post-title

Qurtuluş yoxsa dürtülüş?

Artıq üçünçü onillikdir ki, bu adam milli identikliyimizin simvoludur. Onun amiranə baxışları yol kənarlarından bizə zillənib, məktəb divarları onun və övladının şəkillərilə bəzədilib. O, bizi hətta axşamlar qarşısında əyləşdiyimiz qutunun küncündən də salamlayır. Bəs onu bizə kim dürtdü?

 

Xatırlamayanlara, bilməyənlərə biz danışaq. Heydər Əliyev öncə SovİKP MK Siyasi büro üzvlüyündən xaric edildi. SSRİ mətbuatı tayfabazlıq, pambıq pripiskaları kimi mövzuları gündəmə gətirməyə başladı, Brejnev dövründəki şıltaqlıqları artıq keçməyən Əliyev, küncə sıxışdırıldı. Sonralar, Rusiya Federasiyasının prezidenti olmuş B. Yeltsin öz kitabında onun haqqında bunları yazacaqdı: “Abırsız, ikiüzlü, hakimiyyət hərisi Heydər Əliyevə dair bir neçə qovluqla Qorbaçovun yanına getdim və dedim ki, belə bir adamla Politbüroda işləmək ayıbdır...”

 
Əbdürrəhman Vəzirovun dövründə Azərbaycanda bütün sferalarda bir canlanma yaşanırdı. Hətta əliyevlər tayfasının əlindən ölkədən didərgin düşmüş Spartak Əliyev kimi alimlər və bir çox mütəxəssislər geri qayıdıb, Azərbaycan üçün çalışmağa başlamışdılar. Vəzirovun innovativ təşəbbüsləri, bunların dəyərini və əhəmyyətini anlayanların təqdirini qazansa da, naxçıvanlı və ermənistanlılar bunları fürsət bilib, Vəzirovun kompüterləşdirmə planlarından tutmuş kənd təsərrüfatındakı modernizasiya cəhdlərinə qədər – hər şeyi lağa qoydular. Feodal, geriçi təfəkkür modernizmi anlamadığı kimi, xalqda da ona qarşı istehzalı münasibət yarada bildi. Zatən xalq da buna meylli idi.
 
Azərbaycan KP MK-ya birinci katib təyin ediləndən az sonra Əbdürrəhman Vəzirov tayfabazlığa savaş elan etdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Aparatı nəhayət ki, naxçıvanlı və ermənistanlılardan başqa da adam üzü gördü. Vəzirovun yerlibazlıq üzərinə yürüşü təbii ki, cavabsız qala bilməzdi. Onun romantik radikallığı məlum çevrələri qıcıqlandırırdı. Məhz o andan etibarən, hətta Elçibəyin belə haqqında müsbət fikirlər dediyi Vəzirov, Naxçıvan və Ermənistan mafiyası tərəfindən nəyi var sıxışdırılır.
 
1988-ci ilin ilk yarısından sonra ölkədə meydan hərəkatı yaranmağa başlayır. Hərəkat elə bil iki müstəvidə mövcud idi. Bir tərəfdən müstəqillik, Qarabağ uğrunda mübarizə əzmilə ayaqlanan on minlərlə vətandaş, digər tərəfdən isə, Heydər Əliyev mafiyası tərəfindən hazırlanan sistemli müxalifət. Hərəkatı Vəzirova qarşı yönləndirmək bu mafiyanın başlıca vəzifəsi idi. Təsadüfi deyil ki, Maksim Musayev, Rafael Allahverdiyev, Murtuz Ələsgərov kimi odioz fiqurlar bu hərəkatın yanında yer alır, ona yetərincə maddi və mənəvi dəstək verir, yeri gələndə hətta meydana yemək belə daşıyırdılar. Hərakatın ən qızğın çağlarında, Vəzirov və Mütəllibov dönəmlərində, Heydər Əliyevi Bakıya çağıran 20-yə yaxın qəzet fəaliyyət göstərirdi. Bu qəzetlərin dəstəyi ilə, Vəzirovun heç nəyə yaramadığına, ağılsız və bambılı olduğuna dair qəddar və ikrahdoğurucu dedi-qodular dolaşmağa başladı. Eyni hərəkətlər sonradan Mütəllibova qarşı da ediləcək, onun çağdaş zahiri görkəmi, təmizliyi, sadəliyi və zövqlülüyü ələ salınacaqdı.
 
