post-title

Türkiyə

Bu yazını yazmaqda məqsədim Azərbaycanda Türkiyə və xalqı haqqında dolaşan, hətta mənasız həddə çatan fikirlərə münasibət bildirmək, həmçinin, bu ölkə haqqında qısa məlumat verməkdir.

 
Türkiyə haqqında ən mənfi fikirlər xüsusən rus mədəniyyətinin vurğunları arasında geniş yayılıb. Rus mədəniyyətinin vurğunları olan bu insanlar Türkiyəni və türk xalqını (millətini) içi boş, gopçu, mənasız, dünyada heç bir yeri olmayan ölkə və xalq (millət) kimi dəyərləndirməyi sevirlər. Onlar Türkiyəni daha çox mədəniyyət prizmasından dəyərləndirirlər ki, bu mədəniyyət dedikləri şeyi də incəsənət və bədii ədəbiyyat səviyyəsinə kimi məhdudlaşırırlar. 
 
Bu prizmadan baxdıqda Türkiyə təbii ki, Rusiya ilə müqayisədə çox uduzur, ancaq Türkiyənin son illərdə ədəbiyyat və incəsənətdə əldə etdiyi uğurlar da hadisələrin fərqli yöndə getdiyindən və ciddi keyfiyyət irəliləməsindən xəbər verir. Bu yazıda mən Rusiya ilə Türkiyəni müqayisə etməyəcəm.  İlk cümlədə dediyim kimi, fikrim Türkiyəni Azərbaycan oxucusuna tanıtmaq və onun haqqında dolaşan düşüncə və fikirlərə münasibət bildirməkdir. 
 
İnsanların mədəni, sosial və siyasi baxışlarını müəyyən edən ən önəmli faktorlardan biri yaşadığı ölkələrin iqtisadi durumudur. Bütün dünya dövlətlərinin (ağlı başında olan hakmiyyətlərin) ən əsas niyyəti əhalisinin həyat səviyyəsini qaldırmaq olub və bu gündən sonra da belə olacaq. Bu mənada, yazıya iqtisadiyyat üzərindən başlamaq istəyirəm. 
 

Türkiyənin iqtisadiyyatı:
 
Türkiyə hazırda dünyanın 20 ən böyük sənaye ölkəsindən biridir.
 
Burada Türkiyəyə məxsus markaların adın sıralamaq istəmirəm, çünki Azərbaycan alıcısı da onlarla yaxşı tanışdır. Sadəcə bir fakt deyim, məsələn, “Beko” dünyanın 100-dən çox ölkəsində satılır. Türkiyə maşınlardan  tutmuş pomidora kimi dünyaya hər şey satır. Bu mənada Türkiyə islam ölkələri arasında ən uğurlu dövlətdir, hətta onlar arasında ən zəngin olanıdır. Türkiyə 2011-ci ildə 8,8% artım göstəricisi  (ÜDM) ilə Çindən sonra  dünyada ən çox böyüyən ikinci iqtisadiyyat oldu. Dünyanı bürüyən iqtisadi krizisin fonunda Türkiyə bundan ən az zərər görmüş və tez bir zamanda krizisin öhdəsindən gəlmiş azsaylı ölkələrdən biri idi. Əgər 10 il bundan əvvəl Türkiyədə milli gəlir 230 milyard dollar idisə, 2012-ci ildə bu rəqəm 800 milyard dollara qədər qalxdı. Türkiyə bu göstəricilərlə 2012-ci ildə  dünyanın ən böyük 17-ci,  Avropanın isə 6-ci iqtisadiyyatı oldu.  2012-ci ilin göstəricisinə görə Türkiyədə işsizlik sayı 8% olub ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. 
 
İlk onluqda:
 
Türkiyə təkcə sənayedə deyil, turizmdə də dünyada ilk 10-luqda olan ölkələr sırasındadır. Türkiyənin 2012-ci ildə turizmdən əldə etdiyi gəlir 23 milyard 440 millyon dollar olub. Türkiyəyə gələn turistlərin sayı isə 36 millyondan çox olub. 
 
Çindən sonra ikinci:
 
Dünyanın ən böyük 225 tikinti firması arasında Türkiyənin 33 firması yer alır. Türkiyə bu göstəriciyə görə dünyada Çindən sonra ikinci yerə tutur. Ölkə xaricində aparılan tikintidən  ən çox gəlir götürən ölkələr arasında isə Türkiyə 9-cu sırada yer almaqdadır. 
 
