post-title

Geyim mədəniyyəti

Hər kəsin geyimə fərqli sevgisi var, biri soyunmaq üçün geyinir, başqası soyuqlamasın deyə. Geyim həm də ənənədir. Məsələn, papaq qeyrət idi, şal namus. Ola bilsin indi də.

 

Geyimin daha önəmli tərəfi var – özünü ifadə. Kimi rənglərlə, kimi aksesuarlarla, kimi brendlərlə özünü ifadə edir geyim əlvanlığında. Azərbaycanda geyimdən özünü ifadə kimi istifadəyə daha çox ehtiyac var. Xüsusilə fikir adamlarına. İnsanın mahiyyəti fikir oyatmayanda nadanlar üçün geyim etkisinə girməyə məcbur olur fikir adamları. Nadan nimdaş geyimdə yazıçı görəndə onu qəbul edə bilmir. Nadansız da bu fikir yalan sayılmamalıdır.

Geyimə saqqalı, eynəyi, keçəl qırxılmış başı və s. də əlavə etmək olar, təki anadan doğulmuş kimi olmayasan.
Geyim həm də mübarizə üsuludur, savaşdır. Məsələn, 2004 – cü ildə Ukraynada Narıncı inqilabın rəngi elə geyim idi, fikir ifadə edirdi, özünü ifadə idi, həm də mübarizə və savaş.

Bəs fahişələr? İndicə...
Yəqin o vaxt ki, fahişənin bütün pulu ənliyə - kirşana gedirdi, onda paltar baha idi. Nə Çin, nə Türk malı var idi ölkəmizin geyim bazarında. İndi nənələrin günlərlə toxuduğu donluğu bir dəzgah bəlkə də bir dəqiqədən az vaxta toxuyur. Beləcə nə fahişə artıq xərcə düşür, nə dilimizə bu fikir dəyir. Dəysə də, çox yersiz görünür. Çünki, indi hamı elə eyni ölçüdə pul xərcləyir geyimə. Məsələn, cibinin bir küncünü.

Bakı niyə Avropa şəhərlərinə bənzəmir görəsən? Bəlkə bənzəyir? Məncə yox. Mən Avropada olmamışam. Bizim dövlət kanallarında görmüşəm ancaq. Mən ordakı qadınlara baxanda tez seçə bilirəm ki, bu filankəsdir, məsələn, dünyanın ən qədim peşəsi olan fahişəliklə məşğuldur.  
Lənət sənə, kor şeytan! Niyə məhz fahişə?
 
Bakı müasir şəhərdir. Çox. Geyimlərində, yaşadığı binalarında insanlar köhnəliyi əridiblər. Əriməyən tək köhnə fikirləridir. Mən çox düşünən biri deyiləm, amma, insanın üzünə baxanda onun hansı yuvanın quşu olduğunu anlayıram. Daha çox da kişiləri. Axı, qadınlar mürəkkəb düşüncə tərzləri ilə məni “mat” qoyublar. Məsələn, onların çoxu Bakıda elə geyinir ki, Avropa qadınlarından fərqli olaraq kimin fahişə, kimin əxlaqlı olduğunu seçmək çətin olur. Geyim bu yerdə heç bir məna ifadə etmir, ikrah oyadır. Doğmalığı, bir şəhərin sakini olmaq doğmalığını, eyni dildə danışmaq doğmalığını yoxa çıxarır.

Geyim mənəvi dəyər ölçüsüdür həm də. Xahiş edirəm, məni çətinə salmayın əziz qadınlar. Mən əxlaqsızam. Hər yerdə fahişə axtarıram. Sizlərin haqqını yemək istəmirəm. Çox olur.

Geyimi fahişəyə oxşayanlarla həqiqi fahişələri seçmək əzabı. Məqsəd fahişənin seçilməyində deyil, onların çox görünməyindədir. Axı, biz mədəniyyətli xalqın övladıyıq. Və insanların gözəl geyimli insan görmək haqqımı tapdalamaq olmaz. Geyimlər fərqli, baxımlı, yerə və dəbə uyğun olmalı, insanlar arasında yaxınlıq, ünsiyyət yaratmalıdır. Dəbə uyğunluq isə bahalı, brend geyimlər deyil, yaraşan və səni fadə edən geyimlərdir. Moda jurnallarındakı geyimlərin çoxu gecə geyimləridir. Və bu paltarla günün günorta çağı şəhərdə gəzinmək bir qədər anormal dəbdir. Bir az da internetdən geyimlər barədə oxuyun, əgər, vaxtınız varsa.

Qadınların geyimi, dəb anlayışı daha qabarıq zövqsüzlük fikiri aşılayır. Kişi geyimlərində isə daha çox monotonluq özünü göstərir. Bir qrupun ən “zövqlü”sünün aldığı geyimlər başqaları üçün örnəyə çevrilir. Biri-birinin geyimini yamsılayan çoxlu sayda kişi təsəvvür edin. Hansının dəyərli, başqalarından fərqli olduğunu bilmək müşgülə çevrilir. Baxımsızlıq, bezdiricilik, bayağılıq.

Yenə qadınlar. Müasir geyimlə fahişə geyimi arasında hiss ediləcək fərq var. Mini yubkalar qadın rahatlığı üçündür, ayaqları görsətmək üçün yox. Cins şalvarlar iş görə bilmə imkanını genişləndirir, işgüzar xanımlar üçün bir komfort yaradır, nəinki ayaqlara, ombalara zorla geydirməklə bədən cizgilərini sezdirməyə.

Geyim həm də bir göstəridir. Mənim ailəm, mənim həyatım, mənim təhsilim, mənim dostlarımın göstərisi. Sonra kişilərdən (bu da şərtidir və yalnız cinsi bildirir) atmacalar eşidəndə cırnamayın. Çünki, qarşı tərəf hələ bəzi problemləri həll edə bilməyib.

Elvin Bayramlı

Kultura.az

Yuxarı