post-title

Fridrih Niçşe ”Antixristian” əsərindən parçalar

... Fəlsəfə ilahiyyət (teologiya) qanıyla korlanıb. Protestant pastoru alman fəlsəfəsinin ulu babasıdır, protestantizmin özü ilkin günahdır. Protestantizmin tərifi: xristianlığın və idrakın birtərəfli iflici.

 
 
 
... Alman fəlsəfəsi öz mahiyyəti etibarilə hiyləgər, gizli ilahiyyatdır.
 
... Nəzərə alsaq ki, demək olar, bütün xalqlarda filosof, kahin tipini irsən alıb gəliştirən kəsdir, onda özümüzü aldadaraq saxta pul kəsmə adətinə təəcüblənməyəcəyik.
 
... Narazılıq duyğularının razılıq duyğularını üstələməsi uydurulmuş əxlaq və dinin səbəbidir; lakin belə üstələmə d e c a d e n c e ′a düsturudur.
 
... Buddizm və xristianlıq decadencea dinləridir və bir-birlərinə yaxındır, bir-birindən də maraqlı şəkildə ayrılıblar. İndi müqayisə edə bildiyi üçün xristian tənqidçi hind alimlərinə dərindən minnətdardır... Buddizm xristianlıqdan yüz qat realistikdir, gerçəkçidir; problemin obyektiv və soyuqqanlı qoyuluşu onun qanındadı, o, yüz illər davam edən fəlsəfi hərəkatın nəticəsində yaranıbdır; buddizm dünyaya gələndə “tanrı” anlayışı ilə haqq-hesab artıq çürüdülmüşdü. Buddizm, hətta öz idrak nəzəriyyəsində də (sərt fenomenalizmdə)
bütün tarixdə yeganə pozitivist dindir; artıq buddizm “günahla döyüş” yox, “əzabla döyüş”ü bəyan edir, bununla da o, gerçəkliyin haqlarını büsbütün tanıyır.
 
... Budda təlimi əqoizmi vəzifə kimi görür: bütün ruhani pəhriz bir şeylə müəyyənləşdirilir və nizamlanır — əzabdan necə qurtulmalı (eyni bu qaydayla təmiz “elmiliyə” qarşı savaş açmış Afinalı bir kişi, Sokrat, yada düşür). Sokrat, hətta problemlər aləmində şəxsi eqoizmi əxlaq rütbəsinə qaldırmışdı.
 
... Buddizm, sivilizasiyanın yorğun sonluğunun dinidir, xristianlıq isə öz qarşısında heç bir sivilizasiya aşkar etmir, ən yaxşı halda onun əsaslarını qoyur.
 
... Xristianlığın üç məziyyəti olan inam, ümid, məhəbbət haqda hələlik bunları demək olar: üç xristian kamalı... Buddizm isə bunun üçün çox pozitivistikdir — o, belə yolla ağıllanmağa gecikib.
 
... Bütün tarix içində ən diqqətəlayiq xalq iudeylərdir: onlar,“olum ya ölüm” sualını həll etmə məcburiyyətində qalanda, tam şüurlu surətdə, nəyin bahasına olursa olsun olmağı tərcih etdi; bunun qiyməti saxtalaşdırılma idi – təbiətin, bütün təbii olanın, daxili və xarici aləmin bütün gerçəkliyinin radikal falsifikasiyası idi.
 
... “Müqəddəslər xalqı”nın təsiri bəşəriyyətə elə saxtakarlıq gətirdi ki, indi də hansısa bir xristian anti-iudey əhval-ruhiyyəsində olsa da, anlamır ki, əslində özü elə iudaizmin sonuc nəticəsidir.
 
... Psixoloji olaraq yenidən hesab aparılsa, məlum olar ki, iudey xalqı ən inadkar yaşam gücünə malikdir: ağlagəlməz həyat şəraitlərində o, könüllü olaraq, sağqalma tədbirliliyinə dərindən riayət edərək, decadents instinktlərinin bütün tərəflərini qəbul etdi...
 
... Amma nə baş verdi ki? Tanrı anlayışını dəyişdilər — denaturalizasiya etdilər, bunun hesabına da özlərini qorudular... “Düzgün” tanrı Yahvə artıq İsraillə vəhdətdə deyil, artıq o, xalqın özünü necə hiss etdiyinin ifadəsi deyil; artıq o, məlum şərtlər qarşılığındakı tanrıdır.
 
