədir, inkişaf etdirir və dünyasının sərhədlərini genişləndirir.”
Azərbaycan teatrının tarixi qədimdir.Doğrudur, Azərbaycanda peşəkar teatr bir çox başqa ölkələrə nisbətən gec yaranmışdır. Bunun səbəblərini, əsasən, tarixi-ictimai, siyasi şəraitlə əlaqələndirmək daha doğru olardı.Azərbaycan Cümhuriyyətinin süqutuna müxtəlif ziyalı qruplarının xəyanətkar və soyuqqanlı münasibəti daha o vaxtlar gənc olan Cəfər Cabbarlını çox sarsıtmışdı. Ziyalıların əksəriyyətinin millətin taleyinə biganə qaldığı bolşevik hakimiyyəti zamanında bu mövzunu səhnəyə aşkarcasına çıxartmaq olmazdı. 20-ci əsrin əvvəllərində siyasi terrorçuluq hökm sürürdü. Məhz buna görə də C.Cabbarlı xalqın taleyinə münasibət məsələsini xalq üçün teatr quruculuğu mövzusu ətrafında ümumiləşdirir.
1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlayan Cəfər Cabbarlı müasir Azərbaycan dramaturgiyasının qurucusu sayılır. C.Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının istiqamətlərini genişləndirməklə yanaşı dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanmışdır. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi zəngin və rəngarəng olmağa çalışan C. Cabbarlı Azərbaycan dramaturgiyasında ictimai realizmin təməlini qoydu. Cabbarlı realist bir yazıçıdır, lakin o realistliyini romantik motivlərlə bəzəyir. Bunu etmək üçün, tez-tez eşqdən və bəzən də vətən sevgisindən faydalanır. Yazıçı, hər zaman "sənət cəmiyyət üçündür" prinsipini müdafiə edir. "Sənət sənət üçündür" anlayışını mənimsəyən ziyalıları tənqid edərdi. Yazıçıya görə, hər şey cəmiyyətin yaxşılığı üçündür. Nəticə etibarı ilə, dramaturq Azərbaycan teatrına və ədəbiyyatına, cəmiyyəti işıqlandırmağı hədəfləyən yeni fikirlər gətirərək bir rəhbər vəzifəsi görmüş və Azərbaycanda sosialist cəmiyyətin inkişafında böyük təsiri olmuşdur.
Əsərdəki obrazlar
Oqtay surəti- əsərin ideya daşıyıcısıdır.Xalqın taleyi haqqında fikirləşir. Bu obraz vasitəsilə əsərdə xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur.Oqtay Eloğlu milli teatr yaratmaq idealı ilə xalqın mənəvi tərəqqisi yolunda hər şeyi qurban veməyə hazır olan qəhrəmanlardandır.Oqtayın prototipi kimi elə C.Cabbarlının özü sayıla bilər. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır. O, səhnə xadimidir. Səhnəni bütün varlığı ilə sevən Oqtay hər şeydən əvvəl yaradıcı bir insandır. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, deyir: “Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam”. Azərbaycan teatrını yaxından tanıyan yazıçı, teatrdakı əksiklikləri göstərməyi hədəfləyərkən, əsərin qəhrəmanı olan Oqtayı yaşanmamış bir eşqə fəda edərək, hirs və qürurun sənətin önünə keçməsinə səbəb olur.Onun daxili faciəsi bu yolun nə qədər çətin olduğunu göstərir.Əsərin sonunda Oqtayın Firəngizi öldürməsi Oqtayın əslində həqiqət axtarışında olmasını göstərir.Digər tərəfdən isə Oqtay romantik məntiqlə Firəngizi ona layiq olmayan həqiqətsiz mühitdən azad etməsi, öz düşüncəsi ilə ən təmiz yerə-qəlbinə gömür. Oqtay çarı təhqir etdiyi üçün həyatının 10 ilini Sibirdə yaşamalı oldu.
