post-title

Səncə döyəcəklər?

Matey Vişnek

 

(səhnəcik)

İştirak edənlər:

BİRİNCİ
İKİNCİ
Bir zindan otağı. Onları bura təzə salıblar.

BİRİNCİ. Sən hardasan? Məni eşidirsən? Sən məni görürsən?
İKİNCİ. Yox...
BİRİNCİ. Nə yaramazdırlar... Görürsən də necə yaramazdırlar...
İKİNCİ. Hə də.
BİRİNCİ. Səncə döyəcəklər?
İKİNCİ. Əlbəttə.
BİRİNCİ. Səncə, öldürərlər?
İKİNCİ. Yox.
BİRİNCİ. Mənə qalsa, döyməkdənsə öldürsələr yaxşıdır.
İKİNCİ. Onların bizi öldürməyə haqqı yoxdur. Nə qədər olmaya hansısa qanunlar var.
BİRİNCİ. Qanun veclərinədir elə... Özləri yazır qanunları.
İKİNCİ. İstənilən halda bizi öldürə bilməzlər. Axı öldürülmək üçün nə etmişik ki?
BİRİNCİ. Biz nə eləmişik, nə eləməmişik...

    Bayırdan qışqırıq səsləri gəlir.

BİRİNCİ. Eşidirsən? Kimisə döyməyə başladılar.
İKİNCİ. Sən də qulaq asma.
BİRİNCİ. Necə qulaq asmayım? Gör necə bağırır!
İKİNCİ. Qulağını yum. Nəsə başqa şey haqda fikirləş.
BİRİNCİ. Mən başqa heç nə haqda fikirləşə bilmirəm. Axı bu nə deməkdir – məni döysünlər? Onların bizi döyməyə haqları yoxdur. Ümumiyyətlə, mən icazə verməyəcəyəm, icazə verməyəcəyəm məni döysünlər.
İKİNCİ. Sakitləş, bir-iki dürtmək vurub buraxacaqlar. Vəssalam.
BİRİNCİ. Fakt deyil.
İKİNCİ. Faktdır.
BİRİNCİ. Səndə belə olub?
İKİNCİ. Yox, ancaq bilirəm ki, adətən belə olur.
BİRİNCİ. Hardan bilirsən? Yoxsa səni qabaqlar belə tutublar?
İKİNCİ. Yox, ancaq mənə başqaları danışıblar necə olur. Bir-iki şapalaq ilişdirirlər, bəlkə bir neçə yumruq da qoyurlar, buraxırlar. Onlar səni burda uzun müddət saxlaya bilməz. Həm də yerləri azdır, hamısı dolub.
BİRİNCİ. Məni heç vaxt heç kim döyməyib. Hətta atam da heç vaxt mənə əl qaldırmayıb.
İKİNCİ. Sakitləş. Burda vacibdir ki, səni döyəndə onları qıcıqlandırmayasan. Əzilib-büzülməyəsən. Ən başlıcası – başını qaldırmayasan. Elə ki səni döyməyə başladılar, başını aşağı sal, torpağa bax...
BİRİNCİ. Yox... mən heç vaxt belə bacarmaram...
İKİNCİ. Bacararsan, bacarmaq lazımdır, əks halda burdan ömürlük şikəst kimi çıxarsan. Bir az kəlləni işlətsən görərsən ki, bizə işgəncə verməyə motivləri yoxdur, gətiriblər yüngülvari dərs versinlər.
BİRİNCİ. Qulaq as, sənin bu mülahizələrin mənim xoşuma gəlmir.
İKİNCİ. Yaxşı olardı sən də mənim kimi fikirləşəsən. Bir də səni döyəndə sözlərinə fikir ver. Əgər sual versələr nəzakətlə cavablandır: “hə, yox, hə, yox”... baxır nə soruşurlar... Şərhsiz. Başa düşdün? Dəli kimi anqırma və şərh eləmə.
BİRİNCİ. Hə, mən yüz faiz dəli kimi qışqıracağam.