Tekstil cənnəti: 
 
Azərbaycan alıcısı Türkiyəni həm də bir tekstil ölkəsi kimi tanıyır. Azərbaycanda demək olar, əksər paltar mağazaları türk tekstilinin məhsullarını satır. Türkiyə tekstil sənayesində də dünyada ən öndə gedən dövlətlərdən biridir. 
 
Avropanın ən böyük tekstil istehsalçısıdır. 
 
Avropanın üçüncü ən böyük tekstili ixracatcısıdır (8 milyard ABŞ dolları/2011)
 
Dünyanın 6-cı ən böyük geyim ixracatçısıdır (16,5 milyard ABŞ dolları/2011)
 
Avropanın ikinci ən böyük hazır geyim tədarükçüsüdür (13 Millyard ABŞ dolları/2011) 
 
Dünyanın ən böyük kənd təsərüffat malları ixracatçılarından biri:
 
Türkiyə kənd təsərüffatı sənayesində dünyanın aparıcı ölkələrindən biridir. Demək olar ki, kənd təsərüffatında istehsal olunan bütün növ məhsullar Türkiyədə də istehsal olunur.
 
Rəqəmlər:
 
Türkiyə incir, fındıq, quru üzüm və qaysı istehsalında dünya lideridir. 
 
2002-ci ilə Türkiyənin kənd təsərüffatı istahsalı 11 min ABŞ dolları olubsa, 2010-cu ilə bu rəqəm 62 milyard dollara kimi yüksəlib. 
 
Türkiyə dövləti Cumhuriyyətin yaranmasının 100 illiyi ilə bağlı bu rəqəmləri 150 millyard dollara qaldırmaq əzmindədir. 
 
İqtisadiyyatla bağlı bu qədər faktlar məncə, bu ölkənin çox ciddi bir ölkə olmasından xəbər verir. Gopçu və mənasız dediyimiz  xalq belə uğura imza ata bilməz. Bu yazıda Türkiyənin uğurlarının səbəblərini araşdırmaq kimi niyyətim yoxdur, sadəcə onu deyim ki,  bu uğurun arxasında həm də ciddi təhsil və bu təhsilin yetişdirdiyi ixtisaslı kadrlar dayanmaqdadır.  
 
Təhsil:
 
Azərbaycanlıların təhsillə bağlı ən çox üz tutduğu ölkələrdən biri və bəlkə də birincisi elə Türkiyədir. Türkiyədə təhsil təkcə ucuzluğu ilə deyil, həm də keyfiyyətli olması ilə Azərbaycan insanını özünə cəlb edir. Misalçün, Türkiyənin Orta Doğu Tekniki Universiteti (ODTÜ) dünya sıralamasında 100 ən yaxşı univeristitetlər siyahısındadır. Təkcə bu faktın özü təhsilin keyfiyyətinən xəbər verir. 
 
Hərb: 
 
İndiki dünyada hadisələrə baxsaq məlum olar ki, bir dövlətin müstəqilliyinin ən vacib dayaqlarından biri və bəlkə də birincisi onun hərbi gücüdür. Bu mənada da Türkiyə dünyanın öndə gedən və güclü dövlətlərindən biridir. Türkiyə təkcə əsgərlərinin sayına görə deyil, həm də atış gücü, silahlar və lojistik qabiliyyətinə  görə də dünyanın 10 ən güclü ordusundan biri sayılmaqdadır. 
 
Mədəniyyət:
 
Türkiyədə iqtisadi uğurların məntiqi nəticəsi özünü mədəniyyət sahəsində də çox gözlətmədi. Son dövrlər türk kinosu, ədəbiyyatı, musiqisi kifayət qədər keyfiyyətli işlər ortaya qoydu. Kinoda Nuri Bilgə Ceylan, “Kann” kino festivalında bir çox mükafatlara sahib oldu. Bədii ədəbiyyatda Türkiyəni dünyaya ən çox tanıdan Orxan Pamuk Nobel mükafatına sahib oldu. Türk serialları keçən il xaricdən ölkəyə 130 millyon dollar gəlir gətirdi. Bütün bunlar Türkiyədə ciddi bir mədəni inkişafın da getdiyindən xəbər verir. 
 
Bizim ölkəmizdə bəzi intellektualların Türkiyə ilə bağlı səsləndirdikləri əsas tənqidi fikirlər bundan ibarətdir ki, türklər müstəqillikdən sonra Azərbaycana ancaq dönər, Əmrah və onun səviyyəsində olan manısların musiqilərini, düşük, bayağı və hind filmlərdən çox da seçilməyən serial və filmlər ixrac edib. Bu fikirdə xeyli dərəcədə həqiqət payı var. Ancaq bu, heç bir halda o demək deyil ki, türklər məhz yuxarıda sadalananlardan ibarətdir. 
 