Firəngiz surəti- yazıçının sevərək yaratdığı qadın obrazıdır. Teatr üçün yerli qadın aktrisaların tapılmadığı bir dövrdə dramaturq bu obrazını səhnəyə can atan ilk qadın kimi qələmə verir. Firəngiz yeniyetmə yaşından Oqtayı, onun yaratdığı teatrı, səhnəni sevir.Lakin onun yaşadığı bu mühit onun bu sevgisinə qarşıdır.Firəngizi bədbəxt edən mühit və bu mühitin Aslan bəy(qardaşı), Qalaçıxanov kimi nümayəndələrdir.Onlar üçün pul hər şey deməkdir.
Aslan bəy surəti – yığıncaqlarda teatrı tərifləyən, həqiqətdə isə aktyor peşəsini ləyaqətsizlik sayan Avropa paltarlı cahil…O zahirən müasir görünsə də, həqiqətdə bütün əməlləri onun mənfəətpərəst, şəxsi maraqları hər şeydən üstün tutan obraz olduğunu göstərir.O, bacısı Firəngizi öz həyat planlarına qurban verir.Aslan bəy Firəngizi təhsilə istiqamətləndirsə də, teatra gətirsə də sonradan qorxu və təhdidlə onun məhəbbətini və səhnə ilə bağlı arzularını məhv edir. Aslan bəy, Oqtayı pul gücünə satın almaq istəyir. Lakin Oqtay pulun hökmranlığını, pozucu təsirini gözəl anlayır, bu hökmranlığın əbədi olmadığını başa düşsə də, onun sonunun tezləşdirilməsi yollarını bilmir.Bu cəmiyyət Oqtayın arzusuna yetmədən məhv olmasına səbəb olur.
Səməd- Oqtayın dostu və həmkarıdır. Səməd bəy Oqtaydan fərqli olaraq xalqın səadətini, gələcəyini deyil, öz güzəranını, adını seçir. Səməd bəy Oqtaya deyir ki, niyə özünü məhv edirsən. Çıx get Rusiyaya. Orada teatr inkişaf edib. Sənin kimi bir teatr xadiminə də ehtiyac olar. Amma Oqtay qəbul etmirdi. Hamı çıxıb getsə, "mübarizəni kim aparacaq" - deyirdi. "Aldanırsan, Səməd bəy, aldanırsan. Bəs bunu bizimçün kim edəcək", - deyə cavab verirdi.
Əsərin ideyası
Altı pərdəli pyesin əsas mövzusunu xalq və xalqa münasibət təşkil edir.“Oqtay Eloğlu” əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. İqtisadi çətinliklərə görə oyunların sahnələşdirilməsində bəzi çətinliklər çəkilməkdə, aktyorların maaşları çətinliklə qarşılanmaqdadır. Teatr üçün bunlardan daha dəhşətlisi isə yerli qadın aktrisalar tapmağın mümkünsüzlüyündən xarici, xüsusilə rus və ya gürcü aktrisalarınişləmək məcburiyyətində qalmasıdır. Milli teatrın inkişafı üçün mütləq surətdə yerli qadın aktrisalara ehtiyac vardır. Çünki, yerli dili və mədəniyyəti kifayət qədər bilməyən xaricilər, səhnədə təsirsiz qalır, beləcə, teatr sənətinin inandırıcılıqdan uzaq, süni bir dünyanı cəmiyyətə təqdim etdiyi təəssüratı meydana gəlməkdə və teatr istiqamətləndirici olmaqdan çıxır. Başqa sözlə, teatrın inkişafı üçün cəmiyyətin içindən gələn qadınlara ehtiyac vardır.