İKİNCİ. Qətiyyən bağırma, bu onları çox acıqlandırır. Azacıq, astadan qışqır, onlar bundan ləzzət alır, ancaq ağ eləmə. Nəbadə onlar sənin müqavimət göstərdiyini fikirləşsinlər... Zərbələrdən ağrıdığını göstər, ancaq ölçü-biçi ilə. Əsas məsələ ölçü-biçidir.
BİRİNCİ. Kaş onlar birinci səndən başlayardılar.
İKİNCİ. Bilmək olmaz kimdən başlayacaqlar. Ancaq əgər məndən başlasalar sənə də yaxşı olar, məni əzişdirib yorularlar, sən də asanlıqla canını qurtararsan.
BİRİNCİ. Düzünü desəm, mən istəyirəm onlar bizi döyməyə tez başlasınlar, biz də burdan canımızı tezz qurtaraq.
İKİNCİ. Yox, əşşi, bunu xəyal da eləmə... Bizi dərhal döyməyəcəklər, öncə prosesi süründürəcəklər, axı onlar gözəl bilirlər ki, bizi nə gözlədiyini biz bilirik və indi mandraj içindəyik... onlar bizi burdan döyməyə səhər saat dörddə çıxarda bilərlər, ya da hətta sabah nahar vaxtı... Baxır onların kefinə.
BİRİNCİ. Qulaq as, səndən bir şey xahiş eləmək istəyirəm...
İKİNCİ. Nə haqda?
BİRİNCİ. Məni vur!
İKİNCİ. Nə?!
BİRİNCİ. İstəyirəm sən məni vurasan. Özümü hazırlamaq... mən anlamaq istəyirəm buna dözə biləcəyəmmi.
İKİNCİ. Gicləmə.
BİRİNCİ. Yox, mən doğrudan... Vur... elə bil sən... elə bil sən onların yerindəsən...
İKİNCİ. Sənin başın xarab olub?
BİRİNCİ. Yox, sadəcə istəyirəm sən məni vurasan... Gəl yaxşılıq elə, vur, yoxsa boğuluram... Vur, yalvarıram, yoxsa indi qusacağam.
İKİNCİ. Yaxşı, hardan vurmağımı istəyirsən?
BİRİNCİ. Bilmirəm... hardan istəyirsən, ancaq tez elə... vur, mən hazır olmaq istəyirəm... ancaq bərk vur. Dərhal, var gücünlə ilişdir.
İKİNCİ. Yaxşi, gözlərini yum.
BİRİNCİ. Yox, yox, elə bu cür vur... Hara istəyirsən, başla!
İKİNCİ. Başından, yoxsa qarnından?
BİRİNCİ. Hardan istəyirsən, ancaq yazığın gəlməsin.
İKİNCİ. Lənət şeytana, asan deyilmiş.
BİRİNCİ. Vur, bu, sənin mənə ən böyük xeyirxahlığın olar...

       Güclü zərbə.

İKİNCİ. Bağışla... Hə, necədir?
BİRİNCİ (qan tüpürərək). Əladır...
İKİNCİ. Ağrıyırsan?
BİRİNCİ. Hə...
İKİNCİ. Mən istəmirdim... vallah, mən indiyə qədər heç kimi döyməmişəm.
BİRİNCİ. Döyməmisən, ancaq bacarırsan.
İKİNCİ. Mən də qorxuram, söhbət bundadır...
BİRİNCİ. Normaldir... bütün hallarda sənə minnətdaram... indi gəl bir dəfə də...
İKİNCİ. Yox, olmaz. İndi sənin vurmaq növbəndir.


Bir-birlərini vururlar və getdikcə daha çox hirslənirlər.

SON


Müəllif haqda:

Matey Vişnek (1956) – Rumın dramaturqu, şair və nasiridir. 1987-ci ildə Fransadan siyasi sığınacaq alıb. Fransız və rumın dillərində yazır. Bir çox mükafatların, o cümlədən Avinyon teatr festivalı prizinin (1996, 2008) laureatıdır. 

Rus dilindən çevirəni Zamin Hacı


 

Yuxarı