Bu gün orta statistik Azərbaycanlı türk musiqiçisi olaraq, Fazıl Sayı yox, Əmrahı tanıyır, onu sevir, dinləyirsə, bunun günahını Türkiyəyə yükləmək heç bir halda ədalətli deyil. Əgər orta statistik Azərbaycanlı türk kino sənətinin Nuri Bilgə Ceylan, Zeki Demirkubuz və s. Kimi beynəlxalq mükafatlar almış rejissorlarının filmlərini yox, “Rəcəb İvedik”i və ya “Fatmagülün Suçu nə?”, “Kurtlar Vadisi” və s. sevir, izləyirsə bunun günahını türklərdə axtarmaq nə dərəcədə ədalətlidir, bu barədə düşünmək lazımdır. 
 
Bu tip misalları xeyli dərəcədə artırmaq olar. Türkiyədən Azərbaycana ixrac olunan yeməkdən tutmuş, paltara kimi bu eyniləşdirməni aparmaq mümkündür. Çünki bütün variantlarda azərbaycanlı özünə uyğun olanını – “içi boş olanı” seçir. 
 
Bu gün orta statistik azərbaycanlı Türkiyədən öz dəyərlərinə, mahiyyətinə, zehni və intellektual səviyyəsinə uyğun musiqi, yemək, film, əsər və s. ixrac edirsə, bunun günahını elə, həmin azərbaycanlıda axtarmaq lazımdır. Orta statistik azərbaycanlının seçimlərinin məsuliyyətini Türkiyə iqtisadiyyatına, kinosuna, musiqisinə, mədəniyyətinə, ədəbiyyatına və s.-yə  yükləmək ən azından normal yanaşma ortaya qoymamaqdır. Bunun adı cığallıq və qərəzdir. 
 
Əslində bu yazıda Türkiyənin və onun yetişdirdiyi insanların uğurlarından çox yazmaq olar. Düşünürəm ki, yuxarıda sadaladığım faktlar kifayət edir ki, Türkiyə haqqında mühakimələrimizdə daha ədalətli olaq. 
 
Xalq
 
Bu yazını yazdığım müddətdə Türkiyədə yüzminlərlə insan Ərdoğan hökümətinə etiraz etməkdədir. Hadisələrin səbəbləri haqqında çox fikir bildirmək olar, ancaq mənə bu hadisələrdə ən xoş gələn bizim manıs dediyimiz Türkiyə müğənilərinin, məhşur aktyorların sərgilədiyi mövqe oldu. Biz yaltaq müğənni, aktyor, aktrisalara o qədər öyrəşmişik ki, onları başqa cür təsəvvür belə edə bilmirik.  Üç sözü dalabadal qoşub fikrini bildirməkdə çətinlik çəkən müğənilərimiz heç, onlar çoxdan ölüb, hətta bizim hakimiyyət nümayəndələrinin danışdıqları ilə  Sezen Aksunun, Tarkanın dediklərini  belə müqayisə edə bilmirsən. 
 
Sonda bir daha Rusiya ilə Türkiyəni müqayisə edib, üstünlüyü Rusiyaya verənlərə qayıdım. Rusiya tarixinin bilənlər yaxşı bilir ki, onlar heç bir zaman xalqın rifahına, xeyrinə olan siyasi sistem qura bilməyiblər. 21-ci əsrdə belə, avtoritar və hətta müəyyən mənada diktatura quruluşu altında yaşayırlar. Xalqın xeyrinə olan siyasi sistem qurmaq da mədəniyyət tələb edir, bu mənada ruslar türklərə uduzur. 
 
Onu da deyim ki, Türkiyə olmasa idi, biz  də yəqin, yox idik. Bunu da unutmayaq. 
 
Yazıda istifadə olunmuş mənbələr:
 
http://www.cnbce.com/haberler/ekonomi/2012-yi-turkiye-ekonomisi-nasil-gecirdi
http://www.foreignaffairs.com/articles/139409/soner-cagaptay/testing-turkey
http://www.maliye.gov.tr/YillikEkonomikRapor/Y%C4%B1ll%C4%B1k%20Ekonomik%20Rapor%202012.pdf
http://www.uibargeprojepazari.com/Sayfa.aspx?id=85
http://www.invest.gov.tr/tr-TR/sectors/Pages/Agriculture.aspx
http://ekonomi.haberturk.com/para/haber/828097-turkiye-6-olacak
 
Emin Aslan
Kultura.Az
Yuxarı