1921-ci ildə “Aydın” pyesini teatrda səhnələşdirmək üçün təslim etmişdir. İctimai problemləri qələmə almaqda müvəffəqiyyətli olan Cabbarlı, bu pyesini kapitalizmlə mübarizə məşəlini tutuşturduqdan sonra, incəsənət və ədəbiyyat sahəsində teatrın inkişafına təkan qazandıracaq dinamikasını hərəkətə keçirməyi məqsəd seçir və “Oqtay Eloğlu” adlı əsərini yazmağa başlayır. “Aydın” faciəsi ilə “Oqtay Eloğlu” faciəsi arasında mövzu və ideya bağlılığı vardır.Hər iki əsəri oxuyarkən, Oqtayda da Aydında olduğu kimi həqiqətsizlik böhranı görürük.Bu həqiqətsizliyin əsl kökü məhv olan milli ideyaların və dəyərlərin yerindəki boşluq idi.Cəfər Cabbarlı özü də bu boşluğu və böhranı yaşamışdır.Hər iki əsərin sonunun ölüm səhnəsi ilə bitməsi də təsadüfi deyildir. C.Cabbarlı üçün milli ideyaları itirmək, onlara qiymət qoymayan cəmiyyətdə yaşamaq ölümə bərabərdir.
Nəticə
Əsərin sonunda “Qaçaqlar”-ın 8-ci pərdəsi oynanılır: Firəngiz-Amaliya, Oqtay-Karl rolunda çıxış edir. Firəngiz səhnəyə çıxan zaman Oqtay özünü itirir, Karlın sözlərinin əvəzinə ona ittihamlar yağdırmağa başlayır.Sünii həyatdan qaçmaq, həqiqəti tapmaq istəyir.Karlın bıçağı ilə onu öldürür.Əsər Oqtayın monoloqu ilə bitir:
“Mən üzümü xalqa tutub, ona müraciət edirəm.Ona təslim oluram.Qoy o söyləsin: kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu?Bu zavallı, günahsız yavrumu?Əski mühitin bu gülünc heykəlimi?Və yaxud alman dahisi böyük Şiller özümü?”-söyləyir.
Həyat teatr tamaşası kimidir. Onun nə qədər davam etməsi deyil, nə qədər yaxşı oynanılması əhəmiyyətlidir. (Seneka)
C.Cabbarlı bəlkə də Romalı filosof olan Senekanın bu fikrinə əsaslanaraq bu əsəri yazmış ola da bilər.Senekanın da dediyi kimi əsas əhəmiyyət kəsb edən əsərin səhnədə yaxşı, dolğun ifa olunmasıdır ki, bunu da yaxşı sənətkarlar bacara bilər.Yerli sənətkarların olmaması isə bu səhnə əsərinin tamaşaçıya yaxşı çatdırılmasna kölgə salır. Teatr, ürək pərdəsini açan, adamı insan edən, könüllər arasında bağ quran sənətdir. Teatr, cəmiyyət mədəniyyətinin güzgüsüdür. Məhz bu fikirlər Oqtayda teatr qurmaq istəyini formalaşdırmışdı.
Məhəmməd Əmin Rəsulzadənin «Müasir Azərbaycan ədəbiyyatı» adlı əsərində Cəfər Cabbarlı yaradıcılığı da nisbətən geniş təhlil olunmuşdur. Tənqidçi Cəfər Cabbarlını kollektivçilik ruhunu mənimsəmiş bir sənətkar kimi qiymətləndirən sovet tənqidçilərinin əksinə olaraq, onun mövzuları və yaradıcılığının ruhu etibarı ilə fərdiyyətçi mövqe tutduğunu göstərmişdir. Cəfər Cabbarlının bənzərsiz yaradıcılıq dünyasına malik olduğunu söyləyən Məhəmməd Əmin Rəsulzadə öz əsərində onun "Oqtay Eloğlu" pyesindən sovet senzurasının ixtisar elədiyi "Rədd olsun ingilislərin Hindistandakı, osmanlıların Hicazdakı, rusların da Azərbaycandakı ağalıqları" - mövqesinə diqqət yetirməklə müəllifin mövqeyini əks etdirmişdir.
Elvin Mirzəyev
Kultura.az