Aydın idi ki, bu dövrə təsadüf edən vətəndaş fəallığı, ölkənin müstəqilliyi uğrunda mübarizə istəyinin artan xəttlə inkişafı, bu çevrələrin Vəzirovu devirmək planının reallaşması üçün münbit mühit formalaşdırırdı. Bu mühit 1989-cu ilin sonlarında özünün pik həddinə yetişdi. 1990-ci il yanvarın əvvəllərində hadisələrin gedişatı ilə maraqlananlar bilir – erməni qırğınları xüsusi xidmətlə və tayfa ilə bağlantısı olanların əlilə törədilmişdi. Beləcə Sovet qoşunlarının Bakıya qanlı yolu açıldı.
 
AKP MK rəhbərliyi uğrunda iki partiya funksioneri qızğın mübarizəyə girişmişdi. Mübarizənin bir tərəfində Heydər Əliyevin sədaqətli kadrlarından olan Həsən Həsənov vardı. O, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi konyunktura ziyalıları tərəfindən dəstəklənir, ölkədə həqiqi siyasi gücə çevrilməkdə olan, rəhbərliyində H. Əliyevin xəttini müdafiə edənlərin üstünlük təşkil etdiyi Azərbaycan Xalq Cəbhəsində güclü dayaqlar əldə edir. Hərəkatın lideri Əbülfəz Elçibəy də Həsənovun “millətə daha yaxın” olduğunu deyirdi. İkinci tərəfdə isə texnokrat, siyasi kuluarlarda adı kölgə iqtisadiyyatı ilə bağlı hallanan Ayaz Mütəllibov dayanırdı. Vəzirov vəzifədən kənarlaşdırıldıqdan sonra, hər ikisi partiya yetirməsi olan bu adamların qarşıdurmasında Ayaz Mütəllibov qalib gəldi. Heydərçilər öz güclərini hələ tam səfərbər edə bilməmişdilər, SSRİ rəhbərliyində isə ümumi təmayül Heydər Əliyevin əleyhinə idi.
 
Mütəllibovun hakimiyyətə gəlməsi, proseslerin sürətlənməsinə təkan verdi. H.Əliyevin Azərbaycana qayıdışını qətiyyən istəməyən Mütəllibov, onun tərəfdarlarına və ümumən hərəkata qarşı sərt addımlar atmağa başladı. Lakin, zaman o zaman deyildi. AXC kifayət qədər gücə çevrilmişdi. Məhz bu gücün qarant rolu oynaması sayəsində, H. Əliyev maneəsiz olaraq Moskvadan geri dönə bildi və tezliklə Naxçıvana rəhbər gətirildi. Az keçmədi ki, Mütəllibov hakimiyyətinin sütunlarını təşkil edən dövlət adamlarından ibarət vertolyot Qarabağ səmaları üzərində vuruldu. Bu hadisənin arxasında kimlərin durması bu günədək müəmma olaraq qalır. Fakt odur ki, məhz vertolyot faciəsindən sonra, Mütəllibovun yanında bircə nəfər samballı adam qalmadı. Tezliklə AXC və milli azadlıq hərəkatı ölkənin müstəqilliyinə nail oldu – Azərbaycan Respublikasının Milli Müstəqilliyi Aktı qəbul edildi. Bundan bir neçə ay sonra Xocalı faciəsi baş verdi və Mütəllibov olub-qalan gücünü də itirdi. Xocalı faciəsinin arxasında da kimlərin durması, hələ məlum deyil. Bilinən odur ki, Xocalı İcra hakimiyyətinin başçısı Elman Məmmədov hadisədən bir həftə öncə Azərbaycan Respublikasının rəhbərliyinə xəbər vermədən Naxçıvana getmiş, orada H. Əliyevlə görüşmüş, ondan hansısa məsələlərə dair təlimatlar almışdı.
 