... Bu kahinlər saxtalaşdırma möcüzəsini yaratdı, İncilin böyük bir hissəsi onların törətdiklərinin şəhadətidir: əski rəvayətləri ələ salaraq, tarixi reallığa istehza edərək, onlar öz xalqlarının keçmişini din dilinə keçirdi, yəni Yahvə qarşısında günah və cəzadan, namus və mükafatdan oluşan bəsit qurtuluş mexanizmi düzəltdilər ondan. İn historicis ədəb tələblərimizi kilsə təfsirləri, interpretasiyaları min illər boyunca kütləşdirməsəydi, tarixin bu rusvayçı saxtalaşdırma əməlini biz bəlkə də daha ağrılı qəbul edərdik.
 
... Qəribə qeyri-sağlam aləmə salır bizi yevanqeliyalar. Orada, rus romanındakı kimi, toplumun tullantıları, nevrozları və “avam uşaq” idiotluğu öncədən sözləşibmiş kimi görüşürlər. Bu aləmdə tipin özü nə olursa-olsun sadələşməlidir; özəlliklə də ilk şagirdlər ələ gəlməyən simvolların və dərkedilməzliklərin bu varlığını özlərinin kələ-kötürlük dillərinə çevirirdi, yalnız bu cür onlar onda nəsə anlaya bilirdi; onlar üçün tip, onlara daha yaxşı tanıdıqları biçimlərə saldığında mövcuddur... Peyğəmbər, messiya, gələcək hakim, əxlaq öyrətməni, möcüzə göstərən, Xaççəkən İoqann — tipin özünü qəbul etməyin yolları bunlardır.
 
...Simvollarla düşünən bu insanda (İsa peyğəmbərdə.-Tərc.) nəsə anlayıramsa, o da budur: reallığı, “həqiqət”i o, yalnız işarə kimi, öz pritçalarına material kimi görürdü. “İnsan evladı” konkret tarixi şəxsiyyət, ayrıca və unikal bir şey deyil, o, əbədi faktdır, zaman anlayışı bağlarından azad psixoloji simvoldur.
 
... Şəxsi Tanrı, gələcəkdəki “tanrı dərgahı”, o tərəfdəki “səma dərgahı”, Üçlüyün ikinci qismindəki ”tanrı oğlu” kimi kilsə qabalaşdırılmaları xristianlığa ən az dəxli olan şeylərdir. Bunların hamısı, ifadəmə görə bağışlayın, yevanqeliyanın gözünə, həm də hansı gözünə (!) vurulan yumruqdur. Bunların hamısı simvola həyasızca sataşmadır, ələsalmadır, rişxənddir – ümumdünya və tarixi.
 
... Xaç üstündəki ölümdən başlayaraq xristianlıq tarixi, ilkin simvolikanın get-gedə daha da kobudca anlamamanın tarixidir.
... Bugün ədəbə, ləyaqətə tələbin olmasına baxmayaraq, bilməliyik ki, ilahiyyatçı, kahin, papa səhv etmirlər — yalan danışırlar.
 
... “Xristianlıq” sözünün özü belə anlaşılmazlığa əsaslanır; mahiyyət etibarilə, bir xristian var idi, o da xaç üstündə öldü... Xristianlıq yalnız əməli davranışlardadır, xaça çəkilənin sürdüyü həyatdadır... İnanmaq yox, hərəkət etmək gərəkdir, ən öncə: çox şeyi etməmək, başqa cür olmaq... “İman” haqda saysız-hesabsız şərhlər edirdilər, amma edəndə instiktin, içgüdünün dediyini edirdilər...
 
... Indi anlaşılır ki, xaç üstündəki ölümlə birgə nəyin sonu gəlirdi: yeni, tamamilə müstəqil, sadəcə sözdə yer üzündə xöşbəxtlik vəddləri yox, faktiki buddist barışının, sülh hərəkatının başlanğıcının sonu gəlirdi... Sonralar Məhəmməd xristianlıqdan nə götürdü? Bircə şeyi — Pavelin uydurmalarını, kahin tiraniyasının, istibdadının (zülmünün) təsdiqetmə aracını: ölümsüzlüyə inamı, yəni “ölümdən sonrakı məhkəməyə” inamı.
 
...Həyatın ağırlıq mərkəzini “o biri dünyaya”, Heçnəyə, keçirəndə, onun ağırlıq mərkəzini ümumiyyətlə əlindən alırlar.
 
...Filoloq və həkim olub eyni zamanda antixristian olmamaq mümkün deyil. Axı filoloq “müqəddəs kitabların” arxasında olanları görür, həkim isə tipik xristianlığın fizioloji deqradasiyası arxasında nəyin durduğunu görür. Həkim deyir: “Sağalmaz”; filoloq deyir: “Saxtakarlıq”.
 
