Hazırda təhsilimi xaricdə (Moldova və ya Ukrayna) davam etdirmək niyyətindəyəm. Amma prezidentimizin uzaqgörən, yaxınvuran siyasəti nəticəsində bu niyyətimi gerçəkləşdirmək üçün maliyyə resurslarım çatışmır. Payıma düşən neftin pulu da kim bilsin hansı nazirin qarajındadır. Ona görə də çıxış yolu kimi insanlara müraciət edirəm.
Mənim xaricdə birillik təhsilim təxminən 2000 dollara başa gəlir. Mənə cəmi 2000 dollar lazımdır ki, təhsilimi davam etdirim. Xaricdə 4 il oxuyacam. Geri qalan 3 ilin pulunu orda işləyərək qazanacam. Fərqi yoxdur, hansı yolla olur olsun. Lazım olsa təkər qaraldaram,tikintidə fəhlə işləyərəm. Əsas odur biləcəm ki, təhsilim davam eliyir.
Müraciət ayrı-ayrı fərdi şəxslərə, təşkilat və qurumlara yönəlib. Mənim təhsil xərclərimi ən azından bir il müddətinə qarşılasanız, təhsilimi bitirdikdən sonra ixtisasım üzrə sizə yardımçı olacam.
Bu mənim üçün dönüş nöqtəsidir və çox vacib məsələdir. Mənim oxumam lazımdır. Oxumam lazımdır ki, minlərlə təhsilsiz,savadsız azərbaycanlıdan biri olmayım. Gələcəyimi 8-ci kilometr bazarında kələm satmaqla keçirməyim.İ ndiyə qədər oxuduğum kitabların bir faydası olsun. Oxuyub qayıtamağım lazımdır ki, mənimlə birlikdə oxuyub geri qayıdan gənclərlə bu ölkənin dəyişməsi üçün nələrsə edə bilək.
Müraciət etmək istəyəndə iki nəfər idik . İki gecə yuxusuz qaldıqdan sonra səhər saat 6-da qərar verdik ki, bu müraciəti edək. Səhər saat 11-də dostum mənə zəng edərək geri çəkildiyini dedi. Səbəb kimi də onu göstərdi ki, utanıram. Daha 1 saat fikirləşdim və bu müraciəti hazırladım. Həm də utanmadan,xəcalət çəkmədən.Əgər həqiqətən utanmaq lazımdırsa vəziyyətimizin bu dərəcəyə gəlib çatmasına səbəb olanlar utansın. Mən utanmıram, oxumaq istəyirəm.
Bilmirəm. Hər halda əlimdə qalan yeganə vasitədən istifadə edərək bu müraciəti hazırladım. Geriyə qalan günlər ərzində mail adresimi gün ərzində ən azı 100 dəfə yoxlayacam. Əgər müsbət bir cavab gəlməsə nə edəcəyimi bilmirəm. Əgər müsbət bir cavab gəlsə, hansı hisslər keçirəcəyimi siz düşünün.
Əlaqə üçün mail adresimi yazıram. Əvvəlcədən təşəkkürlər.