Faciədən iki ay sonra isə hakimiyyətə Azərbaycan Xalq Cəbhəsi gəldi.
 
Hakimiyyətin ilk bir neçə ayında Qarabağ münaqişəsi istiqamətində nailiyyətlər əldə edən AXC hakimiyyəti də, o biri hakimiyyətlər kimi, bir məsələdə sayıqlığı itirdi: onlar başa düşmədilər ki, Naxçıvan separatizmi ölkə üçün Qarabağ problemindən qat-qat mürəkkəb problemdir.
 
Bu arada Naxçıvanda hakimiyyətini gücləndirən Heydər Əliyev Türkiyə Respublikası Cumhurbaşqanı Süleyman Dəmirəllə gizli sövdələşməyə gedərək, onun yardımı ilə Eksimbankdan 100 milyon dollar vəsait aldl. Bu pulların, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsinə yönəlməsi faktını çox adam bilir. Eyni zamanda Azərenerjinin rəhbəri Müslim İmanov kimi adamlardan da milyonlarla pul alan Heydər Əliyev, bu pulları qətiyyən Naxçıvan üçün yox, özünün saysız-hesabsız agentlərinə xərcləyirdi. O, İrana səfər edir, bu səfərin bütün detallarının Naxçıvan televiziyasında təkrar-təkrar göstərilməsini tələb edir, kiçik ərazi daxilində şəxsi kultunu formalaşdırırdı.
 
Paralel olaraq Bakıda “ölkənin yiyəsi gəlməlidir” çağırışı beyinlərə yeridilir, toylarda onun şəninə ayaqüstü tostlar söylənilirdi. Heydər Əliyev “Naxçıvan Respublikasının Prezidenti” poçt markasını da məhz o dövrdə Fransada buraxdırmışdı. Naxçıvan faktiki olaraq separatçı rejimlə idarə olunan, Dağlıq Qarabağdan fərqlənməyən bir ərazi idi. Hətta Heydər Əliyev, Ermənistanla hücum etməmək barədə separat danışıqlara da getmişdi. O zamankı və mövcud Cinayət Məcəllələrinə görə bu addım birbaşa dövlət cinayəti, vətənə xəyanət kimi tövsif olunur.
 
Bu məqamda Elçibəy nə edirdi? Elçibəy bütün məsələlərdə Heydərə zamin durmaq üzrə çempion olmuşdu. Heydər Əliyevi hərtərəfli dəstəkləyirdi. Həsən Əliyev öləndə Bakıya gəlməyə qorxan Heydər Əliyevə, o vaxt qarant durduğu kimi, övladlarının Bakıya gəlməsi məsələsində də maneə törədilməsinin qarşısını aldı. Deyək ki, humanizmdən başqa qəbahəti yox idi.
 
Gəncə hadisələri başlanan kimi Elçibey hakimiyyətinin baş naziri Pənah Hüseynov dərhal “Heydər Əliyevi dəvət edək, mən istefa verirəm” bəyanatını verdi. Nəyin nə olduğunu ovcunun içi kimi bilən Əliyev isə təbii ki, bu təklifi qəbul etmədi. Onun planı başqa idi – hakimiyyəti qoruyub saxlaya biləcək yeganə fiquru - İsa Qəmbəri neytrallaşdırmaq, qanunverici hakimiyyəti ələ keçirməklə prezident səlahiyyətlərini mənimsəmək.
 
Siyasətin “S”-ni qanmayan, sözün kulturoloji mənasında çuşka Surət Hüseynov, özünü təmiz buraxmışdı. Səmimi şəkildə inanırdı ki, prezident kreslosunda əyləşəcək. Hadisələrin qızğın dönəmində İsa Qəmbər Elçibəydən xahiş edir ki, prezident səlahiyyətlərini ötür mənə, bir həftəyə Surət problemini həll edim. Haray-həşir qopur, hakimiyyətin gənc və iddiali qanadı olan Yurdçular, tumanlarını başlarına keçirirlər. 1993-cü ilin mart ayında, İsa Qəmbər müdafiə naziri olmaq istəyəndə də ona eyni qaydada mane olmuşdular. Beləliklə son şans da əldən buraxılır.
 