...İlahiyyatçı olmaq üçün yarananları, bax, belə tapıram: alın yazısındakı “qeyri-ixtiyari yalan”dan... İlahiyyatçının digər əlaməti — filologiya ilə uğraşma qabiliyyətinin olmaması. Filologiya sözü altında burda, sözün lap ümumi anlamında, yaxşı oxumaq bacarığını — təhlillə, interpretasiyayla təhrif etmədən, ehtiyyatı, dözümü, anlamaq istəyində incəliyi əldən vermədən faktları görmə bacarığını nəzərdə tuturuq. Filologiya — interpretasiyanın, təfsirin efeksisidir (israrlılığı.-Tərc.), fərq etməz, söhbət kitablardan, qəzet xəbərlərindən, talelərdən gedir yoxsa hava haqdadır, “ruhun xilası”nı hələ demirəm.
 
... Dəyərli və dəyərsiz olan haqda fikir yürütmək üçün gərək özünün yüz mülahizəni ötüb keçə biləsən... Böyük olana can atan ağıl, üsullardan imtinə etmirsə, hökmən skeptik olacaqdır... Fanatiklər əlvandırlar, bəşəriyyətə isə dəlillərə qulaq asmaqdansa daha çox jestlər xoş gəlir.
 
... Bütpərəstlər — həyata Hə deyənlərdir, onlar üçün “Tanrı”— həyata böyük Hə deməkdir... “Müqəddəs yalan” eyni dərəcədə Konfusiə də, Manu qanunlarına da, Məhəmmədə də, xristian kilsəsinə də aiddir... Platonda da o var. Harda “Həqiqət budur” sözləri eşidilirsə, bircə şeyi ifadə edir: kahin yalan deyir.
 
... Manu qanunları hər bir yaxşı qanunlar toplusu kimi yaranırdı, onlar təcrübəni, dərsləri, əsrlərin praktiki əxlaqını ümumiləşdirirdilər, heçbir yeni şey yaratmırdılar... Zamanla əldə edilən və baha başa gələn həqiqətə nüfuz vermə üsulları həqiqətin sübutuna kömək edən üsullardan qəti şəkildə fərqlənir ... İnkişafının müəyyən məqamında xalq təbəqələrindən biri — ən ehtiyyatlısı, yəni irəliyə baxanı, eləcə də geriyə boylanan təbəqəsi — təcrübə çarxını bitmiş elan edir. (Bu təcrübə, yaşamağın necə olması və, demək ki, yaşamağın necə mümkün olmasına uyğun olan təcrübə çarxıdır.) Burada məqsəd — imkan olduğu qədər şər, mənfilik sınaqları və təcrübələrinin məhsulunu tamam, bütöv, itkisiz yığmaqdır. Deməli, ilk öncə sınaqların davamına imkan verməmək, dəyərlərin əvvəlki çevik halda qalmasına, tədqiqatların, tənqidin, onların sonsuzluğa qədər qeyri-müəyyənlikdə (in infinitum) seçilməsinin davamına maneə yaratmaq, önünü kəsmək gərəkdir. Sonsuz eksperimentlərə qarşı çıxmaq üçün ikiqat divar ucaldılır — əvvəl vəhy: israr edirlər ki, qanunların idraklılığı qeyri-insan mənşəllidir, guya onları heç axtarmayıblar, guya onlar tədricən, səhvlər edilə-edilə tapılmayıb. Guya onlar ilahidən gəlib, hamısı birdən və kamil, tarixsiz, möcüzə kimi, səmavi hədiyyə kimi gəlib... O biri divar da ənənədir.
 
... Xaç yürüşləri piratlıqdan savayı bir şey deyil, sadəcə növü biraz yuxarıdır, başqa heçnəyi!
 
... Hər bir “Əbəs, nahaq” almanların işidir... Reformasiya; Leybnis; Kant və alman fəlsəfəsi adlandırdığımız... Min illər boyunca onlar nəyə dəyibsə, hər şeyi əlləyib pırtlaşdırıblar; hər bir yarımçıqlıq, hər bir dörddə üçlük, Avropanın bütün xəstəlikləri — hamısı onların boynundadı; ən kirli, ən sağalmaz, ən inkaredilməz xristianlıq olan protestantizm də... İnsanlar xristianlıqla bacarmasa, günah almanlarda olacaq...
 
 
Çevirdi: İlahə Ucaruh
Yuxarı