Heydər Əliyev təcili olaraq Bakıya dəvət edilir. O, Hüseyn Abdullayev kimi adamların dəstəyi, Rövşən Cavadovun təntənəli qarşılaması ilə Bakıya ayaq basır. Atdığı birinci addım gedib Surətin tankını öpmək olan Heydər Əliyev, “onsuz da ölürəm, az qalıb, görürsən dərman içirəm, mən öləndən sonra sən prezident olacaqsan” deyib, sözün faktoloji mənasında Surətin boş başını aldadır. Gəncə lotusu gedir işinin dalınca.
 
Amma əvvəl Surətin və Heydər Əliyevin adamları parlament zalında tamaşa göstərirlər. Parlament şüvən və həyasız arvadlardan tutmuş, keçmiş partiya bosslarına qədər müxtəlif sort adamlarla dolub-daşırdı. İsa Qəmbər güc-bəla ilə onları sustura bildi, amma səhərisi gözlənilmədən istefa verdi. Hər zaman qətiyyət defisitindən əzab çəkən, reallığa göz yumub özünü Fransa siyasətçisi kimi aparan İsa Qəmbər, Elçibəylə Pənah Hüseynovun pressinqinə tab gətirə bilmədi. Heydər-Surət cütlüyünün qarşısından çəkilməyən İsa Qəmbər, öz mübarizə dostlarına təslim oldu. Güya qardaş qırğınlarının qarşısını alırdı, halbuki öz qətiyyətsizliyi ilə daha böyük qırğınlara rəvac verdi. Biz bu qətiyyətsizliyə bir daha, on il sonra, 2003-cü ilin oktaybrında da şahid olacaqdıq.
 
Birinci haşiyə: Elçibəylə 8 saat söhbət edən Heydər Əliyevin onunla nə haqda danışdığı indiyə qədər məlum deyil. Yeri gəlmişkən, eyni uzunluqda söhbət, türmədə olan Pənah Hüseynovla da olmuşdu. Onun da məzmunu bilinmir.
 
İkinci haşiyə: 1993-ün fevral ayında, vətənə xəyanətə görə MN vəzifəsindən azad edilən Rəhim Qazıyev, bir ay keçmədən Pənah Hüseynovun təyyarəsi ilə, onunla birgə Soçiyə danışıqlara uçur. Bu qeyri-ciddiliyi Heydər Əliyevin ən böyük əsəri saymaq olar.
 
Üçüncü haşiyə: Əbülfəz Elçibəyi ünvanlı olaraq təhqir edənlərin hamısı ya türmələrdə çürüdü, ya öldürüldü, ya da mühacirət etdi.
 
Dördüncü haşiyə: Elçibəy öləndə Heydər Əliyev mərasimə gəlib, cənazə qarşısında baş əydi. Ona Azərbaycanı hədiyyə etmiş adama son borcunu yerinə yetirdi.
 
Bu günə qədər məlum deyil ki, Xalqın hakimiyyətinin belə iyrənc üsullarla gözdən salınmasına niyə göz yumuldu? Niyə Gəncədə ara qarışan kimi Heydər Əliyev yada düşdü? Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy, parlamentdə təmsil olunan istiqlalçı deputatlardan Heydər Əliyevin lehinə səs verməyi niyə xahiş etdi? Heydər Əliyev spiker seçiləndən sonra Elçibəy, Rəsul Quliyev və Etibar Məmmədovla prezident satutusu ilə görüşüb nə danışdı? Ardından Elçibəyin Fərəc Quliyevlə birlikdə Kələkiyə uçması nə oyun, nə maskarad idi? Özü də Heydər Əliyevə tapança çıxarıb, indi deputat kreslosunda əyləşən Fərəc Quliyevlə.
 
Tarixdə isə, bir təsəlli kimi bu çıxış qaldı. 
 
HAK
 
 
Yuxarı